27 Aprel 2024

Şənbə, 06:25

URUMÇİ FACİƏSİ

Pekin Uyğurların növbəti milli hərəkatının alovlanmasının qarşısını ala bildi

Müəllif:

15.07.2009

Millətlərarası qırğın

SUMV Çinin şimal-qərbində yerləşir. Onun ərazisi 1,66 milyon kvadrat-kilometrdir - bu, Çin ərazisinin altıdabir hissəsi deməkdir. Muxariyyət şimal-şərqdən Monqolustan, qərbdən Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan, cənub-qərbdən Əfqanıstan, Pakistan və Hindistanla həmsərhəddir. 

İyulun 6-7-də muxtariyyətin inzibati mərkəzi olan Urumçidə başlamış iğtişaşlar mərkəzi hakimiyyəti o qədər narahat etdi ki, ÇXR-in sədri Xu Tszintao hətta İtaliyaya səfərini təxirə salaraq, "Böyük səkkizlik" ölkələrinin sammitinə getmədi.

Əslində, hər şey kifayət qədər dinc şəkildə başlamışdı və etiraz aksiyası keçirən gənc uyğurlar bir müddət əvvəl Quandun əyalətindəki oyuncaq fabrikində həlak olan iki soydaşlarının ölümünün səbəbini araşdırmağı tələb edirdi. Hökumət həmin faciənin səbəbi kimi uyğur fəhlələrinin xan millətindən (ÇXR-də titul xalq) olan qızlara sataşmasını göstərir. Məlumata görə, uyğurların bu hərəkətindən sonra qızlara kömək etmək üçün yerli fəhlələr işə qarışıblar. 

Uyğurlar isə hesab edirlər ki, iki nəfərin ölümünün kökündə "böyük xan şovinizmi" dayanır.

Bundan sonra Urumçidə kütləvi hərəkatdan narahat olan mərkəzi hökumət şəhərə ordu yeritdi və nümayişçiləri mühasirəyə almağa çalıdşı. Nəticədə situasiya nəzarətdən çıxdı və şəhərdə əsl millətlərarası qırğın başladı. Rəsmi məlumatlara görə, toqquşmalarda 158 nəfər həlak olub. Uyğur təşkilatları isə ölənlərin sayının 840 nəfərdən artıq olduğunu bildirir. Polis iğtişaş törətmək və hökumətə müqavimət göstərməkdə ittiham edərək, təxminən 1500 nəfəri həbsə alıb. Çin hökuməti Urumçi qiyamçılarını ağır cəzanın gözlədiyini bəyan edib.

Rəsmi Pekin hesab edir ki, baş verənlərin təşkilatçısı Ümumdünya Uyğur Konqresidir. Qeyd edək ki, bu qurum müxtəlif ölkələrdə yaşayan uyğurların hüquqlarının müdafiəçisi kimi çıxış edən qeyri-hökumət təşkilatıdır. Konqresin lideri Rəbiyə Kadir (1999-cu ildə o, milli təhlükəsizliyə təhdiddə ittiham olunaraq Çinin hüquq mühafizə orqanları tərəfindən həbs edilib, 2005-ci ildə isə Çindən ABŞ-a köçüb) isə onun rəhbərlik etdiyi quruma ünvanlanmış ittihamları rədd edir. "Çin polisinin sərt taktikası Urumçidəki dinc aksiyanı qanlı döyüşə çevirib. Son zamanlar uyğurların sıxışdırılması rasizm şəklini alıb. Çinli xan və uyğurların anlaşmaları, sabitliyin bərpası üçün Urumçidə baş verənlərin səbəbləri açıq və müstəqil şəkildə araşdırılmalıdır ", -  Kadirin "Wall Street Journal"da dərc olunan məqaləsində belə deyilir.

Çin hökuməti isə artıq SUMV-də asayişin bərpa edildiyini bildirir. Beləliklə, hər şeyə rəğmən Pekin Muxtar Vilayətinin ərazisində "Şərqi Türküstan" yaratmağa çalışan uyğur hərəkatının növbəti dalğasının qarşısını ala bildi.

 

Əsrlərin dərinliklərindən...

Çində türk azlıq olan uyğurların sayı 8 milyondur. Daha 1 milyona yaxın uyğur qonşu ölkələr, həmçinin Avropa və Amerikaya səpələnib. Məşhur orta əsrlər tarixçisi Mahmud Kaşğarinin bildirdiyinə görə - yeri gəlmişkən, uyğurlar onu özlərinin böyük oğullarından biri hesab edirlər - "uyğur" sözünün tarixi Makedoniyalı İsgəndərin dövrünə gedib çıxır. O, Mərkəzi Asiyada ona qarşı mübarizə aparan atlıları "xudxurand" adlandırırımış - bu, "ov zamanı heç bir canlının ondan yaxa qurtara bilmədiyi şahin quşu" anlamına gəlir. Sonradan "xudxurand" sözü "xudxur", lap sonralar isə "uyğur"a çevrilib - qeyd edək ki, ilk dəfə bu etnonimə Monqolustandakı Orxon çayı sahillərindəki qayaların üstündəki qədim (VIII-IX əsrlər) türk yazılarında rast gəlinir.

Uyğur dili özbək dili ilə birlikdə türk dilləri qrupunun cənub-şərq və ya cığatay ailəsinə daxildir. Əvvəllər - orta əsrlərdə uyğurlar Orxon yazısından istifadə ediblər, sonradan isə öz əlifbalarını yaradıblar. Hazırda uyğur yazısı kimi tanınan bu əlifbadan nəinki bəzi türk xalqları, həmçinin monqollar və mancurlar da istifadə edib. 

XI əsrdə islamın qəbulundan sonra uyğurlar ərəb əlifbasına keçiblər. Onlar sünni məzhəbli müsəlmanlardır, amma adət-ənələrində hələ islamdan əvvəlki dövrdən qalmış inanclar da var, məsələn, Novruz Bayramı kimi.

İlk uyğur dövləti 744-cü ildə Kutluq Bilgə Kağan tərəfindən yaradılıb. Bu dövlətin paytaxtı Qarabaltadun Orxon çayının sahilində yerləşib. 840-cı ildə zəifləmiş uyğur dövləti qırğızların hücumuna məruz qalıb. İlk uyğur imperiyasının devrilməsindən sonra onların bir hissəsi Xuenxe (Sarı çay) sahillərində məskunlaşıblar. İndi həmin uyğurların nəsli özlərini Sarı uyğurlar və ya yuqurlar adlandırırlar. Sarı uyğurların dövləti 1228-ci ildə tanqutlar tərəfindən işğal edilib və sonradan Monqolustan imperiyasının tərkibinə qatılıb.

Uyğurların ikinci hissəsi  Şərqi Türküstanda, Tyan-Şanın cənub hissəsində məskunlaşıblar. Onların daha böyük hissəsi isə Tyan-Şanın şimal hissəsinə emiqrasiya edərək 846-cı ildə paytaxtı Turfan olan Qaraxoca dövləti yaradıblar.

840-cı ildə Tyan-Şanın cənub hissəsində tarixdə uyğurların yaratdığı ən məşhur dövlətlərdən biri, paytaxtı Kaşğar olan Qaraxanilər dövlətinin əsası qoyulub. X əsrin ortalarında qaraxanilər İslamı qəbul edib,  Qaraxoca isə buddist olaraq qalıb. 

XIV əsrin sonlarında vahid dövlət yaradan müsəlman və buddist uyğurlar öz müstəqilliklərini 1759-cu ilədək qoruyub saxlayıblar. Amma həmin il Tsin sülaləsinin Çini işğal etməsindən sonra uyğurlar da Çin imperiyasının tərkibinə qatılıb.

Yalnız 1863-cü ildə uyğurlar mancurları qova biliblər. Amma 13 il sonra nəhəng Mancur - Çin ordusu uyğur dövlətinə qarşı hücuma keçərək   onları işğal etdi və  həmin yerləri Sintzyan ("Yeni ərazi") adlandırdı. 

1911-ci ildə Çin millətçiləri mancurları devirərək, respublikaya rəhbərliyi ələ aldılar. Uyğurlarsa bir neçə dəfə qiyama cəhd göstərdilər, hətta 2 dəfə Şərqi Türküstan Respublikası adı altında  öz milli dövlətlərini bərpa da  edə bildilər - 1933 və 1943-cü illərdə. Lakin Çin, Sovet İttifaqının yardımı  ilə onu məhv etməyi bacardı. Sovet lideri İosif Stalin müstəqil uyğur dövlətinin mövcudluğunu Mərkəzi Asiyada bolşevizmin hökmranlığına birbaşa təhlükə sayırdı. Amma yəqin ki, indi uyğurlar bacarıqlı sovet hökmdarının Şərqi Türküstanı işğal etməməsindən təəssüflənirlər. Çünki bu halda uyğurların dövləti SSRİ respublikalarından biri ola, ittifaqın dağılmasından sonra isə müstəqillik əldə edə bilərdi.

1949-cu ildə Çində hakimiyyətə kommunistlər gəldi. Bundan sonra Sintszyana uyğur vilayətinin ÇXR-ə "sülh yolu ilə" birləşdirilməsi məqsədi ilə Xalq-Azadlıq ordusu yeridildi. 1955-ci ilin sonlarında isə Çinin tərkibində Sintszyan-Uyğur Muxtar Vilayətinin yaradıldığı bəyan edildi. Uyğurların bildirdiklərinə görə, həmin vaxtdan Pekin vilayətin "xanlaşdırılması" prosesini sürətləndirib və bu məqsədlə oraya titulu xalqın nümayəndələrinin köçürülməsinə başlanılıb. Sintszyanın çinlilərlə "doldurulması" ilə paralel olaraq,  qazaxlar, dunqanlar, monqollar və digər qeyri-çin xalqları da buranın boş, quraqlığın hökm sürdüyü ərazilərinə köçürülüblər.

Sintszyanın demoqrafik tərkibi tədricən ciddi dəyişikliyə uğrayıb. Əgər 1949-cu ildə orada əhalinin 90%-dən artığı uyğur və digər türk xalqları idisə, hazırda bu rəqəm cəmi 45%-dir. 1949-cu ildə buradakı etnik çinlilər 7% təşkil edirdisə, hazırda muxtar vilayətdə onların sayı 40%-ə çatıb.

Uyğurların bildirdiyinə görə, demoqrafik göstəricilərin dəyişməsi ikinci növ vətəndaşlar kimi qəbul olunan bu millətin hüquqlarının tapdalanması ilə müşahidə edilir. Onların fikrincə, bu xalqa qarşı atılan addımlarda dini amillər də var. Belə ki, müsəlman uyğurlar bölgədə lisenziyanın verilməməsi səbəbindən, məscid və dini məktəblərin bağlanmasından şikayətlənirlər. Burada ictimai yerlərdə ibadət rəsmən qadağan edilib, uyğur millətindən olan dövlət qulluçuları məcburi qaydada Ramazan ayı ərzində oruc tutmaqdan imtina etməlidirlər. Yerli hökumət qadınlara hicab geyməyi, kişilərə isə saqqal saxlamağı qadağan edən qaydaları ildən-ilə daha da sərtləşdirir.

Beləliklə, uyğurlar arasında müstəqillik tərəfdarlarının artması təəccüblü deyil. Bilgə Kağanın varisləri üzləşdikləri bədbəxtlikdən qurtulmağın yeganə yolunu  məhz  müstəqillikdə  görürlər.

 

"Üç qüvvə", "Qərbin əli" və  türk demarşı

Uyğurların müstəqilliyə durmadan artan istəkləri və Çinin əsas əhalisi ilə onlar arasındakı mədəni-dini fərq, Çin dövləti ilə problem yaranmasına səbəb olur. Bu baxımdan son illər  Sintszyanda təlatümsüz keçməyib. 1995-ci ildə hökumətin yerli imamı həbs etdiyi vaxt uyğurların Xotan şəhərində də əsl qiyam baş qaldırmışdı. 1997-ci ilin fevralında Qazaxıstanla sərhəddə, Urumçinin 390 kilometrliyində yerləşən İnin şəhərindəki təlatümü də ciddi qarşıdurma adlandırmaq olar. Burada da bir neçə gün  uyğurlarla hərbçilər arasında toqquşmalar davam etdi.

Odur ki, Pekin ölkənin ərazi bütövlüyünə real təhlükənin olduğunu anlayır və uyğur xalqının siyasi assimilyasiyasına tələsir. Üstəlik, bu inteqrasiya "üsul"u artıq digər xalqlara da çox "uğurla" tətbiq edilib (Çin qırğızları, monqollar, xueylər, maolar artıq demək olar ki, doğma dillərində danışmırlar, adət və ənənələrini isə yalnız folklor müsabiqələrində göstərirlər).

Lakin ÇXR uyğurlara qarşı sərt siyasətini daha bir məqamla - müasir beynəlxalq münasibətlərdə kifayət qədər aktual olan məsələ ilə əsaslandırır. 2001-ci ildə ABŞ-ın qlobal terrorizmlə mübarizəyə başlamasından sonra Çin hökuməti Sintszyanda mövcud olan "üç qüvvə" ilə mübarizə elan edib: separatçılıq, terrorizm və dini ekstremizim. Pekin SUMV-də fəaliyyət göstərən "Şərqi Türküstan İslam hərəkatı" qruplaşmasını terrorçu fəaliyyətdə günahlandırır. Qeyd edək ki, bu qruplaşma müsəlman uyğur dövlətinin yaradılması uğrunda çalışır. ÇXR rəhbərliyi isə təşkilatın "Əl-Qaida" terrorçu şəbəkəsi ilə əlaqəsinin olduğunu da iddia edir.

Sintszyanda antiterror kampaniyasının kulminasiyası Pekində Olimpiadanın keçirildiyi ilə təsadüf etdi. "Milli təhlükəsizliyə təhdid"də şübhəli bilinən 1300 uyğur həbs olundu. Ümumdünya Uyğur Konqresinin baş katibi Dolğun İsa isə rəsmi məlumatlarla razılaşmayaraq, olimpiada öncəsi tədbirlər zamanı Sintszyanda 10 mindən artıq insanın həbs edildiyini bildirirdi. İstənilən halda, Pekin bu repressiyaları SUMV-də Olimpiadanın keçirilməsinə mane olmaq istəyi ilə əsaslandırdı. Hüquq müdafiəçiləri isə hesab edirlər ki, hökumətin guya sui-qəsdin üstünün açılması haqda dedikləri, sadəcə, uyğur hərəkatına qarşı fəaliyyətin davam etdirilməsi üçün bəhanədir.

Pekin tərəfindən həyata keçirilən hazırki aksiya Sintszyanda Çin idarəçiliyinin 60 illiyi ilə bağlı planlaşdırılan tədbirlər zamanı mümkün terror aksiyalarının qarşısının alınması cəhdi ilə də izah olunur. Bununla yanaşı, Çin liderləri müəyyən xarici qüvvələrin ölkədə daxili vəziyəti qarışdırmaqda maraqlı olmalarına da açıq eyham vururlar. İndiyədək bəzi ölkələrdəki "rəngli inqilab"lar və  İranda baş verən son hadisələrdə gündəmə gətirilən "Qərbin əli"ni  indi  bəzi siyasi dairələr "uyğur məsələsi"ndə də görürlər. Özü də bunu iddia edən yalnız Çin deyil. Bu cür düşünənlərin fikrincə, ABŞ və Avropa ÇXR-in dünyanın iqtisadi lideri kimi birdəfəlik özünü təsdiq etməsini istəmir. Bu siyasət xüsusilə qlobal maliyyə böhranının baş qaldırmasından sonra aktuallaşıb. Ekspertlər hesab edirlər ki, Amerikanın hökumət kağızlarının nəhəng saxlanc yeri olan Çin hökuməti istəsə, ABŞ iqtisadiyyatını tamam dağıda bilər. Qərb strateqlərinin Çində situasiyanı qarışdırmaq cəhdləri də buradan qaynaqlanır və onlar hər şeydən əvvəl millətlərarası toqquşmaları qızışdırmağa, bununla potensial investorları qorxutmağa çalışırlar. Məqsəd isə təbii ki, Çin iqtisadiyyatının sürətli inkişafına səbəb olan investisiya qoyuluşlarının qarşısının alınmasıdır.

Maraqlıdır ki, Çin hökuməti Urumçidə baş verənlərə görə, əsas günahkar kimi mənzil-qərarahı Münhendə yerləşən Ümumdünya Uyğur Konqresini göstərir. Qurumun yuxarıda adı çəkilmiş lideri Rəbiyə Kadir ABŞ-ın siyasi dairələri ilə geniş əlaqələri ilə məşhurdur və SUMV-dəki faciəvi hadisələr zamanı onun Çin həbsxanasından çıxmasına vaxtı ilə ABŞ-ın dövlət katibi postunu tutmuş Kondaliza Raysın kömək etdiyi xatırladılır.

Bütün bunlarla yanaşı, Çin hökumətinin muxtariyyətdə törətdiklərini pisləyən yalnız ölkə rəhbərliyini milli azlıqların hüquqlarına zəmanət verməyə çağıran Qərb deyil. İslam Konfransı Təşkilatının məsələ ilə bağlı bəyanatında deyilir: "Dinc sakinlər arasında çoxlu sayda ölənlərin olması göstərir ki, güc tətbiqi və odlu silahdan istifadədə mütənasibliyə riayət olunmayıb. İslam dünyası nəhəng dövlətçiliyə, dünya arenasında məsuliyyətə və müsəlman dünyası ilə ənənəvi dostluğa malik Çinin ölkədəki müsəlman azlıqla bağlı məsələni daha geniş perspektivdə, problemin dərinliyinə baş vuraraq həll edəcəyinə ümid bəsləyir".

Pekini ən sərt tənqid edən isə yəqin ki, Türkiyə oldu. Ənənəvi olaraq türk xalqlarının müdafiəsinə qalxan Ankara bu dəfə də kənarda qalmadı (xarici işlər naziri Əhməd Davutoğlu bildirdi ki, "uyğurlar etnik qardaşlarımızın cəmiyyətidir və onların taleyinin bizə də aidiyyatı var"). "Biz tezliklə vəhşiliklərə son qoyulacağına, sağlam düşüncənin qələbəsinə, insan haqlarına uyğun addımların atılacağına ümid edirik", - deyə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirdi. O, hazırda BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü statusuna malik ölkəsinin Sintszyandakı situasiyanı TŞ-nin gündəminə çıxarmaq  fikrində olduğunu da açıqlamışdı.

Odur ki, uyğur məsələsi yeni tarixdə ilk dəfə olaraq dünya ictimaiyyətinin ən nüfuzlu tribunasında  müzakirə edilmək perspektivi ilə üz-üzədir. İndii, sadəcə bunun SUMV-dəki vəziyyətə müsbət təsir göstərəcəyinə, Urumçidə 2009-cu il iyulun ilk ongünlüyündə baş verənlərin bir daha təkrarlanmayacağına ümid etmək qalır.



MƏSLƏHƏT GÖR:

541