18 May 2024

Şənbə, 18:39

SIÇRAYIŞ

"Qarabağ"ın ardından "Qəbələ" də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Müəllif:

01.09.2015

Futbol tariximizdə ilk dəfə iki klubumuz - "Qarabağ"la "Qəbələ" Avroliqanın pley-off matçında lazımi nəticəni qazanmaqla qrup mərhələsinə vəsiqə qazandı. Hər iki komandanın qrup mərhələsinə gedən yolu asan olmadı.

Bir neçə il əvvəl qrup mərhələsinə xəyal kimi baxan azarkeşlər artıq Azərbaycan klublarının Avroliqadakı çıxışlarına qışadək izləməyə öyrəşiblər. "Qarabağ" artıq ikinci dəfədir ki Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Bundan öncə isə bu mərhələdə "Neftçi" oynayıb. 

Amma bu mövsüm flaqman artıq ilkin mərhələdə Monteneqronun "Mladost" klubuna uduzaraq Avroliqa ilə vidalaşdı. "İnter"in çıxışı isə qəhrəmanlıq kimi qəbul edilir. Maliyyə böhranı yaşayan komandadan Avroliqa oyunlarında heç kim yaxşı bir nəticə gözləmirdi. Amma klub iki mərhələ adladı, bundan artığına isə güc qalmadı. 

Azərbaycan çempionu və ölkə kubokunun sahibi "Qarabağ" mübarizəyə Çempionlar Liqasından başladı. Monteneqronun "Rudar" klubuna rəqib olan Qurban Qurbanovun yetirmələri Bakıda 0-0 oynasa da, səfərdə 1-0 hesablı qələbəylə üçüncü təsnifat mərhələsinə adladı. Burada Ağdam təmsilçisini Şotlandiyanın "Seltik" klubu qarşıladı. Adlı-sanlı "Seltik" həm fiziki, həm də təcrübə baxımından komandamızdan güclü idi. Qlazqoda 0-1 hesabıyla uduzan "Qarabağ" doğma meydanda qolsuz bərabərliyə razılaşmaqla Çempionlar Liqasını tərk etdi, amma Avroliqanın pley-off mərhələsinədə mübarizəni davam etdirdi. Qrup mərhələsinin bir addımlığında "Qarabağ"ın rəqibi İsveçrənin "Yanq Boyz" klubu oldu. Büdcəsinə və tarixinə görə Azərbaycan çempionuyla görüşdə favorit göstərilən İsveçrə təmsilçisi hər iki oyunda uduzmaqla şok yaşadı. Berndə baş tutan ilk oyunda minimal hesabla qalib gələn "Qarabağ", doğma meydanda isveçrəlilərin qapısından 3 cavabsız top keçirdi. 

Xüsusilə Almeyda, Reynaldo, Əfran İsmayılov və Cavid Tağıyevin gözəl oyunu qeyd olunmalıdır. 

Qrup mərhələsinə gəlincə, püşk "Qarabağ"a çox çətin qrup qismət edib. Azərbaycan çempionu pley-offa çıxmaq uğrunda İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klublarıyla qarşılaşacaq. 

 

"Qarabağ"ın Avropa Liqasında oyunlarının təqvimi 

17.09.2015 "Tottenhem" - "Qarabağ"

01.10.2015 "Qarabağ" - "Anderlext"

22.10.2015 "Monako" - "Qarabağ"

05.11.2015 "Qarabağ" - "Monako"

26.11.2015 "Qarabağ" - "Tottenhem"

10.12.2015 "Anderlext" - "Qarabağ"

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "R+"a açıqlamasında qazanılan qələbə və püşk barədə danışıb: "Çox sevinirəm ki, ardıcıl ikinci mövsüm qrup mərhələsinə adladıq. Bu bizim minimum hədəfimiz idi. Qrupda asan mübarizə olmayacaq, bununla belə sona qədər oynayacayıq.

Püşkə gəlincə bəxtimizin gətirmədiyini demək düzgün çıxmaz. İnşallah, yaxşı olar. Bu cür komandalara qarşı oynamaq, bəlkə də, hər hansı qələbədən daha üstündür. Hamısı böyük təcrübəyə malik, tanınmış komandalardır. Onların Bakıya gəlməsi həm azarkeşlərimiz, həm də ümumiyyətlə, Azərbaycan futbolu üçün xoş haldır. Düşünürəm ki, bu, futbolumuzun inkişafı üçün böyük təkandır. Hər məşqçi və futbolçu istər ki, belə komandalara qarşı oyunlar keçirsin. Qismətimiz budur. Heç birinə məğlub olmaq barədə düşünmürük".

"Qarabağ"ın qələbə sevincinin ardınca növbəti xoş xəbər Afinadan gəldi. Yunanıstanda güclü "Panatinaikos" və onun çılğın azarkeşlərinin qonağı olan "Qəbələ" özünü itirmədi və 2:2 hesablı heç-heçəylə tarixində ilk dəfə qrup mərhələsinə adladı. Bununla, "Qəbələ" Avropada mövsümün rekorduna şərik oldu. Avrokubokların qrup mərhələsinə yüksələn 80 komandadan yalnız ikisi yarışa I təsnifat mərhələsindən başlayaraq bu qədər irəliləməyi bacarıb. 4 mərhələ adlayıb, qrupa düşməklə mövsümün rekordunu müəyyənləşdirənlər isə "Qəbələ" və Norveç "Rusenborq"udur. 

Xatırladaq ki, "Qəbələ" Tiflis "Dinamo"su (1:2, 2:0), Serbiya "Çukariçki"si (0:1, 2:0), Kipr "Apollon"u (1:1, 1:0) və Yunanıstan "Panatinaikos"unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb. Ümumiyyətlə, Roman Qriqorçukun bir il ərzində formalaşdırdığı "Qəbələ" tarixinin ən güclü oyununu sərgiləyir. Qriqorçuk "Qəbələ"ylə müqavilə imzalayanda əksəriyyət seçimin düzgün olmadığını söyləyirdi. Zaman göstərdi ki, Roman İosifiç təsadüfi olaraq "Çernomorets"lə Avroliqada oynamayıb. "Qəbələ" ilə eyni uğuru təkrarlayan Qriqorçuku Azərbaycanda çalışan ən yaxşı əcnəbi məşqçilərdən biri adlandırmaq olar. 

Qrup mərhələsinə gəlincə, "Qəbələ" Avroliqada Dortmundun "Borussiya", Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klublarına rəqib olub. 

 

"Qəbələ"nin Avropa Liqasında oyunlarının təqvimi

17.09.2015 "Qəbələ" - PAOK

01.10.2015 "Krasnodar" (Rusiya) - "Qəbələ"

22.10.2015 "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya)

05.11.2015 "Borussiya" (Dortmund, Almaniya) - "Qəbələ"

26.11.2015 PAOK - "Qəbələ"

10.12.2015 "Qəbələ" - "Krasnodar" (Rusiya) 

 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "R+"a açıqlamasında püşkü belə dəyərləndirib: "Başa düşürük ki, qrupdakı bütün rəqiblərimizin nüfuzu da var, gücü və ustalıq səviyyəsi də. Odur ki, hər birinə qarşı bizi çətin oyun gözləyir. Hansı yer uğrunda oynayacağımızı hələ düşünmürəm. Qrupdakı oyunlara qədər az vaxtımız var. Çalışmalıyıq ki, bu müddətdə yaxşı hazırlaşaq, məşq keçək. Çox iş görməliyik. Bura qədər hansı komanda ilə oynadığımızın heç bir önəmi yoxdur. Digər komandalar güclüdür. Hər birinin öz üstün cəhətləri var və biz qrupdakı 3 komandanın hamısına eyni yanaşmalıyıq".

Ardıcıl ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" UEFA tərəfindən 2,4 mln. avro qazandı. "Qəbələ" isə büdcəsini ardıcıl 4 rəqibini yarışdan kənarlaşdırdığına görə daha çox 3,26 mln. avroyla artıracaq. Klublarımız qrup mərhələsində qazanılan hər qələbəyə görə 360 min, heç-heçə oynayacağı təqdirdə isə daha 120 min avro əldə edəcək. 

Həm "Qarabağ", həm də "Qəbələ" hazırda yeni futbolçularla danışıqlar aparır. Hər bir klubumuz daha iki əcnəbi futbolçuyla güclənmək niyyətindədir. Danışıqlar müsbət yekunlaşarsa, legionerlər yaxın günlərdə ölkəmizə gələcək. Hər iki komandamız Avroliqada ev oyunlarını Tofiq Bəhramov adına stadionda keçirmək istəyir. Bununla bağlı, hazırda UEFA rəsmiləriylə yazışmalar davam edir. Ot örtüyü yararsız vəziyyətə düşən mərkəzi arenada hazırda qrup mərhələsinin oyunlarını keçirmək mümkün deyil. Buna görə AFFA ilə Gənclər və İdman Nazirliyi stadionun ot örtüyünü dəyişməyə hazırlaşır. Yeni ot örtüyü Hollandiyadan gətiriləcək. 

Beləliklə, Azərbaycan azarkeşlərini bir-birindən maraqlı 12 oyun gözləyir. İki klubumuz qrup mərhələsindədir, amma bu son deyil. Təmsilçilərimizdən birini pley-offda görməyi arzulayırıq.



MƏSLƏHƏT GÖR:

508