18 May 2024

Şənbə, 16:57

GENERALLAR NƏSLİNİN SONUNCUSU

Cəmşid Naxçıvanski kimi şəxsiyyətlərin sağ qalması müharibədə milyonlarla insanın həyatını xilas edərdi

Müəllif:

14.04.2015

98 günlük üzücü sorğu-sualdan sonra müharibə qəhrəmanı, zabit və peşəkar üçün keçmiş silahdaşları tərəfindən harada mühakimə olunacağı artıq heç bir əhəmiyyət daşımırdı. Bəzən onu Hakimlər Kollegiyasının Qızıl meydanın bir neçə addımlığında yerləşən mənzil-qərargahına aparırdılar. Bu dəfə isə mühakimənin Lefortovo həbsxanasının binasında həyata keçirilməsi qərara alınmışdı.

Bu o demək deyil ki, Ali Məhkəmənin Hərbi Kollegiyası xüsusi olaraq onun üçün həbsxanaya təşrif buyurmuşdu - yox, hakimlər üçün hərbi şərəf önəm daşımırdı. Sadəcə həmin 1938-ci ildə Lefortovo həbsxanası Sovet ölkələrinin ən yaxşı, təcrübəli zabitlərilə dolu idi. Oraya hər gün yeni zabitlər gətirilirdi və məhkəmənin "kargüzarlığı" sürətləndirməsi üçün həbsxanaya yollanmaq daha asan idi: burada o, bir gündə bir neçə işə "baxa" bilirdi.

 

General və kəpənək kolleksiyaçısı

Tərcümeyi-halını və Stalinin "oğul ataya görə cavabdehdir" prinsipini nəzərə alsaq, görkəmli sərkərdə, briqada komandiri Cəmşid Naxçıvanskinin mühakimə edilməsi üçün xeyli əsas var idi. O, bəy ailəsindən çıxmışdı (o illərin meyarlarına görə, bu, qəbuledilməz sayılırdı). Üstəlik hərbçinin atası vaxtilə İrəvan quberniyası ərazisində xanlar şurasının başçısı olmuş, müstəqil Araz Respublikasını elan etmiş Cəfərqulu xan Naxçıvanski idi. Amma Naxçıvanskinin əsas "cinayəti" onun istedadlı, peşəkar hərbçi olması idi (üstəlik bu, irsi məqam idi). Stalin rejimi onlardan çox qorxurdu.

Naxçıvanski məşhur "Vəhşi diviziya"da könüllü vuruşmuş, onun sıralarına 1914-cü ildə, hələ 19 yaşlı yunker kimi qoşulmuşdu. O, çar ordusunda karyerasını sürətlə inkişaf etdirərək, diviziyaya qoşulduqdan yarım il sonra kornet rütbəsinə yüksəlmişdi. 21 yaşında C.Naxçıvanski ilk hərbi mükafatlarla təltif edilmiş, bir neçə Müqəddəs Anna və Müqəddəs Stanislav ordeninə layiq görülmüşdü. 22 yaşında olarkən o, döyüşlərdə göstərdiyi qəhərmanlığa görə üzərində adı yazılmış Georgi silahı ilə mükafatlandırılmışdı. Bu haqda sənəddə deyilirdi: "31 may 1916-cı ildə Tışkovitse kəndi ətrafında gedən döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, düşmənin piyada vzvodunun atəşi altında rəhbərlik etdiyi 10 süvari ilə hücuma atılaraq düşmənin cərgəsinə zərbə vurduğuna və piyada vzvodunu məğlub etdiyinə görə təltif edilir"".

Naxçıvanski üzərində aparılan məhkəmə prosesinə ədliyyə polkovniki Vasili Ulrix başçılıq edirdi. O, insani keyfiyyətlərdən uzaq, qaniçən bir şəxs idi: qorxu və təqib maniyası içində batmış Stalin məhz belələrinə arxalanırdı. 1935-36-cı illərdə repressiyaların başladığı dövrdə RKP (b) MK Siyasi Bürosunda məhz Ulrix çıxış edərək xəyanətkarlara qarşı münasibətin sərtləşdirilməsini təklif etmişdi. O, tanınmış entomoloq idi - bütün İttifaq üzrə kəpənək kolleksiyası toplayırdı. Bəlkə də o, iynə ilə həşəratların kartona sancılması ilə tanıdığı zabitlərin ən yaxşılarının öldürülməsi arasında rəmzi paralel aparırdı.

Bəli, Naxçıvanskinin "mühakimə" olunması üçün əsas var idi - əlində silah tutmağı ən yaxşı bacaran şəxslərin məhv edilməsi qarşıya qoyulmuş vəzifə idi. O, hərbi şücaətinə görə Georgi xaçı almış ilk zabitlərdən olmuşdu (bu mükafat yalnız sıravi əsgərlərə verilirdi). 1917-ci ildə Naxçıvanski artıq poruçik kimi bu mükafata yiyələnmişdi. Mükafat ona "1917-ci il iyunun 29-da Kaluşa şəhəri yaxınlığında rəhbərlik etdiyi sotnyanın başında hamıdan öncə düşmənin üzərinə atılaraq, onu panika içərisində qaçmağa vadar etdiyi üçün" verilmişdi.

Onu mühakimə etməyə əsas var idi. Çünki 1918-ci ildə artıq polkovnik olan (23 yaşında!) Naxçıvanski Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Zaqafqaziya ordusunun tərkibində sotnyanın başçısı idi. Söhbət "ağ hərəkat"ın dağılmasından sonra bir hissəsi yeni yaradılan Azərbaycan Demokratik Respublikasına sabiqlik nümayiş etdirən ordudan gedir.

Onu mühakimə etməyə əsaslar var idi. Çünki o, respublika ordusunun tərkibində Qızıl orduya, "Sentrokaspi diktaturası"na, daşnaklara, hətta ingilislərə qarşı vuruşmuşdu.

İntriqaçı və kəpənək kolleksiyaçısı Ulrix cəmi 15 dəqiqə davam edən məhkəmədən sonra Naxçıvanski barəsində ölüm hökmü çıxardı. C.Naxçıvanski "Azərbaycanın antisovet milli təşkilatlarının fəal iştirakçısı, Azərbaycan milli mərkəzi tərəfindən təşkil olunmuş Hərbi mərkəzin üzvü olmaqda" təqsirli bilinmişdi. İttihama görə o, "Azərbaycanda sovet hakimiyyətinə qarşı çevrilişin hazırlanmasında, Azərbaycanın Sovet İttifaqından ayrılması planının işlənməsində fəal iştirak edib, Azərbaycanda silahlı qiyam planını şəxsən özü hazırlayıbmış... Bundan başqa, Naxçıvanski 1921-ci ildən casusluqla da məşğul imiş".

Bir neçə dəqiqə davam edən və qapalı keçirilən məhkəmədə nə vəkillər, nə də şahidlər var idi.

 

Şərəfi and

Əslində isə onun "günah"ını sübut edəcək heç bir dəlil yox idi: proses yalnız Naxçıvanskinin özünün etirafları əsasında qurulmuşdu. Həyatının Sovetlər dönəmini o, hərbi akademiyalarda dərs deməklə, zabitlərin hazırlanması ilə keçirmişdi. Ona qarşı bir dənə də sübut tapılmamışdı və güman ki, belə sübutlar ümumiyyətlə yox idi. Ola bilsin ki, Naxçıvanski yeni hökuməti o qədər də bəyənmirdi. Lakin zabit nəslindən olan bu şəxs şərəfin, andın nə olduğunu yaxşı bilir, onların satqınlıqla bir araya sığmadığını dərk edirdi.

Naxçıvanski 98 gün davam edən dindirmələrdən, işgəncələrdən sonra etiraf ifadəsi vermişdi. Hökmdə "ona məxsus bütün əmlakın müsadirəsi" haqda da danışılırdı. Halbuki, C.Naxçıvanski kommunal evdə yaşayırdı və orada dəmir çarpayılar da daxil olmaqla, bütün mebellər dövlətin idi. Ona məxsus olanlar yalnız mükafatlar, binokl, fotoaparat, ov tüfəngi, Naxçıvanski nəslinin irsi qılıncı, həmçinin vəsiqə, buraxılış kağızı, sənədlər, ailə yazışmaları, fotolar idi. Ən maraqlısı isə əmlakın siyahıya alınması zamanı qeyd olunmuş bir cümlədir: "İşə aidiyyəti olmayan və heç bir dəyər daşımayan əmlak məhv edilsin". Görünür, bu dəyərli əşyalar rəhbərlikdən kiminsə xoşuna gəlib və onları sadəcə oğurlayıblar. Axı, hamıya asketizm dərsi keçən bu insanlar, əslində, çoxsaylı şahidlərin (o cümlədən Soljenitsin və Trifonovun da) dediyi kimi, yağ-bal içində yaşayırdılar.

Naxçıvanski Moskva yaxınlığında "Kommunarka - Loza" adlı məxfi qəbiristanlıqda adsız məzarda dəfn olunub. Yeri gəlmişkən, bir sıra digər həmvətənlərimiz də həmin məzarlıqda dəfn ediliblər: tanınmış metallurq və xalq komissarı Çingiz İldırım, əkinçilik xalq komissarı Dadaş Bünyadzadə, Bakı şəhər komissarlığının katibi M.A.Nərimanov və 1937-38-ci illərdə həbs edilmiş bir sıra digər görkəmli həmvətənlərimiz.

Dövr elə idi ki, güclü, təşəbbüskar, namuslu insanlar istər-istəməz dövlət üçün təhlükəyə çevrilirdilər. O dövrdə yalançı asketizm maskası altında danosbazlıq, oğurluq hər tərəfi bürümüşdü (T.Tolstoyun Kirovun burjuaziya mebeli və texnikası ilə dolu ev-muzeyindən bəhs etdiyi son avtobioqrafik kitabını xatırlamaq kifayətdir). O illərdə mərdlik, igidlik şərəf yox, insanları asan hədəfə çevirən zəiflik idi. Və 1941-ci ildə Naxçıvanskinin və digər peşəkar zabitlərin qətli bolşeviklərə baha başa gəldi: bütün ötən illər ərzində müharibəyə hazırlaşmaqla məşğul olan ölkə əvvəlcədən xəbərdar olduğu düşmən hücumunu dəf etməkdə aciz qalmışdı.

Əminliklə demək olar ki, bu terror baş verməsəydi, Cəmşid Naxçıvanski kimi şəxslər sağ qalsaydı, bu, milyonlarla insanın həyatını xilas edər, bəlkə də müharibənin qarşısını alardı.

22 dekabr 1956-cı ildə C.Naxçıvanskiyə ölümündən sonra bəraət verilib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası qurumun 1938-ci il 26 avqust tarixli qərarını ləğv edərək, cinayət tərkibi olmadığına görə, cinayət işinin dayandırılması haqda qərar çıxarıb.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.


MƏSLƏHƏT GÖR:

578