18 May 2024

Şənbə, 16:57

SAVAŞ BAŞLAYIR

OPEK öz təsirini artırmaq uğrunda mübarizəni davam etdirir

Müəllif:

19.05.2015

Təhlükə sovuşmayıb. Müharibə riski hələ də çox yüksəkdir. Bundan başqa, bütün gözləntilərə rəğmən, indiyədək, sadəcə, lokal toqquşmalar baş verib və daha miqyaslı savaş hələ qarşıdadır. Beynəlxalq Enerji Agentliyinin (BEA) axırıncı məruzəsində neft bazarındakı son durum məhz bu cür xarakterizə olunur. BEA-nın proqnozuna görə, 2015-ci ildə neftə tələbat sutkada 93,6 milyon barel təşkil edəcək. Bu, 2014-cü illə müqayisədə sutkalıq tələbatın 1,1 milyon barel artması deməkdir. Bununla yanaşı, apreldə dünyada neft tədarükünün həcmi sutkada 95,7 milyon barel olub. OPEK isə apreldə sutkalıq neft tədarükünü 160 min barel artıraraq 31,21 milyon barelə çatdırıb. 2012-ci ilin sentyabrından keçən müddətdə bu, ən yüksək göstəricidir. Tədarükün artımı Səudiyyə Ərəbistanı, İraq və İranda neft hasilatının artırılması ilə bağlıdır.

BEA-nın ekspertləri bildirirlər ki, OPEK-in neftin ucuzlaşmasına rəğmən, 2014-cü ilin noyabrında kvotanın azaldılmamasına dair qərarı özünü qismən doğruldub - artıq mayda ABŞ-da şist qazının sutkalıq hasilat həcmi 80 min barelə düşüb. Amma digər yandan, kartelə daxil olmayan digər ənənəvi neft hasilatçıları da hasilat həcmini artırır - 2015-ci ildə hasilat sutkada 200 min bareldən 830 min barelə yüksəlib. Bu işdə əsas yük Rusiya, Braziliya, Çin, Malayziya və Vyetnamın üzərinə düşüb.

"Odur ki, OPEK-in bazarda pay uğrunda gedən döyüşdən qalib çıxdığını söyləmək tezdir. Döyüş böyük ehtimalla, yeni qızışır", - "Wall Street Journal"ın məlumatına görə, BEA ekspertləri belə bildiriblər.

Bu şəraitdə OPEK bir sıra ölkələri öz tərəfinə çəkməyə çalışır. "Bloomberg" agentliyinin məlumatına görə, ötən həftə kartel nümayəndələri Rusiya, Braziliya, Meksika və Azərbaycan təmsilçilərilə görüşüblər. Lakin tərəflər neft hasilatı həcminin birlikdə azaldılmasına dair razılığa gələ bilməyiblər.

Azərbaycanın enerji naziri Natiq Əliyevin sözlərinə görə, hazırda neftin qiymətinin bahalaşmasına nail olunması üçün hasilatı azaltmağa razı olan ölkə yoxdur. "Müəyyən müzakirələr gedir. Amma onların məğzi mənə hələlik tam aydın deyil. Mən hazırda neft hasilatının həcmini azaltmağa hazır olan ölkə tanımıram", - deyə N.Əliyev "R+"a açıqlamasında bildirib. Nazir Azərbaycanda neft hasilatı həcminin dünyada "qara qızıl"ın qiymətinə təsir edəcək dərəcədə yüksək olmadığını da söyləyib.

OPEK-də yer almayan nəhəng neft hasilatçısı Rusiya da hazırkı qiyməti - 1 bareli 65-57 dollar - tam normal sayır. Rusiyanın enerji nazirinin müavini Kiril Molodsov OPEK təmsilçilərilə görüşü şərh edərkən bildirib ki, neftin hazırkı qiyməti rusiyalı məmurların proqnozları ilə üst-üstə düşür.

"Bizim əvvəldən verdiyimiz proqnozlara diqqət yetirsəniz anlayarsınız ki, hazırda biz proqnozlaşdırdığımız dəhlizlərdəyik", - deyə o, qeyd edib.

Rusiyanın enerji naziri Aleksandr Novak isə bir müddət əvvəl verdiyi açıqlamasında ilin sonuna neftin bir barelinin 65-70 dollar olacağını, 60 dollarlıq qiymətin isə Rusiyanın neft şirkətlərini qane etdiyini bildirmişdi.

Odur ki, OPEK-in iyunun 5-də Vyanada keçiriləcək növbəti iclasından hasilatın azaldılması istiqamətində hər hansı ciddi addımlar gözləməyə dəyməz. Küveytin neft naziri Əli əd-Ömərin sözlərinə görə, hazırda OPEK hasilat üzrə mövcud kvotaların qorunub saxlanılması fikrində noyabr iclasındakından daha çox həmrəydir. Bu, neftin qiymətinin artması ilə bağlıdır. Bununla yanaşı, nazir hazırda əsas məsələnin neftin qiymətində sabitlik əldə etmək olduğunu bildirib. Onun sözlərinə görə, qiymətin dəyişkənliyi həm istehlakçı, həm də istehsalçı üçün eyni dərəcədə arzuolunmazdır. Küveytli nazir OPEK-ə daxil olmayan ölkələri neftin qiymətinin və tədarükünün sabit saxlanılmamasına görə məsuliyyəti kartellə bölməyə də çağırıb. Bununla yanaşı, OPEK dünyada neftə olan tələbatın getdikcə artacağını proqnozlaşdırır. Təşkilatın may məruzəsində proqnoz sutkada 92,5 milyon barelədək artırılıb. Bu, 2014-cü illə müqayisədə 1,18 milyon barel artıqdır. Təşkilata üzv olmayan dövlətlərin isə neft tədarükünün həcmi 2015-ci ildə sutkada 57,16 milyon barel təşkil edəcək və bu, ötənilkindən 0,68 milyon barel çoxdur. OPEK ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu isə əksinə, sutkada 40 min barel azaldaraq, 13,56 milyon barelə salıb. OPEK ölkələrinin neftə tələbatının sutkada 29,3 milyon barel təşkil ediləcəyi proqnozlaşdırılır. Ötən il bu göstərici 29 milyon barel idi.

Daha maraqlı hadisələr isə kartelin iclasından 1 ay sonra başlaya bilər. Məlum olduğu kimi, iyunun 30-da İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar başa çatdırılmalıdır. Tehran və "altılıq" həmin tarixədək yekun razılaşmanı əldə etmək niyyətindədirlər. Razılaşmada isə İrana tətbiq edilmiş sanksiyaların aradan qaldırılması məsələsi də əksini tapmalıdır. Bu halda İran neftinin dünya bazarına yolu açılacaq. Bu, Tehrana qısa müddətdə neft ixracını ikiqat artırmaq imkanı verəcək. Qeyd edək ki, hazırda İran sutkada 1,3 milyon barel neft ixrac edir. İslam respublikasının neft naziri Bijan Zanqane neft hasilatçısı olan ölkələri İran neftinin dünya bazarlarına qayıtması üçün bütün yolları açmağa çağırıb. O, bütün neft ixracatçılarının İranın bazara qayıtmasının perspektivini nəzərə almalı olduqlarını söyləyib.

Əksər ekspertlər böyük həcmdə İran neftinin bazara qayıtması ilə "qara qızıl"ın qiymətində ciddi enişin baş verəcəyini proqnozlaşdırırlar. Amma, nəzərə almaq lazımdır ki, İran OPEK üzvü olaraq qalır və karteldə yer alan dövlətlər razılaşdırılmış kvotaların qorunub saxlanmasına çalışırlar. Yəni məntiqlə, Tehranın üzərindən sanksiyaların qaldırılmasından sonra İran nefti bazarda sadəcə kartelin digər üzvlərinin neftini əvəzləyəcək. Nəticədə, bazara əlavə məhsul çıxmayacaq və bazar dağılmayacaq. Bəs, kartelin digər üzvləri, ilk növbədə isə Səudiyyə Ərəbistanı öz payını İrana güzəştə getməyə hazırdırmı? OPEK-in bu iki üzvünün münasibəti Yəmən hadisələri fonunda heç də yaxşı deyil. Digər tərəfdən Səudiyyə Ərəbistanı neft hasilatının həcmini getdikcə artırmaqda israrlıdır. O, apreldə sutkada 10,3 milyon barel neft hasil etməklə rekorda imza atsa da, dayanmaq fikrində deyil.

"Financial Times" Ər-Riyaddakı adının açıqlanmasını istəməyən mənbəyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bazardan rəqiblərin, daha bahalı neft məhsulları istehsal edən Amerika istehsalçılarının "sıxışdırılıb çıxarılma" strategiyasını uğurlu hesab edir. Mənbənin sözlərinə görə, Ər-Riyad qlobal neft bazarında hakim mövqeyə yiyələnmək fikrindədir.

"Son aylarda neftin ucuzlaşmasının bahalı neft layihələrinə investisiya axınının azaltdığına şübhə doğurmur. Bu, Amerika şirkətlərinin şist layihələrinə, dərin sularda qazma və xam neft hasilatı ilə bağlı layihələrə də aiddir", - deyə nəşr məmura istinadən yazır. Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı OPEK daxilində və ondan kənardakı neft hasilatçıları ilə rəqabətə baxmayaraq, istehsal həcmini artırmaq niyyətindədir. Alternativ enerji mənbələrinin populyarlığının artması da Ər-Riyadı bu fikrindən daşındırmayacaq.

"The Wall Street Journal" qəzetisə OPEK-in hələ hazırlıq mərhələsində olan strategiyasının qaralama versiyasından bəzi sitatları dərc edib. Bu, neft istehsalçıları üçün qorxulu yuxu ola bilər. Qəzetin yazdığına görə, ən nikbin proqnozlar 2025-ci ildə neftin barelinin 76 dollardan baha olmayacağını göstərir. Bədbin proqnozlara görə isə bu, 40 dollardır.

Məruzədə OPEK üzvlərinə neft hasilatında sərt kvota sisteminə qayıtmaq da tövsiyə olunur. Bu sistemdən de-fakto imtina olunması bəzi OPEK ölkələrinin mövqeyilə bağlıdır. Məhdudiyyətin neft sahəsinə investisiya cəlbinə maneə olduğunu düşünən bəzi OPEK üzvləri kvotalara məhəl qoymurlar. "OPEK öz sıralarında sərt intizamı qoruyub saxlaya bilərsə, o, neft bazarında öz nüfuzunu artırmağa nail olacaq", - deyə məruzə ilə tanış olan mənbə "WSJ"yə bildirib.

Amma, OPEK qəzetin yazdıqlarını dərhal təkzib edib. "Dərc olunmuş materialda nəinki dəqiqlik yoxdur, hətta orada göstərilən bir çox məlumatlar hazırda OPEK katibliyinin üzv dövətlərlə birlikdə hazırlamaqda olduqları sənədlərdə, ümumiyyətlə, yer almır", - deyə təşkilatdan bildiriblər.

Hazırkı şəraitdə, əlbəttə ki, geosiyasi amillər nəzərə alınmazsa, neftin qiymətilə bağlı son dərəcə bədbin proqnozların verilməsinə əsas yoxdur. Avropa və ABŞ iqtisadiyyatı, ümumilikdə, zəif də olsa, artmaqdadır. Bu, enerji resurslarının istehlakını artırmalıdır. Neft şirkətlərinin proqnozlarında da bədbin ssenarilər müşahidə olunmur. İtaliyanın "Eni" neft-qaz konserninin rəhbəri Klaudio Deskalsinin sözlərinə görə, artıq 2016-cı ildə neftin qiyməti 70 dollara çatacaq. "2018-ci ildə isə neftin bir barelinin qiyməti 90 dollar təşkil edəcək", - deyə o, bildirib: "Bizim proqnozlarımıza görə, qarşıdakı 4 ildə neftin qiyməti 70-85 dollar olacaq. Onun 90 dollaradək artması mümkündür. Çünki bunun üçün OPEK-in müdaxiləsi olmadan belə, fundamental səbəblər var".

Beləliklə, neftin qiymətinin artımı üzrə bir qədər gözlənilməz, lakin doğru trend ən azı iyunadək davam edə bilər. Yayın ilk ayında "qara qızıl"ı iki silkələnmə gözləyir - ayın əvvəlində OPEK-in iclası, sonunda isə İranın nüvə proqramı ilə bağlı razılaşma. Amma bazar sanki bu hadisələrin hər ikisinə hazırdır. İstənilən halda, bu dövrdə bazar ən azı treyderlərin daha çox qazanmaq istəyi üzündən qızışacaq. Uzaq perspektivisə, OPEK daxilindəki münasibətlər, ilk növbədə, Səudiyyə Ərəbistanı-İran münasibətləri müəyyənləşdirəcək.



MƏSLƏHƏT GÖR:

570