18 May 2024

Şənbə, 21:07

ÇEMPİON YERİŞİ

"Qarabağ" ardıcıl ikinci il Azərbaycanın ən güclü futbol klubu oldu

Müəllif:

26.05.2015

Doqquz aydan artıq davam edən futbol üzrə Azərbaycan premyer liqasının mükafatçıları məlum oldu. "Qarabağ" "Sumqayıt"la oyunda qazandığı qələbəylə növbəti, yəni ardıcıl ikinci çempionluğu rəsmiləşdirdi. Əslində, bu, baş verməyə də bilərdi. "İnter" Qəbələ səfərindən 3 xalla dönsəydi, ağdamlılar, ən azı, növbəti tura qədər gözləməli olacaqdılar. İstənilən halda, 2014/15 mövsümünün "qızıl"ı "Qarabağ"ındır. Amma Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin hədəfə çatması heç də asan olmadı. Xüsusən, Lənkəranda itirilən önəmli 2 xaldan sonra çempionluq sual altına düşmüşdü. 

"Qarabağ" ötən il də sona 2 tur qalmış bu sevinci yaşamışdı. Qurban Qurbanov 2014-cü il mayın 7-də sevinc göz yaşlarını saxlaya bilməmişdisə, bu dəfə uğurun rəsmiləşmə tarixi mayın 15-nə təsadüf etdi. "Qarabağ" ötən il ikinci pillədəki əsas rəqibi "İnter"i 4:1 hesabıyla darmadağın etməklə, çempionluğu rəsmiləşdirmişdi. Maraqlıdır ki, bu dəfə də rəqabət bu iki komanda arasına gedirdi. "Bankirlər" "Qəbələ"ni yensəydi, çempionluğun taleyi yenə qonşular arasında həll olunacaqdı. Amma hər şey başqa cür oldu və "Qarabağ"la "İnter" arasında son turdakı görüş heç nəyi həll etmirdi. Nəticədə, "Qarabağ" bu oyunu 1:2 hesabı ilə uduzdu.

"Qarabağ"ın çempionluğunda üç önəmli məqamın həlledici rolu qeyd olunmalıdır. Cari mövsüm heyətdə zədəlilər az oldu. Mövsümün əvvəlində Çumbinyo sıradan çıxdı. Qışda zədələnən Reynaldo iynə gücünə olsa belə, vacib görüşlərdə "Qarabağ"a kömək edə bildi. Namiq Ələsgərovun əsas heyət üzvü olmadığını nəzərə alsaq, yarımmüdafiəçinin yoxluğunu problemə çevirməməliyik. Bununla yanaşı, ağdamlı futbolçuların sarı və qırmızı vərəqələrə görə tez-tez cəzalı vəziyyətə düşmədiyi də vurğulanmalıdır. Konkretləşdirsək, Qurbanov heyət qurmaq baxımından əziyyət çəkmədi. 

"İnter", "Neftçi" və "Qəbələ"nin ayrı-ayrı vaxtlarda və müxtəlif səbəblər üzündən xal itirməsi çempionluğu yolunda "yaşıl işıq yandırdı". "Neftçi"dən danışırıqsa, maaşların aylarla verilməməsi, qələbəyə görə təyin olunan mükafatların kəsilməsi və ən vacibi, məlum struktur dəyişikliyinin həlledici olduğu sirr deyil. "İnter"də də eyni problem özünü göstərdi. Maliyyə problemi yaşayan komandanın futbolçuları son görüşlərə diqqətli yanaşmadı. Cari mövsümdə maliyyə baxımından korluq çəkməyən yeganə komanda "Qarabağ"dır desək, yalan danışmarıq. "Neftçi", "İnter", "Simurq"un üzləşdiyi vəziyyətdən futbol ictimaiyyəti xəbərdardır. Bu mənada, əsl peşəkar komanda kimi çalışan Ağdam təmsilçisi sona qədər liderliyini qorudu.

"Qarabağ"ın ardıcıl ikinci, ümumilikdə isə üçüncü çempionluğu layiqli oldu. Əsas rəqiblərlə görüşdə qələbə qazanan Qurban Qurbanovun yetirmələrinin ölkədə ən güclü klub olması şübhəsizdir. Mövsümü yüksək səviyyədə keçirən Ağdam təmsilçisi stabil oyunu ilə azarkeşlərini sevindirdi. "Qarabağ" sübut etdi ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa belə, ölkə çempionatını unutmur. Bütün turnirlərdə qələbə üçün mübarizə aparan yeni çempion kuboku da qazanmaq imkanına malikdir. 

Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyevdən sonra Qurban Qurbanov məşqçi kimi ardıcıl 2 mövsüm Azərbaycan milli çempionatının qalibi olub. Məşqçi artıq iyunun 3-də titul sayını artıra bilər. Bunun üçün Qəbələdə keçiriləcək Azərbaycan kubokunun finalında keçmiş komandasını, məşqçi kimi debüt edtiyi "Neftçi"ni yenmək lazımdır. "Qarabağ" Azərbaycan Kubokunu qazanmaqla mövsümü "qızıl dubl"la başa vuracaq. 

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbə təəssüratlarını "R+"la bölüşüb: "Qarabağ" komandasına aidiyyəti olan hər kəsi çempionluq münasibətilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stresli alındı. Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq. Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi "İnter" kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. Qarşıda bizi Azərbaycan kubokunun finalı gözləyir. Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq. Transferlərə gəlincə, daim problemli mövzudur. İndiki məqamda bu barədə danışmaq istəmirəm. Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir".

Klubun direktoru Əmrah Çəlikəl isə Azərbaycan Kubokundan sonra komandanın gücləndirilməsi üçün yeni futbolçularla danışıqlara başlanılacağını söylədi. Onun sözlərinə görə, "Qarabağ"ın avrokuboklarda Azərbaycanı layiqincə təmsil etməsi üçün lazımi transferlər həyata keçiriləcək: "Bu çempionluq ötənilkindən daha çətin alındı. Mövsüm gərgin keçdi. Sübut etdik ki, çempionluğu daha çox istəyirik. Fikrimcə, komanda qızıl medallara layiq idi. Baş məşqçimiz Qurban Qurbanovun istədiyi futbolçu transfer ediləcək. Sözsüz ki, Çempionlar Liqası ərəfəsində heyət gücləndiriləcək. Komanda Avropaya hazır vəziyyətdə yollanacaq. Azərbaycanı ötən il olduğu kimi, bu ildə də layiqincə təmsil etməliyik".

Azərbaycan çempionatını gümüş medalla başa vuran "İnter" o qədər güclü olmayan heyətlə lideri son tura qədər izlədi. Kaxaber Tsxadadzenin ölkəmizdə son mövsümü mükafatsız qalmadı. Gürcü məşqçi Vətəninə gümüş medalla yollanacaq. Beləliklə, Azərbaycan çempionatının yekunlarına əsasən "Qarabağ" ölkəmizi Çempionlar Liqasında, "İnter", "Qəbələ" və "Neftçi" Avropa Liqasında təmsil edəcək. "Qəbələ" avrokuboklara bürünc medalçı, "Neftçi" isə Azərbaycan Kubokunun finalçısı kimi yollanacaq. Çempionatın yekunlarına əsasən "Araz-Naxçıvan" premyer-liqada iştirakdan imtina etdiyinə görə, yüksək dəstəni yalnız bir klub tərk edir. Artıq əminliklə demək olar ki, maliyyə problemini həll edə bilməyən "Bakı" yeni mövsümdən birinci divizionda çıxış edəcək.



MƏSLƏHƏT GÖR:

592