18 May 2024

Şənbə, 22:18

YENİ TREND

Azərbaycanda aqrar sənaye sahəsi istehsalın effektivliyini və logistikanı hansı vasitələrlə inkişaf etdirmək niyyətindədir?

Müəllif:

14.04.2015

Ölkənin aqrar kompleksində istehsal və logistikanın səmərəliliyinin artırılmasına yönəldilmiş islahatların növbəti mərhələsi reallaşdırılır. Bu istiqamətdə ilk addım aqrar sənayedə yeni istehsal trendlərinin idarəedilməsi və formalaşdırılması sistemlərinin təkmilləşdirilməsi üzrə bir sıra sənədlər təsdiq etmiş Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki təşəbbüsləri oldu. Cari ilin əvvəlində dövlət başçısı "Kənd Təsərrüfatı İli"nin elan edilməsi haqda sərəncam imzaladı və aqrar ili çərçivəsində Tədbirlər Planın təsdiq etdi. 

Cari ildə planlaşdırılmış tədbirlərin siyahısı beş əsas istiqamət üzrə bölünüb. Onların mühüm hissəsi kənd təsərrüfatı istehsalçılarına yardım akspektlərini əhatə edir. Bu bölmədə daha önəmli təşəbbüslər ixtisaslaşdırılmış yem istehsalçı təsərrüfatlarına və aqroparklara dəstək göstərilməsi, habelə ixraca yönəlmiş iri logistik mərkəzlərin, "yaşıl" bazarların və yeni istehsal yarmarkaların yaradılmasını nəzərdə tutur.  

Söz düşmüşkən, bu istiqamətlər artıq bizim ölkədə fəal şəkildə inkişaf edir. Belə ki, ötən ilin noyabr ayında ilk aqroparkın - istehsalçı-vasitəçi şirkət "Şəmkir Aqropark"ın təməlqoyma mərasimi baş tutdu. Yaxın bir-iki ildə ölkənin bir sıra regionlarında aqrar istehsal və məhsulun topdan satışının birləşdirilmiş formalarının yaradılması üzrə bir çox bənzər layihələrin reallaşdırılması planlaşdırılır. 

Aqroparkların yaradılması tərəvəz saxlanılan və anbar logistik zonası olan müasir kənd təsərrüfatı habları, o cümlədən emaledici obyektlər, qida məhsullarının emalı və qablaşdırılması, qarışıqlar istehsalı və ya üzvi gübrələrin emalı sexlərinin yaradılmasını nəzərdə tutur. Aqroparklarda istehsalın inkişafı xarici ticarətdə emal edilmiş və qablaşdırılmış məshulların payını xeyli artıracaq. 

Aqrar ixracın artması üçün növbəti addım ölkədə iri logistik bazaların yaradılması olmalıdır. Belə ki, Abşeron yarımadasında 110 min ton aqrar məhsulun emalını nəzərdə tutan üç yükboşaltma logistika mərkəzinin tikintisi yekunlaşır. Ötən ilin dekabr ayında Bakının Qaradağ rayonunda ilk pərakəndə satış və meyvə-tərəvəz məhsullarının ixracında ixtisaslaşmış Meyvəli istehsal logistika mərkəzi açıldı. Maraqlıdır ki, bu cür logistika mərkəzləri yaxın xaricdə də yaradılır. Xüsusən də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və fərdi sahibkarların dəstəyi ilə Qazaxıstanın Aktau limanında iri xarici aqrar-logistik kompleks açıldı. Oxşar komplekslərin yaradılması həmçinin Rusiyanın bir sıra iri şəhərlərində və Belarusun paytaxtı Minskdə planlaşdırılıb. 

Ölkədə və onun hüdudlarından kənarda iri aqrar logistika mərkəzlərinin yaradılması nəqliyyat axınının optimallaşdırılmasından savayı, həmçinin ölkənin aqrar potensialının xaricdə də təşviqatının təşkilinə imkan verəcək. Bu cür pərakəndə bazarlar ölkənin emal müəssisələrinə birdəfəlik ticarət əməliyyatlarından uzunmüddətli müqavilələr üzrə ixrac tədarükünə keçməyə yardım edəcək.

Əhəmiyyətinə görə planın ikinci əsas istiqaməti ölkənin aqrar potensialının möhkəmləndirilməsini nəzərdə tutur. Bu seqmentdə Toxum Fondunun fəaliyyətinin, o cümlədən iri ixtisaslaşdırılmış taxıl təsərrüfatlarının inkişafının təmin edilməsi nəzərdə tutulub. Bu kənd istehsalçılarının elit, yüksəkməhsuldarlıq və quraqlığa davamlı toxumlarla təmin edilməsi üçün Dövlət Toxum Fondunun yaradılması ilə bağlıdır. Bu strukturun səlahiyyətlərinə istehsalçılar arasında əkin toxum materialının alışı, saxlanılması və bölünməsini təmin edən öhdəliklər daxil edilib. Bununla əlaqədar Nazirlər Kabinetinə Toxum Fondunun fəaliyyətinin təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 10 mln. manat ayırmaq tapşırılıb. Bu strukturun tezliklə yaradılması ölkənin kiçik fermer təsərrüfatlarının köhnə problemlərinin aradan qaldırılması zərurətilə şərtlənib. Kəndlilərin əksəriyyəti ucuz olduğundan hələ də əkin üçün adi taxıldan istifadə edirlər. Lakin bu amil, habelə kiafyət qədər üzvi gübrələrdən istifadə edilməmə, bir sıra planlı aqrotexniki tədbirlərə riayət etməmək və s. ümumilikdə ona gətirib çıxarır ki, son illər ərzində ölkədə taxıl sahələrinin məhsuldarlığı 25 s/ha həddində durur. Müqayisə üçün - qonşu Qazaxıstan, Rusiya və ya Ukraynada bir qayda olaraq, orta məhsuldarlıq nadir hallarda 35-40 s/ha-dan azalır.

Toxum Fondunun yaradılması əkinçilərin elit taxıla çıxışını xeyli ucuzlaşdıracaq. Doğrusu, ölkədə bu məqsədlərlə də əkin buğdasının elit növlərinin istehsalına yönələn iri ixtisaslaşdırılmış aqrokomplekslər yaradılır. İlk ixtisaslaşdırılmış təsərrüfatlar təxminən üç il əvvəl Beyləqan və Ağcabədi rayonlarında yaradılıb, daha bir aqrokompleks İmişli rayonuda işə salınıb. Ümumilikdə, bu regionlarda 19 iri fermer təsərrüfatlarının yaradılması üzrə iş gedir. Onların sahələri təxminən 30 min hektar təşkil edir. İnfrastrukturun yaradılması üçün sadalanan təsərrüfat subyektlərinin təxminən 15-nə dövlət fondunun vəsaitlərindən 47 mln. manat ayrılıb.  

Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 20 ixtisaslaşdırılmış taxıl aqrokomplekslərinin işə salınması yerli fermerləri tam həcmdə ucuz toxum materialı ilə təmin etməyə və illik istehsalı 3-3,5 mln. ton taxıla çatdırmağa şərait yaradacaq. Bu isə idxaldan tamamilə imtina etməyə imkan verəcək. 

Siyahıya daxil edilən bəndlərin sırasında irriqasiya sisteminin də inkişafı yer alıb. Xüsusən, Tovuzçay su anbarının və Şəmkirçay magistral kanallarının tikintisinin davam etdirilməsindən söhbət edir. Bununla yanaşı. Samur-Abşeron suvarma sistemindən Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən yeni suvarılan torpaqlara da suyun çatdırılmasına dair tədbirlər görülməlidir. Yevlax, Ağdaş, Qazax, Ağstafa və Tovuz rayonlarında təsərrüfatdaxili suvarma-drenaj şəbəkəsinin inkişafına dair kompleks tədbirlər nəzərdə tutulub. 

Aqrar ili üzrə planın ayrıca blokunda kənd təsərrüfatı sahəsində informasiya texnologiyalarının tətbiqi və elektron kənd təsərrüfatı sisteminin yaradılmasını nəzərdə tutan tədbirlər birləşdirilib. 

"Elektron kənd təsərrüfatı sisteminin tətbiqi sahənin bir çox köhnəlmiş problemlərini həll etməyə imkan verəcək. Sözsüz ki, bu irimiqyaslı layihədir ki, onun tam şəkildə reallaşdırılması əhəmiyyətli zaman alacaq. Ona görə də bu proseslərin sürətləndirilməsi üçün aqrar idarə artıq bu gün monitorinqlər keçirir və fermer təsərrüfatları və torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üzrə mövcud informasiyaların optimallaşdırılmasına dair digər tədbirləri həyata keçirir", - deyə bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Məlumatların bu cür elektron bazalarının yaradılması fermer təsərrüfatlarında işlərin real həcmindən asılı olataq subsidiyaların verilməsi və kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş torpaqların dəqiq parametrlərini müəyyənləşdirməyə imkan verəcək. "Elektron kənd təsərürfatı sisteminin yaradılması ilə Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların verilməsi sisteminin tam şəffaflığını təmin edə biləcək", - deyə H.Əsədov qeyd edib.  

Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq sahəsində məşğul olan fermer təsərrüfatlarını və dövlət baytarlıq nəzarətinin digər obyektrlərinin ən azı 5 mini rəqəmsal qeydiyyatını təmin edib. 

Gözlənilir ki, elektron sənəd dövriyyəsi informasiya emalı prosesini dəfələrlə sürətləndirəcək və sahəyə dövlətin inzibati və maliyyə resurslarının cəlb edilməsini optimallaşdıracaq. Mühüm məsələlərdən biri də odur ki, bu, "Aqrolizinq" ASC, baytarlıq, fitosanitar və digər dövlət xidmətlərinin maliyyə fəaliyyəti üzərində daha tam və şəffaf nəzarət həyata keçirməyə imkan verəcək. Azərbaycan iqtisadiyyatının 2020-ci ilə qədər inkişaf strategiyası kənd təsərrüfatını maksimal daxili ərzaq təhlükəsizliyi və ixrac potensialının yüksəldilməsini təmin edən, keyfiyyətcə yeni səviyyəyə çıxmasını nəzərdə tutur. 2015-ci il üçün təsdiq edilmiş tədbirlər planı da məhz buna xidmət edir.


MƏSLƏHƏT GÖR:

644