20 Aprel 2024

Şənbə, 16:50

KÜLƏYİN QANADLARINDA

"Yeni Yaşma" parkı ölkənin enerji sistemini 50 mvt əlavə güclə təmin edəcək

Müəllif:

14.07.2015

Bərpaolunan enerji mənbələrinin istifadə sahəsinin genişləndirilməsi XXI əsrdə mədəniyyətin inkişafının magistral istiqamətinə çevrilir. Alternativ enerjinin inkişafına Azərbaycanda da xüsusi diqqət ayrılır - ötən onillik ərzində burada ümumi gücü, təxminən, 2300 meqavat olan 17 elektrik stansiyası tikilib. Nəticədə, ölkənin enerji sistemi 7200 MVt-a çatıb və bu göstəriciyə görə Azərbaycan Xəzər regionu dövlətləri arasında öncül yerlərdən birini tutur. Ölkənin enerji sisteminin əsasını 13 iri istilik və 8 hidroelektrik stansiyaları təşkil edir.

"Böyük" energetikanın gücünü artıraraq, ölkədə onun alternativ seqmenti haqqında da unutmurlar, həm də bu trend dövlət səviyyəsində dəstəklənir. "Alternativ energetikanın inkişafı və bərpaolunan enerji mənbələrinin maksimal tam istifadəsi - müasirliyə, innovasiya inkişaf modelinə və əlbəttə ki, ekoloji təmiz texnologiyalara doğru atılan addımdır. Bu bizim gələcəyə töhfəmizdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib. Dövlət başçısının bu ismarışı son illər üstünlük təşkil edən qlobal tendensiya - yanacaq qismində karbohidrogen xammalının bərpaolunan enerji mənbələri (BEM) xeyrinə elektrik stansiyaları üçün mərhələli əvəz olunmasını əks etdirir. 

BMT Proqramının ətraf mühitə dair məlumatına əsasən, yalnız ötən il ərzində bütün dünyada rekord 103 qvt güclü bərpaolunan enerji mənbələri olan obyektlər istismara verilib. Bu sektora sərmayələrin həcmi 17% artıb, yalnız külək energetikasına sərmayələr tarixi maksimal səviyyəyə - 99,5 mlrd. dollara çatıb. Bu sahədə tam liderliyi ABŞ əldə edib - dünyada bərpaolunan mənbələr hesabına enerji istehsalının dörddəbiri onun payına düşür. Liderlər beşliyinə, həmçinin Almaniya, İspaniya, Çin və Braziliya daxildir.

Sözsüz, Azərbaycan BEM vasitəsilə elektrik enerjisinin istehsalı həcmi ilə öyünə bilməz, baxmayaraq ki, bu sahədə böyük potensiala malikdir. Son illər ərzində ölkənin əsas enerji idarəçisi olan "Azərenerji"nin diqqəti istilik-elektrik stansiyalarının gücünün artırılmasına yönəlib. Bu, tamamilə haqlı qərardır, çünki müasir buxar-qaz stansiyaları əksər alternativ energetika istiqamətlərinə nisbətdə FİƏ üzrə üstünlüklərə malikdir. Böyük SES tikintisi halında isə bir meqavat əldə etmək üçün daha çox kapital xərcləri tələb olunur. 

Məhz buna görə ölkənin istilik-elektrik stansiyaları bu günə kimi ölkədə elektrik enerjisinin böyük hissəsinin generasiyasını təmin edir. Belə ki, 2014-cü il üçün olan məlumatlara görə, Azərbaycanda hasil olunan 2,3 mlrd. kvs elektrik enerjisinin 1,5 mlrd. kv/s bərpaolunan enerjinin bütün növlərinin payına düşüb. Bununla belə, BEM hasilatının 4/5-nü ölkədəki su-elektrik stansiyaları təmin edib. 

Azərbaycanda böyük SES inkişafı ilə yanaşı, ölkədə, həmçinin kiçik su-enerji obyektlərinin tikintisi proqtramı da həyata keçirilir. "Azərenerji" SC-nin mütəxəssisləri, ilk növbədə, Böyük Qafqazın dağ çaylarına diqqət yetirirlər. Artıq 4 sahədə tədqiqatlar tamamlanıb - Şirvan irriqasiya kanalı, eləcə də Nügədi-Qaraçay, Qusarçay və Katexçay çaylarında. Burada, orta hesabla, 0,5 - 5 mvt gücündə turbogeneratorlar quraşdırılacaq, onlar üçün bəndlərin və mürəkkəb qovşaqların qurulması tələb olunmur. Yaxın perspektivdə, təxminən, 34 effektiv kiçik SES tikintisi planlaşdırılır. Onların ümumi gücü 239,9 mbt səviyyəsində proqnozlaşdırılır, illik məhsuldarlıq isə 1,2 mlrd. kvt/saatdan artıq olacaq. Bu gün ölkənin bir neçə dağ çaylarında artıq ümumi gücü 77,2 mvt olan ilk 15 kiçik SES tikintisi başlayıb. Naxçıvan Muxtar Respublikasının hidropotensialı da fəal şəkildə mənimsənilir - yaxın illərdə burada hasil olunan elektrik enerjisinin 60%-dən çoxu kiçik və orta SES fəaliyyəti sayəsində təmin olunacaq.

Çox güman, gələcəkdə HES istilik stansiyalarına əsas alternativ statusunu özündə saxlayacaq. Lakin hidroelektrik stansiyalarının tikintisi kapital tələb edən işdir və təəccüblü deyil ki, bura BAM üçün cəlb olunan sərmayələrin böyük hissəsi yönəldilib. Alternativ enerjinin bütün seqmentlərində obyektlərin yaradılmasına 2000-ci ildən bu yana, təxminən, 800 mln. manat yatırılıb. Azərbaycanda çayların və su anbarları enerjisinin istifadəsindən savayı günəş, külək enerjilərinin generasiyası, bioloji qazın istifadə üçün böyük imkanlar və regionda ən yüksək BEM mənbələri potensiala malikdir. Lakin elektrik enerjisinin BEM vasitəsilə hasili böyük sərmayə tələb edir: 2014-cü ildə Azərbaycanın alternativ energetikasına birgə sərmayələr 63,6 mln. manat təşkil edib. Onlardan 34,9 mln. manat günəş stansiyalarının inkişafına, 28,7 mln. manat isə külək enerjisinin istifadəsinə yönəlib. 

Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) tərəfindən hazırlanan 2020-ci ilə qədər alternativ və bərpaolunan enerji mənbələrinin dövlət inkişaf strategiyası müxtəlif BEM mənbələri arasında proporsiyaların xeyli dəyişməsini nəzərdə tutur. Alternativ enerji istehsalının ümumi həcmində günəş mənbəyinin payı 40%, küləyinki 28%, bioenerjinin (bioqaz) 8% təşkil edəcəyi gözlənilir, qalanları kiçik hidroobyektlər təmin edəcək. Şübhəsiz, bu paylaşdırma iri HES-də istehsalat payını nəzərə almır, çünki bu istiqamət ənənəvi olaraq "böyük" energetika sahəsinə aiddir. 

Beləliklə, Azərbaycanda BEM-in inkişafı üzrə ən başlıca prioritet kimi günəş enerjisinin istismarı qeyd olunub. Təxminən, 2 il bundan əvvəl ABEMDA mütəxəssisləri üçmərhələli layihə hazırlayıb. Onun həyata keçiriləcəyi təqdirdə, 2020-ci ilin sonuna qədər ölkədə ümumi gücü 2,0 min mvt olan günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Belə planlaşdırılıb ki, 2014-2016-cı illərdə gücü 790 mvt, 2017-2018-ci illərdə 685 mvt, 2019-2020-ci illərdə isə 730 mvt günəş generasiya obyektləri istismara verilə bilər. Lakin qlobal neft bazarında əlverişsiz konyunktur və dövlət büdcəsi gəlirlərinin azalması şəraitində bu kapital tələb edən planların həyata keçirilməsi, ehtimal ki, daha sonrakı dövrə ertələnəcək. Hələlik, Azərbaycanda 1 il əvvəl açılan Suraxanı günəş elektrik stansiyası fəaliyyət göstərir. Fotoelementləri olan panellər, həmçinin Qobustandakı gibrid-elektrik stansiyasında yerləşdirilib. Günəş panelləri Biləsuvarda qaçqınlar düşərgəsində, Masallı idman kompleksində, bir sıra paytaxt məktəbləri və poliklinikaların damlarında quraşdırılıb. Yaxın gələcəkdə yeni günəş elektrik stansiyaları Sumqayıt və Samuxda, eləcə də Pirallahı yarımadası və Səngəçal qəsəbəsində açılacaq. 

ABEMDA mütəxəssisləri perspektivliyinə görə, ikinci BEM istiqaməti kimi külək generasiyasını hesab edirlər. Külək energetikasının inkişafı üçün Abşeron yarımadası və ölkənin digər sahilyanı rayonlarında kifayət qədər yaxşı imkanlar var. Burada küləyin sürəti 3-27 m/san arasında dəyişir. Məhz buna görə külək energetikası sahəsindəki, demək olar ki, bütün persperktiv layihələr Xəzər dənizinin sahilində yer alır. Misal kimi, Qobustan rayonunu göstərmək olar - burada küləyin ortalama sürəti 8,5 m/s təşkil edir, bu da həmin ərazidə bir neçə külək parkının yaradılmasını səmərəli edir. Uğurlu misal qismində 2012-ci ildə istismara verilən 5,5 mvt gücündə Qobustan hibrid stansiyasını göstərmək olar. Onun ən mühüm komponenti 2,7 mvt-lıq üç külək turbinidir. Qobustan poliqonunda layihənin ikinci fazasının həyata keçirilməsi zamanı 2,5 mvt gücündə daha bir külək turbini tikilcək.

2011-ci ildə "Caspian Technology" şirkəti külək enerjisi sahəsində iri layihənin həyata keçirilməsinə başlayıb. Şirkət Almaniya və Danimarkadan hər biri 850 kvt gücündə olan 2 külək-elektrik stansiyaları alıb. Onlar Xızı rayonunun Yaşma qəsəbəsindəki "Şurabad" poliqonu ərazisində yerləşdirilib. Elə burada ABEMDA mütəxəssislərinin treninqi üçün nəzərdə tutalan 550 kvt gücündə daha bir külək generatoru quraşdırılıb. 

Xızı rayonunda ölkədə ən iri külək generasiyası layihəsi həyata keçirilib. ABEMDA-nın təşəbbüsü ilə burada "Yeni Yaşma" parkı yaradılıb. Parkda ümumi gücü 50 mvt olan 20 külək mühərriki quraşdırılıb. 2,5 mvt gücündə ilk külək generatorunun işə salınması 28 May - Azərbaycan Respublika Gününə təsadüf edib. "İstismara verildikdən sonra, "Yeni Yaşma" stansiyasının bütün turbinləri sınaqlardan keçdi, istismara verilən ilk külək turbini isə hasil etdiyi elektrik enerjisini ölkənin enerji şəbəkəsinə ötürməyə başladı. Yaxın zamanlarda 3-günlük fasilə ilə hər biri 2,5 mvt gücündə olan qalan 19 külək turbinləri istismara veriləcək", - Dövlət Agentliyinin məlumatında belə deyilir. 

Lakin görünür külək enerjisi sahəsində miqyaslı iş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə həyata keçiriləcək. Bir neçə il bundan əvvəl qurum Çilov adasında 2 mvt gücündə külək elektrik stansiyasının tikintisi üzrə layihə irəli sürüb. Lakin SOCAR-ın külək enerjisinin istismarına dair perspektiv planları daha əhəmiyyətli olub. Söhbət, əsasən, Neft Daşları ərazisi, eləcə də Pirallahı və Çilov adalarını əhatə edən regionda ən böyük külək generasiyası kompleksinin 2017-2018-ci illərdə tikintisinin başlanmasından gedir. Dəniz estakadalarında quraşdırılması planlaşdırılan külək stansiyalarının nəzərdə tutulan gücü 200 mvt təşkil edəcək. Layihənin təxmini dəyəri 450 mln. manat təşkil edir və bu xərclər 10 il ərzində əldə olunan gəlirlər hesabına ödənilə bilər. Layihə olduqca perspektivlidir. Layihəyə artıq BƏƏ, Almaniya və Çindən olan investorlar maraq göstərib.



MƏSLƏHƏT GÖR:

642