21 Noyabr 2024

Cümə axşamı, 18:52

SÖZ SAVAŞI, yoxsa AĞLIN MƏŞQİ?

Şifahi xalq yaradıcılığının istiqamətlərindən biri sayılan meyxanaya münasibət heç zaman birmənalı olmayıb

Müəllif:

01.09.2015

Qafiyə ilə verilmiş sualı qafiyə ilə cavablandırmağı hər kəs bacara bilərmi? Bunun üçün xüsusi istedad, ağıl lazım-dır. Çünki cavab sadəcə qafiyə olmalı deyil. O, sualdan daha məharətlə verilməlidir. Azərbaycanda bu, meyxana adlanır. Hələ hip-hopun olmadığı, avropalıların Amerikanı kəşf etmədikləri vaxtlarda şimali, türk İranının ərazisində bu möhtəşəm janr mövcud idi.

 

Həqiqət meydədir?

"Meyxana" sözü iki sözdən ibarətdir - "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq" anlamı verir) və türk sözü olan "xana" - otaq. Buradan belə çıxır ki, meyxana içki məclislərində deyilib. Bu, sözügedən janr üçün heç də təəccüblü deyil. Bu gün o da məlumdur ki, meyxananın deyildiyi əsas yer meyxanalar olub. Bununla yanaşı, tanınmış şairlərimizin əksəriyyəti bu poetik improvizəyə müraciət etməkdən utanmayıb, onu aşağı səviyyəli janr saymayıb, əksinə, meyxananı özünəməxsus beyin məşqi kimi qiymətləndiriblər. Həsən Seyidbəylinin "Nəsimi" filmində də meyxana səhnəsi var. Məlumdur ki, qədim şairlər, həmçinin onların XIX və XX əsrlərdəki həmkarları meyxana ilə əyləniblər. Çoxları inanmayacaq, amma dahi satirik Mirzə Ələkbər Sabir nəinki meyxana yazıb, həm də toylarda meyxana deyib. Bu gün meyxana Azərbaycan folklorunun xüsusi, mötəbər janrı sayılır. Meyxanaçılarımızın formalaşdırdıqları özünəməxsus submədəniyyətə dünyanın heç bir yerində rast gəlinmir.

Meyxana televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü olmuş rejissor Abdul Mahmudov hesab edir ki, bu janr daha qədim köklərə malikdir və əslində, tamamilə fərqli ada malik olub. "Vaxtilə hələ tarixin atası sayılan Herodot yazırdı ki, Xəzər sahilində yaşayan xalqlar qafiyəli mahnılar oxuyur, bunun üçün xüsusi mərasimlər təşkil edirdilər. Odur ki, bugünkü meyxananın bənzəri hələ o dövrdə mövcud olub. Lakin onun adı tez-tez dəyişsə də, məğzi olduğu kimi qalıb. Əvvəllər o, "meydanxana" adlanıb. Yəni, şeirlər meydanda deyişib, meyxanaçılar meydana çıxaraq insanlar qarşısında qafiyə ilə "mübahisə" edib, bununla da zirəkliklərini, poetik istedadlarını, eyni zamanda yumor hisslərini nümayiş etdiriblər". Təəssüf ki, rejissorun da qeyd etdiyi kimi, zaman keçdikcə bu janr xuliqanlıq, küçə folkloru kimi assosiasiya olunmağa başlanıb.

Bununla yanaşı, meyxana şifahi xalq musiqi-poetik yaradıcılığının istiqamətlərindən biridir. Bu, özünəməxsus reçitativ improvizədir. Söhbət əsl söz savaşından gedir. Üstəlik, meyxana deyənlər mövzuya (qafiyə, nəqarat) əvvəlcədən hazırlaşmır, əksinə, bacarıqlarını bir anda beyinlərinə gələn fikirlərlə nümayiş etdirirlər.

 

Sovet paradoksu

XIX əsrdə, hətta bəlkə də daha əvvəllər meyxana ruhanilər tərəfindən təqib edilib. Çünki əvvəllər bu janr şərab içməklə, ümumilikdə şən, avara həyatla əlaqələndirilib. Lakin bütün bu cəhdlər uğursuz olub. 

Məlum olduğu kimi, mədəniyyətə nə qədər təzyiq göstərilirsə (birbaşa zorakılığa keçmədən), o, daha geniş yayılır. Yəqin ki, meyxana üçün ən ağır dönəm sovet illəri olub. Halbuki onun sıxışdırılması istiqamətində heç kəs konkret addım atmayıb, əksinə, onun təbliğatı ilə məşğul olan mədəniyyət xadimlərinə rast gəlinib. Səbəb başqa idi.

Sovet İttifaqı öz ideologiyasını yaymaq üçün mövcud olduğu ilk illərdəsə məhz meyxanadan istifadə edib, onu özü üçün rupora çevirib. Teatrlarda (xüsusilə Fəhlə-Kəndli Teatrında, daha sonra isə Musiqili Komediya Teatrında) qoyulan tamaşalarda tez-tez təbliğat mövzulu meyxanalar deyilib. Bu "ruporçuluq"un janra olan inamı azaltdığı istisna deyil. Çünki meyxananın iki vacib xüsusiyyəti var: birincisi, bu janr improvizəyə, şairin hazırcavablığına, zirəkliyinə əsaslanan janrdır. İkinci, meyxana, ilk növbədə, azadlıq poeziyasıdır. Sovet meyxanasında isə şeirləri nəinki əvvəldən yazıblar, onların mətni siyasi rəhbərlik və bədii şuralar tərəfindən də təsdiqlənməli idi.

Əslində, köhnə meyxanadan Sovet İttifaqı dövründə yalnız onun nəzm ölçüsü və musiqi ritmi qalmışdı. O, sovet ideologiyasına da cavab vermirdi. Çünki ani anda beyinə gələn şerin mətninə və mənasına nəzarət etmək qeyri-mümkündür.

Meyxananı, daha doğrusu, onun ölçü və ritmini bir çox sovet əsərlərində, bəzən isə tamamilə gözlənilməz məqamlarda eşitmək mümkündür. Biz onu "Koroğlu" operasının ariyasında eşidə bilərik. Bundan başqa, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında Hambalın ariyasının bəzi versiyalarında da meyxana səslənir. Teatr həvəskarları Fikrət Əmirovun "Sevil" operasında Abduləli bəylə Məmmədəli bəyin duetində də meyxanaya şahidlik ediblər. Lakin onun eşidildiyi ən gözlənilməz yer Vaqif Mustafazadənin caz-muğamıdır. Meyxanaya Sabir Rüstəmxanlının "Həyat kitabı"nda, Natiq Rəsulzadənin "Evləndim" hekayəsində də rast gəlinir. Məşhur "Bizim Cəbiş müəllim" filmindəki meyxana səhnəsini isə hər birimiz xatırlayırıq və bu şeir artıq klassikaya çevrilib.

 

Meyxana bu gün

Təəssüf ki, sovet dövründə janr bir qədər marginallaşmaya məruz qalıb. Amma bu, qəsdlə edilməyib. Sadəcə, meyxana üçün tələb edilən azadlığın olmaması janrın gücünü, aktuallığını itirməsi ilə nəticələnib. Nəticədə, əksər şairlər onu "aşağı janr" sayaraq, meyxanaya müraciət etməkdən boyun qaçırıblr. Bu mənada azsaylı istisnalardan biri kimi şair Əliağa Vahidi göstərmək olar. 

Bu gün meyxananı daha çox ədəbi zövqü o qədər də gözəl olmayan gənclərdən eşitmək mümkündür. Lakin 2000-ci ildən bu sahədə vəziyyət ləng olsa da, dəyişməyə başlayıb. Meyxananın təbliğində satirik şair Baba Pünhanın böyük rolu olub. O, öz şeirlərini telekanallarda gözəl ifa etməklə yaddaşlarda qalıb. 

Tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu bu janra qarşı qərəzli münasibətin bir neçə səbəbini sadalayır: "Məsələ ondadır ki, klassik instrumental musiqi müəlliflərinin mahnı janrı əksər hallarda aşağı janr sayılır. Lakin Fikrət Əmirovun, Tofiq Quliyevin və digər korifeylərin bəstələdiyi mahnıları yada salsaq, görərik ki, hər şey janrdan yox, həmin işi görən şəxsin istedad səviyyəsindən asılıdır. Əlbəttə, meyxananın statusunun "ucuzlaşdırılmasının" səbəbi mədəniyyətin və təhsilin ümumi səviyyəsi ilə bağlıdır. Bu amillər insanların dünyagörünüşünə öz təsirini göstərir. Müasir ifaçıların - həmin maarifçilik və dərin ideyalar daşıyıcılarının Əliağa Vahidin və digərlərinin yolu ilə getdiyini təsəvvür etmək çətindir".

S.Babullaoğlunun fikrincə, meyxanaya ehtiyatla yanaşmanın daha bir, ilk andan nəzərə çarpmayan səbəbi var: meyxana ritmik incəsənət növünə aiddir, ritmlik majoru nəzərdə tutur, problemlərin kədərlə əks olunması isə minorda daha yaxşı səslənir. Bundan başqa, müasir meyxanada qafiyələrdə qeyri-dəqiqlik var. Şeir sənətində "qulaq qafiyəsi" anlayışı var. Bu, qulağa hesablanmış, lakin ədəbi, poetik baxımdan o qədər də korrekt olmayan qafiyələrdir.

Bütün bunlarla yanaşı, bu gün meyxanaya ciddi münasibət geri qayıtmaqdadır. 2009-cu ildə Meyxana İfaçıları İttifaqı yaradılıb. Ona tanınmış meyxanaçı Ağamirzə Məmmədov başçılıq edir. "Meyxana bizim milli incəsənətimizin əsas istiqamətlərindən biridir. Onu uzun müddət qəbul etməyiblər. Bu üzdən də indi bizim üçün vacib olanı bu janrı daha peşəkar səviyyəyə qaldırmaq, əsl ustalıq nümayiş etdirməkdir. Biz meyxana sənəti məktəbinin yaradılması ilə məşğuluq", - deyə Ağamirzə Məmmədov bildirir.

Teatrlarda da meyxanaya müraciət davam edir. 2010-cu ildən "Yuğ" Müasir Eksperimental Teatrı meyxananın geniş istifadə olunduğu, gənc dramaturq Saleh Sabatın "Uşaq və biz" tamaşasını dəfələrlə nümayiş etdirib.

Bununla yanaşı, bir çox insanlar hələ də bu janra şəklə yanaşır. Bu, ilk növbədə, onun peşəkar incəsənətdən kənar olması ilə bağlıdır. Amma xatırladaq ki, hələ Nəsiminin dövründə də böyük şairlər poetik yarışlarla əyləniblər. Ondan dahi Şekspir də uzaq olmayıb (əlbəttə ki, ingilis dilində). Bənzər yarışlar orta əsrlərə aid Genua, Venesiyanın poetik mühitində də geniş yayılmışdı. Bunu Marşall Xerskovisanın məşhur "Təhlükəli gözəllik" filmində görə bilərik.

Meyxanaya qərəzli yanaşmadıqda anlayırsan ki, müəllifdən əsl hazırcavablıq tələb edən bu janrda pis heç nə yoxdur. Əsas məsələ, səslənən kəlamlara hansı mənanı verməyindədir...



MƏSLƏHƏT GÖR:

796