4 May 2024

Şənbə, 03:02

GÖZLƏNİLƏNDƏN DAHA ARTIQ

Azərbaycan gimnastları Avropa Oyunlarında 7 medal qazandılar

Müəllif:

23.06.2015

Azərbaycan Gimnastika Federasiyasının yetirmələri ilk Avropa Oyunlarında əsl medal çələngi yığıb. Oyunların proqramına daxil olan altı növ gimnastika yarışlarının hamısında iştirak edən Azərbaycan idmançıları, ən optimist gözləntiləri də üstələyərək, yeddi medal qazanıb.

İdman gimnastikasında əldə olunan nəticələr xüsusilə qeyd olunmalıdır. Çünki Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan bu idman növünün uğurları gələcək inkişafı üçün nəhəng bünovrə rolunu oynayacaq. 

26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi yığmamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb. Komandamız yalnız Rusiya və Ukraynadan geri qalıb.

İdmançılarımız Milli Gimnastika Arenasında baş tutan fərdi çoxnövçülük yarışlarında da uğurla çıxış edib. Kişilərin yarışında Oleq Stepko Avropa Oyunlarında ikinci mükafatını qazanıb. Təsnifat mərhələsini 3-cü pillədə bitirən idmançımız finalda daha yüksək - 2-ci yerə layiq görülüb.

Komanda hesabında da bürüncə yiyələnən Stepko Bakı-2015-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub. Lakin idmançımız iki medalla kifayətlənməyib. 21 yaşlı təmsilçimiz paralel qollarda 1-ci, fərdi çoxnövçülük və gimnastika atında 2-ci, komanda yarışları və dayaqla tullanmada 3-cü yeri tutub. Bununla da idman gimnastikasında 5 medala - 1 qızıl, 2 gümüş, 2 bürüncə yiyələnərək Stepko yeni rekorda imza atıb. Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısına başçılıq edən təmsilçimiz hesabında 4 mükafat olan "dördlük"ü arxada qoyur. Daha 9 idmançı 3 medala sahib çıxıb.

İlk Avropa Oyunlarının idman gimnastikasında təmsil olunan Oleq Stepko 5 medal qazanması barədə "R+"a danışıb. Gənc idmançı təəssüratlarını bizimlə bölüşüb: "Nəticə verəcəyimi gözləyirdim. Amma 5 medal qazanacağım ağlıma gəlmirdi. Ümumiyyətlə, yarışda neçə medal qazanacağımı əvvəlcədən heç vaxt düşünmürəm. Mənim elə xasiyyətim yoxdu. Məşqlərdə var gücümlə çalışırdım. Yarışdan öncə bütün diqqətimi məşqlərə yönəltmişdim. Bu da öz bəhrəsini verdi. Necə olacağını isə heç kim qabaqcadan deyə bilməz. Mübarizə çətin alındı. Çünki ilk Avropa Oyunlarında ən güclü idmançılar iştirak edir. Ona görə ilk çıxışdan sonra asan olmayacağını anlamışdım. Həyəcanlı deyildim, artıq mötəbər turnirlərdə iştirak etməyə öyrəşmişəm. Arenada çoxlu sayda azarkeşin səni dəstəkləməsi xüsusi hisslər yaradır. Sən başa düşürsən ki, uğur qazanmaqla yüzlərlə insanı sevindirmək imkanın var. Çalışırdım bütün fikrimi alətlərə yönəldim. Səhvim olmasın. Əks halda az xal toplayacaqdım. Yarışdan əvvəl medala iddialı olduğumuzu söyləmədik. Həmin ərəfədə müsahibə vermək o qədər yaxşı hal deyil. İddialılar sırasında olduğumuzu bütün rəqiblər yaxşı başa düşürdü. Lakin idman proqnozu sevmir. Gərək özünü qoruyasan, fikrini yarışa yönəldəsən".

Beş medala sahib çıxan idmançımız bu nəticənin karyerasında böyük rol oynayacağını qeyd edib. 

"Yeri gəlmişkən turnirin medallarının tərtibatı çox gözəldir. Medal bir qədər ağır olsa da, onu daşımaq şərəflidir. Bu medallar evimdə xüsusi yer tutacaq", - dəyə O. Stepko qeyd edib.

Gimnastların növbəti uğuru batut gimnastikasında oldu. Kişilərin çıxışında fərdi çıxışda İlya Qrişunin 3-cü olub. O, yalnız rusiyalı Dmitri Uşakov, belaruslu Vladislav Hançarovdan geri qalıb. 

Mükafatlandırma mərasimindən sonra İlya Qrişunin bildirib ki, medalçılar sırasına düşməyi əvvəlcədən qarşısına məqsəd qoyub: "Psixoloji baxımdan yarışa yaxşı hazırlaşmışdım. Nə bacarırdımsa, etdim. Nəticə də özünü çox gözlətmədi. Medal uğrunda əsas rəqibim fransalı idmançı idi. O məni qabaqlamaq üçün çıxışını səhvsiz yerinə yetirməli idi. Çıxışının sonunda səhv buraxdı və mən də bunu hiss etdim. Bundan sonra şübhə etmədim ki, o mənə qalib gələ bilməyəcək".

İlk Avropa Oyunlarında gimnastikada son medalı Marina Durunda qazandı. Bədii gimnastika üzrə yığmanın lideri lentlə hərəkətlərdə gümüş medala layiq görülərək, yalnız rusiyalı dünya çempionu Yana Kudryavsevadan geri qaldı. Bürünc medala isə gürcüstanlı Salome Pajava yiyələndi.

"R+"a müsahibəsində Marina Durunda gümüş medalı Azərbaycan xalqına həsr etdiyini deyib: "Karyeramın ən həyəcanlı anlarını yaşadım. Turnir ərzində düşünürdüm ki, mənə dəstək olan azarkeşlərin, federasiya rəhbərliyinin etimadını doğrultmaq lazımdır. Çox sevinirəm ki, ilk Avropa Oyunlarında gümüş medala layiq görüldüm. Topla hərəkətlərdə səhvə yol verəndən sonra bütün diqqətimi lentlə çıxışa yönəltdim. Gümüş medal mənim üçün çox əziz mükafatdır. Avropa Oyunları doğma Bakımızda keçirilir. Bu yarışın medalına layiq görülmək böyük uğurdur. Gimnastlarımız bir neçə ay bu yarışa hazırlıq keçib. Biz mütləq nəticə qazanmalıydıq. Əziyyətimiz bəhrəsini göstərdi və biz möhtəşəm arenada bayrağımızı yüksəltdik. Mükafatımı Azərbaycan xalqına həsr edirəm. Onlar hər zaman mənimlə birgə həyəcan keçirib". 

İlk Avropa Oyunlarında yüksək nəticələrlə xalqımızı sevindirən gimnastlara təşəkkür düşür. Əldə olunan medallar Azərbaycan Gimnastika Federasiyasının təkcə bədii gimnastika deyil, eyni zamanda idman gimnastikası, batut, aerobika - bütün növlərin inkişafında maraqlı olduğunu sübut etdi. Ölkədə gimnastikanın sürətlə inkişafı idmanın bu növünə olan marağı artırıb. Regionlarda gimnastika məktəblərinin fəaliyyəti isə əsas milli komandanın gələcək bazasını formalaşdırmağa kömək edir. Avropa Oyunları zamanı güləş, cüdo və samboyla yanaşı bədii gimnastika yarışlarına biletlərin satışı mübarizənin başlanmasından əvvəl başa çatmışdı. Bütün biletlərin satılması isə gimnastikaya olan yüksək marağın göstəricisidir.

Qeyd etmək istərdik ki, ilk Avropa Oyunlarında da hakimlərin qeyri-obyektivliyinin şahidi olduq. Minskdə keçirilən Avropa çempionatında olduğu kimi bu dəfə də ədalət təmsilçiləri gimnastlarımıza ədalətli qiymətlər vermədi. Gimnastlarımız kompozisiyanı səhvsiz yerinə yetirsə belə hakimlər təmsilçilərimizə aşağı xal verməklə azarkeşlərin əsəbiylə oynadı. Nəticədə Milli Gimnastika Arenasında idmançıların çıxışını izləməyə gələn tamaşaçılar Avropa Gimnastika İttifaqının Bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Brunederi fitə basıb. Azarkeşlər etirazını Brunederi medalları təqdim etdiyi zaman bildirib. Hakimlərin Azərbaycan gimnastları ilə bağlı qeyri-obyektiv qiymətləndirməsinə qarşı tamaşaçıların etirazına münasibət bildirən Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov vurğulayıb ki, hakimlərin tez-tez səhvləri və qeyri-obyektivliyi idmançıların çıxışlarına mane olur. Altay Həsənov qeyd edib ki, gimnastika idmanın subyektiv növüdür və hakimlik burada böyük əhəmiyyət kəsb edir. Federasiyanın vitse-prezidentinin sözlərinə görə, ildən-ilə Azərbaycanda gimnastikaya münasibət dəyişir, tamaşaçılar bu idman növünü daha yaxşı anlayır: "Daha çox tamaşaçılar yarışlara gəlir və gimnastikanı, o cümlədən bədii gimnastikanı daha yaxşı anlayır. Bu, çox sevindiricidir. Hakimlər qeyri-obyektiv olan zaman tamaşaçılar bunu başa düşür və öz etirazlarını bildirirlər. Bu, bütün dünyada baş verən təbii prosesdir".

Onun sözlərinə görə, Marina Durundanın bədii gimnastika üzrə qazandığı gümüş medal qızıla bərabərdir: "Rusiya gimnastları dünyanın ən güclüləridir. Ona görə də gümüş bizim üçün qızıla bərabərdir. Biz bu gün çox xoşbəxtik ki, nəhayət buna nail olduq. Yorulmaz əmək, istedadlı idmançılar və məşqçilər, Azərbaycan Gimnastika Federasiyasının və şəxsən Federasiya Prezidenti Mehriban Əliyevanın dəstəyi Azərbaycan gimnastlarının ölkəmizdə keçirilən birinci Avropa Oyunlarında gözəl çıxışlarına xidmət etdi. Biz özümüzə inanırdıq. Bədii gimnastikada böyük rəqabət var. Nəhayət, böyük nəticəyə nail olduq".

Qeyd edək ki, gimnastlarımızı qarşıda daha bir mötəbər yarış gözləyir. Buna görə də millimiz sentyabrda Almaniyada keçiriləcək dünya çempionatında iştirak etmək üçün iyuldan etibarən təlim-məşq toplanışına başlayacaq.



MƏSLƏHƏT GÖR:

557