18 May 2024

Şənbə, 10:43

CIRILAN MASKALAR

Azərbaycana qarşı qərəz və ikili standartlar bütün sərhədləri aşır

Müəllif:

07.07.2015

Son aylar Azərbaycanla Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Almaniya Bundestaqı arasında münasibətlər yaxşı deyil. Tərəflər bir-birinin ünvanına kifayət qədər sərt tənqidlər səsləndirir, qarşılıqlı ittihamlar səngimək bilmir. İş o yerə çatıb ki, Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov ölkənin adıçəkilən Avropa strukturlarında qalmasının məqsədəuyğun olub-olmadığını gündəmə gətirirlər.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsilə əlaqədar Azərbaycana yönəlmiş diqqətdən Avropa və ABŞ-dakı bəzi qüvvələr öz maraqları üçün istifadə etməyə çalışdılar. Onlar hökumətə təzyiqlər göstərməyə, vətəndaşların hüquq və azadlıqlarının pozulduğuna dair ittihamlar səsləndirməyə, ilk növbədə, "siyasi məhbusların" azadlığa buraxılması tələblərini səsləndirməyə başladılar. Bu məsələdə Avropa Parlamenti xüsusi təşəbbüskarlıq göstərir. Daha sonra Bundestaq məsələ ilə bağlı bəyanat qəbul etdi, son olaraq isə prosesə AŞPA qoşuldu.

Birinci Avropa Oyunlarının insan haqları problemilə əlaqəsi öz-özlüyündə sünidir və korrekt hal deyil. Bu məsələlər müxtəlif müstəvilərə aiddir. Hazırlıq üçün vaxt məhdudiyyətinə rəğmən, miqyaslı idman tədbirinin təşkili öhdəliyini üzərinə götürmüş Azərbaycan bununla böyük maliyyə, təşkilatçılıq yükünü də çiyinlərinə almışdı. Odur ki, əlavə, idmana aid olmayan tələblərin irəli sürülməsi Bakı tərəfindən yersiz hərəkət, müəyyən mənada Avropa parlamentariləri və hökumətləri tərəfindən nankorluq kimi qiymətləndirilib.

Bütün bunlarla yanaşı, iyunun 23-də AŞPA-da "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycana qarşı qərəzlilik və ikili standartlar bütün sərhədləri keçdi. Monitorinq komitəsi ermənilərin və onlara himayədarlıq edən avropalı nümayəndələrin israrı ilə layihənin ilk paraqrafında dəyişiklik etdi. Nəticədə, həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış sənəddəki "Assambleya Ermənistanın Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etməsindən xəbərdardır" formulu belə bir siyasi amorfluqla əvəzləndi: "Assambleya Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən xəbərdardır". Dəyişiklik qızğın müzakirələrdən sonra cəmi 1 səs çoxluğu ilə (lehinə 22, əleyhinə 21) qəbul edildi. Səhəri gün isə AŞPA-nın plenar iclasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə qəbul olundu.

Qətnaməni qəbul etmiş deputatların problemin məğzindən xəbərsiz olduqlarını söyləmək mümkün deyil. Axı, hələ 2005-ci ildə AŞPA-da "Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunun həllilə məşğul olduğu münaqişə haqqında" adlı qətnamə qəbul olunub. Həmin sənəddə bildirilir ki, Avropa Şurasına üzv hər hansı dövlətin digər ölkənin ərazisini işğal etməsi həmin dövlətin üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozmasıdır. Orada BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad da olunub. Məlum olduğu kimi, bu qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət ifadə olunur. AŞPA üzvləri Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" adlı işlə bağlı bu yaxınlarda qəbul etdiyi qərardan da xəbərsiz ola bilməzlər. Orada Ermənistan Azərbaycanın bir hissəsinin işğalını davam etdirən ölkə kimi göstərilir.

Bütün bunlarla yanaşı, nümayəndələrin əksəriyyəti özlərini elə apardılar ki, sanki mövcud vəziyyətdən ya xəbərdar deyillər, ya da ona ciddi önəm vermirlər. Sanki onlar anlamırlar ki, erməni işğalının davam etməsi, Azərbaycanda, təxminən, 1 milyon qaçqın və məcburi köçkünün öz torpaqlarında yaşamaq kimi elementar insan haqlarından məhrum olunması, "nə hərb, nə sülh" şəraiti Azərbaycanda ictimai sabitliyə və təhlükəsizliyə təhdiddir. Guya, onlar bu amillərin ölkənin böyük demokratiyaya, plüralizmə, azadlığa doğru hərəkətinə mane olduğunu anlamırlar.

AŞPA-nın bəzi nüfuzlu üzvləri hətta Azərbaycana qərəzli mövqelərini gizlətməyə belə, çalışmırdılar. Bu işdə ənənəvi olaraq bu ampluada çıxış edən Andreas Qrossla yanaşı, AŞPA-nın Fransadan olan vitse-prezidenti Rene Ruke də fərqlənirdi. Qeyd edək ki, o, rəsmi Bakının icazəsi olmadan işğal altında saxlanılan Dağlıq Qarabağa və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər edib. Qurumun Ukraynadan olan yeni vitse-prezidenti Vladimir Aryev isə "Facebook" sosial şəbəkəsindəki səhifəsi vasitəsilə Azərbaycan və Ermənistan əhalisinə birmənalı şəkildə yolverilməz olan çağırış ünvanlayıb: "Avtoritar hökumətlərinizi devirin".

Doğrudur, Aryevin, təxminən, 40 yaşı var və siyasətdə o, yeni deyil. Üstəlik, bu şəxs ardıcıl olaraq üçüncü çağırış Ali Radanın deputatıdır. Lakin onun ali təhsilinin olmamasını bu işdə yüngülləşdirici amil saymaq olmaz. Poroşenkonun Ali Radadakı tərəfdarları arasında "hökuməti devirmək" təcrübəsi olan deputatlar az deyil. Lakin onların bilikləri və təcrübələri praktiki iş üçün kifayət etmir. Əks təqdirdə, Ukraynanın idarə olunması, ölkədə islahatların aparılması üçün əsas hökumət postlarına Gürcüstandan, Litvadan, Kanadadan varyaqlar dəvət olunmazdı. Bəs, onlar vəziyyəti müsbətə doğru dəyişə biləcəklərmi? Bu sual, hələ ki, açıq qalır.

Bu məqalənin müəllifi Aryevə elə "Facebook" sosial şəbəkəsində cavab yazaraq bildirib ki, Azərbaycan xalqına məsləhət verməkdənsə, onun Ukraynadakı vəziyyətinin qayğısına qalması daha yaxşı olar. Axı, tezliklə xalqda suallar yaranacaq: Yanukoviçin güc yolu ilə devrilməsilə Ukraynanın Krımı itirməsinə, Donbası müharibənin bürüməsinə, ölkənin yaşayış səviyyəsinə görə Avropada son pilləyə düşməsinə görə kim cavab verəcək? Yaxın zamanlarda ölkədə müsbət dəyişikliklər başlamazsa, Aryevin çağırışı ilə hansısa ölkələrdə deyil, Ukraynanın özündə xalq onun da təmsil olunduğu hökuməti devirməyə qalxacaq. Azərbaycan xalqının isə Aryevin təxribatçı məsləhətlərinə ehtiyacı yoxdur. Allaha şükür ki, Azərbaycan xalqı ölkədə 90-cı illərin əvvəllərində baş vermiş və Ukraynada hazırda yaşanan hadisələrin analoqu sayılacaq olaylara qarşı immunitetini itirməyib.

AŞPA-nın adıçəkilən nümayəndələri Azərbaycanın maraqları ilə bağlı məsələlərdə beynəlxalq hüquq normalarına, elementar siyasi etikaya əməl olunmasını lazım bilməyən digər şəxslər kimi, cavablarını alırlar. AŞPA-nın son iclası da Azərbaycan Xarici İşlər Nazirliyinin diqqətindən kənarda qalmayıb. Qurum bununla bağlı yaydığı rəsmi bəyanatında bildirib ki, "...qərəzlilik, ikili standartlar Bakını Azərbaycanın Avropa Şurasında, bu təşkilatın strukturlarında qalmağın nə qədər məqsədəuyğun olub-olmadığını düşünməyə vadar edir".

Təəssüf ki, yalnız parlamentarilər deyil, bəzi qərbli diplomatlar, həmçinin jurnalistlər və ekspertlər də ikili standartlardan çıxış edir, Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq normalarına deyil, ermənilərə olan simpatiyalarına, azərbaycanlılara bəslədikləri antipatiyaya əsaslanırlar. NATO Parlament Assambleyasının iyunun 19-da İrəvanda keçirilmiş Rose-Roth seminarında ATƏT-in Minsk Qrupunun Fransadan olan sabiq həmsədri Jak Forun çıxışı bunun daha bir sübutudur. Onun sözlərinə görə, vasitəçilər Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməsini mümkün saymırlar. For bildirib ki, vasitəçilər bunu anlasalar da, Bakını vəziyyətlə barışmağa məcbur edə bilmirlər. "Azərbaycana təsir etmək üçün rıçaqların çox az olduğunu" etiraf edən fransalı sabiq diplomat bildirib ki, buna nə maddi təzyiqlərlə, nə də beynəlxalq təşkilatların vasitəsilə nail olmaq mümkündür. Nədənsə bir məqam Forun ağlına gəlmir: Azərbaycana təzyiq göstərmək üçün səbəb yoxdur, çünki Bakının bütün tələbləri beynəlxalq hüquqa əsaslanır. Sabiq fransız diplomatı onu da deməyib ki, ədalətə, beynəlxalq normalara qalarsa, sanksiyalara çoxdan məruz qalmalı olan Ermənistandır. Çünki o, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının çoxsaylı qətnamələrinin tələblərinə rəğmən, 20 ildən çoxdur ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Halbuki bu təzyiqlər üçün istər fövqəldövlətlərin, istərsə də beynəlxalq təşkilatların imkanları kifayət qədərdir: yoxsul Ermənistan kənar maliyyə yardımlarından, iqtisadi dəstəkdən asılı vəziyyətdədir.

Fövqəldövlətlər və beynəlxalq strukturlar ermənilərə qarşı təzyiqlərə əl atmaq arzusunda deyillər. İkibaşlı qətnamələr, fikirlər, Dağlıq Qarabağ separatçılarının liderlərinin qılığına girmək isə ermənilərdə heç zaman gerçəkləşməyəcək ümidlər yaratmaqdan başqa bir şey deyil. Buna son misal kimi, Londonun "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ münaqişəsilə bağlı dinləmələrə Bako Saakyan adlı şəxsin dəvət olunmasını göstərmək mümkündür. Bu şəxs özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış "dövlət"in "prezident"i kimi təqdim edir. Bununla əlaqədar olaraq, Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq Azərbaycan XİN-nə çağırılıb, xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan tərəfinin qəti etirazını diplomatın nəzərinə çatdırıb.

Siddiq öz növbəsində, bildirib ki, tanınmamış separatçı rejimin liderinin Londona dəvət olunması Böyük Britaniyanın məsələ ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olduğunu göstərmir. Onun sözlərinə görə, London bu separatçı rejimi dövlət kimi tanımır və onunla hər hansı rəsmi əlaqəyə malik deyil.

Bako Saakyanın bir neçə ay səfər etdiyi, hətta parlamentində bəzi görüşlər keçirdiyi Fransanın hökuməti də məsələ ilə bağlı analoji mövqe ortaya qoyub. Lakin bu izahlar kifayət sayıla bilməz. Axı, Brüssel nəinki tanınmamış Krım və Donbasın liderlərinin, hətta Ukraynanın Kiyevin nəzarətində olmayan ərazilərinin adi sakinlərinin Aİ-yə və digər Qərb ölkələrinə səfərini qadağan edib. Analoji qadağalar qanunsuz olaraq Gürcüstandan müstəqilliyini elan etmiş Abxaziya və Cənubi Osetiyanın liderlərinə, vəzifəli şəxslərinə də tətbiq edilir. Rəsmi Bakı bu məqamı dəfələrlə gündəmə gətirsə də, təəssüf ki, hələlik, onun mövqeyini anlayışla qarşılayan yoxdur.

Belə ikili münasibət özünü hələ mayın sonunda, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı iştirakçılarının Riqa sammitində göstərmişdi. Sammitin yekun sənədinə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyinə dair amorf formul salınmışdısa, Krım və Donbasla bağlı məsələ birmənalı və prinsipial şəkildə qoyulmuşdu. Bu, Azərbaycan nümayəndə heyətinin haqlı narazılığına səbəb olmuş, nəticədə, sammitin yekun bəyannaməsinin qəbulu məsələsi sual altına düşmüşdü. O zaman yalnız Avropa İttifaqının sədri Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevə müraciətindən sonra Bakı konsensusu pozmamaq üçün təklif olunan formula razılaşmış, amma sammitin yekun sənədinə öz qeydini yazmaq hüququnu da ayrıca qeyd etmişdi. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa uyğun irəliləyişə nail olunması üçün nəhəng iqtisadi və siyasi çəkisindən istifadə etmək niyyətində deyil.

Bu arada iyunun 29-da Minskdə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramına üzv dövlətlərin XİN başçıları arasında qeyri-rəsmi dialoq olub. Toplantıda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərindən danışıb. Bu, vətəndaşların transsərhəd hərəkətinin sadələşdirilməsi, enerji və nəqliyyat kommunikasiyalarının yaradılması, həmçinin ticarət və humanitar əlaqələrin qurulmasıdır. Bununla yanaşı, Bakı Brüssellə münasibətləri yalnız bərabərhüquqluluq əsasında, öyüd-nəsihət qəbul etmədən, qarşılıqlı maraqların nəzərə alınması ilə inkişaf etdirmək niyyətindədir.



MƏSLƏHƏT GÖR:

618