18 May 2024

Şənbə, 19:41

QAYIQLA MEDALLARA DOĞRU

Azərbaycan avarçəkənləri Avropa Oyunlarında 3 medal qazanmağa iddialıdır

Müəllif:

14.04.2015

"R+" oxucuları Bakıda keçiriləcək ilk Avropa Oyunlarında təmsil olunan idman növləri ilə tanış etməkdə davam edir. Bu dəfə avarçəkmədən söhbət açılacaq. İlk dəfə 1959-cu ilin yayında Bakıdakı Dənizkənarı Milli Park ərazisində yerləşən "Neftçi" yaxt-klubunda idmançılar avarçəkməylə məşğul olmağa başlayıb. Həmin il respublikamızın akademik avarçəkənləri SSRİ xalqlarının 2-ci spartakiadasında çıxış edib. Turnirdə Azərbaycanı avarçəkmənin 13 növündən 5-də 12 idmançı təmsil edib. Onların arasında Tamerlan Kusov, Gedalio Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər də olub. 1964-cü ildə Mingəçevir şəhərində "Kür" avarçəkmə hazırlığı üzrə Olimpiya mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin inkişafına böyük təkan verib. Bu bazanın tikintisində Mingəçevir şəhər idman komitəsinin sabiq sədri, mərhum Pərviz Həsənovun xüsusi xidmətləri olub. Məhz onun təşəbbüsü ilə Mingəçevirdə Kür çayı sahilində ümumittifaq əhəmiyyətli idman qurğusu inşa olunub. Keçmiş SSRİ-nin akademik avarçəkmə üzrə yığma komandası məhz bu bazada hazırlıq keçib. Avarçəkənlər yüksək hazırlıq səviyyəsinin nəticəsidir ki, Avropa, dünya çempionatları və Yay Olimpiya Oyunlarında sovet yığmasının heyətində uğurlu nailiyyətlərə imza atıb. Bu komandanın tərkibində Azərbaycan idmançıları da olub. 

1970-ci ildən etibarən "Mingəçevir reqatası" ümumittifaq statusu alıb. Müxtəlif illərdə yarışda Bolqarıstan, Çexoslavakiya, hətta Kuba təmsilçiləri də "Mingəçevir reqatası"nda mübarizə aparıb. 

Müstəqillik illərində bazada müəyyən bərpa işlərinə ehtiyac olub. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Mingəçevirə səfəri zamanı bazanın müasir tələblərə uyğun səviyyədə yenidən qurulmasına göstəriş verib. Bundan sonra Azərbaycan Milli Avarçəkmə Federasiyası təsis olunub və ölkədə avarçəkmə növləri yeni dövrə qədəm qoyub. Hazırda ölkəmizin Cavid Əfəndiyev, Aleksandr Jdanov, Toğrul Qurbanzadə, Teymur Kutseba, Aleksandr Qlotov, Kamal Məmmədov kimi gənc və perspektivli akademik avarçəkənlərimiz, dünya və Avropa çempionatında medallar qazanan Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko kimi kanoeçilərimiz var.

Bakı 2015 Avropa Oyunlarında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yarışlar Mingəçevirdə keçiriləcək. Azərbaycanın dördüncü böyük şəhəri sayılan Mingəçevir, su anbarı ilə məşhurdur və "İşıqlar şəhəri" kimi tanınır. Mingəçevirdə yerləşən yarış məkanının sahəsinin uzunluğu 1000 metrdir, dərinliyi isə 10 metrdən çoxdur. Beynəlxalq Avarçəkmə Federasiyasının kayak və kanoe qayıqlarında avarçəkmə ilə əlaqədar yarış qaydalarına əsasən, bu idman növü üzrə müsabiqələr 9 yarış zolağından ibarət 200, 500, 1000 və 5 min metr məsafələrə keçirilir.

Avropa Oyunlarında yarışlar 14-16 iyun tarixlərində keçiriləcək və 350 idmançı medal uğrunda mübarizə aparacaq. Ümumilikdə 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında avarçəkmə yarışı baş tutacaq. Olimpiya yarışlarında kayak və kanoe qayıqlarında avarçəkmə yarışları kişilər arasında 200 və 1000 metr, qadınlar arasında isə 200 və 500 metr məsafələrə keçirilir. Kayak və kanoe qayıqlarında avarçəkmə üçün təsnifat yerləri əvvəlki təsnifat yarışlarındakı reytinqə, yerli MOK üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən müəyyən olunacaq.

Bir müddət əvvəl Avropa Olimpiya Komitəsinin (EOC) iki üzvü Mingəçevir şəhərindəki "Kür" Olimpiya Mərkəzində olub. Rəsmilər səfər zamanı avarçəkmə yarışları üçün baza rolunu oynayan idman qurğusundakı irəliləyişlər barədə müsbət fikirlər söyləyiblər. EOC-un Oyunlar üzrə baş məsləhətçisi Quido de Bondt yenidənqurma işləri barədə fikirlərini "R+"a söyləyib: "Burada, Mingəçevir şəhərindəki obyektlərdə əldə edilən irəliləyişlər bizi heyran etdi. Sözügedən obyektlər şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq. I Avropa Oyunlarını həyata keçirməsi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcək". 

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti və "Kür" Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasov I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək kayak və kanoe yarışlarına hazırlıqla bağlı "R+"a açıqlamasında kompleksin vəziyyətini yüksək qiymətləndirib: "Biz bu il ənənəvi Prezident Kuboku yarışını Avropa Oyunlarına test xarakteri kimi keçirdik. Bundan başqa, bu il ilk dəfə olaraq yarışda paralimpiyaçı Asif Qasımov iştirak etdi. O, turnirdə müsabiqədənkənar mübarizə apardı və yüksək nəticə göstərdi. Mingəçevir, demək olar ki, Avropa Oyunlarına tam hazır vəziyyətdədir. Olimpiya kəndində binalar tikilib istifadəyə verilib. Hazırda idmançılar üçün otaqlarda mebellərin yerləşdirilməsi davam edir. Kayak və kanoe yarışlarında 350-yə yaxın idmançı iştirak edəcək. Olimpiya şəhərciyində 1500 idmançı və məşqçi yerləşdirmək imkanımız var. Yeri gəlmişkən, Avropa Oyunlarında könüllülər də iştirak edəcək. Onlar Gəncə və Mingəçevirin ali və orta ixtisas məktəblərindən dəvət olunublar. Hazırda 40 könüllü burada hazırlıq keçir. Yaxın vaxtlarda onların sayı artırılacaq. Bununla yanaşı, burada Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə hazırlıqlarımızı davam etdiririk. Bildiyiniz kimi, həmin komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışırlar. O mütəxəssislər Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının təşkilində iştirak ediblər. Onlarla bütün təşkilati işlərdə məsləhətləşir, lazım olan tövsiyələri və tapşırıqları yerinə yetiririk.

"Kür" Olimpiya Mərkəzinin infrastrukturunda müəyyən dəyişikliklər olub. Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən yarışların yüksək səviyyədə təşkili üçün əlavə vəsaitlər ayrılıb. Bununla yanaşı, işlərin yüksək səviyyədə qurulması üçün buraya kənardan tanınmış mütəxəssislər də dəvət olunublar. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni edəcək ki, turnir yüksək səviyyədə keçirilsin. 2015-ci ildə ölkəmizdə təşkil ediləcək I Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq. Hazırda kompleks bütün lazımi avadanlıqlarla təchiz olunmaq üzrədir". 

Qeyd edək ki, bu idman növündə təmsil olunan idmançılarımız ölkəmizin medal ümidlərindəndir. İlkin proqnozlara əsasən Azərbaycan atletləri Avropa Oyunlarında ən azı 3 medal qazanmağa iddialıdır. 



MƏSLƏHƏT GÖR:

619