4 May 2024

Şənbə, 20:36

OLMAYAN ŞƏHƏRİN AXTARIŞI

Ermənilər işğal altındakı Ağdamda heç vaxt mövcud olmamış qədim Tiqranakerti nə üçün axtarırlar?

Müəllif:

04.08.2015

Ermənilərin XIX əsrin əvvəllərində Qarabağa köçürülməsindən başlayaraq, günümüzə qədər bu coğrafiyada baş verən hadisələr mürəkkəbliyi ilə seçilib. Ermənistanın Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da, erməni separatçılığı davam etməkdə, torpaqlarımız işğal altında qalmaqdadır. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirməyə çalışır, bu məqsədlə həmin torpaqlarda qanunsuz məskunlaşdırma siyasəti aparır. 

Müxtəlif mənbələrdən, o cümlədən, Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10 min arasında artmışdır. Azərbaycanın işğal olunmuş ərazilərində bu gün qanunsuz yaşayan 35 min əhali vardır. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir. 

 İş o yerə çatıb ki, ermənilər Qarabağın gözü olan Ağdam şəhərini və bu bölgəni də "erməni yurdu" adlandırmağa başlayıblar. Adını dəyişdirərək Aqna qoyduqları Ağdamda "erməni sür-sümüyü" axtarmağa başlayıblar. İrəvan Dövlət Universiteti tarix fakültəsinin dekanı Edik Minasyanın Ağdamla bağlı fikrini oxuyarkən adamda belə bir sual doğur ki, görəsən, bu xalqın tarixçilərinin hamısımı belə saxtakardır, yoxsa içərilərində obyektiv olanı da var? Və yenə istər-istəməz adamda haqlı bir sual da yaranır: axı nədən bu vandallara belə imkan verildi ki, onlar gəlib bu torpaqlara yerləşdilər, kök atdılar, sonra sənin hər şeyinə göz dikdilər və buranı özlərinin tarixi vətəni elan etdilər? İndi də minillərboyu türk yurdu olduğuna heç kəsin şübhə etmədiyi Qarabağın mərkəzi olan Ağdama iddia ortaya qoyurlar. "Ermənistan "alimləri" indiki Ağdam ərazisində yerləşmiş tarixi Gövürqala şəhərini dünyaya "Tiqranakert" kimi tanıtdırırlar. 2006-cı ildə ermənilər bir qrup dünya alimi ilə birgə Ağdam rayonu ərazisində yerləşən və Qarabağ xanlarının yay imarəti olan Şahbulaq Qıfılı saray-kompleksində qədim Tiqranakert şəhərinin xarabalıqlarını tapmaq üçün qazıntılara başladılar. Bu qazıntılar zamanı guya saray xarabalıqları arasından əldə edilən çoxlu sayda xaçkarlar ortaya çıxarıldı. Bundan sonra müxtəlif ölkələrdən olan alimlər dərhal ekspedisiyanı tərk edərək qazıntıdan uzaqlaşdı. Çünki burada da erməni hiyləsi üzə çıxmışdı. Ən savadsız tarixçiyə belə bəllidir ki, Tiqranakert şəhərinin mövcud olduğu dövrdə hələ xristianlıq yox idi.

Ağdamın daşını-daş üstə qoymayan ermənilər indi ortaya bir "Qafqaz Tiqranakerti məsələsi" atıblar. 2007-ci ildən başlayaraq, Ağdam ərazisində yerləşən bu tarixi arxeoloji məkanı qazmağa başlayıblar və 2006-cı ildən guya burada bir şəhərin qalıqlarını tapıblar, adı da Tiqranakertdir. Qazıntılar zamanı məlum olub ki, bu tarixi tapıntılar qazıntılar erkən xristianlığa aiddir, dini kompleksin bir parçasıdır, oyulmuş mağarada və onun yan-yörəsindəki hörgü divar xristian dinini andırır, 2007-ci ilin aprel ayında burada qazıntılar daha intensiv başlayıb və guya maddi çətinliklər səbəbi ilə dayandırılıb. İndi yenidən Tiqranakert təxtibatı işə düşüb. Ağdamın ərazisində olan bu tarixi məkan indi qonşu Əsgəranın inzibati ərazisinə daxil edilib. Bilə-bilə ki, dünya alimlərinin rəyi budur ki, Azərbaycan ərazisində bu adda şəhər olmayıb". Məqsəd bəllidir. Ermənilər Dağlıq Qarabağ ərazisini işğal etdikdən bəri, müxtəlif vasitələrə əl ataraq çalışırlar ki, bu işğala haqq qazandırsınlar. 

Ona görə də bölgənin min illər yaşı olan tarixi abidələrini ya dağıdaraq izlərini silirlər, ya da özününküləşdirirlər. Ermənistan silahlı münaqişələr gedən ərazidə qazıntı işlərinin aparılmamasına aid beynəlxalq Konvensiya protokulunu bu təşkilatın üzvü kimi, hələ 1954-cü ildə imzalasa da, hazırda işğal altında olan dünya tarixi üçün əhəmiyyətli Azıx mağarasında erməni izləri axtarmaqda davam edir. Azərbaycanla siyasi və iqtisadi rəqabətdə uduzmuş Ermənistan hakimiyyəti tarixi saxtalaşdırmaqla nəsə əldə etmək niyyətlərindən əl çəkmir. İlk dəfə burada qazıntıların aparılması və "Artsax Tiqranakerti"nin tapılamsı məlumatını duyuran ekspedisiya rəhbəri Hamlet Petrosyanın özü də etiraf edir ki, bunu etmək ona görə lazımdır ki, işğal olunmuş bu ərazilər geri qaytarılmasın. Deyə bilək ki, bura da bizim tarixi vətənimizdir və onu azad etmişik. Ac Ermənistanda bu işin aparılmasına 30 milyon dram pul ayırdılar. Sonra Misirdə havadarlar taparaq, buradakı İsgəndəriyyə muzeyində təqdimat edilib, ona beynəlxalq rəng vermək üçün Misir- Ermənistan birgə ekspedisiyası yaradılıb. Sonra bunu daha geniş coğrafiyada yaymaq üçün Los- Ancelesdə mətbuat konfransı keçirilib. Həmin zamandan indiyədək bu təxribat davam edir. İşğal etdikləri digər ərazilərdə olduğu kimi, burada da "erməni izi" axtarılması davam edir.

Bu xəbər, yəni "Tiqranakertin tapılması", əslində, ermənisayağı bir sensasiya olmalı idi ki, erməni arxeoloqları Dağlıq Qarabağın ürəyi sayılan Ağdam ərazisində qədim erməni yaşayış məskənləri tapmaq üçün arxeoloji qazıntılar aparıblar və nəticədə, guya "qədim erməni şəhəri Tiqranakert"in qalıqlarını tapıblar. Hal-hazırda da bu saxta tapıntını bütün dünyaya yaymaqla məşğuldurlar. 

 Gerçəkdən Tiqranakert haradır? Tarixdə belə bir məkan olmuşdurmu? Biz ermənilərin yolu ilə getmədən gerçəyi soyləsək, əlbəttə olmuşdur. Tarixi mənbələrə görə, mifik "Böyük Ermənistan" dövlətinin paytaxtlarından biridir "Tiqranakert" şəhəri. Şərqi Anadoluda, Van ərazisində yerləşib. Amma o zaman da müstəqil bir erməni dövləti mövcud olmamışdır. Əvvəl romalıların, sonra isə Bizansın tərkibində vassal görünümündə bir struktur mövcud olmuşdur. Ermənilər iddia edirlər ki, guya Tiqranakert indiki Diyarbəkır şəhəridir. Bu da yalan və saxta fikirdir. Ermənilərin bir çox alimləri özləri isə bu yaxınlaradək "Tiqranakert"in Yaxın Şərqdə, Mesopotamiyada yerləşdiyini bildirirdilər. Əgər ermənilərin "Tiqran Metsin torpaqları" Doğu və Güney Doğu Anadolunu əhatə edirdisə, nədən Tiqranakerti Ağdamda axtarırlar? Məlum xəstəlik səbəbindən. Hal-hazırda isə "Tiqranakert"in qalıqlarının Ağdam ərazisindən tapılmasını demələri və bu ərazinin onlara aid olduğu iddiası ilə çıxış etmələri bir daha ermənilərin yalan danışdıqlarını sübut edir. Hətta erməni tarixçilərindən də bu iddialarının əsassız olduğunu söyləyənlər vardır. Azərbaycan tarixçilərindən olan Kərəm Məmmədov deyir ki, tarixi mənbələrdə indiki Ağdamın adı maksimum dərəcədə "haylaşdırılsa" da, Musa Kalankaytuklunun "Ağvan (Aluank yox) tarixi" əsərində "Ağuen" şəklində işlənir. Faktiki olaraq indi Azərbaycan türkcəsində "ban" və "dam" eyni məna daşıyır. "Ağ ban" və "Ağ dam" toponimi sadəcə sinonimdən başqa bir şey deyildir. Amma erməni tarixçi Minasyan deyir ki, Ağdamın əsl adı Akn-dır, özü də erməni məskənidir və yazdığı məqalədə də sübut etməyə çalışır ki, azərbaycanlılar (o bizi türk-tatar köçəri qəbilələri adlandırır) buraya gəlmədirlər. " Şəhərin (Ağdamın) əsas əhalisini ermənilər təşkil edirdi, yalnız 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində burada türk-tatar qəbilələri yerləşdilər. Sonra ermənilər buradan çıxarıldılar". İndi Akna yenidən erməni yurdudur. Onun sözündən belə çıxır ki, Ağdam vaxtilə erməni şəhəri olmuşdur. 1993-də ermənilər onu yenidən ermənilərə qaytardılar. 

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın turizm şöbəsi ilə Livanın Menagement Mix şirkəti arasında müqavilə imzalanıb. Şirkət uydurma "Tiqranakert" şəhərində arxeoloji qazıntılar aparmaqla yanaşı, şəhərin bərpası ilə də məşğul olacaq. Hafta.az-ın əldə etdiyi məlumata görə, bu barədə qondarma respublikanın paytaxtı Xankəndidə keçirilən brifinqdə "Menagement Mix" şirkətinin prezidenti Raffi Semerdicyan məlumat verib. R.Semerdicyan bildirib: "Bizim şirkət ilin sonuna kimi layihə planlarını Dağlıq Qarabağ Respublikasının rəhbərliyinə təqdim edəcək. Bu ərazidə iki qrup işləyəcək, onlar qədim Tiqranakert şəhərinin qurulması ilə məşğul olacaqlar. Burada əsas məqsəd yerli turistlərlə yanaşı, xarici turistləri və şirkətləri bu ərazilərə cəlb eləməkdir. Düşünürük, turistlərin böyük axını ilə birlikdə Tiqranakertin inkişafına əlavə investisiyalar da qoyulacaq".

Burada tapılan Bazulik IV əsrə aiddir. Etirazımız yoxdur, amma bunun ermənilərə nə aidiyyəti var? Həmin tarixlərdə bu ərazilərdə ermənilərin yaşaması barədə tək bit fakt yoxdur.

80-ci illərdə Azərbaycan burada ekspedisiya aparıb və tapılan bu daş da türk mədəniyyətinin nişanəsidir. Onu "Türkləşdirilmiş" erməni kilsəsi adlandıranlar ənənəvi saxtakarlığı burada da davam etdirirlər. Bunu da Tiqranakert yaxınlığında qalanın bir hissəsi olaraq qələmə verirlər. 

Ermənilər son zamanlar işğal etdikləri Azərbaycan ərazilərindəki azərbaycanlılara məxsus maddi və mənəvi dəyərləri mənimsəməklə erməniləşdirmək, bu ərazilərdə Azərbaycan türklərinə məxsus əşya və dəlilləri məhv etmək istiqamətində çox ciddi və təhlükəli iş aparırlar. 

Onlar Azərbaycan ərazilərində törətdikləri bu cinayət əməllərinə İngiltərə, Amerika və Fransadan da əməkdaşlar cəlb edərək, bu qazıntı işlərini beynəlmiləlləşdirərək ona hüquqi don geyindirməyə çalışırlar. Ermənilər xarici turistlərin diqqətini bura çəkmək məqsədi ilə Ağdam rayonu ərazisindəki Şahbulaq saray-kompleksini təmir edərək, kompleksin içərisində "Tiqranakert" adlı tarix muzeyinin yaradıldığını təntənəli şəkildə elan edib, bu barədə xəbərləri xarici internet şəbəkələrində yerləşdiriblər. Eyni zamanda, Ağdam ərazisində apardıqları bu qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı mədəniyyətinə aid məşhur kurqanları (torpaq qəbirlər) dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparıblar. O cümlədən buradakı toponim və yer adlarını dəyişdirərək, Şahbulaq saray-kompleksinin adını Surenavan, ətraf əraziləri isə Tiqranakert adlandırmağa başlayıblar. Qeyd edək ki, Şahbulaq qalası Bayat qalasından öncə, Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiətipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda - indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray-kompleks tikdirməyi öz şəxsi təşəbbüsü kimi irəli sürmüşdür". Lakin sonralar Pənahəli xan bu qalanın düşmən təcavüzünə davam gətirə bilməyəcəyini düşünərək, bundan bir az sonra Bayat qalasını, daha sonra isə Şuşa qalasını inşa etdirərək, sonuncunu xanlığın mərkəzinə çevirib.



MƏSLƏHƏT GÖR:

590