13 May 2024

Bazar ertəsi, 19:18

"SEÇKİ" OYUNU

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində növbəti siyasi təxribata başlayır

Müəllif:

28.04.2015

Dağlıq Qarabağdakı erməni işğalçı rejiminin "parlament seçkisi" adı altında təşkil edəcəyi hoqqabazlıq Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin gedişinə mənfi təsir göstərəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin separatçıların ölkənin suveren ərazilərində mayın 3-də "parlament seçkisi" keçirmək kimi antikonstitusion cəhdinə reaksiyası belə olub. "Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu cür qondarma "seçki" keçirməsi siyasi təxribatdır. Ermənistan bu qanunsuz seçki ilə dünya ictimaiyyətini çaşdırmaq siyasəti yürüdür. Bundan başqa, Ermənistanın siyasi rejiminin mahiyyətini nəzərə alsaq, bu "seçki" kütləvi saxtakarlıqla keçiriləcək. Bu, Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə tamamilə zidd olmaqla yanaşı, danışıqlar prosesinin pozulmasına yönəlmiş addımdır", - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "R+" jurnalına açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, xarici dövlətlərin bəyanatlarında da bu "seçki"nin qanunsuz olduğu bir daha vurğulanır.

Bununla yanaşı, erməni tərəfi əvvəllər olduğu kimi, bu "seçki"ni də çox sayda xarici müşahidəçinin izləyəcəyinə ümidlidir. Separatçılar bunu "DQR-in beynəlxalq birlik tərəfindən tanınması", yaxud ən azı, bu prosesə töhfə kimi qiymətləndirir. Ermənistan KİV separatçıların Dağlıq Qarabağda 5 il əvvəl təşkil etdikləri əvvəlki "parlament seçkisi"ni 15 ölkədən 120 beynəlxalq müşahidəçinin izlədiyini xatırladır. Amma bu zaman onlar, təbii ki, "müşahidə missiyası"nın tərkibini açıqlamağı lazım bilmirlər. Halbuki, bu müşahidəçilərin başında ən yaxşı halda ayrı-ayrı ölkə parlamentlərinin maddiyyat və pulsuz gəzinti hərisi olan üzvləri dayanır. Bu parlamentarilərin belə əməllərindən sonra, hər dəfə onların Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyan dövlətləri belə, üz döndərməyə çalışır. Üstəlik, Dağlıq Qarabağa müşahidəçi "göndərən" ölkələrin sayı da o qədər də çox olmur: ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə Bakının icazəsi olmadan yollananların siyahısını genişləndirmək üçün oraya öz Ermənistanları ilə yanaşı, Dağlıq Qarabağdakı kimi separatçı rejimləri də əlavə edirlər - Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya. Yeri gəlmişkən, bu, Gürcüstan və Moldova hökumətlərini də düşündürməlidir: onlart üçün guya "dost ölkə" sayılan Ermənistanın jurnalistləri, bu dövlətlərin BMT tərəfindən tanınan ərazilərini "müstəqil dövlətlər" kimi təqdim edirlər.

Amma zaman dəyişir və bu dəyişiklik Ermənistanın xeyrinə deyil. Azərbaycan əcnəbi vətəndaşların onun işğal altındakı ərazilərinə səfərlərini əngəlləmək işinə indi daha ciddi girişib. Bakı ilə razılaşdırılmamış bu cür səfərlər, xüsusilə Qarabağda separatçılığa dəstək bəyanatları əcnəbilər üçün nəinki Azərbaycan XİN-in "qara siyahı"sına düşməklə, həm də cinayət məsuliyyəti ilə nəticələnə bilər. Bu günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Qarabağ ermənilərinin separatçı əməllərinin köhnə lobbiçisi, Slovakiya parlamentinin sabiq spikeri Frantişek Mikloşkonun Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini bəyan edib. Buna səbəb onun anti-Azərbaycan əməlləri, işğal olunmuş torpaqlara qanunsuz səfərləridir. İstintaq nəticəsində məlum olub ki, F. Mikloşko Azərbaycanın müvafiq strukturlarının razılığı olmadan dəfələrlə Ermənistanın işğal etdiyi torpaqlarda olub, orada keçirilmiş "seçkilər" zamanı "müşahidəçilik" edib, etnik və dini zəmində millətlərarası ədavəti qızışdıran əməllər törədib. Nəticədə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində Mikloşkoya qarşı cinayət işi qaldırılıb. O, hakimiyyətin zor gücünə ələ keçirilməsinə açıq çağırışlar etməkdə və sərhədi qanunsun olaraq keçməkdə ittiham olunur. Bakı məhkəməsində isə eks-spiker haqqında həbs qəti imkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib. Azərbaycan XİN-in mətbuat katibi H.Hacıyevin sözlərinə görə, bu iş üzrə istintaq hərəkətləri davam etdirilir və Azərbaycan hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı Slovakiyanın hüquq-mühafizə orqanlarına müraciət etməsi nəzərdə tutulur.

Göründüyü kimi, bu məsələdə Bakı Gürcüstanın təcrübəsindən yararlanmağa başlayıb: Gürcüstanda da Abxaziya və Cənubi Osetiyaya özbaşına səfər edən əcnəbiləri həbs gözləyir.

Bütün bunlarla yanaşı, Dağlıq Qarabağın separatçı rejiminin istənilən sayda müşahidəçinin iştirakı ilə keçirəcəyi hər hansı "seçki", Ermənistan da daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən oradakı işğalçı, tanınmamış rejimə leqallıq qazandıra bilməz. Xatırladaq ki, zaman-zaman Ermənistan parlamentində ayrı-ayrı qruplar tərəfindən Dağlıq Qarabağın tanınması məsələsi qaldırılsa da, hakim Respublika Partiyası hər dəfə bunun "vaxtının yetişmədiyini", "məqsədəuyğun olmadığını" bildirir. Son dəfə belə təşəbbüs ötən ilin noyabrında irəli sürülmüşdü. O zaman da hakim Respublikaçılar Partiyasının fraksiyası indiki mərhələdə İrəvanın Dağlıq Qarabağı tanımasının münaqişənin həlli üzrə danışıqları poza biləcəyini bəyan etmişdi. Erməni tərəfi bu yayınma formulu ilə əslində sözügedən qərarın Azərbaycanın səbrini daşıracağından, Bakının torpaqlarını işğaldan hərbi yolla azad etmək qərarı verəcəyindən qorxduğunu gizlətməyə çalışır. Bu, erməniləri hər zaman qorxudub. Bu gün isə Azərbaycan Qarabağ torpaqlarının ona məxsus olduğunu daha sərt şəkildə ifadə edir, öz növbəsində erməni ordusu münaqişə zonasında hər keçən gün daha çox itki verir.

Digər yandan, son ildə Avropa qitəsində baş verənlər, xüsusilə Ukraynada yaşananlar dünya birliyinin bütünlükdə postsovet məkanındakı münaqişələrə diqqətini artırıb. Üstəlik köhnə münaqişələrin həllində indi dünya birliyi ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında birinciyə daha çox üstünlük verir. Bu mənada Azərbaycan tam haqlı olaraq, Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edir. Məhz bu səbəbdən Ukraynanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən Azərbaycan Rusiyaya qarşı dərindən əsaslandırılmamış tənqidlərə, Qərbin sanksiyalar siyasətinə qoşulmayıb. Rusiya rəhbərliyinin də etiraf etdiyi kimi, bakının bu mövqeyi onların diqqətindən kənarda qalmayıb.

Bəs Dağlıq Qarabağdakı marionet rejim nəyə ümid edə bilər? Axı üstəlik onların İrəvandakı "kukla"larının özləri də əslində başqalarının marionetidir. Bunun belə olduğuna erməni ictimaiyyəti bu yaxınlarda bir daha əmin olub: Rusiya komandanlığı Ermənistan Müdafiə Nazirliyinin icazəsi olmadan rus hərbçilərin İrəvanda keçiriləcək hərbi parada qatılacaqlarını bəyan edib. "Ermənistan Müdafiə Nazirliyi Rusiya tərəfinin İrəvan və Gümrüdəki paradlarla bağlı bəyanatından bir qədər çətin durumda qalıb. Çünki bu, Ermənistan Müdafiə Nazirliyi üçün əməlli-başlı sürpriz olub", - deyə Ermənistanın "Aykakan jamanak" qəzeti istehza ilə yazır.

Göründüyü kimi, ermənilər sovet ədəbiyyatının məşhur qəhrəmanının söylədiyi məşhur "Parada komandanlığı mən edəcəyəm" kəlamını təkrarlamaqda acizdirlər. Özü də yalnız hərbi sahədə yox.

Son illərdə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında qüvvələr nisbəti kökündən dəyişib. Bir neçə il əvvəl rəsmi Bakı aparıcı beynəlxalq təşkilatlarda işğal olunmuş ərazilərdə hər hansı formada fəaliyyətin yolverilməzliyi məsələsinin sərt şəkildə qoymuşdu. Bu, istər iqtisadi fəaliyyətə aid idi, istərsə də gəlmə ermənilərin bu ərazilərə yerləşdirilməsi siyasətinə. Ermənilərin narazılığına baxmayaraq, bu məsələyə beynəlxalq nəzarətə də nail olunmuşdu: BMT və ATƏT nümayəndələrindən ibarət faktaraşdırıcı missiya işğal altındakı ərazilərə iki dəfə səfər etmiş, bu cür qeyri-qanuni əməllərin izlərini aşkarlamışdı. Bu faktlar missiyanın hesabatında da əksini tapıb.

Azərbaycanın xarici tərəfdaşları və müttəfiqlərinin sırasının genişləndirilməsinə yönəlmiş diplomatik ekspansiyası ona gətirib çıxarıb ki, indi ayrı-ayrı dövlətlər, hətta onların erməni millətindən olan iş adamları Azərbaycanın işğal altındakı ərazilərində iqtisadi fəaliyyətə başlamağa daha az meyl göstərir, yaxud bu işdən ümumiyyətlə imtina edirlər. Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün ermənilər işğal altındakı ərazilərdə miqyaslı iqtisadi fəaliyyətlə məşğul ola bilmir. Həmin ərazilərlə bağlı bütün təmtəraqlı layihələr iflasa uğrayır. Separatçıların "Beynəlxalq aeroport" adı altında tikdikləri hava limanı bu gün də boş qalır. İndi o, daha çox ermənilərin Dağlıq Qarabağı hava yolu ilə dünya, heç olmasa regionla birləşdirməyə bəslədikləri məhv olmuş ümidlərinə qoyulmuş abidəyə bənzəyir.

Ermənistan hökumətinin Suriyadan olan erməni qaçqınların işğal altındakı torpaqlarda məskunlaşdırılması proqramı da İrəvanın ümidlərini doğrultmayıb. Təcrübə göstərib ki, xarabalığa çevrilmiş yad torpaqlarda yaşamaq hətta dəhşətli vətəndaş müharibəsinin davam etdiyi Suriya erməniləri üçün belə, cəlbedici görünmür.

Əlbəttə ki, bütün bunlar yalnız Azərbaycanın diplomatik səylərinin nəticəsi deyil. Ermənilərin işğal olunmuş ərazilərdə istədiklərini edə biləcəklərinə, buna görə heç bir cəza ilə üzləşməyəcəklərinə olan əsassız əminliyi Ermənistanın təxribatçı hərbi vertolyotunu məhv edən "İqla" raketilə bir andaca yox olub. Söhbət ötən ilin noyabrında baş vermiş hadisədən gedir. Həmin insidentin ardınca erməni diversiya qruplarının Qarabağ cəbhəsində sərhədi bir neçə hücum cəhdinin qarşısı da sərt şəkildə alınıb. Nəticədə ilin əvvəlindən indiyədək 50-dən artıq erməni hərbçisi məhv edilib. "Ölmək istəmirsinizsə, Azərbaycan ərazilərindən rədd olun!", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən geniş iclasında ermənilərə növbəti sərt xəbərdarlığını edib.



MƏSLƏHƏT GÖR:

645