18 May 2024

Şənbə, 20:21

AÇIQ SÖHBƏT

Sığortaçıları öhdəliklərini məsuliyyətlə yerinə yetirməyə çağırırlar, onlar isə vergi rejimindən narazılıq edir

Müəllif:

14.04.2015

Son aylar milli valyutanın nəzərəçarpan tərəddüdü Azərbaycan iqtisadiyyatının, demək olar ki, bütün sahələrində, xüsusilə maliyyə sektorunun "dəyərlərinin yenidən qiymətləndirilməsinə" səbəb olub. Bazarda paylarını itirməmək üçün bu sahənin subyektləri indən sonra daha çox səy göstərməli olacaqlar. Problemlərin onsuz da çox olduğu zamanda bunu etmək daha da çətindir. 

Son zamanlar əhalinin sığortaçılarla bağlı şikayətləri artıb. Bununla bağlı, hətta xüsusi komissiya da yaradılıb. Bunlarla yanaşı, sığortaçıların vergi rejimi ilə əlaqədar müəyyən tələbləri var. Mövcud problemlərin kənarlaşdırılması yolları və biznesin effektivliyinin yüksəldilməsi üçün imkanlar Sığorta Agentlərinin III Milli Forumunda müzakirə edilib.  

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun təminatlarına əsasən, manatın devalvasiyası Azərbaycanda sığorta şirkətlərinin maliyyə sabitliyinə təsir etməyib və onların xidmətlərinin bahalaşmasına gətirib çıxarmayıb. "Şirkətlərin öhdəlikləri, ehtiyatları, ödənişləri, aktivləri manatladır. Ona görə də devalvasiya bu şirkətlər üçün valyuta riskləri yaratmadı", - deyə N. Xəlilov bildirib. 

Bununla yanaşı, yaranmış vəziyyətin milli valyuta ilə sığorta bazarına dolayı təsirindən söhbət gedirsə, o zaman əlbəttə ki, bu, var. Devalvasiya şərtlərində əhalinin "qənaət" rejiminə keçidə və məcburi olmayan xərclərin azaldılmasına üstünlük verəcəyini nəzərə alsaq, tamamilə məntiqlidir ki, könüllü sığorta xidmətləri sferası xeyli müştəri itirmək riski ilə üzbəüzdür. Bununla bağlı biznesin əhali arasında daha da populyarlaşması üçün tədbirlər görülməsi zəruridir. Forumda əsas mövzu əhalinin sığortaçıların işindən narazılığı idi. 

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov bildirib ki, çalışdığı qurum sığorta ödənişlərinin ödənilməməsi ilə bağlı xüsusi komissiya yaradıb. Məsələ burasındadır ki, Prezident Administrasiyasından daxil olan məktubda qeyd edilir ki, sığorta ödənişlərinin ödənilməməsi ilə bağlı əhalidən aldıqları şikayətlərin sayı artıb. M. İsrafilovun sözlərinə görə, ərizə və şikayətlərin ancaq 20%-i əsaslı hesab edilib. Lakin bundan sonra onlar yaradılan komissiya tərəfindən daha diqqətlə yoxlanılacaq və arzu edən hər kəs sığortaçıların fəaliyyəti ilə bağlı şikayətlərini ifadə və ya onların işinin yaxşılaşdırılması ilə bağlı öz təkliflərini təqdim edə bilərlər. "2013-cü ildə Dövlət xidmətinin müdaxiləsindən sonra 700 min manat, 2014-cü ildə 500 min manatdan çox məbləğdə sığorta ödənişi təmin edilib", - deyə məlumat verən rəis müavini qeyd edib ki, bu məsələ hazırda Maliyyə Nazirliyi və Prezident Administrasiyasının nəzarətindədir. 

Sığorta agentlərinin işindən dövlət xidmətinin də müəyyən narazılığı var. Məsələn, götürsək ki, Azərbaycanda 900-dən çox sığorta agenti qeydiyyatdan keçib. Lakin onların bəziləri faktiki olaraq fəaliyyət göstərmir və ya işlərini dayandırıblar. Buna baxmayaraq, onlar fəaliyyətlərinin dayanması haqda Dövlət Xidmətinə ərizə təqdim etməyə vaxt tapmırlar. 

Statistikaya görə, Azərbaycanda sığorta agentlərinin sayı 2001-ci ildən 2009-cu ilə qədər 5 dəfə 2014-cü ildə 950-yə qədər artıb (60-ı hüquqi şəxslərdir, qalan 890 fiziki). Lakin əslində, onların sayı xeyli azdır. "Sığorta agentləri hər rüb fəaliyyətləri haqda hesabat verməlidirlər. Lakin təəssüf ki, hamısı bunu etmir. Bugünə qədər ancaq 800 sığorta agenti 2014-cü ilin üçüncü və dördüncü rüblərinin nəticələrinə dair hesabatlarını təqidm ediblər. Lakin 100-dən çoxu bunu hələ də etməyib", - deyə M. İsrafilov bildirib. Bu və digər çatışmazlıqlar Dövlət Xidmətini 46 sığorta agentinin lisenziyasını geri almağa sövq etdi. 10 sığorta agenti özü fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edib, 81-nin isə fəaliyyəti 6 aylıq dayandırılıb.

Öz növbəsində DSNX-nin lisenziyqlaşdırma, ərizə və şikayətlərə baxılma şöbəsinin müdiri Mahir Abdullayev sığorta agentlərini öz öhdəliklərini yerinə yetirərkən ehtiyatlı olmağa çağırıb. Məlum olub ki, elə hallar olur ki, lisenziyası alınan sığorta agentləri fəaliyyətlərini onun adından davam edir və anlamır ki, sığorta halı zamanı o da müştəriyə sığorta ödənişi etmək üçün öhdəlik daşıyır. "Sığorta agentləri şirkətləri bağlanan müqavilələr haqda məlumatlandırmalı, habelə müştərilərə sığorta təminatı şərtlərini izah etməlidirlər. Elə hallarla rastlaşmışıq ki, sığorta agenti müştərini əmin edib ki, onu bütün hallardan sığortalayıb. Hərçənd müqavilələrdə yalnışlıq və konkret siyahı var idi. Bu cür anlaşılmazlığın və narazılığın olmaması üçün ətraflı məlumat verilməlidir", - deyə M.Abdullayev qeyd edib. 

Həmçinin Maliyyə Nazirliyinin nümayəndəsi qanunvericiliyə zidd olaraq, sığorta agentlərinin öz qohumlarına sığorta şəhadətnamələrini satdığı hallarını qeyd edib və xatırladıb ki, bu pozuntular təkcə inzibati cərimələrlə deyil, həmçinin cinayət məsuliyyəti ilə cəzalandırılır. Sığorta agentlərinin fəaliyyətində əsas problemlərdən biri də onların sığortanın icbari növü üzrə komissiyon mükafatları ilə bağlı məsələ qalmaqda davam edir. "İcbari növlər üzrə mükafatların məbləği sərt şəkildə məhdudlaşdırılıb, lakin bəzi şirkətlər agentlərini daha iri mükafatlarla şirnikləndirməyə davam edirlər", - deyə M. Abdullayev bildirib. 

Əhaliyə gəldikdə isə burada əsas narazılıq sığorta təminatının məbləği haqda səhv məlumatla bağla şikayətlərə əsaslanır. "Əvvəllər müştərilər şirktlər tərəfindən sığorta ödənişlərinin ödənilməməsinə görə şikayət edirdilərsə, indi onun məbləğindən narazıdırlar. Daha doğrusu, demək olar ki, müəyyən keyfiyyət dəyişiklikləri müşahidə edilir", - deyə əsasən N. Xəlilov qeyd edib.  

O, həmçinin əlavə edib ki, dünya təcrübəsində müştərilərin tamamilə sığortaçıların işindən razı qaldıqları ölkə yoxdur. Narazılığı minimuma endirmək üçün sığortanın inkişafına dair üçillik tədbirlər planına, bu məsələyə cavabdeh olan hər bir şirkətdə ayrı şəxslərin olmasını nəzərdə tutan şikayətlərin baxılması hissəsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsinə dair bəndlər daxildir. "Hər bir şirkət müştərilərin problemlərinə daha diqqətlə yanaşarsa, şikayətlərin sayı azalacaq, keyfiyyəti isə yüksələcək", - deyə N.Xəlilov yekunlaşdırıb. 

Bu arada sığorta agentlərinin də dövlət strukturlarına qarşı iddiaları var. Onların narazılığı əsasən ondan ibarətdir ki, Vergilər Nazirliyi onlardan sadələşdirilmiş 4%-lik vergi əvəzinə, 20%-lıq ödəniş tələb edir. Nazirlik hesab edir ki, sığorta agentləri sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Ona görə də gəlirlərindən vergi verməlidirlər. Forumun gedişində sığorta agentləri Dövlət Xidməti və Sığortaçılar Assosiasiyasından bu məsələnin həllində onlara yardım etmələrini istədilər. 

Vergilər Nazirliyinin cavabı özünü gözlətmədi. "Azərbaycanda sığorta agentləri və brokerlər 20% həcmində gəlir vergisinə cəlb edilməlidirlər. Belə ki, onların fəaliyyəti, sığorta və təkrarsığorta şirkətləri kimi sahibkarlıq hesab edilir", - deyə maliyyə idarəsində bildirilib. Məlum olub ki, sığorta və təkrarsığorta, habelə sığorta vasitəçiləri bazarın peşəkar iştirakçılarıdırlar və onların fəaliyyəti üçün xüsusi icazə (lisenziya) tələb olunur. Bu da onları sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum edir. Bununla yanaşı, sığorta bazarı iştirakçıları ƏDV ödənişindən azad edilmək güzəştini saxlamaqda davam edirlər.  

Bir sözlə, çoxsaylı tənqidi iradlara baxmayaraq, bazar inkişaf edir, durğunluq yoxdur. Bu isə sonuncu mənfi məqamlar - istər xarici, istərsə də daxili - nəzərə alınmaqla, tamamilə müsbət amildir. Səhvlərdən isə necə deyərlər, ancaq öyrənirsən...


MƏSLƏHƏT GÖR:

654