18 May 2024

Şənbə, 20:45

QƏLƏBƏYƏ UZUN YOL

Radik İsayev taekvondo üzrə Azərbaycanın ikinci dünya çempionu oldu

Müəllif:

26.05.2015

Azərbaycan taekvondosunun uzun illər davam edən həsrəti sona çatdı. Yığmamızın üzvü, Avropa çempionu Radik İsayev 14 illik fasilədən sonra mundialın qalibi olmaqla adını tarixə yazdı. 

Rusiyanın Çelyabinsk şəhərində baş tutan Dünya Çempionatında 140 ölkədən 875 idmançı mübarizə aparıb. Güclü rəqabətlə yadda qalan 22-ci mundialda millimiz yalnız bir mükafat qazanıb. Lakin əldə olunan medalın qızıl əyarlı olması uğursuzluğu unutdurub.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız öncə Banqladeş idmançısı İmyaiz İbne Alini 19:0, ikinci görüşündə isə Çin Taypeyi təmsilçisi Çanq Kaini üstələyib - 13:3. 1/4 finalda fransalı m'Bar n'Diaye ilə üz-üzə gələn təmsilçimiz ötən il Bakıda keçirilən Avropa Çempionatının finalında məğlub etdiyi rəqibdən güclü olduğunu növbəti dəfə sübut edib (8:2).

Yarımfinalda taekvondoçumuz 2013-cü ildə Meksikada baş tutan Dünya Çempionatının qalibi Rafael Kastillo (Kuba) ilə döyüşüb. Hazırda yaxşı formada olan İsayev mərkəzi amerikalını da məğlub edərək (7:6) finala yüksəlib. Qızıl medal uğrunda döyüşdə isə o, özbəkistanlı Cəsur Baykuziyevdən güclü olub. Xatırladaq ki, İsayevədək Azərbaycan taekvondosunda yeganə qızıl medal Niyaməddin Paşayevin aktivində idi. O, 2001-ci ildə Cənubi Koreyada keçirilən mundialda 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 

Radik İsayevin dünya çempionluğu Rusiya kimi güclü komandanın qızıl medal qazana bilməməsi fonunda qiymətləndirilməlidir. Son illər mötəbər yarışlarda stabil çıxışıyla böyük uğurlar qazanan Avropa çempionu Çelyabinskdəki qələbəylə iddiasını nümayiş etdirdi. "R+"a açıqlamasında yeni dünya çempionumuz qələbə hisslərini belə izah etdi: "Qəlbim sevinclə doludur. Özümü əla hiss edirəm, təəssüratlarım da əladır. Bundan yaxşısı ola bilməz. Bütün görüşlərim gərgin keçdi. Kubalı Rafael Kastillo ilə yarımfinal isə daha ağır alındı. Kastillonu məğlub etdikdən sonra başa düşdüm ki, qızıl medal qazanmaq şanslarım var. Amma 100 faiz əmin deyildim. Əlbəttə ki, rəqiblər əvvəlki mərhələdən daha güclü idi. Fəxri kürsüyə yaxınlaşdıqca, daha çətin idmançılarla üz-üzə gəlirsən. Yorğunluğa gəlincə, bütün iştirakçılar eyni səviyyədə bunun əziyyətini çəkirlər. Çoxdandır, çempionluq qazana bilməməyimizdən xəbərdar idim. Həm Niyaməddin Paşayev, həm də bütün komandamız mənə mənəvi dəstək verirdi. Çelyabinskdə uğur qazanmağımda tamaşaçı dəstəyinin böyük rolu oldu. Arenaya toplaşan azarkeşlər mənə döyüşlərimi yüksək əhval-ruhiyyədə keçirməyə böyük kömək oldu. Növbəti sınaq Bakıda keçiriləcək Avropa Oyunlarıdır. Bu yarışa da hazırlaşacağıq. Orada da ən yaxşı nəticəyə köklənəcəyik. Hər bir idmançı kimi, mənim də əsas məqsədim Rio Olimpiadasıdır. Lakin öncədən nəsə deməyi xoşlamıram".

Qazanılan dünya çempionluğuyla yanaşı, millinin əksər çəkilərində ciddi problemin olması etiraf olunmalıdır. Dünya Çempionatında İlkin Şahbazov, Yay Olimpiya Oyunlarının iştirakçısı Fəridə Əzizova, eləcə də yığmaya dəvət olunan legioner idmançılar ümidləri doğrultmadı. Bu potensialla idmançılarımız mötəbər yarışlarda iştirak etmək imkanı qazana bilər. Amma medallar uğrunda yarışmaq şansımız azdır. 

Azərbaycan yığmasının baş məşqçisi Rza Mehmandost da səhvlərin olduğunu qeyd edir: "Yarışa gedəndə bir neçə idmançıdan uğur gözləyirdim. Buna haqqım çatırdı. Çünki idmançıların hazırlığı yüksək səviyyədə olub. Eyni zamanda, federasiya bizə yaxşı şərait yaradıb. Radik İsayevin çempionluğu 14 illik həsrətə son qoydu. Üstəlik, idmançımızın göstərdiyi yüksək texnika, cəldlik və sürəti qeyd etməliyəm. Bu gün Radik dünyanın güclü idmançılarından biridir. Rusiyada qızıl qazanmaqla dediklərimi təsdiqlədi. Digər idmançılara gəldikdə, səhvlərimiz oldu. Bir neçə nəfər yarış həyəcanını dəf edə bilmədi. Digərləri erkən mərhələdə uduzmaqla böyük yarışlara hazır olmadıqlarını göstərdi. Avropa Oyunlarına qədər bütün taekvondoçuların turnirə hazır olacağına əminəm. Artıq plan üzrə məşqlərə başlamaq barədə düşünürük. İlk Avropa Oyunları Bakıda keçirilir. Ona görə doğma azarkeşlər qarşısında layiqli çıxış etməliyik. Bütün çəkilərdə təmsil olunacağıq". 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, MDB məkanında ilk dünya çempionu Niyaməddin Paşayev də azarkeşləri qələbə ilə təbrik etdi: "İlk olaraq qazanılan qələbə münasibətiylə azarkeşləri təbrik etmək istərdim. 14 ildən sonra Azərbaycan ikinci dünya çempionuna qovuşdu. Bu uğur illərlə çəkilən əziyyətin bəhrəsidir. Həm federasiya, həm də məşqçilər komanda üzərində çox çalışıb. Radik dünya çempionluğundan sonra sözünü Avropa Oyunlarında da deməlidir. Ümid edirik, bütün komandamız növbəti yarışlarda uğur qazanacaq. Yeni çempionluğu bu qədər uzun müddət gözləməyəcəyik". 

Qeyd edək ki, ilk Avropa Oyunlarında taekvondo yarışları iyunun 16-da başlayacaq. Bütün görüşlər Kristal Hall-da keçiriləcək. 



MƏSLƏHƏT GÖR:

565