18 May 2024

Şənbə, 17:45

STOKHOLMA GEDİRİK!

60-cı "Eurovision" mahnı müsabiqəsində qələbə isveçli Mons Zelmerlyova qismət oldu

Müəllif:

26.05.2015

Vyanada yubiley, sayca 60-cı "Eurovision" mahnı müsabiqəsi başa çatıb. Yarışın qalibi isveçli müğənni, səhnəyə "Heroes" kompozisiyası ilə çıxmış Mons Zelmerlyov olub (365 xal). Müsabiqədə Rusiyanı təmsil edən Polina Qaqarina "A Million Voices" mahnısı ilə ikinci (303), italiyalı musiqiçilər - IlVolo opera triosu isə üçüncü yeri tutub (292). Azərbaycan bu yarışda 12-ci sırada qərarlaşıb.

Avropadan kənarda yerləşməsinə rəğmən, müsabiqəyə qatılmış və debütant olan Avstraliya 5-ci yeri tutub. Onu yarışda Qay Sebastyan təmsil edirdi. Sebastyan ölkəsinin ən populyar ifaçılarından biridir və yarışın favoritlərindən sayılırdı. 

Ümumilikdə, finalda 27 ölkə mübarizə aparıb.

 

Layiqli çıxış

Bu il Azərbaycanı "Eurovision"da Elnur Hüseynov təmsil edirdi. Məlum olduğu kimi, o, artıq bir dəfə ölkəni bu yarışda təmsil edib və 2008-ci ildə "Eurovision" səhnəsində Samir Cavadzadə ilə birgə çıxışı edərək, 8-ci pilləni tutub. Bu yaxınlarda isə Elnur Türkiyədə keçirilən "O Ses Turkiye" (The Voice beynəlxalq layihəsinin anoloqu) layihəsinin qalibi olub.

Vyanada Elnur Hüseynov səhnəyə "Hour Of The Wolf" ("Canavar saatı") mahnısı ilə çıxıb. Mahnı beynəlmiləl müəlliflər komandası tərəfindən yazılıb - Nikolas Rebşer, Niklas Lif, Lina Hanson və Sandra Bordman. Elnuru ifası zamanı 2 rəqqas müşayiət edirdi - Kanadanın So You Think You Can Dance şousunun qalibi Lukas Makfarleyn və artıq "Eurovision" səhnələrində çıxış etmək təcrübəsinə malik fransız Culiya Spiser.

"Bu, müasir üslubda, vəhşi təbiətdən ilhamlanmış rəqsdir. Bu, bizim haqqımızda, insanlar haqqında tarixdir. Biz rədd olunmağın, fərqli olmanın, dəyişikliklərə ümidləri itirməyin nə demək olduğunu göstəririk. Axı hər birimizin həyatında belə hal olur, elə deyil? Mahnın əsas qayəsi isə ondan ibarətdir ki, heç zaman təslim olmaq lazım deyil, sizin ürəyiniz mübarizə aparmağa layiqdir", - deyə Elnur final çıxışından əvvəl verdiyi açıqlamada bildirib. YouTube portalında "Hour Of The Wolf" mahnısına yazılmış klipin izlənmə sayı 4,5 milyonu ötüb. Bu, yarışın ən yaxşı klipləri sıralamasında Elnuru 2-ci pilləyə yüksəldib.

Elnurun çıxışına qiymət verənlər isə Çernoqoriya (8), Malta (8), Rumıniya (3), Moldova (3), Çexiya (12), Litva (2), Rusiya (3) və Gürcüstan (10) olub. Yeri gəlmişkən, qonşu Gürcüstan 12 xalı Ermənistan təmsilçilərinə - "Genealogy" qrupunun "soyqırım"a həsr olunmuş təxribatçı "Face The Shadow" mahnısına verib. Rusiya da "iztirablı xalq"ın xətrinə dəyməyərək onu 6 xal ilə qiymətləndirib (ermənilər öz növbələrində Rusiyaya 12 xal veriblər). Amma bunların Ermənistana xüsusi faydası olmayıb və ermənilər yarışı 16-cı pillədə bitiriblər.

Maraqlıdır ki, müsabiqəyə az qalmış builki "Eurovision"a qatılmayan türklər dünyadakı həmvətənlərini Elnur Hüseynova səs verməyə çağırmışdılar. Amma ya bu çağırışı o qədər də çox adam eşitmədi, ya da çoxları "Eurovision" yarışını ümumiyyətlə unutdu. Nəticədə, Azərbaycan müsabiqədə yalnız 12-ci yeri tuta bildi. Bununla yanaşı, bu fakt Elnurun yarışda layiqli çıxışına qətiyyən kölgə salmır. O, son dərəcə istedadlı və xarizmatik ifaçıdır və parlaq gələcəyə malikdir.

 

Adi oğlan

Yarışın başlanmasına az qalmış bukmekerlər qələbəni isveçli Mons Zermelyovdan və ya İtaliyanın Il Volo opera triosundan birinin qazanacağını proqnozlaşdırırdılar. Müsabiqənin gedişində isə gözlənilmədən Rusiya təmsilçisi Polina Qaqarina da ilk üçlükdə qərarlaşdı. Hətta o, bir neçə dəqiqə ərzində yarışın əsas favoriti sayılan isveçli ilə başabaş mübarizə də apardı. Bu dəqiqələrdə İnternet istifadəçiləri arasında zarafatlaşma başlamışdı: Rusiya qalib gələrsə, gələn il müsabiqənin təşkilinə xərclənəcək pullar ölkənin büdcəsinə əlavə zərbə olacaq. Lakin son saniyələrdə Mons irəliləyərək, Polinanı geridə qoydu. Bu dəfə Avropa frik və ya seksual azlığa deyil, İsveçin balaca Lund şəhərindən olan istedadlı gəncə səs verdi. 

Mons Zelmerlyov (tam adı Mons Petter Albert Zelmerlyov) həkim ailəsində dünyaya gəlib. Onun atası cərrah, anası nitq patologiyası üzrə professor olub. Uşaqlıqdan musiqiyə həvəs göstərən Mons Maykl Ceksonu, Elton Conu dinləməyi çox sevirdi. Əvvəlcə o, fortopianoda ifa etməyi öyrənib, afrika rəqsləri dərnəyinə gedib. Amma bunlar tezliklə Monsu bezdirib və o, müstəqil şəkildə gitara çalmağı öyrənməyə başlayıb. İfaçı 2005-ci ildə "Idol" müsiqi şousuna qatılmaqla, daha sonra "Let's Dance" rəqs şousunun ilk mövsümündə çempion olmaqla və "Briolin" müziklində baş rolu ifa etməklə məşhurlaşıb. 2007-ci ildə musiqiçi "Cara Mia" treki ilə "Eurovision"un seçim mərhələsinə qatılsa da, yalnız 3-cü ola bilib. Bu uğursuzluqdan sonra ölkəsində turneyə çıxan Mons Milad konsertlərində çıxışlar edib, televiziyada aparıcı kimi çalışıb, "Romeo və Cülyetta" müziklində baş rolu canlandırıb. 2007-ci ildə o, İsveçin "QX" gey jurnalının versiyasına görə, ən seksual kişi elan edilib. 2014-cü ildə isə Zelmerlyov səs-küylü qalmaqalla üzləşib: musiqiçi homofobiyada ittiham olunub. Buna səbəb Monsun seksual azlıqlarla bağlı bəyanatı olub. Televiziyada yayımlanan kulinariya şoularından birinə qatılan musiqiçi eyni cinsdən olan cütlüklərin uşaq tərbiyə etmək haqlarının olmadığını bildirib. Lakin sonradan Mons sözlərinə görə üzr istəyib, onun sözlərinin səhv anlaşıldığını söyləyib.

Yeri gəlmişkən, Ukrayna bu il yarışa qatılmamışdı. Buna səbəb ölkədə siyasi və iqtisadi vəziyyətin pis olmasıdır. Kipr, Serbiya və Çexiya isə müəyyən fasilədən sonra, "Eurovision"da iştiraklarını bərpa ediblər: Kipr ilə Serbiya yarışa qatılmaqdan 2014-cü ildə imtina etmişdilərsə, Çexiya 2010-2014-cü illərdə "Eurovision"a qatılmamışdı.

Müsabiqənin 60 illik yubileyi ilə əlaqədar olaraq, Avropa Yayım Şurası yarışın loqosunda müəyyən dəyişiklik edib (loqoda "Eurovision" sözü daha səliqəli yazılıb. Bundan başqa, "Song Contest" və "Müsabiqənin keçirildiyi il və şəhər" sözlərinin şrifti dəyişib, ev sahibi ölkənin ürəyin mərkəzində yer alan bayrağı isə küncə çəkilib).

Yarışın büllur mükafatı da təkmilləşdirilib: onun şüşə üzlüyündə avroşounun yeni loqosu əks olunub.



MƏSLƏHƏT GÖR:

664