18 May 2024

Şənbə, 14:35

BAŞ TUTMAYAN DUEL

Bünyadova əkiz bacıları Avropa Oyunlarının finalında bir-birilə döyüşmək haqda düşünürdülər

Müəllif:

14.07.2015

Bakıda keçirilən ilk Avropa Oyunlarında qazanılan 56 medalın hər biri ölkəmiz üçün böyük uğurdur. Amma bu medallardan ikisi haqda xüsusilə danışmağa dəyər. Məhz qılıncoynatma yarışlarında Avropa Oyunlarında ilk dəfə Azərbaycan bayrağı yanaşı yüksəldi. Qılıncoynatma yarışlarında iştirak edən əkiz bacılar - Sevil və Sevinc Bünyadovalar ölkəmizə gümüş və bürünc medal qazandırmaqla təmsil etdikləri idman növündə yeni səhifə açdılar. Çünki nisbətən aşağı qiymətləndirilirdi. Bununla belə, Sevil və Sevinc ölkəmizin aktivinə iki medal əlavə etməyi bacardı.

1989-cu ildə Rusiyada doğulan Bünyadova bacıları 9 yaşından bu idman növü ilə məşğul olurlar. Bacıların qılıncoynatmayla məşğul olmasında valideynləri böyük rol oynayıb. Sevil həmin illəri yadına belə salır: "Bizi bu idman növünə valideynlərimiz gətirib. İlk məşqçimiz elə Fikrət müəllim olub (F.Vəliyev bacıların ilk məşqçisi olub və indi qılıncoynatma üzrə millinin baş məşqçisidir - red.). Biz əvvəl rapira növündə qılınc açmışıq. Sonra isə məşqçimiz sablya növünə keçib".

Sevinc də qılıncoynatma idman növünü seçmək ideyasının valideynlərindən gəldiyini deyir. Onun sözlərinə görə valideynləri bütün günü işdə olduqları üçün onların evdə tək qalmasını istəməyib. Məhz, bu səbəbdən, Bünyadova bacıları idmanla məşğul olublar: "Valideynlərimiz bütün günü işdə olurdu. Ona görə bizi aparıb məşqə qoyublar ki, evdə tək qalmayaq. Düzünü deyək, əvvəlcə insana qəribə gəlirdi. Hər halda qılıncoynatma o qədər populyar idman növü deyildi. Hazırda Avropada çox sevilən idmandır. Bizdə bir qədər fərqlidir. Lakin Fransanın özündə minlərlə insan qılıncoynatmayla məşğul olur".

İlk Avropa Oyunlarına gəlincə, bacılar bu yarışa ciddi hazırlaşdıqlarını söyləyirlər. Azarkeşlər ənənəvi idman növlərindən medal gözlədiyi halda Sevil və Sevinc də medala iddialı olublar. Lakin şanslarını dəyərləndirməyə risk etməyiblər. Sevinc yarışda medal qazanmaq istəklərini belə izah edir: "Güləş, boks hər zaman çoxlu sayda medal qazanıb. Bakıda keçirilən ilk Avropa Oyunları hər bir idmançı üçün böyük çağırış idi. Axı, oyunlar Azərbaycanda keçirilir. Biz sübut etmək istəyirdik ki, təkcə ənənəvi idman növləri deyil, digər yarışlarda da medal qazanmaq olar. İlk görüşlər çətin olsa da, sonradan finala yaxınlaşdığımızı hiss edirdik. Azarkeşlərin dəstəyi, məşqçilərimizin məsləhəti bizə sona qədər inamla davam etməyə kömək oldu. Finala çıxmağa çox yaxın idik. Bir zərbə bizi finaldan kənarda qoydu".

Finalda polşalı idmançı Anjelika Vatorlaya 14:15 hesabıyla uduzan Sevil Bünyadova həmin anları belə xatırlayır: "Anjelika bacıma da qalib gəlmişdi. Deməli, final bizim üçün ikiqat əhəmiyyətli idi. İstəyirdim ona qalib gəlim, həm də bacımı sevindirim. Hər şeyə nəzarət edirdim. Hesab 14:13 olarkən həlledici zərbəni vurmaqla qalib gələ bilərdim. Bunu edə bilmədim. Nəticədə, 1 xal fərqiylə uduzdum. Bu, çox pis hisslər idi. Finalda uduzmaq idmançıya psixoloji təsir edir. Çox istəyirdim qızıl medal qazanım. Dövlət himnimizin səslənməsini arzulayırdım". 

Sevinc söyləyir ki, polşalı idmançı yaxşı fiziki göstəricilərə malik idi. Bununla belə, o, məğlubedilməz deyildi: "Yarımfinalda məğlubiyyətdən sonra kədərlənmədim. Hər halda bacım finalda idi. Amma onun uğursuzluğu bir qədər fərqli hisslər yaratdı. İndi o barədə düşünmək çətindir. Hər halda hərəmizin 1 medalı var. Gümüş və bürünc medallara layiq görüldük, bayrağımızı yüksəltdik".

Sevil Bünyadova qızıl medalı son anda əldən verdiyini təəssüflə xatırlayır: "Mən bir zərbə fərqi ilə uduzmuşam. Hakimin də səhvi oldu. Ancaq mən axırıncı zərbədə, bəlkə də, tələsdim. Qızıl medalı tez əldə etmək istədim. Mən əgər böyük fərqlə uduzsaydım, pis olmazdım". 

Bacılar əvvəllər də bir neçə nailiyyət əldə ediblər. Ancaq ilk dəfə fərdi olaraq medal qazanıblar. Bacıların arzusu finalda qarşılaşmaq olsa da, buna nail ola bilmədilər. Sevinc deyir ki, iki bacının finalda görüşü çox maraqlı olardı: "Həmişə məşq edəndə biz vuruşuruq. Məşqdən sonra biz bacıyıq. Oyunlarda isə rəqibik. Həmin gün ikimiz finala çıxsaydıq çox maraqlı olardı. Hər halda əkiz bacıların finalda mübarizəsi böyük uğur olardı. Finalda bacımla üz-üzə gəlsəydim, açıq yarış olacaqdı. Güzəştdən söhbət ola bilməzdi. İdmanda bacı yoxdur, rəqib var. Birimiz qalib gəlsəydik, hər ikimiz sevinəcəydik".

Xarici görünüşcə bir-birinə bənzəyən bacılar oyunlar zamanı maraqlı anlar yaşadıqlarını deyirlər. Sevinc Bünyadovanın sözlərinə görə, onları bacısının üzündə xala görə fərqləndirə bilirlər: "Bizi valideynlərimiz səhv salmırlar. Amma digərləri ayırmaqda çətinlik çəkir. Məşqçilərimiz artıq öyrəşib, ona görə fərqləndirməyi bacarırlar. Sevilin xalı var, onu göstəririk, o zaman tanıyırlar. Bəzən görürsən bir idmançı gəlib mənə iki dəfə salam verir, iki dəfə öpür. Oxşarlığımız çoxdur. Sevilin dərslərinə o zaman mən gedirdim. Müəllim də xəbərsiz olurdu. Amma idman həyatımızda dəyişiklik etməmişik. Mən qılıncı fərqli açıram, o fərqli".

Uşaqlıq illərində maddi problemlərlə böyüyən Bünyadova bacıları artıq qazandıqları pulu xərcləməyi də planlaşdırıblar. Sevil Bünyadova qazanacağı mükafatı qızının gələcəyi üçün xərcləmək niyyətindədir: "Qızıma demişdim ki, əgər qalib olsam, pulları onun gələcəyi üçün xərcləyəcəyəm. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, belə mötəbər yarışda bizə dəstək oldu. Prezident hər zaman idmançılarımızın yanındadır".

Sevinc Bünyadova isə hələ fikrini dəqiqləşdirməyib. Onu indi qazandığı mükafatdan çox, toy hazırlıqları daha çox məşğul edir: "Hələ bu barədə fikirləşməmişəm. Amma sentyabrda toyumdur. Yəqin, toya xərclənəcək. Adətən, xeyir işə müəyyən mənada pul lazım olur. Artıq, demək olar, maliyyə problemi olmayacaq".

Bünyadovalar ilk Avropa Oyunlarının onların gələcəkdə uğur əldə etmələrində böyük rol oynayacağına əmin olduqlarını deyirlər. Sevilin sözlərinə görə, qazanılan iki medal həm də qılıncoynatmanın inkişafına təkan olacaq: "Bu medallar qılıncoynatmaya münasibəti dəyişəcək. İndi uşaqlar daha həvəslə məşğul olacaqlar. Biz bacılar da artıq növbəti yarışlara daha ciddi yanaşacayıq. Uğurlarımızın davamlı olması üçün çalışacayıq".



MƏSLƏHƏT GÖR:

598