18 May 2024

Şənbə, 12:55

GÜC HƏMRƏYLİKDƏDİR

Bakıda keçiriləcək "İslamiada-2017" İslam ölkələrinin birliyinin möhkəmlənməsinə töhfə verəcək

Müəllif:

14.04.2015

İlk Avropa Oyunlarına hazırlaşan paytaxtımız Bakı iki ildən sonra daha bir irimiqyaslı yarışa ev sahibliyi edəcək. Söhbət 4-cü İslam Həmrəylik Oyunlarından gedir. Artıq IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən Bakı 2017-ci ildə mötəbər yarışın yüksək səviyyədə keçirilməsinə görə bütün öhdəlikləri yerinə yetirəcəyinə zamin olub.

Müqaviləni sonra Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud imzalayıblar.

Müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İHİF-in nümayəndələri ölkəmizdə yaradılan idman infrastrukturu ilə yaxından tanış olublar. "Bakı-2015" ilk Avropa Oyunlarının təşkil olunacağı obyektlərdəki şərait qonaqlarda xoş təəssürat yaradıb", - Ç.Hüseynzadə bildirib.

O, qeyd edib ki, Azərbaycan İslam Həmrəylik Oyunlarında fəal iştirak edib və ciddi uğurlar əldə edib: "Azərbaycan idmançıları "İslam oyunları-2017"ni ciddi sınaq kimi qəbul edir və həmin Oyunlarda yüksək nəticələr üçün mübarizə aparacaqlar".

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən İHİF-in prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb: "Azərbaycan dövlətinin idmana verdiyi yüksək qiymət hamıya məlumdur. Ölkənizin İslam Həmrəyliyi Oyunlarını təşkil etməyə maraq göstərməsi çox sevindiricidir. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin ən böyük idman hadisəsi olacaq. Biz güclü əməkdaşlıq və işbirliyi sayəsində Oyunları uğurla təşkil edəcəyik və azarkeşlər bu yarışlardan böyük zövq alacaqlar".

İslam Həmrəyliyi Oyunlarının təşkilinin İslam dəyərlərinin yayılmasına, qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcəyini bildirən İHİF-in prezidenti yarışın yüksək səviyyədə keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə şahzadə Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd etdi. O, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğuladı.

İmzalama mərasimində Azərbaycanda irimiqyaslı tədbirlərin müvəffəqiyyətlə təşkil edildiyini bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Nazir bildirib ki, Azərbaycan İslam dünyasının hər zaman diqqət mərkəzində olan bir məkandır. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib, 2018-ci ildə isə bu missiya Naxçıvana həvalə olunacaq. Hazırda ölkəmiz "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, "Formula-1" üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Biz bu yarışların təşkil olunması istiqamətində bütün imkanlarımızdan istifadə edəcəyik ki, turnirlər yüksək səviyyədə keçirilsin.

Tədbirdə qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da "Bakı-2015" ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların isə "Bakı-2015" üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub.

Müqavilədə qeyd olunan öhdəliklər barədə danışan Gənclər və İdman naziri Azad Rəhimov İslam Həmrəylik Oyunlarına Avropa Oyunlarıyla müqayisədə daha az maliyyə tələb olunacağını deyib: "Ev sahibliyi sazişi müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma, yerləşdirmə və digər məsələlərdir. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq Atletlər kəndi İslam Oyunları zamanı da istifadə ediləcək. Büdcədən danışmaq tezdir. Amma Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq. Üstəlik, idmançıların qidalanmasına görə də onların federasiyaları təşkilatçı ölkəyə ödəniş edəcək".

Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb. "Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdur. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, mədəni proqramlar da təşkil edək".

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələr arasında keçirilir. İlk oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanda keçirilib. İkinci oyunlar 2009-cu ildə İranda keçirilməli idi, amma bəzi səbəblərdən ləğv olundu. Üçüncü oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. 

Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində Federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana təqdim olunub.



MƏSLƏHƏT GÖR:

625