29 Aprel 2024

Bazar ertəsi, 22:23

NİFAQ SAMMİTİ

Avropa "Şərq Tərəfdaşlığı" regionundakı münaqişələrə münasibətdə hələ də ikili standartlardan çıxış edir

Müəllif:

26.05.2015

Mayın 21-22-də Riqada keçirilən sammit hələ başlamazdan əvvəl orada diskussiyaların asan keçməyəcəyi hamıya yaxşı bəlli idi. Gözlənildiyi kimi, sammitdə əsas fikir ayrılıqlarına Avropa fövqəldövlətlərinin istəyi ilə gündəliyə salınan, layihənin əsas ideyasına birbaşa aidiyyəti olmayan problem səbəb olub. Məlum olduğu kimi, proqramın əsas ideyası 6 postsovet ölkəsinin - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın - Avropaya inteqrasiyası idi.

"Şərq Tərəfdaşlığı" proqramının ilk gündən elan edilmiş əsas məqsədinin əksinə olaraq, Aİ-nin aparıcı dövlətləri arasında danışıqların, az qala, əsas mövzusu proqramın üzvü olmayan Rusiya idi. Bu, Ukraynanı və proqramın daha 2 üzvünü - Gürcüstan və Moldovanı qane edirdi (bu ölkələrin hər biri Riqada Aİ üzvü olmaq niyyətlərini bir daha ortaya qoyub). Bununla yanaşı, mövzu Aİ-yə inteqrasiyada sözügedən ölkələr qədər fəallıq göstərməyən üzvləri isə qane etmirdi. Fikirlərini diplomatik ifadələrlə bəzəməyə vərdiş etməmiş Belarus prezidenti Aleksandr Lukaşenko Riqa sammiti iştirakçılarının "hər bir sənəddə Rusiyanı dolayısı ilə yox, birbaşa damğalamağa toplaşdıqlarını" bəyan edib: "Rusiya "Şərq Tərəfdaşlığı" proqramının üzvü deyil. Onun öz iştirakı olmadan, qiyabi şəkildə, o cümlədən Krıma görə kötəklənməsi nəyə gərəkdir?".

Tarixən Rusiya ilə çoxsaylı tellərlə və inteqrasiya birlikləri ilə bağlı olan Belarus rəhbərinin bu narazılığını başa düşmək olar. Rusiyanın əlaltısı olan Ermənistanın məsələyə reaksiyası isə daha çox gözlənilən idi. Avropa İttifaqı Ermənistandan müstəqillik, xüsusilə də Moskvanı qəzəbləndirə biləcək hər hansısa addım onsuz da gözləmirdi. 2 il əvvəl Ermənistan rəhbərliyinin Vilnüs sammiti ərəfəsində son anda "Şərq Tərəfdaşlığı"nda iştirak qərarını dəyişərək, tələsik Avrasiya İttifaqına üz tutmasından sonra İrəvan haqda düşüncələr birmənalı olaraq belədir.

Azərbaycana gəlincə, onu avropalıların "Şərq Tərəfdaşlığı" proqramı iştirakçılarının ərazilərindəki münaqişələrə eyni yanaşma ortaya qoymaq istəməməsi, təcavüzkar Ermənistanı pisləməməsi qəzəbləndirib. Hər halda, Aİ bu gün Ukraynanın cənub-şərqində baş verənlərə, həmçinin Krımı özünə birləşdirdiyinə görə Rusiyanı həmrəy şəkildə qamçılamaqdadır.

Nəticədə, Azərbaycan sammitin yekununda qəbul edilmiş Riqa bəyannaməsini qeyri-obyektiv adlandırıb. Məsələ ondadır ki, qətnaməni hazırlayanlar oraya BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının boşaldılmasını tələb edən 4 qətnaməsi haqqında heç bir fikir əlavə etməyiblər.

Azərbaycan Prezidenti İlham Əliyevin sammitə qatılmaması onun administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun və xarici işlər naziri Elmar Məmmədyarovun Aİ-nin "ikili standartları" ilə bağlı qəti mövqe nümayiş etdirmələrinə mane olmayıb. Onlar avropalıların suverenlik və ərazi bütövlüyü kimi prinsipial məsələyə dair qərəzli yanaşmalarını ortaya qoyan sənədi imzalamaqdan da imtina ediblər.

Azərbaycanın bu qərarı, ümumilikdə, sammitin taleyini sual altında qoyub və onun təşkilatçıları toplantıda Bakını təmsil edən şəxsləri dilə tutaraq, mövqelərini yumşaltmalarını istəyiblər. Bunun üçün Avropa İttifaqı Şurasının sədri Donald Tusk hətta Bakıya, Prezident İlham Əliyevə zəng də etməli olub (bəzi məlumatlara görə, bu, hətta iki dəfə baş verib). Sonda Azərbaycan sənədi imzalasa da, bunu bəzi düzəlişlər müqabilində edib.

Sammitin yekununda jurnalistlərə açıqlama verən E. Məmmədyarov bildirib ki, Bakının sənədə əsas düzəlişi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Azərbaycan bəyannamədə bu problemin beynəlxalq hüquq normaları, xüsusilə BMT TŞ-nin qətnamələri əsasında çözülməsinin vacibliyinə dair fikrin olmamasına etiraz edib.

Beləliklə, Azərbaycan istəyinə nail olub. Amma yaşananlar təbii ki, öz izini də buraxıb. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Bakının Riqa Bəyannaməsini imzalamaqla qarşı tərəfə güzəştə getdiyini söyləyib: "Hesab edirik, bu Bəyannamənin ruhu Aİ-Azərbaycan əməkdaşlığının xarakterinə uyğun deyil. Azərbaycan postsovet məkanında Avropa İttifaqı ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən dövlətdir. Bəyannamədə Azərbaycana aid maddələr bu ruha uyğun deyil. Biz, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmadan narazıyıq".

Riqada baş verənlər Azərbaycanın mövqeyinin haqlı olduğunu bir daha ortaya qoyub. Bakı ərazi bütövlüyü ilə bağlı problemlərə vahid yanaşma tələb edir. Bununla yanaşı, Azərbaycanda hesab edirlər ki, Aİ "Şərq Tərəfdaşlığı" proqramının hər bir iştirakçısına onun maraqlarından, iqtisadi inkişaf səviyyəsindən asılı olaraq, fərdi yanaşmalıdır. İndi bunu Brüssel də qəbul edir. "Bizim Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" üçün yeni alətlərə ehtiyacımız var. Mənim İlham Əliyev ilə söhbətimin əsas mövzusu da bu olub. Biz sammit bitdikdən sonra danışmışıq. Yeni alətlər, yeni yanaşmalar haqda müzakirə aparmışıq. Azərbaycan Aİ ilə əməkdaşlığın davam etdirilməsi, möhkəmləndirilməsi əzmindədir. Buna heç bir şübhə yoxdur və Əliyev də bunu aydın şəkildə büruzə verib", - deyə "Wall Street Journal" nəşrinin məlumatına görə, D.Tusk bildirib.

Bununla yanaşı, Riqa sammitinin bəyannaməsində "Şərq Tərəfdaşlığı" məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında çözülməli olduğuna dair məqam da xüsusi diqqətə layiqdir. Bu sənədi digərlərilə yanaşı, Ermənistan prezidenti Serj Sarqsyan da imzalayıb. BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi əraziləri, o cümlədən Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz suveren hissəsi sayır.

Daha bir maraqlı məqam. Sarqsyan "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan dövlətlərin ərazi bütövlüyünün dəstəkləndiyi sənədi imzalamaqla, Qarabağ münaqişəsinin nizamlanması üzrə Madrid prinsiplərini də dəstəkləmiş olub. Onun reallaşdırılması isə erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutur. Digər tərəfdən, Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu nəzərə alsaq, S. Sarqsyanın Riqa sammitində iştirakı, bəyannaməni imzalaması Moskvadan icazəsi olmadan mümkün deyildi. Beləliklə, düşünmək olar ki, Rusiya artıq İrəvanı öz qoşunlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa vadar edir.

Bütün bunlarla yanaşı, son "Şərq Tərəfdaşlığı" sammiti Bakının Aİ ilə münasibətlərinə yenidən baxması ilə nəticələnə bilər. Çünki Aİ Dağlıq Qarabağ münaqişəsinə həddindən artıq diplomatik yanaşmaqla təcavüzkarla təcavüzə məruz qalmış tərəfləri bərabərləşdirməyə çalışır. Göründüyü kimi, İrəvanın "Şərq Tərəfdaşlığı"na qarşı etinasızlığına rəğmən, nəzakətli avropalılar ermənilərin xətrinə dəymək istəmirlər.

Ümumiyyətlə, "Şərq Tərəfdaşlığı" proqramı nə qədər inkişaf edirsə, o qədər problemlər meydana çıxır. 2013-cü ildə Vilnüsdə keçirilən sammit Ukraynada müharibəyə yol açmışdı və o müharibə hələ də davam edir, hər gün yeni insan tələfatlarına səbəb olur. Riqa sammiti isə daha bir dərin problemi tam çılpaqlığı ilə üzə çıxardı - Avropa dövlətləri "Şərq Tərəfdaşlığı" regionundakı münaqişələrə münasibətdə hələ də ikili standartlardan çıxış edir. Bu, "Şərq Tərəfdaşlığı" proqramının hazırkı formatda gələcəyini də sual altına qoyur.

Proqramın iştirakçıları olan 6 postsovet ölkəsi öz xarici siyasi prioritetlərinə əsasən, Aİ ilə müxtəlif əməkdaşlıq formaları seçiblər. Gürcüstan, Ukrayna və Moldova onunla Assosiativ Saziş əsasında əməkdaşlıq edir, Belarus və Ermənistan isə Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına üz tutub. Azərbaycana gəlincə, o, Aİ ilə qarşılıqlı münasibətlərini ikitərəfli formatda qurur. Bakıda hesab edirlər ki, bu, münasibətlər üçün daha münasib formatdır. Yeri gəlmişkən, sammit ərəfəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qonşuluq və genişlənmə üzrə avrokomissar Yohannes Xana və Avropa diplomatiyasının başçısı Federika Moqeriniyə Bakı ilə Brüssel arasında strateji tərəfdaşlığa dair razılaşmanın layihəsini təqdim edib. Görüşdə bildirilib ki, Bakı Aİ-yə üzv dövlətlərin əksəriyyəti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Qeyd olunub ki, bu sənədin əsasında Azərbaycanla Aİ arasında strateji müstəvidə əməkdaşlığın inkişafı üçün imkanlar yarana bilər.

Lakin Aİ 6 iştirakçı ölkəni onların Ukraynada baş verənlərə münasibətinə əsasən "doğmalar"a və "yadlar"a bölmək qərarına gəlibsə, üstəlik, digər regionlardakı separatçılıq hallarına fərqli yanaşma ortaya qoyursa, Azərbaycan onunla birgə addımlaya bilməz. Tərəfdaşlıq tərəflərin qarşılıqlı maraqlarının nəzərə alınması deməkdir. Hələliksə Bakı ilə Brüssel arasında əməkdaşlıq tək qapıya oyunu xatırladır. Aİ bundan sonra da Azərbaycanın bir hissəsinin işğal altında olmasına etinasızlıq nümayiş etdirərsə, Bakı ikitərəfli münasibətlərə yenidən baxmaq haqqında ciddi düşünə bilər. Zorla dostluq etmək olmaz. Tərəfdaş sənin suverenliyini tanımırsa, hansı tərəfdaşlıqdan söhbət gedə bilər?

Ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqına inteqrasiyasından təbii, lakin bir qədər şişirdilmiş gözləntiləri ümumiləşdirərək, fransız senator Natali Quledən bir sitatı yada salmaq yerinə düşər: "İndi bizim qitəmiz böyük bazarı xatırladır. Ora soxulmaq nəyinizə gərəkdir?".



MƏSLƏHƏT GÖR:

647