18 May 2024

Şənbə, 17:48

YALANI YANDIRMIŞ ALOV

Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəinki insan tələfatına, həm də bir sıra şirkətlərin və məmurların cinayətkar fəaliyyətinin üzə çıxmasına səbəb oldu

Müəllif:

26.05.2015

Bakının Binəqədi rayonu, Azadlıq prospektində, metropolitenin eyniadlı stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın 15 nəfərin həyatına son qoydu. Ölənlərin arasında azyaşlı uşaqlar da var idi. Cəmi bir neçə dəqiqə ərzində binanı bürüyən alov mənzilləri, illərlə çəkilmiş zəhmət nəticəsində əldə olunmuş mülkləri tamamilə yandırdı. Bəzi strukturların səhlənkarlığı bir anın içərisində onlarca insan həyatının altını-üstünə çevirdi. Faciə zamanı övladlarını itirmiş valideynlərin nələr çəkdiyini ifadə etmək belə, mümkün deyil.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətindən 150 nəfər, 40 ədəd texnika, o cümlədən vertolyotlar cəlb olunmuşdu. FHN-in yanğınsöndürənlərinin və xilasedicilərinin əksəriyyəti, həmçinin polislər alov içərisindəki binadan insanların çıxarılması işində əsl qəhrəmanlıq nümayiş etdirirdilər. Onlar həyatlarına yaranan təhlükəyə baxmayaraq, özlərini alovun içərisinə atırdılar. Bununla yanaşı, alov içərisində olan 16 mərtəbəli binadan sakinlərin xilas edilməsi üçün adi insanlar da qəhrəmanlıq göstərirdilər. Lakin yanğının miqyası və alovun yayılma sürəti o qədər böyük idi ki, vəziyyəti nəzarətə götürmək mümkün olmurdu.

İlkin versiyaya görə, yanğına səbəb evin fasadına keyfiyyətsiz materialdan üzlük çəkilməsi olub. O, odadavamlı deyilmiş. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəsmi məlumatına görə, binanın üzlüyü poliuretan adlı tezalışan materialdandır. Sənədlərdən görünür ki, "Global Construction" şirkəti tərəfindən istehsal olunan bu material üçün sertifikatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) verib. Məhsulun sınağı özəl şirkət olan "Dərnəgül Boru Zavodu" QSC-nin laboratoriyasında aparılıb. Binanın üzlənməsi işi Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib. İlkin istintaq materiallarına əsasən, məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində "Global Construction" şirkətinin rəhbərliyinin həbsinə qərar verib. Onunla yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə hazırkı və sabiq əməkdaşları, o cümlədən icra başçısının müavini də saxlanılıblar.

"Global Construction" şirkətinin rəhbərliyi yanğının baş verdiyi binanın üzlənməsi zamanı keyfiyyətsiz tikinti materiallarından istifadə etməkdə günahlandırılır.

 

Günahkarlar cəzalandırılacaqlar

Faciədən dərhal sonra Prezident İlham Əliyevin sərəncamı ilə yanğının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Dövlət başçısı komissiyanın təcili toplantısını keçirib, FHN-ə və Bakı Şəhər İcra Hakimiyyətinə analoji materiallarla üzlənmiş binalarda ekspertizanın təşkili, onların da keyfiyyətsiz olduğunun üzə çıxacağı təqdirdə, üzlüklərin dərhal sökülməsi haqqında tapşırıqlar verib. Yeri gəlmişkən, hazırda Bakı şəhərinin hər tərəfində bu cür təhlükəli üzlüklərin sökülməsi işi həyata keçirilir. Bununla yanaşı, prezident baş vermiş faciənin günakarlarının aşkarlanacağını və qanunun ən sərt tələblərilə cəzalandırılacaqlarını bildirib. 

"Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır", - deyə İ. Əliyev bildirib. Prezident bu cür faciənin bir daha təkrarlanmamalı olduğunu söyləyib: "Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün tələb edirəm ki, mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur. Bu tənzimləmə məsələləri qanunvericilikdə, qaydalarda təsbit edilir, ancaq həyatda buna riayət olunmur".

İlham Əliyev şəhərdə aparılan abadlıq işlərinin hər bir mərhələsinə ciddi nəzarətin vacibliyini bildirib. "Bir dənə də olsun bina olmamalıdır ki, orada müqaviləsiz hansısa iş görülür, yaxud da bunun ekspertizası yoxdur. Əgər ekspertiza varsa və ekspertiza həqiqətə uyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə, burada hüquq mühafizə orqanlarının çox geniş fəaliyyəti nəzərdə tutulur ki, biz bu məsələyə, bu hərc-mərcliyə birdəfəlik son qoyaq. Çünki bu, bizə yaraşmaz", - deyə prezident vurğulayıb.

Dövlət Komissiyasının toplantısında çıxış edən baş prokuror Zakir Qaralov "Global Construction" şirkətinə uyğunluq sertifikatının S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən verildiyini söyləyib. Onun sözlərinə görə, şirkətə bu sertifikat hər il yenidən verilib: "Əsas məsələ ondan ibarətdir ki, bu şirkət işləri icra hakimiyyəti ilə müqavilə imzalamadan həyata keçirib. Müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Yəni, bu işlərə başlanmazdan əvvəl hər bina üzrə layihələndirmə aparılmalıdır. Layihələndirmə Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır. Layihələndirilməyə razılıq veriləndən sonra, bu işlər davam etdirilməlidir". Sual yaranır: binanın üzlənməsinə müvafiq sənədlərin verilməsi zamanı nəzarətçi strukturlar harada imişlər?

Elə prezidentin sualı da bundan ibarət olub: "Mənə verilən məlumatlar hələ ki, məni qane etmir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq-mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalı və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir".

 

Mütəxəssislərə qulaq asmayanda

Bakıda abadlıq-quruculuq işləri artıq 5 ildir ki, həyata keçirilir. Əvvəllər binalar daş üzlüklərlə üzlənirdisə, son 3 ildə bu iş üçün poliuretan panellərdən istifadə olunur. Ekspertlər isə buna mənfi münasibətlərini dəfələrlə dilə gətiriblər. Onlar hesab edirlər ki, kosmetik yenilənməyə ehtiyacı olan binalarda, sadəcə, rəngləmə işlərinin aparılması kifayətdir və bunun üçün onu əlavə materiallarla yükləməyə ehtiyac yoxdur. Poliuretan isə yüngül olsa da, odadavamlılığı zəif olduğundan, təhlükəlidir. Son hadisələr də göstərdi ki, bu işlərin icraçıları sağlam düşünə bilmədikləri üçün bütün xəbərdarlıqlara rəğmən, binanın plastik materiallarla üzlənməsini davam etdiriblər. Nəticədə, Bakıda FHN-in məlumatına görə, 260-dan artıq bina bu cür materialla üzlənib. Üstəlik, bu işlər Azərbaycanın regionlarında da kifayət qədər geniş şəkildə aparılıb.

Əslində, faciənin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq siqnalı hələ aprelin 10-da Nobel prospektindən gəlmişdi. Orada da eyni materialla üzlənmiş bina cəmi bir neçə dəqiqənin içindəcə alova bürünmüşdü. Lakin bu hadisəyə lazımi diqqət göstərilməmiş və ondan dərs çıxarılmamışdı. 

 

Üzlükdən-üzlüyə fərq var

Bakının müxtəlif rayonlarının sakinləri bildirirlər ki, binaların üzlənməsində istifadə edilən plastik materialların görünüşü bir-birindən fərqlənir. Bəzi hallarda bu iş penopolistrol ilə görülür. Bu materialdan fasadlarda istilik-izolyasiya işlərində istifadə olunduğu üçün o, belə işlər üçün lazımi keyfiyyətə - sıxlıq və odadavamlılıqa - cavab verir. Amma onu yalın əllə asanlıqla qoparmaq mümkündür.

Digər binalarda isə görünür, üzləmə penopolistirol ilə aparılıb. Bu, dəlik-dəlik olan əriməyən plastikdən ibarətdir. Penopolistirolun tərkibinin 97%-i qazla doldurulmuş boşluqdan ibarətdir. Materialın xarici tərəfi fasad klinker plitəsindən hazırlanır. Adi və köpüklü poliuretandan ibarət fasad panellərinin üstünlükləri çoxdur: uzunömürlülük (30-50 il), şaxtaya davamlılıq (100 tsikl), mənzillərdəki istiliyin çölə "axmaması" və s.

Amma sən demə, bu materialın odadavamlılığı çox aşağı səviyyədədir. Üstəlik, onun yanması zamanı havaya sianlı hidrogen HCN də daxil olmaqla, zəhərli qazlar yayılır. Penopolistirolun müxtəlif sıxlığa malik bütün markaları odadavamlı olmayan materiallar qrupuna aiddir. Onların alovlanması üçün 325-345 Selsi hərarət kifayətdir. Hərarət 170 dərəcəni ötdükdə poliuretanlar zəhərli maddələr ifraz etməyə başlayır. 

 

Antipiren az olub? 

 

Kimyaçı-ekspert, təhlükəsizlik texnikası üzrə mütəxəssis Teymur Quliyev "R+"a açıqlamasında hazırda ölkədə bir çox üzlük materiallarından, o cümlədən sintetik materiallardan istifadə olunduğunu etiraf edib. Əlbəttə ki, odadavamlılıq baxımından onların ən təhlükəsizi təbii daşdır. Məlum olduğu kimi, təbii daş heç bir halda alovlanmır. Amma o, kifayət qədər bahalı və ağır materialdır. Daşların binaların fasadına düzülməsi üçün ciddi əmək tələb olunur. Bu üzdən də bugünkü tikinti bazarında plastik fasad panellərinin çox populyar olması heç də təsadüf deyil. Çünki onun bir sıra üstünlükləri var: "Bu materialların əsas üstünlükləri sırasında çeşidin çoxluğunu, geniş rəng seçimini, ucuz qiyməti göstərmək olar. Fasad üçün plastik panellər qısa zamanda istənilən binanın üzünü səliqəli, gözəl görkəmə salmağa imkan verir. Üstəlik, montaj işləri üçün divarlarda xüsusi hazırlıq işləri aparmağa ehtiyac yoxdur. Onlar fasadlara panellərin mexaniki qaydada bir-birinə, binanın divarlarına və ya digər elementə yapışdırılması ilə vurulur".

Həmvətənlərimizin dediklərinə görə, Almaniyada fasad plitəsi kimi penopolistiroldan istifadə olunur. Lakin orada bu materiallar sərt standartlara uyğun buraxılır: 80x50x16 santimetr. Başqa sözlə, Almaniyada plitələri barmaqla deşmək mümkün deyil. Bu prinsipial fərq plitələrin evlərin divarlarına bərkidilməsi işində də fərqli üsulları zəruri edir. Məsələn, Bakıda bu cür plitələr metal karkasa bərkidilir, binanın divarı ilə piltə arasında 20-25 santimetr məsafə qalır. Bu, havanın daha güclü işləməsinə və yanğın zamanı alovun daha sürətlə yayılmasına imkan verir. Almaniyada isə onlar xüsusi yapışqan vasitəsilə birbaşa divara yapışdırılır. Bundan sonra tərkibində sementlə yanaşı, əhəngli qatqının da olduğu plitələr malalanır, sonra isə üzərinə boya çəkilir. Plitələrin bu cür örtülməsi nəinki binanın fasadına gözəllik verir, həm də onu soyuqdan, rütubətdən qoruyur. Yeri gəlmişkən, Bakıda üzləmə işlərinin necə aparılmasına Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da diqqət çəkib. Onun sözlərinə görə, binanı bürümüş alovun sürətlə yayılmasına digər amillərlə yanaşı, panellərlə evin divarı arasındakı məsafə də təkan verib.

Poliuretanlara gəlincə, ekspert bildirir ki, təhlükəsizlik texnikası normalarına əsasən, bu materialdan üzlük plitələrin hazırlanması zamanı onların tərkibinə antipirenlər əlavə olunur. Bu, yanma prosesini çətinləşdirən və ya tamamilə mümkünsüz edən maddədir. Binəqədi rayonunda yanmış binada alovun son dərəcə sürətlə yayıldığını nəzərə alan kimyaçı binanın üzlüyündəki materialın tərkibində antipirenlərin olmadığı qənaətinə gəlib. Bu yerdə qeyd etmək lazımdır ki, məsələnin bu tərəfi icra hakimiyyəti orqanlarının diqqətini hələ apreldə baş vermiş yanğından sonra cəlb etməli idi. Üstəlik, sifarişçinin bu və ya digər binanın üzlənməsi prosesinin başa çatmasından sonra görülmüş işin keyfiyyətini yoxlamaq hüququnu heç kəs əlindən almayıb. Necə deyərlər, hər bir iş yoxlanılıb təhvil alınmalı idi.

Yanğının səbəbinə gəlincə, mütəxəssis poliuretanın özbaşına alışmasını mümkünsüz sayır. İstənilən yanğın hadisəsi üçün 3 element tələb olunur: oksigen, yanar maddə və istilik mənbəyi. Əlbəttə ki, bu binada da alovlanmaya hansısa amil səbəb olub. Onun dəqiq səbəbi hələ ki, müəyyən olunmayıb. Amma ən vacibi bu deyil. Axı binanın alova bürünməsi üçün cüzi istilik və ya alov kifayətdir. Demək, ölkədə bu materiallarla üzlənmiş bütün mənzillər potensial təhlükə mənbəyidir. İlk yanğın xoşbəxtlikdən tələfatsız ötüşmüşdü. Təhlükəyə diqqət yetirilməsi üçün, həqiqətənmi, mütləq onlarca insan dünyasını dəyişməli idi? 

 

Kompensasiya qərarı

Prezident İlham Əliyev faciə nəticəsində həlak olmuş və yaralanmış sakinlərin ailələrinə maddi yardımın göstərilməsinə, yanmış binanın dərhal bərpasına, mənzillərin bütün şəraitlə, məişət texnikası ilə təmin olunmasına, yanğın nəticəsində məhv olmuş sənədlərin bərpasına dair göstərişlər verib. Yanğın zamanı həlak olmuş 15 nəfərin hər birinin ailəsinə 15 min manat, yaralıların ailələrinə 5 min manat, binada yaşayan 56 ailənin hər birinə 20 min manat həcmində yardım göstəriləcək. Bunadək isə hadisə nəticəsində zərər çəkmiş ailələrin hər birinə ilkin yardım kimi, 1000 manat verilib.

Binada əsaslı təmir işlərinin başlanılması üçün 3 milyon manat ayrılıb. Bu məsələlərin həlli, sakinlərin kirayə pullarının ödənilməsi məqsədilə 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ümumilikdə 5 milyon manat ayrılıb.

 

Böyük faciə, çoxsaylı suallar

Faciə bütünlükdə Azərbaycan ictimaiyyətini silkələyib. İnsanların, azyaşlı körpələrin ölümü ölkənin hər bir vətəndaşına təsir edib. Bakıda baş vermiş faciə ilə bağlı bir sıra xarici KİV-də də başsağlıqlarına rast gəlinib. Azərbaycanın İstanbuldakı, Moskvada və bir sıra digər şəhərlərdəki səfirliklərinə, konsulluqlarına axışan insanlar həlak olmuş insanların şəkilləri önünə gül-çiçək düzüblər.

Qırmızı Xaç Cəmiyyəti və digər könüllülərin köməyi ilə zərərçəkənlər üçün ərzaq və digər lazımi əşyaların toplanmasından ötrü dərhal xüsusi məntəqələr yaradılıb. Yanğının səhəri gün, həmçinin növbəti günlərdə əllərində gül-çiçək, oyuncaqlar, şamlar tutan insanlar faciə yerinə axışıblar. Onlar günahsız, sanki ən təhlükəsiz yerdə - öz evində həlak olmuş insanların xatirəsini anmağı özlərinə borc biliblər. Bu evin 3 azyaşlı körpə, bütün üzvlərini itirmiş ailə, ev heyvanlarını alovun içərisində qoyub-qaçmayan qadın və digər yaşlılar, qocalar üçün son sığınacaq yeri olacağı kimin ağlına gələrdi? 16 mərtəbəli binada 15 nəfər həyatını itirdi... 

Qoy, belə faciələr bir daha təkrarlanmasın.



MƏSLƏHƏT GÖR:

659