18 May 2024

Şənbə, 11:52

BÖHRANA RƏĞMƏN

Gəncədə "KamAZ" yük maşınlarının istehsalına start verildi, Mingəçevirdə isə "Acer" brendinə məxsus kompüterlərin yığımına başlanılacaq

Müəllif:

21.04.2015

Dünyada enerji daşıyıcılarının qiymətinin ucuzlaşması şəraitində milli iqtisadiyyatın şaxələndirilməsi prosesi aktuallığını daha da artırır. Söhbət, ilk növbədə, ənənəvi maşınqayırmanın inkişafından, həmçinin elmtutumlu və IT istehsalına investisiyaların cəlbindən gedir. Bu vəzifələr Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin ilk rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda bir daha ortaya qoyulub. 

"Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdı, Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edib və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurmuşuq. Bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib. Ümumi daxili məhsul 5 faizdən çox artıb", - deyə İ. Əliyev bildirib. Azərbaycan artıq birinci il deyil ki, qeyri-neft sektorunun dinamik inkişafına nail olur: bu ilin ilk rübündə sözügedən sahədə inkişaf 7% olub.

Prezidentin sözlərinə görə, sənaye istehsalının inkişafına müasir sənaye komplekslərinin yer aldığı texnoparkların yaradılması müsbət təsir göstərib. Son zamanlar isə ölkədə sənaye kvartallarının, biznes inkubatorlarının yaradılmasına start verilib. Bu ərazilərdə kiçik və orta biznes müəssisələri yerləşdiriləcək.

Qeyri-neft sənayeləşməsi prosesi, müasir istehsalat bazasının inkişafı ölkədə Sənaye ili elan edilmiş 2014-cü ildə də nəzərəçarpacaq dərəcədə güclənib. Hesabat dövründə 230-dan artıq iri sənaye müəssisəsi yaradılıb, istehsal sahəsinə aid 530-dan çox obyektin tikintisi davam etdirilib. Bu tendensiya bu ilin ilk rübündə də müşahidə olunmaqdadır: Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda sənaye istehsalının nominal həcmi 5,792 milyard manata çatıb, illik hesablasaq, artım 3,9%-dir.

"Sənaye istehsalı prosesində özəl sektor böyük rola sahibdir. Ölkənin ümumi daxili məhsulunun 80%-i bu sahənin payına düşür", - deyə İlham Əliyev hökumətin iclasında bildirib: "Tikinti materiallarının istehsalı sahəsinə yatırılmış fərdi investisiyalar hesabına Azərbaycan nəinki idxalı xeyli azaldıb, həm də ixraca başlayıb".

Sənaye istehsalında yeni trend sənaye məhəllələrinin yaradılmasıdır. Dövlət başçısının sözlərinə görə, aqrar sahədə idxal olunan malların yerli istehsalla əvəz edilməsi prosesi də uğurla inkişaf edir.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının istehsalı Azərbaycanın qeyri-neft sektorunda inkişaf edən yeganə istiqamətlər deyil. Ölkədə maşınqayırma və elmtutumlu istehsal sahələri də inkişafdadır. Rusiya ilə Azərbaycanın yük maşınlarının istehsalı ilə bağlı həyata keçirdiyi birgə layihə buna bariz nümunədir. Bu sahədə ilk uğurlu iş kimi 2002-ci ildə B. Sərdarov adına zavoda Azmotors So LTD şirkəti tərəfindən Rusiyanın "KamAZ" yük maşınlarının yığılması üzrə müəssisənin yaradılmasını göstərmək olar. Müəssisənin layihə gücü ildə 500 maşının buraxılmasını nəzərdə tuturdu. Lakin bir neçə il ərzində məhdud seriyalı yığım istehsalı deyilən səviyyəyə yüksələ bilmədi və rentabelliliyin aşağı olması, eləcə də 

bir sıra digər səbəblər layihənin dayandırılmasına gətirib çıxardı.

Sonrakı illərdə Kamsk Avtomobil Zavodu Azərbaycan hökuməti və yerli şirkətlərlə Azərbaycanda daha nəhəng yığım müəssisəsinin yaradılması ilə bağlı danışıqlar aparıb. Nəhayət, bu il layihəni reallaşdırmaq mümkün olub: Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Azərbaycana bu yaxınlarda etdiyi işgüzar səfər zamanı Gəncədə "KamAZ" yük maşınlarının yığılması üzrə konveyerin işinə start verilib. Maşınlar "Gəncə Avtomobil Zavodu"nda ("GəncAZ") yığılır. Bu ilin fevralında "GəncAZ" ilə Kamsk Avtomobil Zavodu arasında Azərbaycanda yük avtomobillərinin yığılmasına dair saziş, həmçinin Bakıda və Gəncədə avtomobillərə texniki xidmətin təşkilinə dair müqavilə imzalanıb. Razılaşmaya əsasən, ilkin mərhələdə "GəncAZ" iritonnajlı "KamAZ" avtomobillərinin 6 modelinin istehsalı ilə məşğul olmalıdır. Buraya "bortovoy" yük maşınları, yedəkçi və ağır özüboşaldanlar da aiddir. Gələcəkdə kənd təsərrüfatı özüboşaldanlarının və müxtəlif kommunal texnikanın da istehsalı nəzərdə tutulub.

İstehsalın maksimal həddə çatdırılması ilə ildə 1500 avtomobilin yığılacağı güman edilir. Onların çeşidi isə 31 modelədək artırıla bilər.

Layihə üzrə tərəfdaşlar əsaslı detalların da artıq Azərbaycanda istehsalı imkanlarını araşdırırlar. Bu, hazır məhsulun qiymətinin xeyli aşağı salınmasına imkan verəcək. Layihə iştirakçılarının Gəncədə yığılan "KamAZ"ları üçüncü ölkə bazarlarına ixrac etməyi də planlaşdırdığını nəzərə alsaq, bu, çox vacibdir.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi sahəsində vacib istiqamətlərdən biri də yüksək texnologiyalar sənayesinin qurulmasıdır. Bu məqsədlə Pirallahı adasında Yüksək Texnologiyalar Parkı (YTP) infrastrukturu yaradılır. Bundan başqa, Sumqayıt Texnoparkında (STP) və YTP-nin Mingəçevir filialında da IT məhsullarının istehsalı həyata keçirilir. Elmtutumlu məhsulların istehsalı Sumqayıtda yerləşən STP müəssisələrinə həvalə olunub: burada günəş batareyaları, istilik generatorları, LED lampalar, müxtəlif müşahidə kameraları, avtomatlaşdırılmış feys-nəzarət sistemləri, mühafizə və yanğından qoruma sistemləri istehsal olunur. Bu məkanda monitorların, həmçinin müasir ödəmə terminallarının yığımı da həyata keçirilir. Bütün bu məhsullar daxili bazarda satılmaqla yanaşı, Gürcüstana və Qazaxıstana da ixrac olunur.

Azərbaycanda IT sənayesinin inkişafında 2005-ci ildə Mingəçevirdə inşa olunmuş və hələlik Cənubi Qafqazda sahəsində yeganə olan KÜR zavodu da önəmli rol oynayır. Zavod kompüter texnikasının konveyer üsulu ilə seriya istehsalını həyata keçirir. Sonradan orada avtomatlaşdırılmış fotoköşk-laborotoriyaların, informasiya terminallarının, dekoderlərin və rəqəmsal TV-lərin, ADSL modemlərin və digər texnikaların da yığımına başlanılıb. Zavodda istehsal olunan məhsulların bir hissəsi Gürcüstana, Türkmənistana və digər postsovet ölkələrinə ixrac olunur. Bu gün KÜR şirkəti bazardakı əsas trendlərdən geri qalmamağa çalışır. O, öz brendi altında planşet kompüterlərinin istehsalını da planlaşdırır.

Maraqlıdır ki, Mingəçevirdə fəaliyyət göstərən bu zavodun potensialının genişləndirilməsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarları da öz təsirini göstərir. Nazirlik bu quruma Yüksək Texnologiyalar Parkının filialı statusunun verilməsi haqqında qərar qəbul edib. Onun bazasında Texnoparkın yaradılması nəzərdə tutulub. Texnoparkda infrastruktur, elmi və istehsal obyektləri yerləşəcək. Məqsəd təcrübə-konstruktor işlərinin aparılması, innovativ məhsulların kommersiya istehsalının həyata keçirilməsidir.

Yeni status KÜR zavoduna bir sıra vergi və gömrük imtiyazları qazandıracaq, IT sahəsində dünyanın aparıcı vendorları ilə birgə layihələr reallaşdırmaq imkanı verəcək. Bütün bu üstünlüklər artıq müəyyən təşəbbüslərə yol açıb: yaxın zamanlarda zavodda Tayvanın məşhur "Acer" şirkətinin fərdi kompüterlərinin seriya istehsalına da başlanılacaq. Onların istehsalında "Intel" prosessorlarından və çiplərindən istifadə olunacaq. Bu layihənin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdiriləcəyi gözlənilir. Layihənin ilkin dəyəri 10 milyon manat qiymətləndirilir. Layihədə tərəfdaş kimi Azərbaycanın IT şirkəti olan BestComp Group çıxış edir.

Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda kompüterlərin istehsalına dünya brendinin cəlb olunduğu yeganə layihə deyil. Məsələn, "Intel" şirkəti ölkədə uşaq və orta məktəb auditoriyası üçün nəzərdə tutulmuş Classmate PC kompüterlərinin seriya istehsalına başlamaq imkanlarını öyrənir.

Sadalanan nümunələr göstərir ki, dünyada əlverişsiz konyunkturun hökm sürdüyü şəraitdə belə, hökumət iqtisadiyyatın müasirləşdirilməsi prosesini ləngitmək niyyətində deyil. Əksinə, o, bu prosesə xarici investorların və bank sektorunun cəlbi üçün əlindən gələni edir.

 

 

BİZİM  ARAYIŞ:

 

2004-cü ildə fəaliyyətə başlamış Gəncə Avtomobil Zavodu Belarusun kənd təsərrüfatı texnikası və yük avtomobilləri istehsalı ilə məşğul  olan müəssisələrilə fəal əməkdaşlıq edir. Ümumilikdə, fəaliyyəti ərzində zavodda, təxminən, 5500 "Belarus" traktorunun 8 modeli və 21 variantda 2400 "MAZ" yük maşını istehsal olunub. 2015-ci ildə bu işlərin genişləndirilməsi  nəzərdə tutulur: zavod 500-dək "MAZ", 50 HALLER kommunal maşını, müxtəlif modellərdə 1400 "Belarus" traktoru, həmçinin onlarla "KamAZ" istehsal etməyi planlaşdırır.



MƏSLƏHƏT GÖR:

569