18 May 2024

Şənbə, 16:41

İPPONLA QƏLƏBƏ

Cüdo üzrə Azərbaycan millisi "Böyük dəbilqə" turnirində birinci yeri qazandı

Müəllif:

19.05.2015

Bakıda keçirilən cüdo üzrə ənənəvi "Böyük dəbilqə" silsiləsindən olan mötəbər beynəlxalq turnir Azərbaycan millisinin parlaq qələbəsiylə yekunlaşdı. Hacıağa Hacıəhmədovun rəhbərlik etdiyi yığmamız üç günlük mübarizənin yekununda 2 qızıl və 1 gümüş medal qazanmaqla komanda hesabında birinci yeri tutdu. Rumıniya ikinci, Rusiya cüdoçuları isə üçüncü oldu. 

"Böyük dəbilqə" silsiləsindən olan yarışın ilk günündə Azərbaycan 13 cüdoçuyla təmsil olundu. Amma mübarizəyə qoşulan idmançılardan yalnız Nicat Şıxəlizadə ümidləri doğrultdu. 66 kq-da təmsil olunan Nicat Qazaxıstan cüdoçusuna qalib gəldikdən sonra Koreya idmançısına da şans vermədi. 14 finalda idmançımızı gürcü Vaji Marqvelaşvili gözləyirdi. Qonşu ölkənin idmançısını məğlub edən Şıxəlizadə yarımfinalda Sloveniya təmsilçisinə rəhm etmədi. Ardıcıl dörd qələbədən sonra finala vəsiqə qazanan Nicat Şıxəlizadə Böyük Britaniyanı təmsil edən Kolin Uotsu ippon fəndiylə üstələyərək qızıl medal qazandı. Azərbaycan idmançısı turnir ərzində yüksək peşəkarlıq, sürət və texnika nümayiş etdirməklə ən yaxşı formada olduğunu sübut etdi. Nicatın son dəfə hansı yarışda belə əzmkar çıxış etdiyini xatırlamaq çətindir. 

Yarışın ikinci günü daha 12 cüdoçumuz mübarizəyə qoşuldu. Günün qəhramanı isə 73 kq-da yarışan Rüstəm Orucov oldu. Püşkə əsasən ilk görüşdən azad olan idmançımız yarışa Kosova təmsilçisi üzərində qələbəylə başladı. Ardıcıl olaraq Fransa, Rusiya idmançılarına qalib gələn Rüstəm yarımfinalda London Yay Olimpiya Oyunlarının finalçısı Mikloş Unqvariyə şans vermədi. Güclü rəqibinə qarşı mübarizədə qələbə qazanmaq üçün Nicata cəmi 35 saniyə kifayət etdi. Finalda Orucov Monqolustan cüdoçusuna qalib gəldi. Bununla da, idmançımız ölkəmizə mötəbər turnirdə ikinci qızıl medalı qazandırdı. 

Yarışın sonuncu günü daha 10 cüdoçumuz gücünü sınadı. Onlardan yalnız ağır çəkidə yarışan Elmar Qasımov sevinc hissi yaşadı. ABŞ, İsrail, Portuqaliya cüdoçularından güclü olan Qasımov finalda Rusiya təmsilçisiylə üz-üzə gəldi. Adlan Bisultanov sona qədər mübarizə apararaq Elmarı səhv etməyə məcbur etdi. Nəticədə, Rusiya idmançısı qızıl, cüdoçumuz Elmar Qasımov isə gümüş medal əldə etdi. 

Nicat Şıxəlizadə, Rüstəm Orucov və Elmar Qasımovun qazandığı medallar onlara dünya reytinq siyahısında irəliləməyə imkan yaratdı. Beynəlxalq Cüdo Federasiyasının son cədvəlində Rüstəm Orucov 73 kq-da liderliyini qoruyur. Elmar Qasımovla Nicat Şıxəlizadə öz çəkilərində 10-cu sıradadır. Gənc olmasına baxmayaraq, böyük ümidlər bəslənilən Orxan Səfərov 60 kq-da altıncı yerdədir. 

"Böyük dəbilqə" turnirində yüksək ustalıq nümayiş etdirməklə qələbə qazanan Nicat Şıxəlizadə təəssüratlarını "R+"la bölüşüb: "Keçirdiyim beş görüşdən dördündə vaxtından əvvəl qələbə qazandım. Finaldakı rəqibim ötənilki turnirin qalibidir. Onunla görüşümüzün çətin olacağını bilirdim. Ancaq öz zamanımı gözləyirdim. O halda sevdiyim fəndi işlədərək ipponla qələbə qazandım. Bu qələbə mənim üçün çox vacibdir. Zədəylə əlaqədar ötən il bu yarışda iştirak edə bilmədim. Ona görə qələbə qazanmaq əsas məqsədim idi. Qarşıda bizi Mərakeşdə keçiriləcək Qran-Pri və Avropa Oyunları gözləyir. Uğurun davamını Avropa Oyunlarında gətirmək istərdim. Bakıda keçiriləcək möhtəşəm yarışı nəticəmizlə daha gözəl edə bilərik".

Turnirin digər qalibi Rüstəm Orucov haqda xüsusilə danışmaq lazımdır. 2015-ci ildə beynəlxalq turnirlərdə ardıcıl üçüncü qələbəsini qazanan cüdoçu əsas yığmanın liderinə çevrilib. Samsun və Tiflisdəki Qran-Prilərdə qələbə qazanan Rüstəm Bakıdakı uğuru haqda bunları dedi: "Püşkdən sonra çətin mübarizəylə qarşılaşacağıma əmin oldum. Amma qalib gəlməklə bir gündə üç idmançıdan intiqamımı aldım. Fransız Urani, eyni zamanda Unqvari və Sainjarqalu üzərində qələbə böyük əhəmiyyət kəsb edirdi. Hər üç idmançı mənim çəkimdə güclülərdən hesab olunur. İndi yaxşı idman forması toplamışam. Yaxın aylarda özümü zədədən qorumağa çalışacam. Avropa Oyunlarında da eyni uğuru qazanmaq istəyirəm. Bakıda keçiriləcək ilk Avropa Oyunları cüdoçularımız üçün çox vacibdir. Komandamız son olimpiadada medalsız qaldı. Bu mənada Avropa Oyunlarında medal qazanmaqla azarkeşlərin sevgisini qaytarmaq istəyirik".

"Böyük dəbilqə" turnirində uğurla yanaşı, uğursuzluq da yaşandı. Gəncləri yoxlamaq məqsədiylə yarışa 35 cüdoçunun adı verilmişdi. Bununla belə, medal qazanan 3 idmançımız oldu. Onlar da artıq təcrübəli idmançılar siyahısına aiddir. Gənclərlə yanaşı, xanım idmançıların çıxışı da ürəkaçan olmadı. Erkən mərhələlərdə uduzan cüdoçularımız əsas komandada rəqabətə hazır olmadığını nümayiş etdirdi. Əksər çəkilərdə liderlərin medalın bir addımlığında büdrəməsi diqqətdən yayınmamalıdır. Ramin Qurbanov, Tərlan Kərimov və yeganə dünya çempionumuz Elxan Məmmədovun mükafatçılar arasında olmaması adi qarşılana bilməz. 

Azərbaycan cüdoçularının turnirdə çıxışı barədə danışan yığmanın baş məşqçisi Hacıağa Hacıəhmədov səhvləri etiraf etdi: "Qazanılan üç medal bizi sevindirir. Rüstəm Orucov, Nicat Şıxəlizadə yaxşı formadadırlar. Elmar Qasımov da qızıl qazanmalıydı. Sadəcə, finalda ani yanlışlıq məğlubiyyətlə nəticələndi. Rüstəmlə Nicatın 5 görüşdən dördündə ipponla qələbə qazanması məşqçilərin düzgün hazırlıq seçdiyini göstərir. Medal qazana bilməyən idmançılara gəldikdə Elxan Məmmədova görə təəssüflənirəm. Elxan yaxşı mübarizə göstərdi. Sadəcə, bəxti gətirmədi. Onun çəkisində rəqabət artıb. Rəqiblər ona qarşı xüsusilə hazırlaşır. Ramin Qurbanov ən azı bürünc medala iddia edirdi. Səhvlərimiz üzərində çalışacayıq. Komanda kiçik heyətdə Mərakeşə yollanacaq. Orada keçiriləcək Qran-Pridən sonra bütün diqqətimiz Avropa Oyunlarına yönələcək. Məqsədimiz ilk Avropa Oyunlarında yaxşı çıxış etməkdir".



MƏSLƏHƏT GÖR:

634