2 May 2024

Cümə axşamı, 04:46

BİR MANAT ARTIQ BELƏ...

Azərbaycan Prezidenti sahibkarlara qarşı qeyri-qanuni tələblərə son qoyulmasını sərt şəkildə tələb edib, sahibkarları isə vergiləri ödəməyə çağırıb

Müəllif:

21.07.2015

Yəqin ki, Azərbaycan iqtisadiyyatı uzun zaman idi, son ildəki qədər kənar mənfi təsirlərlə qarşılaşmırdı. Əsas problem neftin qiymətinin kəskin şəkildə ucuzlaşması, qonşu ölkələrdəki siyasi qarışıqlıqlar və onlarla əlaqədar iqtisadi-ticari balansın pozulması, Yunanıstandakı böhran və s. ilə bağlı idi. Bütün bunlar məlum olduğu kimi, sonda 2015-ci ilin fevralında manatın 33%-lik devalvasiyası ilə nəticələndi. Milli valyutanın ucuzlaşması, təbii ki, ölkə iqtisadiyyatının bütün sahələrinə öz təsirini göstərməli idi. Bu, eyni zamanda, əvvəllər əlavə dövlət xərcləri hesabına həll olunan bir sıra problemləri də meydana çıxardı.

Nazirlər Kabinetinin ötən həftənin əvvəlində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı ölkə iqtisadiyyatı və ictimai həyatın müxtəlif sahələrində mövcud olan bir sıra problemlərlə bağlı sərt tənqidlər səsləndirdi. 

 

Sabitlik qorunub

Qeyd etmək lazımdır ki, bütün mənfi amillərə rəğmən, 2015-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatı zərbələrə davam gətirərək yenə də inkişaf edib. Bu inkişaf 5,7% olub. Üstəlik, iqtisadiyyatın qeyri-neft sektorunda 9,2%-lik artım qeydə alınıb. İnflyasiya aşağı həddə - 3,5% qalıb, əhalinin pul gəlirləri ənənəyə uyğun olaraq, inflyasiyanı üstələyərək 6,2% artıb. Bu dövrdə kənd təsərrüfatında 7,3%-lik inkişaf baş verib və bu, son illərin ən yüksək artımıdır.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, böhran ölkənin dövlət büdcəsinin istifadəsinə təsir göstərməyib və ilin ilk 6 ayının yekununa görə, gəlirlər proqnozu 1,2% üstələyib.

Bununla yanaşı, son illərdə ilk dəfə olaraq, bu ilin ilk yarısında yatırılmış daxili və xarici investisiyaların həcmində sonuncunun xeyrinə rokirovka baş verib. Bu, bir yandan dövlət gəlirlərinin azalması ilə əlaqədar daxili kapital qoyuluşlarının azalması deməkdirsə, digər tərəfdən, Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkə olaraq qalır.

Bir sözlə, rəqəmlər ölkədə iqtisadi sabitliyin pozulacağı ilə bağlı ciddi narahatlığa əsasın olmadığını göstərir.

Bununla yanaşı, müsbət statistika bir sıra istiqamətlər üzrə heç də hər zaman real vəziyyəti əks etdirmir. Azərbaycan Prezidenti İlham Əliyev də iclasda bu məqama diqqət çəkib, daha sonra ilin ilk yarısında ölkədə, təxminən, 60 min yeni iş yerinin açıldığını, onlardan 48 mininin daimi iş yeri olduğunu söyləyib. Məsələ ondadır ki, qeyd olunan dövr ərzində guya böhranla əlaqədar olaraq, bir sıra müəssisə və təşkilatlarda işçilərin ixtisar olunduğuna dair məlumatlar yayılıb. "Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq", - deyə dövlət başçısı tamamilə haqlı olaraq bildirib.

Vəziyyətin doğru təhlili bir tərəfdən, sosial narazılıqdan qaçmağa, digər yandan əlavə dövlət xərclərinə yol verməməyə imkan yaradır. İ.Əliyev ötən dövr ərzində ünvanlı sosial yardım proqramında kifayət qədər müsbət dəyişikliklərin olduğunu da söyləyib: "Ünvanlı sosial yardım alan insanların sayı, təxminən, 20 faiz azalıb. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə, orta hesabla, təxminən, hər ay 150 manat pul verilir".

 

Qaş düzəltdiyi yerdə...

Azərbaycanda sosial məsələlərin həllinə nə qədər önəm verildiyini göstərmək üçün bir məqama diqqət yetirmək kifayətdir: dövlət gəlirlərinin böyük hissəsini neftin satışından əldə olunan vəsait təşkil edir, onun qiymətində isə kəskin azalma var. Buna baxmayaraq, ölkədə heç bir sosial proqram ləğv edilməyib.

Bundan başqa, prezidentin göstərişi ilə mövcud problemlərin həllinə nəzarət gücləndirilib. Misal kimi dərman preparatları bazarındakı xaotik vəziyyəti göstərmək olar. Xatırladaq ki, bir neçə ay əvvəl prezident ölkədə dərman preparatlarının qiymətinin bahalılığı haqqında danışmış, nəticədə, müvafiq strukturla vəziyyətin təhlilinə başlanmışdı.

"Burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır", - deyə İlham Əliyev bildirib.

Səhiyyə naziri Oqtay Şirəliyevin əvvəllər də dediyi kimi, onun rəhbərlik etdiyi struktur dərmanların qiymətinin tənzimlənməsi üzrə yeni mexanizm hazırlayıb və yeni mexanizm payızadək qəbul olunacaq. İyunda isə Nazirlər Kabineti dövlət qeydiyyatından keçmiş dərman preparatlarının qiymətinin tənzimlənməsi, qiymətlərə nəzarət qaydalarını təsdiqləyib. Bu qaydalara əsasən, qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Artıq dərman preparatlarının baza qiymətinin müəyyənləşdirilməsi üçün 10 ölkədən ibarət siyahı təsdiqlənib. Bunlar Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır. Topdansatış əczaçılıq müəssisələri və aptek təşkilatları təsdiq edilmiş qiymətlərə öz əlavələrini müəyyən edəcəklər.

Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev diqqəti xüsusilə bu problemin əxlaqi tərəfinə çəkib. "Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik", - deyə dövlət başçısı qeyd edib.

 

"Krışalıq"a son!

Qeyd etmək lazımdır ki, bəzi ekspertlər dərman bazarındakı pisliklərlə mübarizədə medalın digər üzü kimi azad bazar iqtisadiyyatı prinsiplərinin pozulmasını göstərir. İlham Əliyev isə bu fikirləri aradan qaldırıb. O bildirib ki, məqsəd sahibkarların sıxışdırılması yox, mənfi halların aradan qaldırılmasıdır.

Əksinə, dövlət başçısı dövlət strukturlarının, xüsusilə Vergilər Nazirliyinin biznesmenlərdən əlavə haqq tələb etməsini kəskin şəkildə tənqid edib. O, növbəti dəfə dövlət strukturlarına sahibkarların qanunsuz şəkildə sıxışdırılmasını qadağan edib.

Bununla yanaşı, İ.Əliyev sahibkarları daha məsuliyyətli olmağa, vergiləri vaxtında ödəməyə çağırıb. "Əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir", - deyə prezident qeyd edib.

Amma prezident bu halda da iki məqamın bir-birindən ayrılmalı olduğunu bildirib. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Ancaq heç bir başqa əsassız tələb də irəli sürülməməlidir: "Ona görə, sahibkarlar sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər". Prezident bir sıra dövlət strukturlarının biznesmenlərə qarşı biabırçı qanunsuz əməllərindən xəbərdar olduğunu da deyib. "Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq", - deyə İlham Əliyev qeyd edib.

Prezident Azərbaycan iqtisadiyyatının gələcəyinin məhz özəl sektorun fəaliyyətinə əsaslanacağını bir daha bəyan edib, bu səbəbdən də sözügedən sahədə istənilən qeyri-qanuni əməlin dövlətə xəyanət kimi qəbul olunduğunu söyləyib.

Yeri gəlmişkən, gələcək haqqında. Maliyyə naziri Samir Şərifovun bildirdiyi kimi, artıq 2016 və ondan sonrakı 3 il üçün dövlət və məcmu büdcəsindən reallaşdırılacaq layihələrin hazırlanması prosesinə başlanılıb. Nazirin sözlərinə görə, bu layihələrdə əsas hədəf Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin tədricən azaldılması, fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılmasıdır. Digər tərəfdən, büdcə xərclərinin effektivliyinin artırılması işində diqqət əsas sosial vəzifələrin yernə yetirilməsinə, regionların balanslaşdırılmış şəkildə inkişafına, müdafiə potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin təmininə, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə yönəldilir. Beləliklə, bu ilin dövlət büdcəsinin beynəlxalq və daxili iqtisadiyyatın hazırkı və proqnozlaşdırılan vəziyyətinə daha yaxşı adaptasiya ediləcəyi gözlənilir. Əsas balansın və sabitliyin qorunub-saxlanmasıdır.

 

 

SİTAT

"Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

559