18 May 2024

Şənbə, 13:04

QƏDİM BAKI ZƏHMƏTKEŞLƏRİ

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan paytaxtında dəbdə olan peşələr

Müəllif:

14.07.2015

Əcdadlarımızın həyatının bizim məişətimizdən nə ilə fərqləndiyini anlamağın ən yaxşı yolu onların nə işlə məşğul olduqlarına, necə pul qazandıqlarına nəzər yetirməkdir. Ötən illər ərzində bir çox peşələr ciddi dəyişikliyə məruz qalıb, bəzilərisə hətta insana qəribə təsir bağışlayır. Məşhur opera müğənnisi, bəstəkar və dramaturq Hüseynqulu Sarabski "Qədim Bakı" kitabında bakılıların əsrin əvvəlindəki peşəsi haqda bunları yazırdı: "Burada hər zaman müxtəlif sahədə sənətkarlar çox olub: bənna, xarrat, dəmirçi, rəngsaz, xalçatoxuyan, zərgər, papaqçı, saatsaz, daşyonan, inşaat daşı hazırlayan, daş oyucusu, bıçaq, qayçı hazırlayanlar və itiləyənlər, keçəçi, çəkməçi, qılınc hazırlayanlar, qiymətli daş yığanlar, bərbər, boyaqçı və bir çox digərləri. Bunların hər biri öz işinin ustası olub və bakılılara hər zaman layiqincə xidmət göstəriblər".

 

"Bütün peşələr vacibdir"

Bu cür peşə sahibləri şəhərdə birdən-birə peyda olmayıblar. Onlar yalnız XIX əsrin 70-ci illərində ortaya çıxmağa başlayıblar. O illərdə Bakıda əhalinin sayı görünməmiş templərlə artırdı. Neft bumu fonunda insanların həyat səviyyəsi yüksəlir, bu səbəbdən də, müxtəlif sahələrdə mütəxəssislərə tələbat yaranırdı.

Həmin illərdə ən nüfuzlu və gəlirli işi papaqçılıq olub. Bu sahədə yaxşı usta iyirminci əsrin əvvəllərində aya 150 rubladək qazanc əldə edə bilib. Halbuki həmin dövrdə neft işçisinin orta aylıq əməkhaqqı 15 rubl olub. Zəngin adamların bir neçə nəsli papaq üçün eyni "ailə şirkəti"nə üz tuturdular. Ustanın ailəsində isə papaqçılıq atadan oğula keçirdi. Ən bahalı papaqlar qaragüldən olurdu. Onların boz rənglisi, bir qədər kül rəngli, nazik, xırda qıvrım dəri ilə olanları daha baha qiymətə əmələ gəlirdi. Belə papağın qiyməti bəzən 100 rubla çatırdı.

İndiki dövrdə camadar peşəsi də bir qədər qəribə görünə bilər. Lakin hələ ötən əsrin 50-ci illərində, SSRİ-nin əksər əhalisinin şəxsi mənzilə sahib olmadığı dövrdə ictimai hamamlar böyük populyarlığa malik idilər. O vaxtlar hamamçının əsas işi müştərilərdən pul toplamaq və hamamı təmiz saxlamaq idi. İnqilabdan əvvəlki illərdə isə camadarlar həm də ətirli vasitələr (bu vasitələr şampunu əvəz edirdi), sabun, saç üçün xüsusi ədviyyat satmaqla da məşğul olurdular. O zaman Buzovna gilinə böyük tələbat var idi. Onu çətinliklə olsa da, bu gün də əldə etmək mümkündür. Buzovna gili əla köpüklənir, saçı yumşaldırdı. Onunla yuyulan saçlar pişik tükü kimi nazik olurdu.

XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid fotolara baxdıqda insanların sənaye erasının başlanğıcında son dərəcə yoxsul yaşadıqlarını hiss etmək mümkündür. Bu, peşə sahəsində də özünü göstərirdi. Məsələn, Bakıda əksər bərbərlərin fəaliyyət göstərmələri üçün öz obyektləri yox idi. Onlar daha çox birmərtəbəli evlərin aralarındakı dalanlarda işləyirdilər. Dağlı və Çəmbərəkəndin kasıb məhəllələrində əllərində vedrə, sabun və güzgü tutan, öz xidmətini təklif edən bərbərlərin səsini eşitmək mümkün idi. Belə məhəllələrdə ticarət piştaxtaları da dəbdəbəsilə fərqlənmirdi. Onları lazımsız tikinti materiallarından hazırlayırdılar.

Yoxsul məhəllələrin sakinləri daha çox neft sənayesi sahəsində çalışır, ən ağır, hələ avtomatlaşdırılmamış işləri görürdülər. Bunun əvəzində isə onlara cüzi əməkhaqqı verilirdi. Söhbət neft quyuları qazan "kankanlar"dan, jelonka vasitəsilə nefti quyudan çıxaran və rezervuarlara boşaldanlardan, əskilərin köməyilə nefti yerdən və dəniz səthindən təmizləyənlərdən, yelkən tikən və yamayan yelkənçilərdən gedir. Statusuna görə, onlardan yuxarıda dənizçilər, mexaniklər, daşyonanlar, bənnalar, dülgərlər və digər daha peşəkar işçilər dayanırdılar.

 

Həsir ustası

Müasir dönəmdə unudulmuş, amma zamanında gündəmdə olan daha bir peşələrdən biri də zənbilçilikdir. Bu peşə XIX əsrin ortalarında meydana gəlib və yarım əsrdən bir qədər çox "yaşayıb". Bu peşənin sahibləri yumşaq hörmə səbətlər - zənbillər hazırlayırdılar. Zənbilçi peşəsinin yaranmasına səbəb Bakıda ticarət dövriyyəsinin artması idi. İndi şəhərə daha çox qatar və paroxod gəlirdi və zənbilçilər vağzallarda, gəmilərin yan aldığı körpülərdə dayanaraq özlərinin hazırladıqları tarlaları satırdılar. O zaman Bakı əsl təzadlar şəhəri idi. Şəhərin dağlıq hissəsində yaşayanlar mərkəzdə yaşayanlarla, demək olar ki, rastlaşmırdılar. Yanlarında cavan xanımlar olan zabitlər Çəmbərəkəndin boz gilli ərazisindən keçmirdilər. Yoxsul məhəllələrdən şəhərin kübarların yaşayan hissəsinə düşmək üçün isə cəmi 10 dəqiqə kifayət idi. 

Gözəl yazıçı və tarixçi Manaf Süleymanov özünün "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında XIX əsrin sonu, XX əsrin əvvəllərinə Bakıda mövcud olmuş ən dəbdəbəli mağazadan söz açır. Bu, Zaytsın qənnadı mağazası idi. Mağazanın fasadı və içi daha çox muzeyə bənzəyirdi. Piştaxtalarda şəkərdən heykəllər qoyulmuş, hündür divarlarda rəsmlər asılmışdı. Piştaxtaların üzərində mərkəzi yeri Bayronun poemasına aid mifik mövzuda nəhəng rəsm əsəri tuturdu. Bütün bunlar hansısa muzeydə deyil, qənnadı mağazasında idi. Bu mağazaya məhsulları Moskvadan, Peterburqdan, Varşavadan, Parisdən gətirirdilər. Mağazada satılan tortların qiyməti çox baha idi. Zayts isə müştəriləri mağazaya cəlb etmək üçün müəyyən hiylələrə əl atırdı. Manaf Süleymanov yazırdı: "Satıcı qızlar gözəllikdə, xoş rəftarda bir-birilə bəhs edərdilər. Hələ o qızların libasları... Saçlarının bəzəyi, bağladıqları rəngarəng ipək lentlər heyrətamiz idi, adamı ovsunlayardı, müştəri heç vaxt əliboş bayıra çıxmaz, mütləq bir şey alardı". 

 

Şəxsi mühafizəçilər

"Kökü kəsilmiş" daha bir peşə "qoçu" adlandırılan mühafizəçilər idi. Bəli, məhz "qoçu". Bu söz xeyli sonralar quldur anlamı verməyə başlayıb. Əvvəllər isə "qoçu" neft maqnatlarının şəxsi mühafizəçilərinə deyirdilər. Məsələ ondadır ki, XIX əsrdə sürətlə varlanan şəhərə digər əyalətlərdən çox sayda pis insanlar da üz tuturdular. O dövrdə Tiflisdən gələn, özlərini "kito" (və ya "kento") adlandıran insanlar xüsusi bəlaya çevrilmişdilər. Onlar silahla davranma qaydalarını əla bilir, prinsipial olaraq heç yerdə işləmirdilər. Onlar yerli tacirlər, sənayeçilər üçün əsl başağrısına çevrilmişdilər. Nəticədə, yerli zəngin belə qüvvələrdən qorunmaq üçün fiziki güclü, silahla davranmağı bacaran şəxsləri özlərinə mühafizəçi tuturdular. Onlar "qoçu" adlanırdılar. Tarixçilərin bildirdiklərinə görə, "qoçu" bu işlə məşğul olan şəxslərdən birinin əsl adı imiş. Bu şəxs də Bakıya kənardan gəlibmiş. Şəhərdə o, qeyri-adi gücü, ən "dəli" atları da əhliləşdirməyi ilə məşhurluq qazanıbmış. Nəticədə, qoçular "kento"ları şəhərdən qovdular. Amma sonradan cangüdənlərə ehtiyac azaldığına görə qoçular "kento"ların yerini tutdu.

Bakının iqtisadiyyatında, memarlığında, demoqrafiyasında, həmçinin həyat tərzində baş verən dəyişikliklər cəmi bir neçə ildə xeyli sayda maraqlı peşənin incəsənətə çevrilməsinə yol açıb. Onların bir çoxu bu gün, demək olar ki, mövcud deyil. Amma bu keçmişi bildikdə biz yaşadığımız şəhəri daha yaxşı anlayırıq.



MƏSLƏHƏT GÖR:

606