18 May 2024

Şənbə, 14:20

QƏRB TÜRKİYƏYƏ HÜCUMA KEÇİR

Mifik "soyqırımı" real beynəlxalq problemlərə yol açır

Müəllif:

21.04.2015

Bu yaxınlarda dünya Birinci Dünya müharibəsinin başlanmasının 100-cü ildönümünü qeyd etdi. Bu müharibə yaddaşlarda qalibləri və məğlubları, qanlı döyüşləri, möhtəşəm sərkərdələri və eyni zamanda ağır faciə ilə üzləşənlərilə qalıb. Birinci Dünya müharibəsinin, Sarayevoda Qavrila Prinsipin güllələnməsi və Belqradın atəşə tutulmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər ciddi siyasi müzakirələrə, diplomatik demarşlara yol açmadı. Halbuki bu, Birinci Dünya müharibəsi haqda elmi və elmi-populyar diskussiyaları gündəmə gətirdi. 

2015-ci il aprelin 24-nün yaxınlaşması ilə isə əksər ekspertlər həmin ildə Osmanlı İmperiyasının şərqində - müasir Türkiyədə baş vermiş hadisələrlə bağlı geniş və sərt diskussiyalar gözləyirdilər. Amma burada da diskussiyalar aparmaq mümkün olmadı.

Hər kəsə məlumdur ki, Türkiyə hələ bir neçə il əvvəl tədqiqatçılar üçün arxivlərini açıb, maraqlı tərəflərə də eyni addımı atmalarını tövsiyə edib. Amma bu "maraqlı tərəflər" və ilk növbədə, "soyqırımı"nın 100-cü ildönümünü qeyd edən Ermənistanın özü Türkiyədən nümunə götürmək istəməyib. Türkiyə arxivləri nədənsə ayrı-ayrı "soyqırımı araşdırmaçıları"nın da diqqətini cəlb etməyib. Guya araşdırılmalı olan məsələlər artıq erməni alimləri tərəfindən tədqiq edilib və "soyqırımı"na görə günahını heç cür boynuna almaq istəməyən "bu türklərə" daha qulaq asmağa ehtiyac yoxdur!

2010-cu ildə Sürixdə mübahisəli tarixi məsələlərin birgə tədqiqi ilə bağlı komissiyanın yaradılmasına dair maddə Ermənistan-Türkiyə protokollarına daxil edilmişdi. Söhbət Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu tərəfindən imzalanmış sənəddən gedir. Amma Ermənistan tərəfi heç bir komissiya haqda eşitmək belə, istəmir. Bununla yanaşı, "erməni soyqırımı"nı mifik adlandırmaq daha doğrudursa, bu mifin yüzüncü ildönümü ərəfəsində kifayət qədər real qalmaqallar baş qaldırıb. 

İlk qalmaqala Roma Papası imza atıb. Vatikanda "soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş messada erməni xristian kilsəsinin rəhbərləri - Bütün ermənilərin katolikosu II Qaregin, Böyük Kilikiyski evinin katolikosu I Aram və erməni katolik patriarxı XIX Nerses Petros, həmçinin Ermənistan prezidenti Serj Sarqsyan iştirak ediblər. Roma Papası isə "erməni soyqırımı"nı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ilk cinayət adlandırıb. O, əsrin digər iki böyük faciəsi kimi nasizm və stalinizmi də göstərib. "Şərin gizlədilməsi və ya inkarı sarınmamış qanlı yaraya bərabərdir", - deyə Fransisk bildirib: "Ötən əsr ərzində bizim bəşər ailəmiz böyük, görünməmiş faciələr yaşayıb... Onlardan birincisini əksər hallarda "20-ci əsrin ilk soyqırımı" adlandırırlar. Bu, sizin erməni xalqınıza - ilk xristian xalqına - katoliklər və pravoslavlar, assuriyalılar və yunanlarla birlikdə böyük zərbə olub. Yepiskoplar, keşişlər, digər din xadimləri, qadınlar, kişilər, qocalar, uşaqlar, hətta köməksiz xəstələr öldürülüb".

Ankaradan tamamilə ədalətli etiraz özünü çox gözlətməyib. Vatikanın səfiri Türkiyə XİN-ə dəvət olunub, pontifikin bəyanatından "dərin kədər və məyusluq hissinin keçirildiyi" onun nəzərinə çatdırılıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Fransiskin bəyanatını "yersiz" adlandırıb: "Papanın bu faciəyə birtərəfli qiymət verilməsi yersizdir. Dini liderlər sülh, insanların birliyi üçün şərait yaratmalıdırlar. Onlar nifrət və qarşıdurmaları qızışdırmamalıdırlar".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə "Papanın açıqlamalarının tarixi həqiqətdən və qanundan uzaq olduğunu" bildirib. "Bu, yersiz açıqlamadır. Din xadimləri bu cür əsassız, nifrət və düşmənçiliyi qızışdıran bəyanatlar səsləndirməməlidirlər", - deyə nazir qeyd edib.

Nəhayət, Türkiyə hökuməti ölkənin Vatikandakı səfirini məsləhətləşmə üçün geri çağırıb, bununla da, pontifikin bəyanatının Türkiyə ilə Papa taxt-tacı arasındakı münasibətləri poza biləcəyini göstərib.

Bunun ardınca növbəti qalmaqal yaşanıb. Avropa Parlamenti Türkiyəni "erməni soyqırımı"nı tanımağa çağıran qətnamə qəbul edib. Avroparlamentarilər hesab edirlər ki, "türk və erməni xalqları arasında əsl barışığa nail olunması üçün" bu, vacibdir. Bundan başqa, onların fikrincə, Ermənistanla Türkiyə diplomatik əlaqələri də bərpa etməli, sərhədləri açmalı, iqtisadi inteqrasiyaya çalışmalıdırlar. Sənəd müəllifləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və "başsağlığı səsləndirən, Osmanlı İmperiyasında ermənilərə qarşı qəddarlığa yol verildiyini etiraf edən" digər şəxslərin bəyanatlarını alqışlayıb, Ankaranı "daha da irəli getməyə", "erməni soyqırımını tanımağa, bununla da, türklərlə ermənilər arasında əsl barışıq üçün şərait yaratmağa" çağırıblar. Güman ki, onlar "əsl barışıq" dedikdə, erməni ssenarisi üzrə "barışığı" nəzərdə tuturlar.

Bu yerdə, güman ki, dəqiqləşdirmə aparmağa ehtiyac var. Bu cür sənədlərin müəllifləri, bir qayda olaraq, müasir Türkiyəni heç nədə ittiham etmədiklərini, sadəcə Osmanlı İmperiyasından danışdıqlarını bildirirlər. Amma, birincisi, yol verilməmiş cinayətə görə günahını boynuna almağa çağırılan məhz Türkiyədir. İkincisi, bu zaman bir sadə fakt nəzərə alınmır: 1915-ci ildə Şərqi Anadoluda "cəlladlar və qurbanlar" yox idi: orada "müsəlman" əhaliyə qarşı dəhşətli qətliam törədən erməni qiyamı və hakimiyyətin bu qiyamın qarşısını almaq üçün tamamilə gözlənilən cəhdləri var idi. Nəhayət, üçüncüsü və ən əsası, Ankara yaxşı anlayır ki, "soyqırımı"nın tanınması Ermənistanın siyasi rəhbərliyi üçün yalnız ilk addımdır və bunun ardınca İrəvan "soyqırımının nəticələrinin aradan qaldırılması" məsələsini gündəmə gətirəcək. Söhbət Türkiyənin 6 Şərqi Anadolu vilayətinin türklərdən qoparılması cəhdindən gedir.

Türkiyənin bu hadisəyə də reaksiyası dərhal gəlib. Avropa Parlamentinin "erməni soyqırımı" haqqında qətnaməsi Ankara ilə Brüssel arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər. RİA "Novosti"nin məlumatına görə, Türkiyə XİN-in məsələ ilə bağlı bəyanatında belə deyilir. Bəyanatda o da xatırladılır ki: "Avropa Parlamentinin 1915-ci il hadisələrinə birtərəfli yanaşması Türkiyə-Aİ münasibətlərini korlayacaq potensiala malikdir. Bu, heç də Türkiyə ilə Ermənistan arasındakı problemin həllinə kömək etmir". Türkiyə XİN-i Avropa Parlamentini Ankara-Aİ münasibətlərinin inkişafına mane olmaqda, "1915-ci il hadisələrilə bağlı tarixi növbəti dəfə yenidən yazmağa çalışmaqda" günahlandırıb. "Bu cəhdlər 2015-ci il aprelin 15-də qəbul olunmuş qətnamənin absurd mətnilə yekunlaşdı. O, erməni təbliğatının antitürk klişesinin təkrarıdır. Avropa Parlamenti bu qətnaməni qəbul etməklə, keçmişdə yol verdiyi beynəlxalq hüquqla bir araya sığmayan, onun səlahiyyətlərini aşan səhvini təkrarlayıb", - deyə Türkiyə XİN-in bəyanatında qeyd olunur. Sənəddə bildirilir ki, Ankara "bu qətnaməni qəbul edənlərə ciddi yanaşmır".

Avropa Parlamentinin qərarı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də sərt tənqid olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qərarı əsassız, qərəzli, qeyri-ciddi adlandırıb. O, bu qətnaməni ikili standartlar siyasətinin nəticəsi kimi qiymətləndirib. "Avropa Parlamentinin bu qərarı qəbul etməsinə Ermənistan və erməni lobbisinin nəzarəti altında olan bəzi dairələr təsir göstərib. "Erməni soyqırımı" ifadəsindən yararlanmağa cəhd tarixin saxtalaşdırılması, ondan siyasi məqsədlərlə istifadəyə çalışılmasından başqa bir şey deyil", - deyə H. Hacıyev qeyd edib. O bildirib ki, özlərini insan haqlarının təmininin tərəfdarı kimi göstərənlər 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında ermənilər tərəfindən törədilmiş qanlı cinayətlərlə bağlı susurlar: "Bu dairələr Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, onun Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasətinə, Xocalı faciəsinə qiymət vermək üçün özlərində cəsarət tapa bilmirlər".

Avropa  Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bunu isə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. "Bu qətnamənin antimüsəlman və antitürk ovqatından qaynaqlandığı şübhə doğurmur", - deyə Ə. Həsənov qeyd edib. Onun fikrincə, bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü göstərir: "Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real yükü olan heç bir qərar qəbul etməyiblər. Tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb".

Bu, kifayət qədər ciddi məsələdir. Üstəlik, son zamanlar Avropada ultrasağçı partiyaların və siyasətçilərin populyarlığının artdığı məlumdur. "Erməni soyqırımı"nın tanınmasının tərəfdarları özlərini liberal ideyaların müdafiəçisi kimi göstərirlər. Əslində isə bu, qətiyyən belə deyil. Burada 2011-ci il iyulun 22-də baş vermiş və dünyanı şoka salmış faciəvi hadisələri yada salmaq, yəqin ki, artıq olmazdı. Xatırladaq ki, onda heç kəsin tanımadığı Anders Breyvik adlı bir gənc əvvəlcə Norveç paytaxtı Oslonun hökumət məhəlləsində "cəhənnəm maşını"nı işə salaraq 7 nəfəri öldürmüş, daha sonra Utoyya adasında hakim Fəhlə Partiyasının gənclər düşərgəsində soyuqqanlılıqla 69 nəfəri güllələmişdi. Bundan bir neçə saat əvvəl isə Breyvik 1500 səhifəlik "manifest"ini internetə yükləyibmiş. Orada Breyvik "Avropanı islam təhlükəsindən xilas etməyin vacibliyindən" danışır, eyni zamanda "erməni soyqırımı" haqda "mülahizələrini" bölüşür: "Tarixin gedişində türklər milyonlarla xristianı məhv edib, yüz minlərlə insana isə zor gücü ilə islamı qəbul etdiriblər. Bu gün türklər ən çox soyqırımı törətmiş millətdir. Onlar ermənilərə, yunanlara və assuriyalılara qarşı soyqırımlar törədiblər". Türkiyənin Aİ-yə mümkün üzvlüyündən də danışan Breyvik hesab edir ki, buna yardım etmək cihada yardım etməyə bərabərdir. "Bizi məhv etmək istəyən ölkə ilə münasibət qurmaq nəyə gərəkdir?" - deyə Breyvik sual edir, eyni zamanda Türkiyənin NATO-dan da qovulmasının vacibliyini bildirir.

İndi belə çıxır ki, sən demə, onunla eyni düşüncədə olanlar Avropa Parlamentində də var imiş...



MƏSLƏHƏT GÖR:

486