18 May 2024

Şənbə, 21:07

STERLİQOVUN ƏYRİ GÜZGÜSÜ

German Lvoviçin Moskva ətrafındakı düzəngahı Qarabağın dağlarına dəyişməsinin səbəbi nə idi?

Müəllif:

01.09.2015

Ermənistan tərəfindən işğal olunmuş Şuşada Alyona Sterliqovanın dəb kolleksiyası nümayiş etdirilib. Söhbət oraya köçmüş rus sahibkar German Sterliqovun xanımından gedir. Tədbir avqustun 29-da məşhur Cıdır düzündə təşkil edilib.

Təşkilatçıların vədlərinin əksinə olaraq, tədbir xüsusi dəbdəbə, təntənə ilə yadda qalmayıb. Orada nə Qarabağ şərabı və pendirinin dadına baxılıb, nə Qarabağ atlarının iştirakı ilə cıdır yarışı keçirilib, nə xalçalar nümayiş olunub, nə də əcnəbi pop-ulduzlar çıxış edib. Bunun əvəzində çadırdan bir neçə "arvad" çıxaraq Sterliqovun özünün də dediyi kimi, Rusiya və Ermənistanın milli geyimlərini nümayiş etdiriblər. Nümayişə toplaşmış tamaşaçıların sayı da çox olmayıb. Kolleksiyanı onlarla insan izləyib. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərinə bir müddət əvvəl köçmüş Sterliqovlar növbəti dəfə diqqəti üzərlərinə çəkiblər.

Mənfur Sterliqov haqda artıq dəfələrlə yazmışıq. Lakin yenə də oxucuda bu şəxs haqqında tam təsəvvürün yaranması üçün onun tərcümeyi-halından, baxışlarından, rusları Azərbaycanın işğal altındakı ərazilərinə köçməyə çağırmasından bir qədər söhbət açmaq heç də artıq olmazdı.

 

Psixoloji portret

German Sterliqov özünü vətənpərvər, hətta vətənpərvər monarxist sayır. Lakin bu, onun dəfələrlə Rusiya prezidenti və baş nazirinə müraciət edərək ölkəsinin Saxalindən Uraladək olan böyük bir ərazisini xarici dövlətlərə satmağa çağırmasına mane olmayıb.

Sterliqov müflislikdən əvvəl nəhəng varidatını gecikmiş yenidənqurma və Yeltsinin prezidentliyinin ilk illərində toplayıb. Halbuki o dövrdə rus xalqı Sterliqov kimi "iş adamları"nın sayəsində gündən-günə yoxsullaşırdı. Sterliqov rus xalqını o qədər "çox sevir" ki, yalnız özünə məlum olan faktı tez-tez xatırlatmağı unutmur. Sterliqov bildirir ki, onun əcdadları 500 il əvvəl Rusiyaya köçmüş ingilislərdir. Bu, özünü əsl pravoslav insanı kimi təqdim edən, aqressiv antisemitizm meylini gizlətməyən Sterliqovun riyakarlığının daha bir göstəricisidir. Yeri gəlmişkən, dini məqam haqda da danışaq. O, özünü "xristian pravoslav" saysa da, özünü mövcud denominasiyalardan heç birinə aid etmir. Sterliqov əmindir ki, Rusiyanın rəsmi kilsələri bu və ya digər dərəcədə küfrlə məşğuldur. Halbuki xristian inancına görə, insan kilsəni tanımırsa, onun özü kafirdir. Üzünü qırxan bütün kişilər, o cümlədən prezident Vladimir Putin German Lvoviçin gözündə keyfiyyətsiz xristianlardırlar. Yəni o, inancı kişinin üzündəki tükün qalınlığı ilə ölçür və bu, məşhur "İslam Dövləti" terrorçularının yanaşmasına çox oxşayır.

Amma Sterliqov ultrasağçı "Rus millətçilərinin hərbi təşkilatı" qruplaşmasına, həmçinin erməni əsilli taksi sürücüsü Sosa Xaçikyanın qətlinə aidiyyətinin olduğunu var qüvvəsilə inkar edir. Onun tərcümeyi-halında kifayət qədər maraqlı fakta rast gəlmək mümkündür: 2003-cü ildə cənab Sterliqov rəsmi olaraq Qeyri-leqal İmmiqrasiyaya Qarşı Hərəkata qoşulub və bu hərəkat onun Moskva meri postuna namizədliyini dəstəkləyib. Sonradan Rusiya Federasiyası Ali Məhkəməsi sözügedən təşkilatı ksenofob, ultrasağçı, millətçi-ekstremist qurum elan edib, onun fəaliyyətində rasizm elementlərinin olduğu qənaətinə gəlib. Nəticədə, təşkilatın Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulub. Amma bütün bunlar onun Qarabağ ermənilərinə qarşı sevgisinə mane olmayıb. Azərbaycanın işğal olunmuş ərazilərinə köçmüş Sterliqov tezliklə Qarabağı özünün ikinci evi adlandırıb və yəqin ki, vaxtilə çox sevdiyi Rusiyanı ürəkağrısı ilə tərk edib.

Sterliqov onu bu cür səmimi addım atmağa vadar etmiş amillər sırasında separatçı rejimin beynəlxalq birlik tərəfindən tanınmamasını xüsusilə qeyd edir. "Bu, tanınmamış respublikadır. Bu, böyük üstünlükdür - hər cür avropalı və amerikalı... buraya gəlmir və insanların ruhi yaşam tərzinə mane olmur", - deyə Sterliqov bildirir. Lakin burada da uyğunsuzluq özünü göstərir - onun "hər cür avropalı və amerikalı"dan bu qədər iyrənməsi Sterliqovun Azərbaycandan məhz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsinə mane olmayıb.

Bununla yanaşı, German Lvoviçin Ayrapetov soyadlı erməni vəkili nədənsə müştərisinə dövlət sərhədinin qanunsuz keçilməsinin, separatçı rejimin dəstəklənməsinin beynəlxalq hüquqa zidd olduğunu xatırlatmağı lazım bilmir. O, müştərisinin nəzərinə çatdırmır ki, bu əməllərə görə ərazisi işğal olunmuş dövlətin qanunlarında cəza nəzərdə tutur. Sterliqov isə bununla da, kifayətlənmədən inanılmaz həyasızlıqla digər həmvətənlərini də onun "fədakarlığını" təkrarlamağa çağırır. Qədim Azərbaycan torpaqlarını erməni ərazisi adı ilə tərif edən bu "mənəviyyat qədri bilən" şəxs, üstəlik, bütün alimləri "şeytan" adlandıraraq onları məhv etməyə çağırışlar səsləndirir. Bununla yanaşı, nədənsə Sterliqov ruslara Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkməklə, xüsusilə oraya köçməklə hansı təhlükə ilə üz-üzə qalacaqlarını da söyləmir. 

 

Siçan tələsi

Azərbaycan hökumətinin icazəsi olmadan "Dağlıq Qarabağ Respublikası"na səfər edən şəxslərin dərhal Azərbaycan XİN-in "qara siyahısı"na düşdüyünü, Azərbaycan üçün arzuolunmaz şəxsə çevrildiyini vurğulamaq artıq olardı. Bununla yanaşı, həmin ərazilərə baş çəkən "turistlər" daha çox özlərini riskə atırlar. Məsələ ondadır ki, Dağlıq Qarabağdakı separatçı rejim dünyanın heç bir dövləti tərəfindən tanınmır. Belə olan təqdirdə, bu ərazilərdə vətəndaşının başına hər hansı hadisə gələcək ölkə necə davranmalıdır? Bu, aydın deyil. Məsələn, elə həmin Sterliqovun özü sabah hər hansı cinayət törədərsə (onun psixoloji portreti və tam aydın olmayan keçmişi belə perspektivi istisna etmir), yaxud kimsə ona qarşı cinayətə yol verərsə, Rusiyanın hüquq mühafizə orqanları necə davranmalıdır?!

Hətta cinayət faktının baş verib-vermədiyi də önəmli deyil, "DQR" adlı quldur rejiminə istənilən şəxsə qarşı istənilən qondarma ittiham irəli sürmək elə də çətin deyil və belə olan təqdirdə, insan sadəcə girova çevrilir.

Buna bariz nümunə kimi ötən yay işğal altındakı Kəlbəcər rayonu ərazisində iki azərbaycanlının girov götürülməsini (yeri gəlmişkən, onlardan biri Rusiya vətəndaşıdır), üçüncüsünün isə öldürülməsini göstərmək olar. Dilqəm Əsgərov və Şahbaz Quliyev doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etmək üçün getsələr də, separatçılar onları Azərbaycanın xeyrinə casusluqda təqsirli bilib. Sabah Sterliqovun dəvətilə Qarabağ pendirinin dadına baxmaq qərarına gələcək Rusiya vətəndaşlarının eyni aqibətlə üzləşməyəcəklərinə zəmanət varmı?! Bu halda Rusiya hökuməti kiminlə danışıqlar aparacaq - özünün də tanımadığı separatçı rejimlə?!

Yəqin ki, Ermənistanla Azərbaycan arasında münaqişənin davam etdiyi bu illərdə heç bir əcnəbi biznesmenin, hətta Qarabağdan olan zəngin ermənilərin tarixi vətəninə köçərək orada biznes qurmağa çalışmaması da bununla bağlıdır. Məsələn, qəzəbə gəlmiş rus oliqarxı, fırıldaqçılıqda ittiham olunaraq istintaqa cəlb edilmiş və bu dövrdə ev dustağına çevrilmiş Levon Ayrapetyan doğulduğu Vəngi kəndində yalnız bir neçə obyekt tikməklə kifayətlənib. O, hətta həbs təhlükəsilə üzləşdikdə belə, Dağlıq Qarabağa qaçmayıb. Çünki oliqarx Rusiya həbsxanasının "azad Qarabağ"da yaşamaqdan daha etibarlı olduğunu anlayıb.

Daha bir məqam Sterliqovun "Dağlıq Qarabağ"a köçməsinin əsas səbəblərilə bağlıdır. 2004-cü ildə siyasi və iqtisadi fəaliyyəti iflasa uğramış artıq sabiq oliqarx ailəsilə birlikdə Moskvanı tərk edərək kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb. Var qüvvəsilə özündə tərk-dünya, ruhani insan obrazı yaratmağa çalışan Sterliqov burada da geniş malikanəsində yetişdirdiyi məhsullarla bağlı ekoloji təmiz məhsul ideyasını ortaya atıb və xeyli pul qazanıb. İndi o, kənd təsərrüfatı fəaliyyətilə Qarabağda məşğul olacağını deyir: küçədəki çörək piştaxtasının qarşısında kameralara poza verən Sterliqov nikbinliklə dəyirman almasından və s. danışır. Lakin "DQR" Moskvaətrafı rayonlardan bir önəmli xüsusiyyətinə görə fərqlənir: burada əhalinin sayı çox deyil, olanlar isə varlı deyillər. Burada Sterliqovun ekoloji təmiz, təbii məhsulları ilə maraqlanacaq oliqarx xanımları, sevgililəri yoxdur. Onun xanımının tikdirdiyi paltarlar da, çətin ki, Qarabağda yaşayan erməni qadınların marağını çəksin.

Belə olan təqdirdə, Sterliqovun Moskva ətrafındakı düzəngahı Qarabağın dağlarına dəyişməsinin səbəbi nə idi? Hətta Sterliq qədər absurd şəxsin belə, vaxtilə siyasi və (rus ultrasağçılarının liderlərinin ifadələrinə inansaq) silahlı mübarizə apardığı "çurkalara" qarşı qəflətən sevgi hiss etməyə başlamasına inanmaq mümkün deyil. Yəqin ki, Sterliqovun "arsaxlılar"a, oradakı dəyirmanlara, atlara, pendirə və s. məhəbbəti, əslində, köçmənin əsl səbəbinin maskalanmasına xidmət edir.

Azərbaycanın işğal altındakı ərazilərində kölgə iqtisadiyyatının hansı sahəsi inkişaf edir? Cavab sadədir: bütün infernal bölgələrdə olduğu kimi, narkotrafik. Qarabağda və Azərbaycanın işğal olunmuş digər rayonlarında narkotik maddələrin istehsal olunması faktı, həmçinin onların dünya bazarlarına daşınması məlum məsələdir. Bəlkə, German Lvoviç ot dərmanları hazırlamaqdansa, Azərbaycanın nəzarətsiz ərazilərində daha "ecazkar" bitkinin yetişdirilməsilə məşğul olmaq qərarına gəlib? Sterliqovun məhz Dağlıq Qarabağa köçmək qərarını şərh edən rusiyalı analitik Qriqori Trofimçuk da hər dəfə məhz bu fərziyyəyə eyham vurur.

Bu halda isə ortaya başqa sual çıxır: cənab Sterliqovun himayədarı kimdir? Axı, o, lazımi insanların dəstəyi olmadan bu cür avantüraya gedəcək qədər böyük şəxs deyil. Sterliqovu başqa ölkəyə məxsus işğal edilmiş ərazilərə boş yerə göndərməyən "qoruyucu mələklər"in qulaqları hər tərəfdən görünür. Lakin həmin dairələrin üstünlüyü Sterliqova verməklə heç də müdrik addım atmadıqlarını söyləmək olar. Çünki axsaq ata arxalanmaq əksər hallarda çox baha başa gələn səfehlikdən başqa bir şey olmur.

 

 

ƏSL STERLİQOV KİMDİR?

German Sterliqov özünü vətənpərvər, hətta vətənpərvər monarxist sayır. Lakin bu, onun dəfələrlə Rusiya prezidenti və baş nazirinə müraciət edərək ölkəsinin Saxalindən Uraladək olan böyük bir ərazisini xarici dövlətlərə satmağa çağırmasına mane olmayıb.

Sterliqov rus xalqını o qədər "çox sevir" ki, yalnız özünə məlum olan faktı tez-tez xatırlatmağı unutmur. Sterliqov bildirir ki, onun əcdadları 500 il əvvəl Rusiyaya köçmüş ingilislərdir.

Üzünü qırxan bütün kişilər German Lvoviçin gözündə keyfiyyətsiz xristianlardırlar. Yəni o, inancı kişinin üzündəki tükün qalınlığı ilə ölçür və bu, məşhur "İslam Dövləti" terrorçularının yanaşmasına çox oxşayır.

Sterliqov ultrasağçı "Rus millətçilərinin hərbi təşkilatı" qruplaşmasına, həmçinin erməni əsilli taksi sürücüsü Sosa Xaçikyanın qətlinə aidiyyətinin olduğunu var qüvvəsilə inkar edir.

2003-cü ildə Sterliqov rəsmi olaraq Qeyri-leqal İmmiqrasiyaya Qarşı Hərəkata qoşulub. Sonradan Rusiya Federasiyası Ali Məhkəməsi sözügedən təşkilatı ksenofob, ultrasağçı, millətçi-ekstremist qurum elan edib, onun fəaliyyətində rasizm elementlərinin olduğu qənaətinə gəlib. Nəticədə, təşkilatın fəaliyyətinə qadağa qoyulub. Amma bütün bunlar onun Qarabağ ermənilərinə qarşı sevgisinə mane olmayıb.



MƏSLƏHƏT GÖR:

591