10 May 2024

Cümə, 08:36

"DÖRDÜNCÜ HAKİMİYYƏT"in TARİXİ

Azərbaycan jurnalistikası 140 illiyini qeyd edir

Müəllif:

21.07.2015

Maarifçi və publisist Zərdabinin İstanbuldan ərəb nəşriyyat şriftini gətirdiyi, köhnə sexin otağını icarəyə götürdüyü və orada ilk nəşriyyat və mətbəənin təchiz edilməsi günündən nə az-nə çox, düz, 140 il ötür. Milli Mətbuatın əsasını qoyan onun məşhur "Əkinçi" qəzeti uzun ömür sürməyib. Bunun tarixi hamıya məlumdur. Bununla yanaşı, sonradan növbəti onillikdə Azərbaycan jurnalistikasında cərəyan edən hadisələr kifayət qədər maraqlıdır.

 

İlk addımlar 

Həmin dövrün rəsmi məlumatlarına əsasən, 1870-ci ildən 1889-cu ilə qədər Qafqazda 56 qəzet, jurnal və bülleten mövcud idi. Onlardan 20-si rus, 15-i gürcü və yalnız 3-ü Azərbaycan dilində çıxırdı. Bu disbalansa səbəb insana "Quran"dan başqa digər məlumat mənbələrinin lazım olmadığı barədə müsəlman ruhanilərinin cəmiyyətdə apardığı təbliğat idi.

Azərbaycan mətbuatının inkişafında təkcə Zərdabinin deyil, həmçinin digər şəxs - maarifçi və ictimai xadim Məmmədağa Şaxtaxtinskinin əməyi də var. Jurnalistikada həqiqətən də ilk uğurlu təcrübə məhz Şaxtantinskiyə məxsus idi. 1903-cü ilin martın 30-da uzun müddət Azərbaycan mətbuatının üzü olmuş "Şərqi-Rus" qəzetinin ilk buraxılışı işıq üzü görüb. Bu qəzetdən çoxlu sayda məşhur jurnalistlər çıxıb, məhz buradan Cəlil Məmmədquluzadə də öz sənət yoluna qədəm qoyub.

 

Dil, əlifba və senzura 

Növbəti illərdə çap nəşrlərinə olan maraq dayanmadan artırdı. Lakin 1905-ci ilin inqilabı Çar hakimiyyətində bütün nəşrlərə qarşı şübhələr yaratdı. Belə ki, "Kaspi" (hamından çox ömür sürən - 1881-ci ildən 1919-cu ilə qədər) qəzetinin buraxışlarını müqayisə edəndə, 1905-ci ildən sonra onun məzmununun necə dəyişildiyini görmək olur.

Senzura orqanları daha az diqqəti müsəlman mətbuatına ayırırdı - onların çoxu ərəb hərflərini bilmirdi, oxuyanda da, mənasını çox vaxt anlamırdılar. Bu da "Molla Nəsrəddin" jurnalının xeyrinə idi. İkivərəqli olmasından başlayaraq, o, qısa müddət ərzində "kökəldi" və hətta rəngli çap olunmağa başladı. Tirajları isə o zamanlar üçün görünməmiş 25 min nüsxə təşkil edirdi. Jurnalda karikaturalar peyda olunduqdan sonra, tənqidçilərə mənasını anlamaq üçün ərəb yazısını oxumağa ehtiyacı qalmadı. 1908-ci ildən bütün Qafqazda məşhur olan və həmçinin İraq, İran və Dağıstanda yayılan nəşri bağlamaq üçün bir neçə cəhdlər olmuşdu.

"Daha çox tənbəl senzuradan, təbii ki, karikaturalar əziyyət çəkirdi", - deyə tarixçi Həsən Allahverdiyev danışır. - "Senzura tərəfindən kəsilən məqalələr yerində qəzetlərdə, demək olar ki, həmişə boş sahənin ifadəli dördbucaqları dururdu". Mirzə Cəlil vəziyyəti absurd həddə qədər çatdıraraq, belə şəraitdə maksimal dərəcədə zərifcəsinə hərəkət edirdi. "Onun redaksiyasında həmişə əvvəlcədən yazılmış mətnlə olan hazır qrankalar var idi", - tarixçi deyir. - "Ona görə də karikaturalar yerinə, onun jurnalında belə mətnlər yer alırdı: "Burada karikatura var idi"; "Biz şəkli yerləşdirməyi unutmuşuq"; kinayə ilə olan mətn: "Bizdən asılı olmayan səbəblərə görə ağ qalıb" və başqa variasiyalar yerləşdirilirdi. Bununla da o, rəsmi olaraq heç nəyə ilişə bilməyən senzorları lağa qoyurdu".

ADR-in mövcudluğunun qısa müddəti, çox güman ki, həmin dövrün mətbuatının ən yaxşı dövrü idi. Çar senzurası yoxa çıxdı, bolşevik isə hələlik gəlməmişdi. Bundan başqa, bir çox jurnalların redaktorları bu gün əfsanəyə çevrilən məşhur maarifçilərlər idilər. "Açıq söz" qəzetinə Məmmədəmin Rəsulzadə, "Azərbaycan" qəzetinə teatr aktyoru, yazıçı Ceyhun Hacıbəyli rəhbərlik edirdi. Bununla belə, bu və ya digər mənada məşhur personajlar jurnalistikaya bağlı idilər.

 

Sovet Azərbaycanının əlamətdar mətbuatı 

Erkən sovet dövrünün jurnalistikanı yalnız korladığını və heç bir fayda gətirmədiyini də demək olmaz. Dövlət hesabına uşaq jurnalları da daxil olmaqla, maarifləndirici jurnallar maliyyəşdirilməyə başlandı. Buna qədər yalnız bir uşaq jurnalı var idi. Onun adı "Məktəb" idi və yalnız 1911-ci ildən kiçik tirajla çap olunmağa başlanmışdı. 1920-ci illərdə "Maarif", "Qızıl cavanlıq", "Gənc pioner" və həmçinin "Azərbaycan pioneri" qəzetləri çap olunurdu. Həmin vaxtlarda xüsusi yeri dövriyyəvi mətbuat - "Bakinskiy raboçiy", "Kommunist", "Vışka" qəzetləri tuturdu.

Bu gün də mövcud olan əfsanəvi "Bakinski raboçi" qəzetinin taleyi isə çox maraqlıdır. O, Azərbaycan tarixində vacib maarifləndirici rol oynayıb. Nəşr birinci rus inqilabı dalğasında yaranıb və bolşeviklərin ruporuna çevrilib. Qəzet mütəmadi olaraq buraxılışını dayandırırdı və yalnız 1920-ci ildə daim çıxmağa başlayıb. Sovet dövründə "Bakinski raboçi" Azərbaycan rusdilli jurnalistikasının flaqmanı idi. Orada həqiqəti axtarırdılar və ona görə də adətən sadə insanlar ona müraciət edirdi. Bu gün "Bakinski raboçi" qəzetinin 109 yaşı var!

"Kommunist" qəzeti, həqiqətən də, məşhur nəşrlərdən biri idi. İş orasındadır ki, ADR-in dağılmasından sonra, qəzeti kommunizm ideologiyasını qəbul edənlər deyil, əsl kommunistlər yaradıblar. "Kommunist" hələ 1919-cu ilin avqustunda qeyri-qanuni çap olunurdu. Onu əsl kommunist və ümumi təhsilin tərəfdarı, sonradan Azərbaycanın maarifləndirmə üzrə xalq komissarı olan Ruhulla Axundov (əsl ziyalı kimi, o, da Stalinin təmizlənmə dövründə güllələnib) yaratmışdı. Qəzetdə redaktor müavini Məmməd Səid Ordubadi olub (məşhur "Qılınc və qələm" romanının müəllifi), əsas müəllif isə, əsl milli şair Əliağa Vahid idi.

1920-ci illər Azərbaycanda sənaye müəssisələrinin kütləvi tikintisi müşahidə olunurdu. Bütün bu dəyişikliklər barədə məlumat "Bakinski raboçi" qəzetinin səhifələrində artıq yerləşmirdi və ona görə də, 1928-ci il martın 1-dən rus dilində "Vışka" qəzeti çap olunmağa başlandı. Qəzet neft sənayesinin inkişafını, Azərbaycan neftçilərinin iş günlərini işıqlandırmaq üçün yaradılırdı.

Qəzetin ilkin tirajı 10 min nüsxə idi, lakin müharibədənsonrakı illərdə 120 minə çatdı. Bundan başqa, qəzet yalnız SSRİ ərazisində deyil, eyni zamanda, ABŞ, AFR, İsrail, Kuba, İran, Türkiyə və bir sıra digər ölkələrdə də yayılırdı.

Bu əlamətdar qəzetlərdən başqa, Azərbaycanda müxtəlif tematik qəzetlər nəşr olunurdu - təkcə paytaxtda deyil, eyni zamanda, respublikanın regionlarında.

Bizim idman mətbuatında böyük tarixə malik "İdman" qəzeti" ("Sport") Azərbaycan mətbuatının veteranlarından biri hesab olunur. 1932-ci ildən "Fizkulturşik Azerbaydjana" adı altında işıq üzü görən qəzetin artıq 83 yaşı var.

 

Postsovet dövrü

1987-ci ildə bütün SSRİ boyunca yürüşə başlayan yenidənqurma Azərbaycana da çatdı.

SSRİ-də yeni ideologiya ölkənin ictimai mühitinə güclü təsir göstərdi. Azərbaycanda ilk müstəqil nəşrlər də 1980-ci illərdə çıxmağa başladı.

Dövlət mətbuatının doldura bilmədiyi informasiya boşluğu təbii ki, özəl qəzetlərə əl verirdi. Əksəriyyəti, demək olar ki, heç bir reklam olmadan elə ilk sayından gəlir əldə edirdi. Bu, Həsən Abdullayevin xatirələridir:

"Kağızın qiyməti, təxminən, 6 dəfə baha olan vaxtda, 1994-95-ci illərdə nəşriyyat xidmətləri də bahalaşdı, bir çox nəşriyyat biznes dəstəyindən məhrum oldu. Nəticə etibarilə, qəzetlər məcburən tirajlarını aşağı salırdı, dövriliyini azaldırdı, əksəriyyəti isə sadəcə bağlanırdı. Hadisələrin belə gedişi Azərbaycanda çap olunan KİV rəhbərlərini struktur dəyişiklikləri və maliyyə siyasətinin yenidənqurulması haqqında ciddi düşünməyə vadar etdi. 90-cı illərin ikinci yarısından başlayaraq, KİV oxucu auditoriyasının maraqlarının öyrənilməsinə, ölkənin informasiya bazarında öz yerini axtarmağa başladı", - deyə o, bildirib. 

Mətbuatın inkişafında yeni dövr isə Heydər Əliyevin mətbuat üzərindən senzuranın götürülməsinə dair 6 avqust 1998-ci il tarixli xüsusi sərəncamı ilə başladı. Heydər Əliyevin "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli fərmanı da tarixi əhəmiyyət daşıyırdı. Belə ki, bu sənəddə Azərbaycan dilinin rolu və funksiyası müasir dövlətçiliyin atributu kimi vurğulanırdı. Və 2001-ci ilin 1 avqust tarixindən hər yerdə latın qrafikasında Azərbaycan əlifbasına keçid başlandı. 

 

Bu gün

H.Allahverdiyevin sözlərinə görə, statusuna və istiqamətinə görə Azərbaycanın qəzet bazarı bu gün növbəti şəkildə təsnif edilir: dövlət nəşrləri (xəbər, ictimai milli-dövlət); partiya nəşrləri (müxalifət, dövlət); müstəqil nəşrlər(informasiya-analitika; reklam; ixtisaslaşmış; bulvar). Dövlət qəzetləri istər məzmunu, istərsə də forması ilə seçilir. Dövlət qəzetlərinin daha parlaq nümunələri "Azərbaycan", "Xalq qəzeti" və "Respublika" qəzetləridir. Onlar, əsasən, dotasiya əsasında işləyir, bununla belə, xərclərinin müəyyən hissəsi reklam və abunə hesabına qarşılanır.

Partiya mətbuatının daha parlaq nümayəndələri, əks-siyasi düşərgələrə məxsus olan üç partiyanın adını çəkmək olar: "Yeni Azərbaycan", "Yeni Müsavat", "Azadlıq".

Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyasının güclənməsi, müasir Azərbaycan jurnalistikasında aparıcı mövqelər tutan müstəqil KİV-in rolunu artırır. Reklam bazarı və çap məhsullarının yayılmasının özəl şəbəkəsi inkişaf etdi. Bu, bir çox nəşrlərə özünümaliyyələşdirməyə və hətta gəlir əldə etməyə imkan verdi. Müstəqil nəşrlər arasında daha populyar və oxunaqlı "Zerkalo", "Exo", "525-ci qəzet" və s. hesab olunurdu. 

1990-cı ilə kimi Azərbaycanda dövlət informasiya agentliyi ancaq "Azadinform" (daha sonra adı "AzərTAc" oldu) mövcud idi. 1990-ci ildə ölkədə jurnalistlər qrupu tərəfindən ilk müstəqil informasiya agentliyi "Turan" yaradıldı. 1991-ci ilin əvvəlində daha bir müstəqil agentlik - "ASSA-İrada" yarandı, daha sonra 1992-ci ildən başlayaraq, informasiya bazarının bu sektoru son dərəcə gur inkişaf etməyə başlandı. Azərbaycanın informasiya bazarında daha məşhur agentliklər - "Trend", "Azerpress", "Şərq", "MPA", "Azadinform", "APA", "İnterfaks-Azərbaycan" və s. fəaliyyətə başladı 

Görünür ki, müstəqil informasiya agentliklərinin və qəzetlərin əsas problemi daim maliyyə məsələsi olur. Onlarda həmişə abunəçiləri itirmək təhlükəsi var.

Bununla əlaqədar, 2002-ci ildə Azərbaycan Prezidentinin "KİV-in inkişafı haqqında dövlət qayğısının artırılması üzrə əlavə tədbirlər barədə" fərmanı vaxtında atılmış addım oldu. 2008-ci ilin 31 iyul tarixində isə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan kütləvi informasiya vasitələrinin dəstəkləməsi ilə bağlı konsepsiya" təsdiq olundu. Bu sərəncama əsasən, 2009-cu ilin mayın 22-də Azərbaycan Prezidenti yanında KİV-in dəstəkləməsi üzrə müxtəlif layihələri reallaşdıran Dövlət dəstəyi fondu yaradıldı. Dövlət hesabına jurnalistlər üçün ayrıca evin tikilməsini də unutmaq olmaz, bu da dünyada ilk belə praktika idi. Üstəlik, bu dəstək birdəfəlik olmayıb - artıq ikinci ev də tikilir.

Azərbaycanda müstəqil jurnalistika yaranandan bəri çox şey dəyişilib. Üstəlik, bu tendensiyalar təkcə Azərbaycan deyil, həmçinin dünya mətbuatında da baş verir. Məşhur nəşrlər kağız çapını dayandırır və İnternetin geniş məkanlarından yararlanmağa çalışırlar. Azərbaycanda saysız-hesabsız internet-portallar yaradılıb. Daha da aktual bloqlar və podkastlar olur, lakin, buna baxmayaraq, bu gün Azərbaycanda 4500-dən çox çap orqanı mövcuddur.

Azərbaycan jurnalistikası dünyaya Zərdabi, Məmmədquluzadə, jurnalist-yazıçı Banin, Çingiz Hüseynov, jurnalist-musiqiçi Üzeyir Hacıbəyli və onun qardaşı Ceyhunu, jurnalistlər, ictimai xadimlər Məmmədəmin Rəsulzadə və Rza Quliyevi, həmçinin bizim müasirlər Nəcəf Nəcəfovu, Rauf Talışinskini, Dilbər Axundzadəni, Elçin Şıxlını və digər məşhur adları bəxş edib. Bu siyahını mövcudluğunun 140 il ərzində Milli Mətbuatın üzünü ağartmış çoxsaylı adlarla davam etdirmək də olar.



MƏSLƏHƏT GÖR:

727