12 May 2024

Bazar, 06:20

DAHA ÇOX ZƏMANƏT

DB böhran şəraitində daha operativ reaksiya vermək üçün Əmanətlərin Sığortalanması Fondunda dəyişikliklər təklif edir

Müəllif:

04.08.2015

Böhran və maliyyə dəyişiklikləri dövründə bank əmanətlərinin qorunması xüsusi olaraq aktuallıq qazanır. Bankların fəaliyyətində iflasın mümkünlüyünün artması və sabitsizlik insanların öz depozit hesabları ilə nə edəcəklərinə dair narahatlığını kəskinləşdirir. Yəni onlar hesablarını bağlamaq və pullarını evdə saxlamaq, yoxsa qorxu və risklərə baxmayaraq, maliyyə institutlarına inanmaqda davam etmək arasında tərəddüd keçirirlər. 

Qeyd etmək lazımdır ki, son 8 ildə bu məsələdə Azərbaycan Fiziki Şəxslərin Depozitlərinin Sığortalanması Fondunun (ADIF) fəaliyyəti sayəsində ölkədə ciddi müsbət dəyişikliklər müşahidə olunur. Lakin iki bankın lisenziyasının alınması ilə əlaqədar ölkənin bank bazarında sonuncu həyəcan və bir sıra başqa bankların fəaliyyətində problemlərə dair daxil olan məlumatlar fonunda, ekspertlər tez-tez bu fondun da işinin təkmilləşdirilməsinin zəruriliyindən danışırlar.

 

Dəyişmək zamanıdır

Bugünkü qaydalara əsasən, bank müflisləşəcəyi təqdirdə dövlət bir bankda fiziki şəxsin illik maksimum 12%-a qədər yerləşdirilmiş 30 min manata kimi əmanətini qaytarmağa zəmanət verir. Ona görə də vəsaitlərin bir neçə bankda yerləşdirilməsi daha etibarlıdır, çünki birdəfəyə bir neçə bankın bağlanma ehtimalı son dərəcə real deyil və digər tərəfdən, vəsaitlərin istənilən halda qaytarılmasına ümid etməyə imkan verir.

Məlum olduğu kimi, ADİF-in fəaliyyət göstərdiyi dövrdə ancaq bir bankın - "Royal Bank" ASC-nin əmanətçilərinə qorunan əmanət üzrə 14,7 mln. manat təzminat ödənilib. Hərçənd bu zaman ərzində altı bank bağlanmışdı, onlardan ikisi bu il fəaliyyətinə xitam vermişdi. Digər banklar isə sığorta hadisəsinə düşmədilər, belə ki, əhalinin bu banklarda əmanətlərinin kompensasiya edilməsi üçün sadəcə olaraq zərurət yox idi : ya onlar əvvəlcədən əmanət qəbul etmirdilər, ya da onların ödənilməsinə bankın öz vəsaitləri kifayət edirdi. Beləliklə, Fiziki Şəxslərin Depozitlərinin Sığortalanması Fondunun artıq nəinki nəzəri, həm də praktiki bilikləri var. Lakin zaman yerində saymır və ADİF-in fəaliyyəti üçün əsaslandığı beynəlxalq standartlar artıq dəfələrlə dəyişilib və nəticə etibarı ilə fondda da artıq dəyişiklik zəruridir. ADİF 1996-cı ildə əmanətlərin sığortalanması sisteminin işi üzrə Avropa Birliyinin direktivinə əsasən təsis edilib. Bu direktiv 2009-cu ildə yaradılıb, lakin artıq 2014-cü ildə əvəzinə yenisi gəlib. Bununla əlaqədar olaraq Azərbaycanda əmanətlərin sığortalanması sahəsində qanunvericiliyi yeni beynəlxalq qaydalara uyğun qurmaq zərurəti meydana çıxdı. Azərbaycan Mərkəzi Bankı və ADİF-in xahişi ilə Dünya Bankı fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair ayrıca layihə hazırlayır. 

 

Daha asan olmalı

Beləliklə, yeni Avropa direktivləri nədən ibarətdir? Hazırda Azərbaycanda "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Azərbaycanda bankın lisenziyası alındıqdan sonra əmanətçilərə ödənişin müddəti 90 gün təşkil edir. Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina hesab edir ki, Azərbaycanın AB-nin yeni qəbul olunan direktivinə əsasən sığorta ödənişlərinin həyata keçirilmə müddətinin 21 iş gününədək azaldılması zəruridir. Bununla belə, onun sözlərinə görə, bir çox ölkələrdə bu sistem o qədər təkmilləşdirilib ki, əmanətçilər pul vəsaitlərini yeddi iş günü müddətində ala bilirlər. Rusiyada, məsələn, ödənişlər 14 günlük müddətdə icra olunur. Ekspert hesab edir ki, yalnız hüquqi prosedur müddətinin qısaldılması əhəmiyyətli deyil, eyni zamanda fondun ödəmələri daha tez və operativ şəkildə həyata keçirməsi üçün proseslərin avtomatlaşdırılması lazımdır. Bununla belə ADIF-da qeyd edilib ki, "Royalbank" müflis olan zaman ödənişlər 14 gün ərzində həyata keçirilmişdi. ADİF-in statistikasına görə, 2015-ci ilin 6 ayında bankların xidmət göstərdiyi 7, 147 mln. əmanətçinin bu gün 90%-ı və ya 6,4 milyonu sığortalanıb. Kompensasiya edilən əmanətin həcmi isə 2, 122 mlrd. manat təşkil edir ki, bu da əmanətin ümumi həcminin 28%-i deməkdir. Rəqəmlər ölkənin bu göstəricilər üzrə AB-nin tələblərinə cavab verdiyi sübut edir. 

Ekspertlər həmçinin hesab edirlər ki, ADİF fondun idarəedilmə sistemi, investisiya siyasətini və s. təkmilləşdirməlidir. Texniki ekspertlər hazırda hələki bu layihə üzərində işləyirlər. Bununla belə, A. Priqojina iddia edir ki, fondun fəaliyyərində heç bir problem yoxdur, etibarlıdır və öz funskiyalarını yerinə yetirə bilir. Bugünkü gün fondun sığorta ehtiyatları - 103 mln. manat təşkil edir. Bu pullar artıq yük deyil - ADİF-in investisiya siyasətinə uyğun olaraq bu vəsaitin 85,5 mln. manatı illik gəlirlilik 4,2% olmaqla dövlət qiymətli kağızlarına yatırılıb. Fondun 5 mln. avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International" şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil edib. Qüvvədə olan qanunvericiliyə görə, sığorta sisteminə daxil olmayan bank, fiziki şəxslərin vəsaitləri ilə işləmək hüququna malik deyil.

Yəni Azərbaycan əmanətçisi səhv edə bilməz, çünki bazarda qalan 43 bank ADİF-in üzvləridirlər.

 

Daşınmaz əmlaka əmanət

Bununla bərabər, fəaliyyətinin təkmilləşdirilməsi üzrə daha bir Azərbaycan fondu - İpoteka Fonduna (AİF) dair təklif irəli sürülüb. Mərkəzi Bankın sədri Elman Rüstəmov ilin sonuna qədər ipotekanın maliyyə həcminin 250 mln. manatdan artıq artırılmasına dair sonuncu çıxışı, hökumətin əhalinin mənzil kreditlərinə çıxışını genişləndirmək istəyini sübut edir. Bir halda ki, bu məsələnin təkcə sosial əhəmiyyətini təşkil etməsin, o, həm də tikinti sənayesini də hərəkətə gətirsin. Bu isə öz növbəsində iqtisadiyyatın daha da canlandırılması, məşğulluğun artması və büdcə gəlirlərinin artması deməkdir. Bununla belə, ABM dövlət zəmanəti ilə öz resurslarından ipoteka bazarına əlavə resurslar verməyə hazırdır. Kreditlərin əlçatarlılğı üçün artıq elektron ipoteka sistemi (EPS) işləyir və bu məsələ ilə bağlı bütün suallar elektron formada emal olunur. Mexanizmi isə belədir: vətəndaşlar e-sistemə müraciət ünvanlayırlar, kredit götürmək istədikləri bankı seçirlər. Bank bir həftə ərzində vətəndaşla görüş təyin edir və bütün tələblərə riayət olunubsa, vətəndaşdan bütün zəruri sənədlər qəbul olunur və kredit hazırlanır.

İpotekanın verilməsi şərtlərinin sadələşdirilməsinə dair işlər də paralel şəkildə aparılır, daha doğrusu, istər sosial ipoteka (indi 4% təşkil edir), istərsə də adi (8%) ipoteka üzrə dərəcələr azaldılır, ipoteka kreditinin məbləği isə iki dəfə - 100 min manata qədər artırılacaq. Dünya bankı (DB), öz növbəsində, daha çox resurs cəlb etmək üçün Azərbaycan İpoteka Fondunun imkanlarının genişləndirilməsini onun səhmləşməsi yolu ilə təklif edir. Bu, dövlət şirkətinin aksioner cəmiyyətə çevrilməsi və 100%-lik səhmlərin hələlik dövlətə məxsus olması deməkdir. A. Priqojinanın sözlərinə görə, bu cür fondların mülkiyyət forması isə qarışıq - onlar istər dövlət, istərsə də özəl - ola bilər. Hazırda söhbət AİF-in indi özəlləşdirilə biləcəyindən gedir. "Düşünürük ki, hazırda özəlləşdirilmə üçün uyğun zaman deyil. Ancaq Fondun fəaliyyətini genişləndirmək və işini təkmilləşdirmək də lazımdır. Ümumilikdə öz resurs bazalarını şaxələndirmək də daxil olmaqla, AİF-in kifayət qədər çox imkanı var", - deyə o, qeyd edib.

Fondun özəlləşdirilməsi indi reallaşmayan proses olduğundan, o, hesab edir ki, AİF-in bazar dəyərinin qiymətləndirilməsinə imkan yaratmaq üçün Fondun səhmləşməsi və yeni daxili və xarici resursların cəlb olunması üçün fondun imkanlarının genişləndirilməsi məntiqli addım olardı. DB-nin eksperti hesab edir ki, AİF-in fəaliyyətinin gələcəkdə genişləndirilməsi üçün böyük imkanları var: "Daxili əməliyyat prosedurlarının təkmilləşdirilməsi və Fondun fəaliyyətinin effektivliyini artırmaq üçün AİF ilə birgə məsləhət proqramlarının həyata keçirilməsinə başlamışıq. Fond və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə qiymətli kağızların hansı alətlərini inkişaf etdirə biləcəyimizlə bağlı məsələləri müzakirə edirik. Bu, AİF də daxil olmaqla müxtəlif emitentlərə əlavə resurslar cəlb etmək üçün imkan yaradacaq". 

AİF 2006-cı ildən indiyədək 17 228 ipoteka krediti verib. Fondun vəsaitləri hesabına verilən ipoteka kreditləri üzrə məbləğ 695, 6 mln. manatdan çoxdur. IFC-nin hesablamalarına görə, ölkənin ipoteka bazarının potensialı 5-6 mlrd. manat təşkil edir. Bütün tədqiqatlar göstərib ki, Azərbaycanda əhalinin ipoteka kreditlərinə ödəmə qabiliyyətli tələbatı təxminən 1 mlrd. manatdır. İndi fond təəssüf ki, hamıya kifayət etməyən olduqca ucuz subsidiyalaşmış resurslarla işləyir. Subsidiyalaşdırılmış və ucuz kreditləşməyə ehtiyacı olanlar var, çünki onlar bundan artığını edə bilmirlər. "Kommersiya banklarının işlədiyi ipoteka kreditlərinin həcmini nəzərə alsaq, deyə bilərik ki, əhalinin yüksək kredit faizləri ilə olsa da belə, ipotekayla mənzil almaq istəyi var. Azərbaycanda ipoteka kreditinin inkişafı üçün böyük imkanlar var", - deyə A. Priqojina bildirib. 

Bir sözlə, istər Azərbaycanın daxilində, istərsə də dünya miqyasında hazırki iqtisadi vəziyyət ölkə və əhalisi üçün maliyyə dayanıqlığına riayət olunması vacib olan strukturların işinin təkmilləşdirilməsi üşün zəmin yaradır. Və irəli sürülən təklifləri vaxtında və səmərli hesab etmək olar.


MƏSLƏHƏT GÖR:

510