18 May 2024

Şənbə, 20:21

QRAFİKƏ QRAFİKLƏ KEÇİD

Azərbaycanda iş gününün başlama saatının dəyişdirilməsi zamanı hansı amillər nəzərə alınmalıdır?

Müəllif:

01.09.2015

Azərbaycanda dövlət və özəl sektora aid təşkilatlarda, həmçinin təhsil ocaqlarında iş qrafikinin dəyişəcəyi istisna edilmir. Belə olacağı təqdirdə, bir çoxumuz yuxudan 1-1,5 saat tez və ya gec oyanmalı olacağıq. Belə dəyişikliyin mümkünlüyünü baş nazirin müavini Abid Şərifov bu günlərdə açıqlayıb. O, Azərbaycanda institutların və dövlət qurumlarının işə, bir qayda olaraq, saat 09:00-da və ya 08:30-da başladıqlarını xatırladıb. "Biz özəl sektora göstəriş verə bilmərik. Müvafiq strukturlara müraciət edir, onlara özəl sektorla danışıqlar aparmalarını tövsiyə edirik. Qoy onlarda iş saat 07:30-08:00 arası başlasın. Dövlət sektorunda iş saatı 08:30-09:30, bank sektorunda isə 10:00-da başlamalıdır", - deyə A. Şərifov qeyd edib.

Abid Şərifovun sözlərinə görə, dünya təcrübəsi digər ölkələrdə iş gününün əsasən bizdəkindən tez başladığını göstərir: "Bu, yalnız Avropa ölkələrində deyil, bütün dünyada belədir".

 

Problemin kökü

Hökuməti bu yenilik haqda düşünməyə vadar edən əsas amil sentyabrda tədris ilinin başlanması ilə küçələrdə böyük tıxacların yaranmasıdır. Miqrasiya və nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov dəyişiklik layihəsini yüksək qiymətləndirir. Onun sözlərinə görə, nəqliyyatın hərəkətində əsas gərginlik məhz pik saatlarında - insanların işə getdiyi və evə qayıtdığı vaxt, uşaqlarını məktəblərə, bağçalara apardıqları anlarda yaşanır. "Ən azı bütün bu tədbirləri pilot layihə çərçivəsində sınaqdan keçirmək olar", - deyə ekspert bildirir: "Yaxşı düşünülərək həyata keçiriləcəyi təqdirdə, bu layihə müəyyən nəticələr verə bilər".

Bununla yanaşı, əlbəttə ki, meydana digər suallar da çıxır. Bu layihənin reallaşdırılacağı təqdirdə, məntiqə uyğun olaraq, təhsil ocaqlarında dərsin başlama saatı da dəyişdiriləcək. Belə olan təqdirdə, əgər müxtəlif sektorlarda işin başlama saatı fərqli, məktəblərdə və bağçalarda isə tamam fərqli olarsa, valideynlər uşaqlarının qrafiki ilə necə ayaqlaşacaqlar? Ümumilikdə, məktəb avtobuslarından istifadə təcrübəsinin tətbiqi vəziyyətdən yaxşı çıxış yolu olardı. Lakin bütün bunlar artıq digər strukturların səlahiyyətlərinə aiddir və bu işlərin görülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev də hesab edir ki, müxtəlif strukturlarda iş gününün fərqli saatlarda başlaması yollarda tıxacların aradan qaldırılmasına kömək edəcək. Dayanıqlı İnkişaf Tədqiqatlar Mərkəzinin rəhbəri Nəriman Ağayev isə bu cür dəyişikliklərin o qədər də effektli olmadığı qənaətindədir. Onun fikrincə, belə dəyişikliklər yollarda tıxacları o qədər də azaltmayacaq, üstəlik, bir çox digər sahələrdə effektsiz olacaq. N. Ağayev bildirir ki, özəl sektorda iş saatının bu qədər tez başlamasına ehtiyac yoxdur. İnsanların bu dəyişikliyə adaptasiyasının çətin olacağını düşünən N. Ağayevin fikrincə, bu, onların fəaliyyətində faydalı iş əmsalını azaldacaq. Tıxac probleminə gəlincə, ekspert hesab edir ki, onun belə radikal şəkildə həllinə çalışmaq doğru deyil. N.Ağayevin fikrincə, ilk olaraq şəhərin mərkəzində tıxacları küçələrin genişləndirilməsi, işıqforların quraşdırılması, piyadalar və sürücülər arasında maarifləndirmə işlərinin aparılması ilə aradan qaldırmağa çalışmaq lazımdır.

Bununla yanaşı, o, yol infrastrukturunun təkmilləşdirilməsini, problemin həllinə kompleks yanaşılmasını təklif edir. Sentyabrın gəldiyini və tədris ilinin başlamasına günlər qaldığını nəzərə alsaq, bu məsələlər təcili surətdə həllini tapmalıdır. Lakin planlaşdırılan yeniliklərin hamısı hələlik yalnız layihə mərhələsindədir və təşəbbüskar Abid Şərifovun da dediyi kimi, hökumət yeniliklərin qəbul edilməsi üçün özəl sektora təzyiq göstərə bilməz. O, yalnız müvafiq strukturlara izahedici işlərin görülməsini, məsləhətlərin verilməsini tövsiyə edə bilər.

 

Dünya təcrübəsi

Dünya təcrübəsinə gəlincə, o, müxtəlifdir. Cənub ölkələrində gün tez isindiyindən, bir qayda olaraq, iş səhər tezdən, bəzən isə saat 07:00-da başlayır.

Yunanıstanda isə isti iqlim şəraiti ilə əlaqədar olana iş saatı 06:00-07:00-da başlayır. Saat 13:00-14:00-da ya iş bitir, ya da saat 17:00-18:00-dək fasilə verilir. İspanların analoqu olaraq, yunanlar bu uzun fasiləni siyesta adlandırırlar. Qonşu cənub ölkələrində də vəziyyət bənzərdir. Bu ölkələrdə nadir hallarda iş gününün saat 09:00-da başladığını görmək olar.

İstisna kimi yalnız İspaniyanı göstərmək mümkündür. Orada iş saat 9-da başlayır və 14-dək davam edir. Sonrakı 2 saat siyestadır - bu zaman ofisi tərk etmək, yaxınlıqdakı kafelərdə dostlarla dincəlmək mümkündür. Evə isə ispanlar axşam saat 7-də qayıdırlar.

Fransanın iri şirkətlərində və dövlət orqanlarında iş günü regiondan asılı olmayaraq, səhər saat 8-də başlayır. Bu qanun qüvvəyə 1919-cu ildə minib və o vaxtdan bir dəfə də dəyişilməyib. Yeri gəlmişkən, Fransa Avropada 8 saatlıq iş gününü ilk tətbiq etmiş dövlətlərdəndir. Almaniyada da vəziyyət eynidir - insanlar işə 08:00-da gedir. Əlbəttə ki, bu qaydalar xidmət sahələrinə, saç ustalarına, mehmanxanalara, kinoteatrlara aid deyil. Məsələn, Almaniyada çörəkxanaların işçiləri işə saat 04:00-da yollanırlar. Yeri gəlmişkən, Almaniya məktəblərində dərslər saat 07:00-da başlayır. ABŞ-ın dövlət qurumları, məktəbləri və iri şirkətləri isə işə saat 08:00-da start verir.

Sadalanan ölkələrdən ən çox fərqlənən Yaponiyadır. Burada şirkətlər və dövlət qurumları bizdə olduğu kimi, səhər saat 9-da açılır. Lakin orada iş gününün saat 17:00-da bitməsi nəzərdə tutulsa da, reallıqda vəziyyət fərqlidir. Hər kəsə bəlli olan yapon mentaliteti üzündən işçilər iş yerlərini rəhbərdən tez tərk etmirlər.

"Tənbəllik" baxımından Azərbaycana ən yaxın iş qrafiki isə qonşu Rusiya və Gürcüstandadır.

İstənilən halda, bu gün Azərbaycanda ayrı-ayrı iş yerlərində iş gününün müxtəlif saatlarda başladığı hər kəsə bəllidir. Göründüyü kimi, bu, küçələrdə avtomobil axınının azalmasına ciddi təsir göstərmir. Tıxaclar necə var idisə, elə də qalır. Müvafiq olaraq, ölkədə iş qrafikinə total şəkildə yenidən baxılması təşəbbüsü diqqətlə düşünülməli, təhlil edilməlidir. Görünən odur ki, bu məsələnin bir anda bir kağızın imzalanması ilə həlli mümkün deyil - mütəxəssislərin üzərində düşünməli olduqları məqamlar çox, vaxt isə azdır.


MƏSLƏHƏT GÖR:

530