22 Dekabr 2024

Bazar, 11:00

KUKLALARDA YAŞANAN KEÇMİŞ

Postsovet məkanında ikinci olan Bakı Marionet Teatrı yenidənqurmaya və yeni tamaşanın qoyuluşuna hazırlaşır

Müəllif:

15.07.2009

Kuklaçılar səyahəti həmişə çox seviblər. Müxtəlif kənd, şəhər və ölkələri dolaşan aktyorların  çıxışları çox zaman ibrətverici olub. Adamlardakı daxili naqisliklərə yumoristik yanaşma ilə birgə, yüksək insani keyfiyyətlərin tərənnümü! İnsan təbiətinin müsbət cəhətləri önə çəkilir, qüsurlarsa sərt tənqidə tuş gəlirdi. Yaşlı insan üçün kukla hansısa bir nostalji elementidir, hansı ki, toxunanda sanki qarşısında canlanan oyuncaqlar aləminə ayaq basır. 

Demək olar ki, hamımızın  uşaqlıqda sevimli kuklamız olub və ona xüsusi münasibət bəsləmişik, istəmişik ki, hansısa bir an o canlansın və insan kimi dil açıb danışsın? Kuklaya həyatı insan verir və insan nə qədər onunla oynayır, kukla da o qədər canlıdır. Bu belədir. Amma həyatda elə insanlar var ki, özlərinin müdriklik çağlarında da kuklalarla oynayırlar, özü də çox ciddi və həmişəlik. Hansı ki  kukla onun həyatının və ömürlük seçdiyi sənətinin bir hissəsi və hətta məkan və yaşam uğrunda mübarizəsinə, özünüifadəyə çevrilir. Hələ 1980-ci illərin sonlarında Azərbaycanda Tərlan Qorçu tərəfindən yaradılmış marionet teatrı məhz bu cür insanlar hesabına mövcuddur. 

Özünüifadə barədə təsadüfən danışmadıq. Dünyada marionet teatrı elə də çox deyil. Postsovet məkanında biri Gürcüstandadır, əfsanəvi rejissor və dramaturq Rezo Qabriadze həmin teatrın rəhbəridir, ikincisi isə bizdədir. Avropada da onları barmaqla saymaq olar. Bu zaman teatrlardan söhbət gedir, marionet kuklaların ayrı-ayrı konsert nömrələrindən yox. 

 

Üzeyir Hacıbəyovun əsərləri üzrə 

Bəli, kuklaçılar gəzməyi seviblər, çünki onlar təbiətən "qastrolçudurlar". Azərbaycan kuklaçıları son 20 ildən çoxdur ki, elə yalnız bununla məşğuldurlar. Çünki teatrın İçərişəhərdə yerləşən binası bitməyən təmirdədir. Elə əvvəldən də, onun binası indiki kimi marionet teatrı üçün qətiyyən uyğun gəlmirdi. Binanın əsaslı təmirə və ciddi yenidənqurmaya, başqa sözlə, teatra uyğunlaşmağa böyük ehtiyacı var.      

Marionet tamaşasını istənilən zalda oynamaq mümkün deyil, tamaşa zalı və səhnə sahəsi müəyyən şərtlərə cavab verməlidir. Məsələn, zalın pandusu, yəni mailliyi adi zallara nisbətən daha yüksək və müəyyən qalxma bucağı altında olmalıdır. Azərbaycan tamaşaçısı hazırda bu teatrın nadir çıxışlarından  məhrumdur. Kuklaların səhnəyə gəlişi hər hansı xarici ölkəyə qastrol öncəsi məşq şəklində təşkil olunur. Sonra kuklalar  teatrın qastrola növbəti dəvətinə qədər konservasiya edilir. 

"Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin mədəniyyət şöbəsinin balansında olan teatrın Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix - Memarlıq İdarəsinin nəzarətinə verilməsi bizdə ümid işartısı yaradıb. Əslində, yetərincə, məntiqli qərardır. Axı 20 il qabaq teatra verilmiş binaya İçərişəhərdəki başqa obyektlərlə yanaşı bu idarə nəzarət edir. Deməli,  teatrın təmirinə və yenidənqurulmasına yönəldilən vəsaitlər İçərişəhər idarəsnin büdcəsindən ayrılacaq. Tarix memarlıq qoruğunun ərazisində olan bütün binalarla bağlı bu cür edilir", - deyə  teatrın rejissoru və rəhbəri Tərlan Qorçu "Region plus"a bildirib. 

Hazırda teatrın aktyorları bir işçi kimi simvolik maaş alırlar və təəssüf ki, teatrın özü maliyyələşdirilmir, yeni tamaşaların qoyulması və teatr avadanlığının quraşdırılması üçün imkanlar hələ ki yoxdur. 

Bütövlükdə, marionet teatrı fenomeninin özü yetərincə maraqlıdır. Marionetlərin çıxışı dünyada populyar olan teatr incəsənəti janrlarından biridir. Niyə? 

"Səbəbini demək çətindir. Görünür, insanlar idarə etməyi və idarə olunmağı sevirlər. Uşaqlıqda bizim, yəqin ki, 90 faizimiz kuklalarla təmasda olmuşuq. Biz kuklalarla oynayırdıq, onlarla dostluq edirdik.  Bu baxımdan, böyük ehtimalla nostalji amilinin də müəyyən mənası var. İstənilən halda, biz buna öz təcrübəmizdə əmin olduq. Marionet tamaşaları teatrın yeganə növlərindəndir ki, çox uğurla həm körpənin, həm də yaşlı insanın və hətta qocanın diqqətinə səbəb olur. Bu, heyranedici effektdir. Məsələn, gərək etiraf edək ki, opera tamaşalarını olduğu şəkildə uşaqlar sevmir. Balet də hansısa yaşda xoş gəlir, hansındasa yox. Demək olar ki, hər bir teatr incəsənəti növünün özünəməxsus yaş təbəqəsi var. Amma marionet teatrını həm yaşlılar, həm də uşaqlar sevirlər. Hətta əlcək, çubuq kimi kukla teatrı növləri də yalnız balaca uşaqların xoşuna gəlir, bir qədər böyüklərsə  onlara laqeyd qalırlar", - deyə müsahibimiz fikrini bölüşür. 

Bakı Marionet Teatrının konseptual ideyası böyük Azərbaycan bəstəkarı, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun yaradıcılığının tanınmasına əsaslanır. "Üzeyir Hacıbəyovun yaradıcılığını təbliğ edən teatrın yaradılması İtaliyanın "Karlo Kolla və oğulları" marionet teatrının fəaliyyətindən götürülüb. Bu teatr kuklaların iştirakı ilə tanınmış klassik əsərləri səhnəyə qoyur. Bizə həm də Zalsburqdakı Motsart Marionet Teatrı da örnək olur. Bu teatr, əsasən, həmin dahi bəstəkarın beş böyük operasına önəm yetirib: "Sehrli fleyta", "Fiqaronun toyu", "Don Covanni", "Hərəmxanadan qaçırılma" və "Hamı belə edir". Düşündüm ki, bəs biz niyə Üzeyir Hacıbəyovun əsərləri ilə teatr yaratmayaq? İlk növbədə biz öz seçimimizi "Arşın mal alan" operettasına yönəltdik", - deyə teatrın rəhbəri bildirir.

Tamaşa üzərində iş: kuklaların, dekorasiyaların, aktyorların hazırlanması 5 il çəkdi və həmin illər SSRİ-nin dağılma vaxtına düşdü. 90-cı illərin əvvəlində isə teatrın dövlətin dəstəyindən məhrum olduğu dönəmlər idi. Ona görə də  marionet teatrı "Arşın mal alan"dan dərhal sonra üzərində işləməyə başladığı "Leyli və Məcnun" tamaşasının qoyuluşunu təxirə salmalı oldu. Çünki nə pul, nə də bina vardı. Və bu gün də Tərlan Qorçu yeni tamaşanın hazırlanması ümidlərini binanın planlaşdırılan yenidənqurulması ilə bağlayır. Yalnız bundan sonra teatr yeni fəaliyyətinə başlaya bilər. 

 

Hamı üçün teatr                               

Tanınmış memar, "Azerbaijan International" jurnalının redaktoru, ABŞ-da yaşayan azərbaycanlı Piruz Xanlo artıq teatrın yenidənqurulmasına rəhbərlik etməyə söz verib. "O, Londonda memarlıq fakültəsini bitirib, dünyanın çox tanınmış memarları ilə birgə oxuyub. Ərəbmənşəli Britaniya memarı Zaha Hədidlə bir parta arxasında oturub. Piruz Xanlo öz işinin mütəxəssisidir və özünüz düşünün, biz onun dəstəyini əldə etmişik. Düşünürəm ki, iyulun birinci ongünlüyündə o, ABŞ-dan hazır cizgi və planlarla gələcək. Bu isə o deməkdir ki, bizim əlimizdə Marionet Teatrının  yenidən qurulmasının tanıtım versiyası olacaq", - deyə Qorçu bildirir. 

Əslində, Bakı Marionet Teatrı İçərişəhər çərçivəsində teatr yönümlü ilk ciddi mədəniyyət obyekti olacaq. Özü də o, nəinki  yerli tamaşaçıların, həm də şəhərin qonaqlarının, turistlərin, iş adamlarının çox getdiyi yer olacaq. 

"Qeyd etmək istəyirəm ki, Bakıda, çox təəssüf ki,  turistlərə və xarici rəsmi qonaqlara göstərməli olan teatr tamaşaları yoxdur. Bəli, onları bizim Opera və Balet Teatrı ilə tanış etmək olar. Ancaq bir qayda olaraq, bizim qonaqların və rəsmi şəxslərin üçsaatlıq tamaşaya baxmağa vaxtı yoxdur. Amma Marionet Teatrının bütün klassik komponentlərə malik tamaşası 15 dəqiqəlik fasilə də daxil olmaqla cəmi 80 dəqiqə çəkir. Bu qısa zaman kəsiyində Azərbaycanın milli mədəniyyətinin bütün spektrini nümayiş etdirmək mümkündür. Teatr dünyada olan bu tipli teatrların hamısı kimi yetərincə kiçik, kamera tipli olacaq. Tamaşaçı zalında 40-dan 70-ə kimi tamaşaçı əyləşə bilər. Belə olanda bütün kamera tipli sənətlər kimi adama elə gəlir ki,  tamaşanı şəxsən səndən ötrü oynayırlar. Bu da nostalji və mövcudluq effektini bir qədər də artırır", - deyə rejissor vurğulayır. 

Bina üçmərtəbəlidir. Üçüncü mərtəbədə klassik, yəni italyansayağı tamaşa zalı yerləşdirmək düşünülür. İkinci mərtəbədə isə çağdaş tamaşa formasına uyğunlaşdırılmış transform-zal olacaq. Orada kuklaların açıq hərəkət formaları istifadə ediləcək. 

"Bütün bunlar bizim teatra yeni tamaşa formaları qoymağa, çoxsaylı  və maraqlı tamaşalar nümayiş etdirmək üçün xaricdən həmkarlarımızı  dəvət etməyə imkan verəcək. Teatr, demək olar ki, radio, televiziya və İnternet vasitəsiilə ötürməyin mümkün olmadığı mürəkkəb formadır. Buna görə də yalnız yerli deyil, həm də xarici canlı tamaşalara ehtiyac var. Biz yalnız bunun vasitəsiilə həm  rejissorlarımızı və aktyorlarmızı, həmçinin toplumu öyrədə bilərik. Yalnız bununla onlar irəli gedə bilərlər. İndi dünyada çox ciddi proseslər gedir. Nə qədər çalışsaq da, biz çağdaş incəsənətdə gedən hadisələrdən və transformasiyalardan yetərincə geri qalırıq. 

Və biz indi əldən buraxdığımızın arxasınca çatmaq üçün on dəfə artıq səy göstərməliyik. Bu yaxınlarda mən, bir rəssam-dizayner kimi, 53-cü Venetsiya bennalında iştirak etmişəm. Bu, çağdaş incəsənətin beynəlxalq incəsənət sərgisi kimi ixtisaslaşdırılmış ən tanınmış forumlarından biridir. Orada ən çağdaş yanaşma ilə, demək olar ki, hər şey - teatr incəsənətinə oxşar şeylər, videoart, incəsənətin konseptual formaları, rəsmdən tutmuş qrafikaya qədər vizual incəsənət növləri göstərilir. Bu, çox ciddi və prestijli tədbirdir. Orada dünyanın ən iri qalereyaları təmsil olunur. Biz artıq ikinci dəfədir ki, bu sərgiyə qatılırıq. İlk iştirakımız 2007-ci ilə təsadüf edib. Bu tədbirdə iştirak göstərir ki, biz onlarla dabandabana gedə bilmərik, biz qaçmalıyıq. Çünki çox geridə qalırıq. Bizdə də istedadlı rəssamlar çoxdur, amma daha çox işləmək lazımdır", - deyə teatrın bədii rəhbəri bildirir. 

Tərlan Qorçu əmindir ki, Azərbaycan Marionet Teatrını bərpa etmək üzrə növbəti cəhd uğurla nəticələnəcək və İçərişəhər idarəsinin maliyyə dəstəyi hesabına yeni "Leyli və Məcnun" tamaşasını səhnəyə qoymaq mümkün olacaq: "Əgər teatrın açılışı və binanın təqdimatı il yarıma başa gələrsə, həmin müddət ərzində biz də yeni tamaşa ilə çıxış etməyi bacararıq. Çox gözəl olardı". 

Bu məsələdə məlumat çatışmazlığının öhdəsindən də gəlmək lazımdır. Əslində, çox az adama məlumdur ki, Bakıda belə bir teatr var. Marionet teatrının bazasında yalnız bir deyil, bir neçə tamaşa olsaydı, o, Azərbaycanın ən ciddi və dolğun mədəniyyət obyektlərindən birinə çevrilərdi. "Ən başlıcası isə, biz klassikaya və onun uşaqlar arasında populyarlaşdırılmasına xüsusi diqqət yetirməliyik", - deyə Qorçu vurğulayır. Hazırda Hacıbəyovun operettaları, praktiki olaraq, iki teatrda -  Opera Balet Teatrında və Musiqili Komediya Teatrında oynanılır, təəssüf ki, o da tez-tez olmur. 

"Teatr incəsənətini uşaqlara yalnız ədəbiyyat formasında, yəni bədii qiraət yolu ilə ötürmək mümkün deyil. Düşünmürəm ki, güclü teatr dəstəyi olmasa idi, Şekspirin pyesləri bu qədər yüksək uğur qazana bilərdi. Ola bilər ki, mən elə də yaxşı  nümunə gətirmədim, çünki Şekspir yetərincə böyük dühadır. Ancaq bu, gerçəkdən belədir. Pyesləri daim oxumaq bir qədər darıxdırıcıdır. Onlar elə ilk başdan tamaşa üçün yazılıblar. Üzeyir Hacıbəyov da dahidir - tanınmış dramaturq və bəstəkardır. Amma onun da yaradıcılığını teatr və səhnə vasitəsi ilə populyarlaşdırmaq lazımdır. Əminəm ki, bunu  insanın şəxsiyyətinin tam formalaşmış olduğu 20 yaşda etmək gecdir. Ən erkən yaşlardan söhbət getməlidir. 

Fikir verin, Qərbdə teatra və sərgilərə valideynlər körpə uşaqlarla birgə gedirlər. Və uşaq hər şeyi çox gözəl başa düşür. Çünki beynində bu sahədə bilik layı açılır. Əgər formalar uşaqlar üçün maraqlı və anlaşılandırsa, bu, əsl uğurdur. Biz, məsələn, dəfələrlə müşahidə etmişik ki, bizim "Arşın mal alan" tamaşasından sonra uşaqlar çıxırlar və sadə ariyaları - "pulun var"ı və ya Süleymanın, Gülçöhrənin ariyasını oxuyurlar. Bu, çox önəmli amillərdəndir və bir teatr forması kimi marionet teatrının oynaya biləcəyi önəmli roldur", - deyə mütəxəssis əmin edir. 

 

Hər şey əllə düzəldilir 

Marionet Teatrı yetərincə maraqlı və baxımlı incəsənət janrı  olmasına  baxmayaraq, texnoloji cəhətdən ən mürəkkəblərindəndir. "Təəssüf ki, hər bir tamaşa xeyli uzun müddətə hazırlanır və çox vaxt itirilir. Heyf  ki, bu bizim fəaliyyətimizin ən ciddi qüsurudur. Bu teatrda hər şey kiçik ölçülərdə olduğundan əllə düzəldilir. Böyük teatrların projektorlarından tutmuş dekorasiya elementlərinə, səhnəyə, səhnənin texnoloji hissəsinə  və başqa atributlara qədər heç bir standart elementi Marionet Teatrına uyğun gəlmir. Və biz bütün bunları əllə etməyə məcburuq. Vaxta görə gecikməyimizin səbəbi budur", - deyə Tərlan Qorçu bildirir.  Teatrın indiki mərhələdə aktyor problemi yoxdur, çünki heyəti gündən-günə artır. 

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Marionet Teatrı əlində olan bircə tamaşa ilə yetərincə ciddi teatr ənənələri olan ölkələrdə - Fransada, Almaniyada, Polşada, Rusiyada  və ABŞ-da uğurla çıxış edib. Ötən il Almaniyada Azərbaycan Mədəniyyəti İli elan edilməsi çərçivəsində göstərilən tamaşalar çox böyük uğur qazanıb. Bundan sonra Almaniya ilə sərhəd olan İsveçrədən Bakı Marionet Teatrına noyabrda on tamaşa göstərilməsi ilə bağlı sifariş gəlib. 

"İki il qabaq biz Polşada qastrolda idik, bu ölkə də bir çox çağdaş incəsənət növlərinin beşiyidir - XX yüzilliyin ən avanqard  teatral istiqamətləri məhz bu ölkədə yaranıb. Bizim üçün bu, əsl imtahan oldu. Bizdə muğamı bilən səviyyədə hər kəsin teatrı bildiyi bir ölkəyə getmək cürət tələb edir, insanlar, hətta yetərincə biliklərə sahib olmasalar belə, intuitiv və instinktiv şəkildə onu hiss edirlər. Allaha şükür ki, biz bu imtahandan üzüağ çıxdıq. Bu göstərir ki, Bakı Marionet Teatrının mövcud olmağa tam haqqı var", - deyə rejissor fikirlərini yekunlaşdırdı. 

Teatrda nəticə önəmlidir. Əgər sən evdə təkbaşına kətan üzərində rəsm çəkirsənsə və işin yaxşı alınmadısa, cəmiyyətə - onun estetik zövqünə  zərər vurmursan, çünki bu, sənin emalatxanandan o yana çıxmır. Buna görə də Bakı Marionet Teatrı yeni tamaşaları ilə yalnız uğur qazanmağa niyyətlənməlidir. Çünki kuklalarla iş çox vaxt və səy tələb edir. Bu cür zərif işdə yalnız dəqiqlik deyil, həm də hədəfə doğru düzgün istiqamət götürmək önəmlidir.



MƏSLƏHƏT GÖR:

826