27 Aprel 2024

Şənbə, 09:12

BAŞ KEŞİŞLƏR KATOLİKOSA QARŞI

Erməni apostol kilsəsi rəhbərliyi arasındakı çəkişmə apogeyə çatdı

Müəllif:

03.09.2013

Erməni-Qriqorian kilsəsi kimi də məşhur olan erməni apostol kilsəsi (EAK) baş keşişlərin ümumi toplantısına hazırlaşır. Toplantı sentyabrın 21-28-də Eçmiədzində keçiriləcək. Amma son illər EAK ətrafında vəziyyətin gərginləşməsi və dərin daxili çəkişmələr üzündən toplantı baş tutmaya da bilər. Baş verənlərə nəzər salmazdan öncə EAK-ın strukturu ilə tanışlıq yerinə düşərdi.

Kilsə qaydalarına əsasən, hazırda EAK-ı iki katolikos idarə edir - mərkəzi Eçmiədzində olmaqla, bütün ermənilərin katolikosu, mərkəzi Antiliasda (Livan) olmaqla, Kilikiya katolikosu.

Kilikiya katolikosluğu faktiki olaraq, Eçmiədzindən tam müstəqildir. İki mərkəz arasında fikir ayrılıqları və çəkişmə hökm sürür. Bunun kökləri çox uzağa gedib çıxır. Buraya Eçmiədzinə qarşı fəal mübarizə aparan İstanbul və Qüds patriarxlıqlarını da əlavə etmək olar.

 

Viva Vaçe

Mərkəzlə nümayəndəliklər arasında münaqişə hələ bu ilin iyununda başlayıb. Buna səbəb bütün ermənilərin katolikosu II Qareginin Paris aeroportunda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və parlamentin spikeri Ovik Abramyanın yanında Fransa EAK yeparxiyasının rəhbəri, baş keşiş Norvan Zakaryanı təhqir etməsi, onu Eçmiədzindən kənarlaşdırmaqla hədələməsi olub. II Qaregin bu qəzəbini guya Zakaryanın Fransanın Nitsa şəhərindəki keçmiş keşiş, hazırda Strasburq erməni kilsəsinin keşişi olan Vaçe Ayrapetyanın taleyi  ilə lazımi dərəcədə maraqlanmaması ilə əsaslandırıb.

Qeyd etmək lazımdır ki, Nitsadakı EAK-ın keşişi Vaçe Ayrapetyan Fransada insan döydüyü üçün iki il müddətinə azadlıqdan şərti məhrum edilmə cəzasına layiq görülüb. O, eyni zamanda "çirkli pullar"ın yu-  yulması, sutenyorluq, saxta pulların dövriyyəsində də ittiham olunub. Məhkəmə hökmünə əsasən, Ayrapetyan qoluna elektron bilərzik taxmalıdır. Hökmün qüvvədə olduğu müddət ərzində o, Nitsaya, həmçinin Provans regionuna - Alp - Lazur sahilinə gedə bilməz. Maraqlı məqamlardan biri də Vaçe atanın II Qareginin favoriti olmasıdır. Məhz bu üzdən o, Fransa EAK yeparxiyasının rəhbərinin cinayətkara etinasız münasibətini bağışlaya bilməyib.

Bundan bir qədər sonra Norvan Zakaryan Fransa yeparxiyasının rəhbəri postundan istefa verib. O, II Qareginə ünvanladığı məktubda insanların yanında təhqir edilməsindən hiddətləndiyini bildirib. Zakaryan II Qareginin müdafiə etdiyi keşiş Vaçenin ruhanilikdən daha çox azğın biznesmen olduğunu da qeyd edib. Eçmiədzində mövcud olan şəxsiyyətə pərəstişin üzücü olduğunu vurğulayan Zakaryan bildirib ki, onun "biznes ruhunda tərbiyələndirilmiş" idarə olunmayan ruhanilərə başçılıq etməyə nə həvəsi, nə də vaxtı var. O, yaranmış vəziyyətlə əlaqədar olaraq, 1 noyabr 2013-cü il tarixindən Fransa EAK yeparxiyasının rəhbəri və Qərbi Avropada patriarx ekzarxı postlarından istefa vermək məcburiyyətində qaldığını bəyan edib. Zakaryan eyni zamanda EAK-ın Ali Dini Şurasını da tərk etdiyini bildirib.

Zakaryanın istefası Fransanın erməni diasporunun da hiddətinə səbəb olub, kilsənin Nitsadakı Müəqəddəs Məryam prixod şurası isə "Nouvelles d'Armenie" qəzeti vasitəsilə bəyanat yayıb. Bəyanatda prixodun hazırkı durumundan və EAK-ın daxilindəki ciddi problemlərdən narahatlıq ifadə olunur. Bəyanat müəllifləri kilsəni və erməni xalqını yaranmış böhrandan çıxmaq naminə birləşməyə çağırır. "Erməni apostol kilsəsinin xəstəliyi - bu gün baş verənləri məhz belə adlandırmaq olar - bütünlükdə erməni xalqının vəziyyətinin pis olduğunu göstərir və çağırışlar qarşısında onun mövqelərini zəiflədir. Halbuki, bu məsələdə nə səhv etmək haqqımız var, nə də geriyə yolumuz...", - deyə bəyanatda qeyd olunur.

Düşünmək olar ki, Eçmiədzin narazılara güzəşt etməklə, daha liberal mövqe tutmaqla onları sakitləşdirə, daxili çəkişmələrə son qoya bilərdi. Lakin sonrakı hadisələr göstərdi ki, EAK rəhbəri baş verənlərə tamamilə fərqli yanaşdı. İyulun 30-31-də erməni kilsəsinin Eçmiədzində toplanan Ali Şurası Zakaryanın ittihamlarını əsassız adlandırdı, onun istefa istəyi isə noyabrda gözlənilmədən, dərhal qəbul edildi. Mütəxəssislərin fikrincə, boşalmış keşiş yerlərinə seçkilər onsuz da saxtalaşdırılıb və Zakaryanın yerinə II Qareginin daha bir sevimli şagirdi olan Vigen Aykazyan "təyin olunacaq".

Eçmiədzin, eyni zamanda dünya erməniliyi arasında da II Qareginin piarına və onun xoşuna gəlməyənlərə qarşı kampaniyaya başlayıb. Məsələn, ABŞ-da yayımlanan AMGA TV erməni telekanalı Mikael adlı (soyadı açıqlanmır) biznesmenlə müsahibə efirə verib. Bütün ermənilərin katolikosunun qatı tərəfdarı kimi çıxış edən biznesmen EAK-ın Yeni-Naxçıvan və Rusiya yeparxiyasının artıq sabiq rəhbəri Tiranı 1 milyon ABŞ dollarını oğurlamaqda, hətta narkotik biznesində ittiham edib.

Xatırladaq   ki, II Qaregin Tiranı hələ 2001-ci ildə vəzifədən kənarlaşdırıb və onun yerinə kiçik qardaşı Yezras Nersisyanı təyin edib. Sonrakı hadisələr isə erməni kilsəsinin nümayəndələri arasında çəkişməni daha da qızışdırıb: münaqişəyə erməni ruhanilərinin ən nüfuzlu şəxslərindən olan şəxs - Qüdsün erməni patriarxı Nurxan Manukyan da qoşulub.

 

Qüds Eçmiədzinə qarşı

Muxtariyyət kimi fəaliyyət göstərən Qüds patriarxlığının Eçmiədzinlə xüsusi haqq-hesabı var. Patriarx Nurxan Manukyanın katolikos II Qareginə yazdığı məktubun Ermənistanın "Aravot" qəzetində dərc edilmiş kiçik bir hissəsindəki ifşaedici məqamlar erməni ictimaiyyətində aydın səmada ildırım effekti yaradıb.

Patriarx məktubunda Ali Dini Şuranın Fransa EAK-ın keşişi Norvan Zakaryanın istefası haqda açıqlamasından heyrətini ifadə edir. Nurxan Manukyan bildirir ki, şuranın qərarı onda ağır və qəbuledilməz təəssürat yaradıb - adi keşişə görə kilsə rəhbərinə necə xor baxmaq olar?! Məktubda daha sonra deyilir: "Səhv etmirəmsə, baş keşiş Norvanın rəhbərlik müddəti bu ilin noyabrında başa çatırdı və Ali Dini Şura üzvləri onun istefasını həmin vaxt "qəbul edə" bilərdilər. Siz həqiqətənmi "qurucu katolikos" imicinizi korlayan əməllərinizi davam etdirmək istəyirsiniz?". Nurxan Manukyan illər ərzində ali patriarxı daha çox xarici məsələlərin və maddiyyatın maraqlandırdığına əmin olduğunu da yazır. O, qorxu və hədə atmosferində sağlam nəslin formalaşmasının mümkün olmadığını və bundan narahatlıq keçirdiyini vurğulayıb, bundan kilsənin əziyyət çəkəcəyini vurğulayıb. Manukyan məktubunda bildirir ki, hazırda yaltaqlara yox, puritanlığa sadiq, inkişaf etmiş din xadimlərinə ehtiyac var. O, məktubda etiraz əlaməti olaraq, baş keşişlərin sentyabrın 21-28-də keçiriləcək toplantısına qatılmayacağını da bəyan edib.

Bu məktubu II Qareginə taxtdan imtina etmək çağırışı kimi qiymətləndirmək olar. Maraqlıdır ki, Qüds patriarxı Manukyan qeyd olunan məktubdan dərhal sonra Kilikiya katolikosatına səfər edib və katolikos I Aram ilə, yəni, Eçmiədzinin digər rəqibi ilə görüşüb. Qareginin rəqiblərinin görüşdə nələri müzakirə etdiklərini başa düşmək o qədər də çətin deyil.

Bütün bu münaqişələrdə və parçalanmalarda müsbət məqamlar da var. Qarşılıqlı tənqidlər və ittihamlar erməni ruhaniliyi arasında çoxdan kök salmış xəstəlikləri üzə çıxarır. Məsələn, tərəflərin hər biri digərini maddiyyata maraqda, var-dövlətə meyllilikdə günahlandırır. Bu yerdə bir müddət əvvəl EAK-ın Ararat patriarx yeparxiyasının canişini, baş keşiş Navasard Kçoyanla bağlı daha bir qalmaqalı xatırlamamaq mümkün deyil. O, biznesmen Aşot Sukiasyan və... Ermənistanın baş naziri Tiqran Sarqsyanla birlikdə xüsusilə böyük məbləğlə bağlı fırıldaqçılıq, çirkli pulların yuyulması ilə əlaqəli offşor qalmaqalından sonra "məşhurlaşıb".

Lakin qalmaqala baxmayaraq, Kçoyan özünə məxsus bahalı "Bentli" avtomobilində gəzməkdə davam edir. Ermənistanın "Qraparak" qəzeti yazır ki, baş keşiş, hətta ciddi kriminal dairələr arasında da son dərəcə ciddi mübahisələrdə barışdırıcı rolunu da oynayır və məhz belə halların birindən sonra tərəflərdən biri minnətdarlıq olaraq ona "Bentli" hədiyyə edib.

 

Keşişlərin "bağışlanmaz günahları"

Mütəxəssislərin fikrincə, Eçmi-ədzinlə patriarxlıqlar arasındakı mübahisənin əsasını "maddi" maraqlar təşkil edir. Ermənistandan kənarda olmamaq şərtilə, EAK daxilindəki pul dövriyyəsinə nəzarət II Qareginlə opponentləri arasında əsas mübahisə mövzusudur. Adi insan günahlarını yumaq üçün, adətən keşişin yanına gəlir. Bəs din xadimi ola-ola bu günah sayılan ehtirasların daşıyıcılarının əməllərini necə izah etmək olar?

II Qaregin bundan başqa şəxsiyyətə pərəstişdə, yaltaq keşişlərə dəstək verməkdə, vəzifələrə yalnız öz iradəsini qeyd-şərtsiz yerinə yetirən insanları təyin etməkdə günahlandırılır. Bəs xristian inancında şöhrətpərəstlik və həddindən artıq lovğalıq bağışlanmız günah sayılmırmı?!

Biz isə hesab edirik ki, məsələ heç də şəxsiyyətə pərəstiş xəstəliyinə tutulmuş katolikoslarda, kriminal düşüncəli keşişlərdə, hətta sutenyor keşişlərdə də deyil... Məsələ qəzəbdədir... Çünki ermənilərin dini icmaları artıq 150 ildən artıqdır ki, Allaha ibadət mərkəzlərindən ən dəhşətli proqramların hazırlandığı inqilabçı partiyaların qərargahları kimi istifadə edirlər. Bunu 1933-cü ildə "Daşnaksutyun" təmsilçiləri tərəfindən Nyu-York kilsələrinin birindəki messa zamanı amansızlıqla qətlə yetirilmiş baş keşiş Levon (Gevond) Turyan bəyan etmişdi. "Çıxışlarda İncildən olan ali sözlərə, doktrinalara rast gəlinmədi. Yalnız düzgünlük və həqiqət əvəzinə qiyama, insanlıq əvəzinə nifrət və qisasa, mənəviyyat əvəzinə əclaflığa və rüsvayçılığa çağırışlar eşidildi", - deyə Turyan yazırdı. Onilliklər boyunca insanların ürəyinə, əslində onlara pis heç nə etməmiş qonşulara qarşı nifrət və qəzəbi məhz dini icmalar yeridib. Və kilsə əsl təyinatından uzaqlaşdıqda, onun qulluqçularının Allaha xoş getməyəcək əməllərlə məşğul olmaları təəccüblü deyil. Yəqin ki, EAK-dakı böhranın əsl səbəbi də məhz budur.



MƏSLƏHƏT GÖR:

960