18 May 2024

Şənbə, 12:55

İZMİR SƏHMİ

"SOCAR Turkiye Enerji" Türkiyənin iri sənaye şirkətinə çevrilir

Müəllif:

01.09.2015

İzmir əzəldən turizm potensialı ilə şöhrət qazanıb və ölkə hökuməti bundan maksimal dərəcədə istifadə edir. Lakin İzmir - həm də Türkiyədə sənayenin inkişafına görə ancaq İstanbuldan geri qalan ölkənin cənub-qərb regionunun mərkəzidir.

Kiçik Əliağa yarımadası Türkiyənin cənub-qərbində Egey dənizində İzmirə yaxın yerləşir. Burada gözəl təbiətin - təpəli meşələrin, şəffaf dənizin ağuşunda - cari ildə 50 illik yubileyini keçirəcək, Türkiyənin ən iri neft-kimya komplekslərindən biri "Petkim"in mülkü yerləşir. Bu kompleks təkcə İzmirin deyil, eləcə də bütün Türkiyənin sənaye potensialında mühüm rol oynayır. Və təsadüfi deyil ki, 2008-ci ildə Türkiyə hökuməti "Petkim"in səhmlərinin nəzarət paketini özəlləşdirməyə çıxardıqda, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu cəlbedici aktivə sahib olmaq imkanını əldən qaçırmadı. 

Baxmayaraq ki, SOCAR-ın xaricdəki layihələrinin coğrafiyası artıq çoxdan regionun sərhədlərini aşıb, Türkiyə hələ uzun illər Azərbaycan şirkətinin investisiyalarının həcminə görə birinci yerdə qalacaq. "Petkim" kompleksinin inkişafından başlayaraq, "SOCAR" Əliağa yarımadasında toplanaraq, Türkiyədəki fəaliyyətini xeyli genişləndirdi. Və indi bu yarımadanı həm də "Petkim" adlandırırlar. "STAR" neftemalı zavodu, konteyner limanı və istilik elektrik stansiyası da məhz burada "Petkim" neft-kimya kompleksinin yanında tikilir. 

"Ümumilikdə, Türkiyədəki layihələrə, "Petkim"in alınması və Trans- Anadolu qaz kəmərinin (TANAP) tikintisi də daxil olmaqla, 20 mlrd. dollar sərmayə yatırılacaq", - deyə "SOCAR Turkiye Enerji"nin rəhbəri Kənan Yavuz şirkətin Əliağa yarımadasındakı layihələri ilə tanış olan azərbaycanlı jurnalistlərdən ibarət qrupa bildirib. 

2008-ci ildən SOCAR-ın Əliağa yarımadasındakı layihələrə yatırımı 10 mlrd. dollar təşkil edib. Bununla belə, "SOCAR Turkiye Enerji" qarşısına iddialı məqsədlər qoyur. "Biz gözləyirik ki, 2018-ci ildə bizim ümumi gəlirimiz, təxminən, 15 mlrd. dollar təşkil edəcək. Onun 3 mlrd. dolları ixrac mədaxilinin payına düşəcək. Bizim şirkətdə 5 min insan işlə təmin olunacaq. Bu, bizə ancaq "Koç Holding"dən sonra Türkiyənin ikinci sənaye şirkətinə çevrilməmizə imkan verəcək", - deyə K. Yavuz bildirib. Növbəti beş ildə isə şirkət konsolidasiya edilmiş gəlirinin həcminin iki dəfə artmasına nail olmaq niyyətindədir. Bu, "SOCAR Turkiye Enerji"ni Türkiyənin ən iri sənaye şirkətinə çevrilməsinə səbəb olacaq. 

Qeyd etmək lazımdır ki, ambisiyalar heç də əsassız deyillər. Bu yaxınlarda "SOCAR Turkiye Enerji"nin 13%-lik payının Amerikanın "Goldman Sachs" investisiya bankına 1,3 mlrd. dollara satılması, bütün şirkəti 10 mlrd. dollar qiymətləndirməyə imkan verir. 

K. Yavuzun sözlərinə görə, hazırkı mərhələdə "Goldman Sachs"a payın satılması "Petkim"in dövlətdən alınması üzrə bütün ödənişləri tamamilə yekunlaşdırmağa imkan verdi. "Bu saziş sayəsində biz "Petkim"ə görə qalan 900 mln. dolları ödədik. Ümumilikdə, "Petkim"də, təxminən, 60%-lik pay almaq üçün biz 2,2 mlrd. dollar xərclədik", - deyə "SOCAR Turkiye Enerji"nin rəhbəri bildirib.

Qarşıdakı bir neçə ildə "SOCAR Turkiye Enerji"nin kapitallaşması əhəmiyyətli dərəcədə artacaq - artıq 2016-cı ilin yanvarında konteyner limanının açılışı gözlənilir, 2018-ci ildə isə "STAR" NEZ, habelə 300 MVt-lıq gücə malik İES-in tikintisinin yekunlaşması nəzərdə tutulub. Kapitallaşmanın artımını qiymətləndirməyə "Goldman Sachs" da yardım edəcək - artıq 2020-2021-ci illərdə bank öz payını birjaya çıxaracaq. Bu da müqavilənin şərtlərində razılaşdırılıb. 

Eyni zamanda maraqlıdır ki, "Goldman Sachs" əlavə olaraq konteyner limanına sərmayə yatırıb - investisiya bankı "SOCAR Turkiye Enerji"nin bu layihəsində 30%-lik paya sahib olub. "Bu sövdələşmə limana yatırımlarımızı, demək olar ki, tamamilə geri götürməyə imkan verdi. Ümumilikdə, limanın tikintisi 400 mln. dollar həcmində qiymətləndirilir, 100 mln. dollarını APMT ("Maersk"in törəmə strukturu) limana 28 il menecmentlik edəcək şirkət, qalan hissəsini isə bizim şirkət yatıracaq. Bununla yanaşı, "Goldman Sachs" limandakı 30%-lik payına görə bizə 250 mln. dollar ödəyib, yəni biz limanı, demək olar ki, pulsuz alacağıq", - deyə K. Yavuz qeyd edib.

Xatırladaq ki, Əliağada liman artıq birinci mərhələdə 1 milyonadək konteyner qəbul edə biləcək. Bu da onu gücünə görə Türkiyədə üçüncü, Egey dənizinin isə ən böyük konteyner limanı edəcək. Liman artıq hazırdır, artıq 2016-cı ildə ilk gəmini qəbul etmək üçün tamamlanma işləri aparılır. Limanın xüsusiyyəti, 11-12 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmilərinin limana yanaşa bilməsidir, bu da limanın nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək. 

Konteyner limanında işlər yekunlaşma mərhələsindədirsə, STAR NEZ-də hələ qızğın çağındadır. Əliağa yarımadasında zavod üçün ayrılan ərazidə praktiki olaraq bütün hazırlıq işləri bitib və birbaşa texnoloji xətlərin tikintisinə dair mərhələ başlayıb. Ümumi dəyəri 5,6 mlrd. dollar olan zavod ilk məhsulunu 2018-ci ilin martında buraxacaq. 

K. Yavuzun sözlərinə görə, bu layihə də dünya maliyyə institutlarının diqqətini cəlb edib. "Zavodun tikintisi üçün 3,2 mlrd. dollar kredit cəlb etdik. Bu vəsaiti ABŞ, Yaponiya və Avropadan olan 23 bank ayırdı. Bununla belə, bütün vəsait dövlət zəmanəti olmadan 18 illik müddətə verilib. Bu, Türkiyə tarixində ən iri və uzunmüddətli kreditdir", - deyə K. Yavuz qeyd edib. 

Türkiyədə "STAR" NEZ birinci növbəli investisiya layihəsi statusunu qazanıb, bu da ona bir sıra vergi və gömrük güzəştləri verir və xərcləri 1 mlrd. dollar azaltmağa şərait yaradır. Ümumilikdə, zavodda ildə 10 mln. ton neft emal olunacaq və 9 mlrd. dollarlıq məhsul istehsal ediləcək. "Petkim" zavodunda sonrakı emal üçün burada əsasən nafta, dizel yanacağı, LPG və başqa məhsul istehsal olunacaq. Sonuncu, yeri gəlmişkən, 2008-ci ildən mütəmadi olaraq, təkmilləşdirilməyə məruz qalır - bu müddət ərzində zavodun inkişafına 0,5 mlrd. dollar sərmayə yatırılıb, onun gücü isə 3,2 mln. tondan 3,6 mln. tona çatıb. 

Liman və "STAR" NEZ-in "Petkim" zavodunun qarşısındakı bir məkanda yerləşməsi gələcəkdə logistika xərclərinin ildə 150 mln. dollar azalmasına imkan verəcək. Lakin bu da SOCAR-ın Əliağa yarımadasındakı layihələrinin bütün həcmi deyil. Məlum olduğu kimi, "Petkim" və "STAR" kimi iri zavodlar kifayət qədər enerjitutumlu olurlar. Və elektrik enerjisinə olan tələbatı ödəmək üçün "SOCAR Turkiye Enerji" 1500 MVt gücündə istilik elektrik stansiyası tikmək niyyətindədir. 300 MVt gücündə ilk mərhələ artıq 2016-cı ildə hazır olacaq, hökumətdən bütün zəruri icazələr alınıb. Hazırda layihənin maliyyələşdirilməsi üçün banklarla danışıqlar aparılır. İES-lə yanaşı, yarımadada, həmçinin 51 MTv gücündə kiçik külək elektrik stansiyası da tikiləcək. Ümumiyyətlə, Türkiyədə alternativ energetikaya böyük diqqət ayrılır. İzmir yaxınlığında bir çox evlərdə və hotellərdə, əsasən, suyun qızdırılması üçün istifadə olunan günəş panelləri quraşdırılıb. 

Ötən 7 ildə ("Petkim"in özəlləşdirilməsindən bəri) "SOCAR Turkiye Enerji" artıq əhəmiyyətli dərəcədə maliyyə tərəfdən özünü təmin etdiyini sübuta yetirib. Bunun təsdiqi olaraq, daha bir xəbər ondan ibarətdir ki, şirkət TANAP-da 7% pay almaq niyyətindədir. Bununla da, "SOCAR Turkiye Enerji" Türkiyə iqtisadiyyatına təsirin artmasına yardımçı olur və SOCAR-a bu irimiqyaslı layihəni maliyyələşdirməkdə kömək edir. 

Bundan başqa, "SOCAR Turkiye Enerji" TANAP-la eyni marşrutda fiberoptik kabelin çəkilməsi layihəsini müstəqil şəkildə reallaşdırmaq niyyətindədir. Hərçənd investisiya baxımından bu layihə elə də məsrəfli deyil (investisiyanın həcmi 20-25 mln. dollardır), lakin şirkətə Türkiyənin kommunikasiya bazarına çıxmağa imkan verəcək. 

Bir sözlə, "SOCAR" Türkiyədə artıq son dərəcə möhkəm mövqeyə sahibdir və bu yer, cari on illiyin sonunda önəmli şəkildə möhkəmlənəcək. 

Və SOCAR-ın xaricdə hazırkı yatırımları artıq yaxın illərdə nəzərə çarpacaq və əsası isə uzunmüddətli gəlir gətirəcək. Neftin qiymətinin ucuz olduğu zamanda bu cür səhmlər mühüm dayaq ola bilər. 



MƏSLƏHƏT GÖR:

463