12 May 2024

Bazar, 10:06

DÜŞMƏNÇİLİKDƏN TƏRƏFDAŞLIĞA

Birinci Dünya müharibəsi müasir Rusiya-Türkiyə münasibətləri üçün dönüş nöqtəsi oldu

Müəllif:

28.04.2015

Dünyanın siyasi xəritəsini ciddi şəkildə dəyişmiş Birinci Dünya müharibəsinin başlandığı tarixdən 100 il keçir. 100 il əvvəl dünyanın 4 qüdrətli imperiyası arasında başlamış qanlı savaş milyonlarla insanın həyatı bahasına başa gəldi. Müharibə heç kəsə rəhm etmir: nə əsgərlərə, nə dinc sakinlərə. Birinci Dünya müharibəsində də saysız-hesabsız şəhər və kənd qocaları, qadınları və uşaqları ilə birlikdə məhv edildi. Döyüşün bürüdüyü ərazilərdə yaşayan xalqların hər birinin yaddaşında həmin müharibə ilə bağlı qorxulu xatirələr qalıb. Bu il bir çox ölkədə həmin faciəvi və ya qəhramanlıq hadisələrinin 100-cü ildönümü qeyd olunur. Kimlərsə səhvlərin bir daha təkrarlanmaması və bundan sonra yalnız inkişafa nail olunması üçün ölkəsinin tarixinə yenidən baxmağa çalışır, kimlərsə qonşularını keçmişi unutmağa, xalqların rifahı naminə dostluq etməyə çağırır. Amma tarixi təhrif edərək müəyyən dividend qazanmağa, "onlara nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipinə əsaslanaraq, qonşularına qara yaxmağa çalışanlar da var.

Birinci Dünya müharibəsinin tarixi ötən əsrdə hərtərəfli və obyektiv, millətçilik və siyasi intriqalar olmadan öyrənilmədi. Reallıqdan tamamilə uzaq müəyyən miflərin formalaşdırılmasına çalışan və öz məqsədinə çatmaq üçün hər vasitəyə əl atan təbliğatçılar üçün şərait yaradan da məhz bu məqamdır.

"Birinci Dünya müharibəsi dövrünə aid çətin məqamların öyrənilməsi üçün tarixçilərdən, hüquqşünaslardan, politoloqlardan və demoqraflardan ibarət beynəlxalq komissiyanın yaradılmasını təklif edirəm", - deyə Rusiya parlamentinin spikeri Sergey Narışkin aprelin 23-də İstanbulda "Birinci Dünya müharibəsi - 100 il sonra" adlı konfransdakı çıxışı zamanı bildirib.

Aprelin 24-25-də Türkiyənin Dardanel boğazı sahilindəki Çanaqqala liman şəhərində də həmin hadisələrlə bağlı xatirə tədbirləri keçirilib. Qeyd edək ki, 1915-1916-cı illərdə bu şəhərdə qanlı hərbi toqquşmalar baş verib.

Təxminən, 1 il davam etmiş Dardanel əməliyyatı Antanta ölkələrinin boğazı ələ keçirmək, koalisiyadakı silahdaşlarından hərbi və ərzaq yardımı almaq üçün dəhlizə ehtiyacı olan Rusiyanın yolunu açmaq cəhdlərinin iflası ilə bitdi. Təntənəli mərasimdə həmin döyüşlərin qaliblərinin iştirakı isə Rusiya, İngiltərə, Fransa, Avstraliya və digər keçmiş Antanta üzvləri üçün tarixdən dərs çıxarmaq baxımından vacib addımdır.

Bu da olduqca çətin sualdır və onun tədqiqi tarixi saxtalaşdıranları birdəfəlik ifşa etməyə imkan verəcək.

Elə həmin günlərdə Çanaqqaladan min kilometr aralıda müharibə zamanı həlak olmuş, müasir dövrün ən böyük miflərindən olan "erməni soyqırımı" mifinin yaradılması üçün alətə çevrilmiş insanların xatirəsinin anılması üçün matəm tədbiri də təşkil edilib.

Birinci Dünya müharibəsi müasir Rusiya-Türkiyə münasibətləri üçün dönüş nöqtəsi olub. Bu müharibənin 95 illiyi hər iki ölkədə geniş şəkildə qeyd edilib. Osmanlı və Rusiya imperiyalarının xarabalıqlarında yaradılmış yeni dövlətlər 1920-ci ildə diplomatik münasibətlərin qurulmasında maraqlı olduqlarını bəyan ediblər və iyunun 3-də Türkiyə Respublikasının lideri Mustafa Kamal Atatürkün bu çağırışına RSFSR müsbət cavab verib.

Ümumilikdə isə Rusiya-Türkiyə münasibətlərinin başlanğıcı 1492-ci il avqustun 31-i hesab olunur. O zaman knyaz III İvan Osmanlı sultanı II Bəyazidə məktub ünvanlayaraq, dəniz ticarətilə bağlı bəzi məsələlərin müzakirəsini təklif edib. Ötən 500 ildə isə bu iki qonşu arasında münasibətlər heç də hamar olmayıb! Türklərlə ruslar arasında daimi düşmənçiliklə bağlı mifi inkar edən Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl deyib: "Sənədlərə baxaraq tarixçilərdən konkret rəqəmlər tələb etdikdə məlum olur ki, onlar 500 ildə Rusiya ilə Türkiyə arasında hərbi münaqişələrin olduğu 50 il tapa biliblər. Daha nikbin tarixçilər tərəflər arasında real müharibələrin cəmi 25 il sürdüyünü deyir. Avropa ilə müqayisədə - orada müharibələr demək olar ki, ara verməyib - bu, xırda rəqəmdir və münasibətlərimizə xələl gətirməməlidir".

Lakin bu rəqəm başqa məlumatlarla tam ziddiyyət təşkil edir. Həmin məlumatlarda bildirilir ki, rus-türk müharibəsi nə az, nə çox - düz 241 il davam edib. Üstəlik, bu iki dövlət arasında bir müharibəni digərindən orta hesabla cəmi 19 il ayırıb. Bununla yanaşı, XX əsrin əvvəllərində Osmanlı imperiyası Yaxın Şərq və Balkan yarımadası ölkələri arasında Rusiya ilə ticarət dövriyyəsinin həcminə görə ilk yeri tuturdu.

İstənilən halda, bu münasibətləri aydın münasibətlər adlandırmaq mümkün deyil. Bu, yeni və ən yeni tarixə də aiddir. Sovet İttifaqı Türkiyə ilə diplomatik münasibətləri, qurmuş, ona 10 milyon qızıl rubl həcmində (qaytarmamaq şərtilə) yardım etmiş ilk ölkələrdən olub. Tərəflər arasında mübahisəli ərazilər problemi də həll olunub. Sovet hökuməti Qars, Ərdəhan və Artvinanı Türkiyəyə güzəştə gedib, Türkiyə isə Batumi üzərindəki suverenliyindən Gürcüstanın xeyrinə imtina edib. Türk siyasətçilərin özlərinin etiraf etdikləri kimi, həmin illərdə Rusiyanın dəstəyi Türkiyəyə Yunanıstanla mübarizədə müstəqilliyini qoruyub saxlamağa kömək edib. Bu əməkdaşlığa hörmət olaraq, Taksim meydanında Rusiya-Türkiyə dostluğuna abidə də ucaldılıb. Abidədə Atatürk, Voroşilov və Frunze əks olunublar.

"SSRİ tərəfindən Türkiyəyə yardım Stalinin dövründə də göstərilib. Oradakı bir çox tekstil fabrikləri məhz sovet mütəxəssisləri tərəfindən yaradılıb", - deyə Türkiyə baş nazirinin məsləhətçisi, professor Gökhan Çetinsayya aprelin 22-də Moskvada keçirilmiş yubiley mərasimində bildirib: "Türkiyə də Rusiyanı çətin vəziyyətdə qoymayıb: 1921-ci ildə aclıq hökm sürərkən Ankara tərəfdaşına böyük həcmdə taxıl göndərib. Diplomatik və siyasi münasibətlərlə yanaşı, tədris müəssisələrində təhsil və maarifçilik sahəsində də əlaqələr fəal inkişaf etdirilib".

İkinci Dünya müharibəsindən əvvəl isə bu iki ölkə arasında münasibətlər ciddi şəkildə pozulub. Münasibətlərdə ilk ciddi problem 1936-cı ildə Montredə Qara dəniz boğazlarına nəzarətin Türkiyəyə verilməsini nəzərdə tutan müqavilənin imzalanmasına hazırlıq zamanı yaranıb. Müharibə bitdikdən sonra isə Sovet İttifaqı qalib qismində, Türkiyəni neytrallığına görə "cəzalandırmaq" qərarına gəlib - SSRİ vaxtilə itirilmiş torpaqları geri qaytarmağa, eyni zamanda boğazlara nəzarəti ələ almağa çalışıb. "Geri qaytarılmış" ərazilərin Ermənistana verilməsi, oraya dünyanın hər tərəfindən guya doğma torpaqlarına qayıtmağı arzulayan 350-400 min köçkünün yerləşdirilməsi planlaşdırılırdı. Hətta Ermənistan SSR-də mühacirətdən qayıdacaq ermənilərin qəbulu və yerləşdirilməsi üzrə komitə də yaradılmışdı. Hesab olunur ki, Kremlin məhz bu aqressiv davranışları Ankaranı ABŞ və Qərbi Avropadan yardım istəməyə, sonda isə NATO-ya qoşulmağa vadar edib.

1946-cı ildə MKİ tərəfindən hazırlanmış "SSRİ-nin xarici və hərbi siyasəti" adlı məruzədə bildirilirdi ki, "Orta Şərq regionu SSRİ üçün sərhədlərin genişləndirilməsi baxımından Şərqi Avropadan daha vacibdir. Çünki burada onun üçün həyati əhəmiyyət daşıyan, potensial müharibə zamanı hava hücumunun mümkün hədəfinə çevrilə biləcək Bakı nefti var".

Yalnız Stalinin vəfatından sonra - 1953-cü ildə Sovet hökuməti Türkiyəyə qarşı ərazi iddialarından imtina etdiyini açıqlayıb. Bunu 1957-ci ildə Nikita Xruşşov bu haqda fikrini tam aydın şəkldə ifadə edib: "Almanları darmadağın etdik və başımız gicəlləndi. Türklər yoldaşımız, dostumuzdur. Yox, gəlin nota yazaq və onlar dərhal Dardaneli verəcəklər! Heç kəs belə axmaq deyil. Dardanel Türkiyə deyil - orada bir çox dövlətlərin maraqları kəsişir. Biz isə xüsusi nota yazdıq ki, türklərlə dostluq haqda müqaviləni dayandırırıq. Bununla türklərin üzünə tüpürdük sanki... Bu, axmaqlıqdır. Biz dost Türkiyəni itirdik və indi cənubda Amerika bazaları var. Onlar bizim cənubumuzu atəş altında saxlayırlar...".

Həmin Amerika bazaları bu gün də Türkiyə ərazisindədir, sadəcə ötən dövr ərzində çox şey dəyişib. Türkiyə artıq özünü NATO-nun Yaxın Şərqdəki forpostu saymır. O, nəhəng regional fövqəldövlət olduğunu dərk edib, Balkanlar, Qafqaz, Orta Şərq və Fars körfəzi arasında uğurlu coğrafi mövqeyindən öz maraqları üçün istifadə etməkdədir. Türkiyənin regional əhəmiyyətinin artmasında SSRİ-nin dağılması da az rol oynamayıb. Ankara Mərkəzi Asiyaya və Cənubi Qafqaza səpələnmiş türk xalqlarının birliyi ideyasını irəli sürməyi özünə borc bilib.

İndi bu ölkənin ənənəvi qərbi tərəfdaşları ilə də münasibətləri kökündən dəyişir. O, əlaltı olmaqdan qurtulub və bərabərhüquqlu tərəfdaşa çevrilib. İndi Ankara kiminlə necə dostluq edəcəyini azad şəkildə özü müəyyənləşdirir. Ərazisində NATO-nun Rusiyaya yönəlmiş radiolokasiya stansiyalarının qurulmasına razılıq verən Türkiyə, eyni zamanda Moskva, Pekin və Tehranla əlaqələrini gücləndirir. İndi o, hətta ŞƏT-ə üzvlük imkanlarını da nəzərdən keçirir.

Hər iki ölkədən olan politoloqların fikrincə, Rusiya ilə Türkiyə arasında siyasi münasibətlər ötən il bu qədər intensiv inkişaf etmirdi. Çünki onların ümumi maraqları yox idi. Başqa sözlə, dünya diplomatiyası sahəsində onlar bir-birləri üçün o qədər də faydalı deyildilər. İndisə deyəsən vəziyyət dəyişir. Dostluq münasibətləri tərəfdaş münasibətlərinə çevrilməkdədir. 2001-ci ilin noyabrında Moskva ilə Ankara "Avrasiyada Rusiya ilə Türkiyə arasında əməkdaşlığın inkişafına dair fəaliyyət planı" imzalayıblar. Bu, özünəməxsus "yol xəritəsi" rolunu oynayıb və tərəflər onu uyğun olaraq, hər şeyə rəğmən, münaqişəyə girməmək haqqında razılığa gəliblər.

Türkiyə Rusiyanı əməkdaşlıq üçün tərəfdaş kimi qəbul edir. Bununla yanaşı, o, müəyyən şərtləri aradan götürmür. Türklərin siyasi araşdırmalarından birində deyilir: "Nüfuz dairəsi uğrunda mübarizəyə baxmayaraq, artıq bizim siyasi münasibətlərimizin inkişafına mənfi təsir göstərəcək mövzu yoxdur... Rusiya nə qədər ki, xaosla qarşılaşmayacaq, xarici siyasi orientasiyasında köklü dəyişikliklərə getməyəcək, Türkiyə üçün təhlükə yaratmayacaq. Bu baş verərsə, üzvü olduğumuz NATO 1949-cu il tarixli Vaşinqton Sazişinin beşinci maddəsində nəzərdə tutulmuş öhdəliyinə əməl edəcək".

Moskva ilə Ankara Suriya, Yəmən, Misir və digər ölkələrdəki vəziyyətlə əlaqədar mövqelərinə görə bir-birini açıq şəkildə tənqid etməsələr də, gələcəkdə 2012-ci ildəkinə bənzər insidentlərin yaşanacağı istisna deyil. Xatırladaq ki, o vaxt Türkiyə hökuməti Moskvadan Dəməşqə uçan mülki təyyarəni məcburi şəkildə hava limanına endirmiş, hava gəmisinin göyərtəsində axtarış aparmışdı. Deyilənə görə, bu, Putinin Türkiyəyə həmin ilin oktyabrına planlaşdırılmış səfərinin təxirə salınması ilə nəticələndi. Amma bu, əlaqələri dost münasibətləri kimi xarakterizə olunan Ankara ilə Moskva arasına yeganə mənfi hadisədir.

Türkiyənin Qərbdən olan müttəfiqlərinin Rusiyaya qarşı sanksiyalar dəstək vermək kimi israrlı tələbini qəti şəkildə rədd etməsi də təsadüf deyil. Bundan başqa, yaxın zamanlarda tərəflər arasında azad ticarət haqqında sazişin imzalanması planlaşdırılır. Sənəddə qarşılıqlı güzəştlər, ticarətdə maneələrin aradan qaldırılması, bank və investisiyalar sahəsində əməkdaşlıq nəzərdə tutulur. Hazırda Rusiya Türkiyənin ticarət tərəfdaşları arasında ikinci yerdədir. Türkiyə isə Rusiya üçün bu siyahıda 8-ci pillədə yer alır. Onlar qarşılıqlı ticarət dövriyyəsini 2020-ci ilə 33 milyard dollardan 100 milyard dollara qaldırmağı planlaşdırırlar. Demək, siyasi fikir ayrılıqları məhsuldar iqtisadi əməkdaşlığa mane deyil. Rusiya-Türkiyə münasibətlərinin ağır, dramatik tarixi əslində nikbinliyə əsas verir, çünki bir daha təsdiqlənir ki, qarşılıqlı iradə varsa, real dünya üçün təbii olan ən ciddi fikir ayrılıqları da həll oluna bilər.

Rusiya və Türkiyə rəhbərliyi bu il keçirilmiş bir çox tədbirlərdə bir fikri söyləyiblər və söyləməkdə davam edəcəklər: onlar Birinci Dünya müharibəsindən dərs çıxarıblar və artıq qonşuları ilə sülh şəraitində yaşamaq istəyirlər. Bu bəyanatların söz olaraq qalacağı, yoxsa gələcək addımlar üçün əsas olacağından həm də üç qitəni əhatə edən böyük bir regionun taleyi asılıdır. Tarix ən azı ona görə öyrənilməlidir ki, dostlarla düşmənlərin gələcək davranışlarını proqnozlaşdırmaq mümkün olsun. Türkiyə o dövrə aid hərbi arxivlərini açıb. Bəs bu, mif yaradıcılarının qarşısını alacaqmı? Yoxsa onlar tarixi sənədlərin heç nəyi sübut etmədiyini "təsdiqləyən" daha bir mif düşünəcəklər?

Amma bu zaman unutmasınlar ki, onlara inananların sayı azalıb.



MƏSLƏHƏT GÖR:

635