5 May 2024

Bazar, 14:38

YAZDIM Kİ İZİM QALA

Öz elmi irsi ilə azsaylı xalqlarla sülh və dostluq içində birgə yaşamamıza xidmət göstərmiş azərbaycan alimi Qəmərşah Cavadova həsr edilir

Müəllif:

15.02.2009

Belə düşünürlər ki, stereotiplər, adətən,  ictimai şüurda nə haqdasa mənfi təsəvvürlər yaradır. Ancaq bu, oturuşmuş baxışlar barədə heç də dolğun gerçəklik deyil. Bəzən müsbət yönümlü stereotiplər də olur. Məsələn, bir xalqın tolerantlığı, xüsusilə də müxtəlif xalqların nümayəndələri ilə uzun illər dinc yanaşı yaşamaq bacarığı barədə bu gün deyil, yüzilliklərboyu yaranmış təsəvvürlər haqqında da bunu demək olar. Azərbaycana ayaq basmış  istənilən səyyah və ya iş üçün gəlmiş hər hansısa mütəxəssis hansı etnik qrupa aid olmasından asılı olmayaraq, yerlilərin nəinki qonaqpərvər, həm də açıqfikirli və xoşüzlü olduğunu  da görürlər. 

Toplumların hələ də müəyyən məhdud məkanda sığındığı indiki dövrdə çoxları bunu yetərincə dəyərləndirə bilmir. Bunu hamı, ilk növbədə, beynəlxalq strukturların insan haqları ilə məşğul olan ekspertləri də qeyd edirlər. BMT təmsilçisi Esma Cangir ölkəmizdə olandan sonra dünyanın, demək olar ki, bütün dövlətlərini birləşdirən öz təşkilatına Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməyi məsləhət görüb. Çünki onun fikrincə, bu təcrübə əvəzsizdir və geniş yayılmasına ciddi ehtiyac duyulur. 

Gerçəkdən də son illər Azərbaycanda tolerantlığın qorunması və ona riayət edilməsi, bu yönümdəki işlərə dövlət dəstəyi dəfələrlə elmi tədqiqatların mövzusu olmaqla yanaşı, həm də müxtəlif beynəlxalq tribunalara çıxarılıb. Azərbaycanın bu sahədəki təcrübəsi həm Avropa Şurasında, həm BMT komitələrində, həm də ATƏT-in parlament assambleyalarında müzakirə edilib, dünyanın bir çox ölkələri ilə ikitərəfli qaydada bölüşülüb. Bu təcrübə hazır məhsul kimi həm tədqiq, həm də öyrənildikdən sonra tətbiq edilib. 

İndi haqqında danışacağımız insan tarix elmləri doktoru, professor Qəmərşah Cavadov öz  şüurlu ömrünü müasirləri olan bizlər və gələcək nəsillərlə yanaşı, eyni zamanda birgə  yaşadığımız azsaylı xalqlarla sülh və dostluq şəraitində olmağımıza, Azərbaycanın etnobütövlüyünə həsr edib. O, yalnız çağdaş dönəmdə azsaylı xalqlar haqqında dünyaya məlumat verən bir tədqiqatçı olmaqla kifayətlənməyib, həm də zəruri anda, çətin dəqiqələrdə onların müdafiəsinə də qalxıb. 

Təəssüflə deməliyik ki, onun haqda yazanda keçmiş zamandan istifadə etməli oluruq. Çünki amansız xəstəlik bu böyük alimi aramızdan vaxtsız, yaradıcılıq enerjisinin çiçəkləndiyi bir zamanda - 66 yaşında apardı. Qəlbi Azərbaycanla birgə döyünən, Vətənini çox sevən bu gözəl insan pafoslu sözlərdən, hay-küydən uzaq şəkildə öz hisslərini işində tərənnüm  edərək yaşadı. O, vətən sevgisinin nə demək olduğunu, onun müqəddəsliyini xüsusilə də ziddiyyətli  90-cı illərdə çox gözəl anlayırdı; lakin öz duyğularını o zaman dəbdə olan hay-küylə, şüarçılıqla ifadə etməkdən çox-çox uzaq idi. Təmtərağı sevmirdi,  daxili əxlaqi dəyərləri bəziləri kimi onu "meydan natiqləri"nə çevrilməyə imkan verməmişdi. Əsl ziyalı kimi  məşğul olduğu işini  həyatının ən böyük mükafatı saymışdı. 

 

Unikal etnoslar bəşəriyyət üçün qorunmalıdır 

Postsovet dönəminin həm elmi, həm də bədii ədəbiyyatında tez-tez bu fikirlər müzakirəyə çıxarılırdı: "Kiçik etnosları qorumağa dəyərmi? Axı sirr deyil ki, milli azlıqların çoxu başqa etnoslar tərəfindən assimilyasiya edilərək, tarix səhnəsini tərk ediblər və ya başqa səbəblər üzündən yox olublar. Bəlkə elə bu onların tarixi taleyidir?". 

Bir dəfə alimdən soruşublar: "Azsaylı xalqların inkişafını dəstəkləməyə dəyərmi, yoxsa onları təbii assimilyasiyanın ümidinə buraxmaq lazımdır?". Etnoqraf əsəbiləşmişdi: "Dünya müxtəlifliyi ilə maraqlıdır. XXI yüzillikdə azsaylı xalqların, milli azlıqların və ya etnik qrupların assimilyasiyasından necə danışmaq olar? Hazırda beynəlxalq toplumun münasibətlərinin əsaslandığı demokratik dəyərlər danışdığı dildən, tapındığı inancdan asılı olmayaraq, hər bir şəxsin hüququna riayət edilməsini tələb edir". Q. Cavadov assimilyasiya tərəfdarlarının kəskin düşməni idi. O  hesab edirdi ki, bu və ya başqa etnosun yer üzündən silinməsinə, məhv olmasına imkan vermək,  xilasa ehtiyacı olan insana yardım etməməyə, lazım olan kömək əvəzinə, oturub ölməsinə rahatca baxmağa  bərabərdir. 

Onun fikrincə, yüzilliklərboyu Azərbaycanda formalaşmış tarixi təcrübə, ölkənin ən iri yerli etnosu olan azərbaycanlılarla yüzdən çox başqa xalqın nümayəndəsinin dinc yanaşı yaşaması  azsaylı etnosların və etnik qrupların məhv olmasının qarşısını almaq üçün gözəl nümunədir. Buna görə də o bizim ölkədə yaşayan etnosları təsvir etmək, onların mənşəyi, dili, maddi və mənəvi mədəniyyəti, onların məşğul olduğu sənətkarlıq növləri, sayları barədə məlumatları elm üçün qorumağı vacib sayırdı.  Onun "Talışlar" monoqrafiyası, R.Hüseynovla birgə yazdığı "Udinlər" və "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" monoqrafiyaları məhz belə yaranıb. 

Son kitabın adı mövzunun nə dərəcədə geniş və dərin olduğunu, müəllifin elmi marağının böyüklüyünü, ölkədə etnik və milli münasibətlərin tarixini və çağdaş problemləri  dərindən bilməsindən xəbər verirdi. Tatlar və kürdlər, ləzgilər və saxurlar, ingiloylar və qrızlar, Azərbaycanda yaşayan xristian inanclı etnoslar onun elmi maraq dairəsində olub. Professor  Cavadov öz elmi monoqrafiyasında hər bir xalqın özünəməxsusluğundan və təkrarsızlığından danışıb, onları çox sevdiyi Vətəninin               tamhüquqlu vətəndaşına çevrilməsindən daim fərəhlənib.  

Müxtəlif dil ailələrinə daxil olan bu xalqlar - etnik qrup və milli azlıqların təmsilçiləri lazım olan zaman həmişə ümumi vətənləri olan Azərbaycanın müdafiəsinə qalxıblar. Buna görə də alim istəyirdi ki, Vətən də sinəsində yaşayan hər bir vətəndaşı tərəfindən sevildiyi kimi, bir-birlərindən müəyyən qədər  fərqli olan bu övladlarının sevgisinə bərabər şəkildə qarşılıq versin. O, milli azlıqların təmsilçisi olan və əsl Azərbaycan vətəndaşı kimi özlərini gerçək azərbaycanlı sayan tanınmış insanlar haqqında çox sayda gözəl sözlər yazıb. 

Böyük həcmdə topladığı materiallar əsasında buraxdığı "Talışlar" monoqrafiyasını bu xalqın ancaq möhtəşəm ensiklopediyası saymaq olar. Böyük alim talış etnosunun heç bir təmsilçisinin gerçəkləşdirə bilmədiyi bu istəyi reallığa çevirdi. 

Ölümündən sonra işıq üzü görən son kitabı "Yazmışam ki izim qala" adlanır. Kitabda çap olunan və qəlbinin səsi ilə yazılan publisistik əsərləri əslində  Q.Cavadovun vətəndaş mövqeyindən xəbər verir. Çox şeylər onu qayğılandırırdı. Öz xalqının tarixini yalnız mədəniyyət abidələri ilə deyil, həmçinin qədim əkinçilik alətlərinə əsaslanaraq öyrənmək istəyi də bu qayğılardan biri idi. O, doktorluq dissertasiyasını bütün dəbdəbələrdən uzaq şəkildə "Azərbaycanın xalq əkinçilik texnikası. Tarixi - etnoqrafik araşdırma" adlandırmışdı.  

Azərbaycan əkinçilərinin ilin ayrı-ayrı fəsillərini necə adlandırması barədə onun məqalələrini oxuduqda müəlliflə birgə oxucu da bu biliklərin unudulduğuna təəssüf edir. Müəllifin fikirləri keçmiş SSRİ-nin müxtəlif guşələrindən olan alimlər tərəfindən də dəstəklənir. Onların Cavadovun elmi işlərinə verdikləri rəylər kitabda çap olunub və bu rəylərə görə, onun araşdırmalarının nəticələri arqumentli şəkildə sübut edir ki, bu gün bəzilərinin düşündüyündən fərqli olaraq, azərbaycanlılar qədim əkinçilik mədəniyyətinə  malik oturaq xalqdırlar. 

 

Prioritet - elmi mötəbərlikdir

İki elmlər doktorunun - tarixçi Rauf Hüseynov və etnoqraf Qəmərşah Cavadovun müəllifi olduğu və bir rəyçi tərəfindən tarixi - etnoqrafik traktat adlandırılan "Udinlər. Tarixi - etnoqrafik araşdırma" adlı monoqrafiya Azərbaycanın bu avtoxton etnosunun tarixi-siyasi icmalını, təsərrüfatını və maddi mədəniyyətini, adət və ənənələrini, həmçinin mənəvi mədəniyyətinin müxtəlif tərəflərini əks etdirir. Ərəb işğalından sonra Azərbaycanın alban tayfalarının durumunu təsvir edən müəlliflər ədalətli olaraq qeyd ediblər ki, erməni qriqorian kilsəsinin təsiri altına düşmüş Albaniya xristianları öz dillərini və mədəniyyətlərini itirməyə başlayıblar. 

Bundan başqa, alimlər topladıqları dəlillər əsasında bildiriblər ki, yalnız Qutqaşen və Vartaşen (indiki Qəbələ və Oğuz) rayonlarında xristian udinlər bizim günlərə qədər özünəməxsusluqlarını qoruyub-saxlaya biliblər. 90-cı illərdə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalından sonra bəzi "patriot"ların bu rayonlarda yaşayan udinləri erməni sayması müxtəlif cür anlaşılmazlıqlara və münaqişələrə səbəb olurdu və gerçək elmin vicdanı bu məsələdə susa bilməzdi. Q.Cavadov və  R.Hüseynov mətbuatda məqalə ilə çıxış edərək, udinlərin erməni etnosuna aid olduğunu iddia edənlərin dediklərini vaxtındaca təkzib etdilər. 

Alimlər elmi əsaslarla göstərdilər ki, Azərbaycanda qədimdən yaşayan və azərbaycanlıların bir xalq kimi formalaşmasında iştirak etmiş azsaylı xalqlardan bu günə kimi gəlib-çatanlar qrızlar və buduqlar, xınalıqlar, ingiloylar və həmçinin udinlərdir. Sonuncular özlərinə "udi", "uti" də deyirlər. Tarixçilər bildiriblər ki, udinlərin mənşəyi və tarixi artıq 200 ildir ki, dünya alimlərinin diqqət mərkəzindədir, həm də təəssüf ki, çox zaman bu tarix  azərbaycanlıların keçmişinə və torpaqlarına əsassız iddialarla bağlı olan elmdənkənar siyasi spekulyasiyalara cəlb edilir. 

Bu iki böyük alimin məqalələrinin birində göstərilir ki, "VII yüzillikdə ərəblərin Azərbaycanı işğal etməsindən və ölkənin ərəb xilafətinin tərkibinə keçməsindən sonra yerli əhalinin, o cümlədən udinlərin də əsas hissəsi islamı qəbul edib. Amma udinlərin bir qismi öz inancını saxlayıb, VII yüzillikdə isə ərəblərin təzyiqi ilə onlar erməni qriqorian kilsəsinə tabe ediliblər. Erməni qriqorian kilsəsi hələ VI əsrdən avtokefal Alban kilsəsini öz nəzarəti altına keçirmək niyyətində olub. Doğrudur, VIII yüzillikdən sonra da alban katolikosu və onun dəftərxanası mövcud olub, lakin buna baxmayaraq xristian albanlarının milli özünəməxsusluqlarını itirməsi və sürətlə erməniləşməsi başlayıb". 

 Alimlər sübut ediblər ki, Qafqaz dil ailəsinə daxil olan udin dilinin və bu dildə danışanların  nə etnik mənşə, nə tarixi ərazi, mədəni baxımından, nə də ki başqa məziyyətlərinə görə ermənilərlə heç bir əlaqəsi yoxdur. Nə keçmişdə, nə də indi Ermənistan adlanan ərazidə udinlər qeydə alınmayıb. Bilərəkdən və ya məlumatsızlıqdan udinlərin erməni etnosuna aid edilməsi, ən azı tarixi təhrif və anlaşılmazlıqdır, siyasi və konfessional baxımdan isə bu, birbaşa tariximizə yiyələnmək idi. Belə bir məqamda alimlər tərəfindən hər bir populizmdən və ucuz sensasiyalardan uzaq elmi araşdırmaların irəli sürülməsi cəmiyyətdəki yanlış əhval-ruhiyyəni və bütünlükdə vəziyyəti yaxşı istiqamətə dəyişməyə imkan verdi. 

Alimlər xatırladırlar: "Azərbaycan Respublikasında bu torpağın qədim avtoxton etnoslarından olan, qədim və yerli dillərdən birini, uzaq keçmişin mənəvi və maddi mədəniyyətini bu günlərə kimi gətirmiş udinlərin qorunması üçün çox işlər görülür. Bu, təkcə ona görə vacib deyil ki, udinlər Güney Qafqazın və bütün bölgənin  yerli əhalisidirlər, həm də ona görə zəruridir ki, onlar bizlər və gələcək nəsillərə  bəşəriyyətin əvəzsiz parçası olan Azərbaycan etnosuna məxsus keçmişin bir hissəsini qoruyub-saxlayıblar".

Cavadovu yalnız ədalətsizlik özündən çıxarırdı. Ağdam rayonunda araşdırmalar aparmış dissertant bir qıza əsəbiləşərək, "Siz ermənilərin işğal etdiyi ərazilərdə olmusunuz? Orada araşdırma apara bilmisınız? Utanmırsız?" - deyə soruşmuşdu. Sonralar bu barədə danışaraq, hələ uzun müddət özünə gələ bilmədiyini bildirmişdi. Elm aləmində Cavadovun bu cür hərəkətlərə dözə bilmədiyi hamıya bəlli idi. O, həmkarlarından birinin işində aşkar etdiyi plagiatlıqla açıq mübarizə apararaq, qəzetlərdə yazdığı məqalələrdə, akademiyadakı  çıxışlarında bunun yolverilməz olduğunu  bildirmişdi. Ümumiyyətlə bütün ömrüboyu o, elmə  bu cür hörmətlə yanaşıb. 

İnsanlar zaman keçdikcə güzəştə getməyə daha çox alışırlar, ancaq Qəmərşah Cavadov belə olmayıb. Ziyalı vicdanı, məsələnin təhlilində göstərdiyi böyük təmkin və başqalarının düşüncələrinə dözümlülük onun təbiətinin əsas keyfiyyətlərindən idi. Həmçinin,  elmə xələl gətirəcək bütün hallarla qətiyyən barışmırdı. 

İnanmaq istərdik ki, onun hazırladığı onlarca aspirant və elmlər namizədi bu prinsiplərin heç olmasa bir qismini də olsa, öz müəllimindən götürə biliblər. Amma professor Cavadov kimi olmaq əlbəttə ki, çətindir. Sevik  dünya düzənində ictimai-siyasi quruluşun tez-tez bir-birini əvəzləməsi,  mənəvi dəyərlərin sürətlə  dəyişməsi  bu cür ziyalıları  güzəştə getməyə məcbur edə bilməzdi. Çünki o, nəinki özü, həm də bütün cəmiyyətimiz üçün zəruri olan prinsipləri ömrünün sonuna kimi qoruyub-saxlamağı bacaran nadir  şəxsiyyətlərdən idi. 



MƏSLƏHƏT GÖR:

402