2 May 2024

Cümə axşamı, 15:34

ŞOLLARA İNAM

Bakı XX əsrin əvvəlində şirin su ilə necə təmin olunub?

Müəllif:

04.08.2015

Dünyada bütün əlamətdar hadisələr, məşhur şəxsiyyətlərin həyatı və ya fəaliyyəti haqqında əfsanələr söylənilir. Bu mənada, Azərbaycanda, çətin ki, Hacı Zeynalabdin Tağıyev kimi ikinci bir şəxs tapılsın. Onun adı ilə bağlı saysız-hesabsız miflər mövcuddur. Bu, əlbəttə ki, böyük maqnatla bağlı deyil. "Günahkar" onun geniş maarifçilik və xeyriyyəçilik fəaliyyəti, öz xalqının qayğıları, arzuları ilə yaşamaq bacarığıdır. Məhz bu səbəbdən, Bakıda XIX əsrin sonu, XX əsrin əvvəlində görülmüş istənilən faydalı iş Tağıyevin adı ilə əlaqələndirilir - istər sağlığında, istərsə də ölümündən sonra...

 

Həyat mənbəyi

Yaxın zamanlarda Bakının həyatında baş vermiş ən vacib hadisələrdən birinin 100-cü ildönümü tamam olur. Söhbət Bakı-Şollar su kəmərinin inşasının başa çatmasından və Şahdağın ətəyindən Bakıya içməli suyun gətirilməsindən gedir. Bu gün Bakının, demək olar ki, hər bir sakini "Bakı-Şollar su kəməri nə zaman və kim tərəfindən çəkilib?" sualına belə cavab verəcək: "Bu, Tağıyevin dövründə və onun vəsaiti hesabına baş verib". "Çox məlumatlı" bakılılar isə məsələni daha ətraflı nəql edirlər: "Bakılı zənginlər şəhərin içməli su ilə təmini məsələsini həll etmək üçün Tağıyevin evində toplaşıblar. Kürdən su çəkilməsi üçün 10 milyon rubl tələb olunurdu. Suyun Şollardan gətirilməsi isə 20 milyona başa gəlirdi. Hər kəs bilirdi ki, Şollar suyu daha yaxşıdır. Lakin zəngin insanlarda oradan su kəməri çəkəcək qədər pul yox idi. O zaman Hacı deyir: "10 milyonu siz yığın, qalan pulu mən verəcəyəm. Bununla da şəhəri içməli su ilə təmin edəcəyik". Beləliklə, Bakı Hacının hesabına Şollar suyu ilə təmin olunub.

Arxiv materialları isə Bakı-Şollar su kəmərinin Tağıyevin və ya başqa zəngin şəxslərin vəsaiti hesabına çəkilmədiyini göstərir - bu iş üçün tələb olunan bütün vəsait İmperator II Nikolayın fərmanı ilə ayrılıb. Bəzi tədqiqatçılar yazır ki, XIX əsrin ikinci yarısında Bakı boş, susuz şəhər olub. Lakin şəhərin Böyük İpək Yolu üzərində yerləşdiyini nəzərə alsaq, bu iddialara inanmaq çətindir. Hər halda, karvanları suyun olmadığı yerdə saxlamazdılar. 

Məlumdur ki, o dövrdə şəhərdə şirin su quyularının sayı çox olub. Yerli əhali içməli suya olan tələbatını bu quyuların hesabına ödəyib. Məsələn, belə quyulardan biri Yuxarı Təzəpir küçəsində (hazırda Mustafa Sübhi küçəsi), Kərbəlayi Hüseynqulu Məmmədqulu oğlunun evinin həyətində yerləşib. Alverçilər "Vodovoznoy" (hazırda Almaz İldırım küçəsi) və "Kolodeznoy" (hazırda L. və M.Rostropoviç) küçələrindəki quyulardan çıxardıqları suyu çəlləklərə dolduraraq şəhərdə satırdılar. Su satışında ölçü vahidi vedrə idi. Qiyməti isə hökumət müəyyənləşdirirdi. Elə hallar olurdu ki, onlar quyu sahiblərindən suyu böyük vedrələrlə alır, lakin əhaliyə kiçik vedrələrdə satırdılar.

Lakin XIX əsrin sonlarında sənayenin, xüsusilə neft hasilatı sahəsinin sürətli inkişafı ölkədə ciddi su, ilk növbədə, şirin su çatışmazlığına yol açır. Nəticədə, Bakının şirin su ilə təmini ilk dəfə 1878-ci ildə seçilmiş şəhər duması üçün başağrısına çevrilir. 1892-ci ildə şəhəri bürümüş miqyaslı vəba xəstəliyi hökuməti içməli su mənbələrini daha fəal axtarmağa vadar edir. Abşeron yarımadasında aparılan araşdırmalar zəngin yeraltı axınların mövcudluğunu göstərsə də, orada suyun kifayət qədər olduğunu sübut edən dəlillər yox idi. Neft sənayeçisi Lüdviq Nobel şəhərə suyun Volqadan çəkilməsini təklif edirdi. Lakin bu, istər texniki, istərsə də kommersiya baxımından mümkünsüz idi. Bununla yanaşı, dəniz idarəsi öz əməkdaşları üçün suyu Volqadan gətirir, onu Bayılda quraşdırılmış şirinləşdirici aparatdan keçirirdi. Bakı-Şollar su kəmərinin çəkilişinədək şəhərin içməli su ilə təminində əsas mənbə şirinləşdiric qurğudan keçirilən Kür suyu idi.

 

Bütün Bakı üçün su

Sonda şəhər rəhbərliyi seçimini iki variant üzərində saxlayır: Kür və Samur. Mühəndis Artyuxin tərəfindən hazırlanmış və şəhərə Kürdən suyun gətirilməsini nəzərdə tutan layihə çoxsaylı çatışmazlıqlar üzündən qəbul olunmur. 1899-cu ildə şəhər Duması Samur-Bakı su kəmərinin çəkilişinin layihələndirilməsi üçün ingilis mühəndisi Uilyam Lindleyi paytaxta dəvət edir. Onunla Kürdən və Samurdan iki su kəmərinin, həmçinin Bakı kanalizasiyasının layihələndirilməsi üçün müqavilə imzalanır. Avans olaraq mühəndisə 9 min rubl ödənilir. Lindley köməkçilərilə birlikdə Quba qəzasına yollanır, orada Samur çayının Bakının su ilə təmini imkanlarını araşdırmağa başlayır. Bu zaman Lindleyin diqqətini Şahdağın ətəyində yerləşən bulaq da cəlb edir. Bakıya qayıdan mühəndis şəhər dumasını şəhərin su ilə təmini üçün Samur çayından deyil, Şollar kəndinin torpaqaltı suyundan istifadəsinin önəminə inandırır. Bununla yanaşı, o, qeyd olunan mənbədəki su ehtiyatının həcmilə bağlı dumaya heç bir hesabat təqdim etmir. Doğrudur, Lindleyin əlində bulaqları kimyavi və bioloji analizinin nəticələri var idi. Onlar həmin suyün yüksək keyfiyyətə malik olduğunu göstərirdi. Bakı Şəhər Dumasının bir çox qlasnısı Lindleyə inamayaraq ondan torpaqaltı su ehtiyatının mövcudluğu ilə bağlı sübutlar tələb edirlər. Bununla yanaşı, ona lazımi araşdırmaların aparılması üçün lazımi vəsait ayrılmır və Duma üzvləri Samurdan su kəmərinin çəkilməsində israr edirlər.

Lindleyə birmənalı şəkildə inanan, ona tam dəstək verən şəxslər arasında isə dumanın qlasnısı, su kəməri komissiyasının üzvü Hacı Zeynalabdin Tağıyev də olur. Bu inam və dəstəyin nəyə əsaslandığını söyləmək çətindir. Bəlkə də intuisiyası Tağıyevə Şollardakı mənbədə böyük həcmdə şirin su ehtiyatının olduğunu söyləyirdi. Ola bilsin ki, Şollar suyunun Tağıyevin vəsaiti hesabına çəkildiyinə dair fikirlərin yaranmasına səbəb də onun Lindleyin təklifinin reallığına inanması, ingilis mühəndisini dəstəkləməsi olub.

Bununla yanaşı, C.Z.Tağıyev Bakı-Şollar su kəmərinin çəkilişi ideyasına yalnız sözdə dəstək verməyib. 1901-ci il iyunun 19-da şəhər dumasının fövqəladə iclası keçirilir. Torpaqaltı suyun axtarışı üçün 30 min rublun ayrılması ilə bağlı təklif səsçoxluğu ilə rədd edilir. İyunun 23-də isə mesanat dumaya məktbla müraciət edərək, şəxsi vəsaitindən Şollarda quyu qazılmasına 25 min rubl ayırmağa hazır olduğunu bildirir. Bununla yanaşı, Tağıyev şərt də irəli sürür: qazma müsbət nəticə verərsə, yəni, ərazidə böyük həcmdə torpaqaltı suyun olduğu təsdiqini taparsa, şəhər Duması onun pulunu geri qaytarmalıdır.

Qazma işləri Lindleyin haqlı olduğunu üzə çıxarır: orada torpaqaltı suyun həcminin Bakının şirin suya olan tələbatını 10 dəfə üstələdiyi müəyyənləşir. Tezliklə Bakı-Şollar su kəmərinin layihələndirilməsi başa çatdırılır. İndi onun inşasının maliyyələşdirilməsi məsələsi həllini tapmalı idi. 1910-cu ildə Nazirlər Kabinetinin təklifi ilə Bakı şəhərinə ümumi dəyəri 27 milyon rubl olan 2 istiqraz vərəqəsinin buraxılması icazəsi verilir. Bir istiqrazdan əldə olunan 23,5 milyon rubl Bakı-Şollar su kəmərinin tikintisinə yönəldilir. 1915-ci ildə bu iş üçün daha 12 milyon rubl borc alınmasına ehtiyac yaranır. Bakı şəhərinə suyun nəql olunduğu Bakı-Şollar su kəmərinin təntənəli açılışı isə 1917-ci il yanvarın 21-də baş tutur. Tağıyevin təklifi ilə bu münasibətlə Uilyam Lindley mükafatlandırılır. Minnətdarlıq əlaməti olaraq, Bakının prospektlərindən birinə Lindleyin adı verilir (hazırda 28 May küçəsi).



MƏSLƏHƏT GÖR:

623