19 May 2024

Bazar, 07:48

ŞAHMAT OLİMPİNƏ YOL

Bakıda keçirilən Dünya Kuboku Azərbaycan qrossmeysterlərinin dünya çempionluğuna yol açır

Müəllif:

08.09.2015

Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan - Dünya Kubokuna start veriləcək. Oktyabrın 5-nə qədər davam edəcək turnir "Fairmont" hotelində keçiriləcək. 

128 şahmatçının mübarizə aparacağı Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Yarışın bütün görüşləri iki partiyadan ibarət olacaq. Əgər iki görüşdən sonra ümumi hesab bərabər olacaqsa şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcək. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcək. 

45 ölkənin təmsil olunduğu mötəbər yarışda Azərbaycandan ilk dəfə 6 şahmatçı mübarizə aparacaq. Bunlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəylidir. 

Dünya Kubokunun reytinq favoriti sabiq dünya çempionu Veselin Topalovdur. Bolqar şahmatçıdan başqa turnirdə qələbə uğrunda rusiyalı dünya çempionu və turnirin son qalibi Vladimir Kramnik, ABŞ yığmasının təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura, İsrail millisinin lideri Boris Gelfand iştirak edəcək. Ermənistan komandası Dünya Kubokunda 4 şahmatçıyla təmsil olunacaq. Yığmanın lideri Levon Aronyan Bakıya səfəri haqda Rusiya mediasına bunları deyib: "Təəssüf ki, biz şahmatçılar ölkələr arasındakı münaqişənin həllinə köməklik edə bilmirik. Lakin musiqiçilər, müxtəlif yaradıcı peşələrin nümayəndələri sülh daşıyıcısı kimi Azərbaycana gedirlər və mən də onların yolunu nümunə olaraq davam etdirməyə çalışacam. Çalışacam ki, qonşu ölkəyə hörmət etdiyimi göstərim, ən yaxşı oyunumu nümayiş etdirim və yerli azarkeşlərə zövq bəxş edim". 

FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kuboku - 2015-in Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətlə inkişafına təkan olacağını bildirib. "Bizi çox sevindirir ki, Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını alıb. Bu gün Bakı, beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır. Çox böyük uğurla başa çatan Birinci Avropa Oyunları buna ən parlaq nümunədir! Bu şəhərdə hərarətli şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri ilə tarixi abidələr mükəmməl bir ahəngdarlıq təşkil edir. "Satranc" oyunu bu ərazidə 5-ci əsrdən bəri oynanılıb. Bu haqda dahi Nizaminin bir neçə poemasında qeydlər var. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur. Hazırda şahmat idman, təhsil və mədəniyyət istiqamətində hökumət fəaliyyətinin ən çox diqqət ayrılan sahələrindəndir. Ötən il Azərbaycan paytaxtı FİDE Qran-Pri silsiləsindən olan ilk turniri yüksək səviyyədə təşkil etdi. Bu il isə Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Unutmayaq ki, gələn il Azərbaycanı şahmat üzrə ən mötəbər yarışlardan biri olan olimpiada gözləyir. Əminliklə söyləyə bilərəm ki, dünyada şahmatın inkişafında Azərbaycan özünəməxsus yer tutur", - K.İlyumjinov bildirib.

Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov "R+"a açıqlamasında Dünya Kubokuna hazırlıqla bağlı məlumat verib. "Azərbaycan zəngin şahmat ənənəsi olan ölkə kimi tanınır. Hər il ölkəmizdə bir neçə beynəlxalq şahmat turnirinin keçirilməsi fikrimizi təsdiqləyir. Təşkilat Komitəsi tərəfindən yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır. İlk Avropa Oyunlarında şahidi olduğumuz nümunəvi təşkilatçılıqdan sonra şahmat üzrə Dünya Kubokunda məsuliyyətimiz daha da artır. Biz çalışırıq ki, iştirakçılar və yarışın qonaqları hər zaman olduğu kimi yüksək təşkilatçılığın şahidi olsun. Şahmat həvəskarlarının marağını nəzərə alaraq Dünya Kubokunda oyunları internet vasitəsiylə canlı yayımlamağı planlaşdırırıq. Üstəlik, şahmatsevərlərə üç dildə - Azərbaycan, ingilis və rus dillərində məşhur qrossmeysterlərin təqdimatında maraqlı şərhlər təqdim olunacaq", - M.Məmmədov qeyd edib.

O, Dünya Kubokunda aşkar favoritin olmadığını söylədi: "Dünya Kubokunda 128 şahmatçı iştirak edəcək. Məğlub olan iştirakçılar yarışı tərk edəcək. Reqlament hər bir iştirakçıya irəliləmək imkanı verir. Reytinq favorit Veselin Topalov olsa belə digər şahmatçıların şansları az deyil. Sözsüz ki, daha çox Azərbaycan şahmatçılarının uğur qazanmasını arzulayırıq. Bu mənada təcrübəli Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun məsuliyyəti daha böyük olacaq".

Dünya Kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib. "R+"a açıqlamasında Məmmədov şahmatçılarımızın yarışda yaxşı nəticə göstərməyə çalışacağını deyib: "Azərbaycan Dünya Kubokunda ilk dəfə 6 şahmatçıyla təmsil olunacaq. Bu sayda heç vaxt iştirakçımız olmayıb. Ona görə şahmatçılarımız üçün yaxşı şansdır. Özümüzü yaxşı tərəfdən göstərməliyik. Ümid edirəm nəticə baxımından fərqlənəcəyik. Mənim fikrimcə, Dünya Kubokunda favorit olmur. Reqlament hər bir şahmatçıya rahat oynamağa və hətta sürpriz etməyə imkan verir. Dünya Kubokunda iştirak edən 128 şahmatçıdan əksəriyyəti turnirin qalibi olmaq imkanına malikdir. Bu mənada reytinq favoritlər hər zaman proqnozu doğrultmur. 2015-ci ildə klassik şahmatda 80 partiya oynamışam. Dünya Kubokunda da mümkün qədər çox oyun keçirmək niyyətindəyəm. Proqnoz verməyəcəm, amma imkan daxilində irəli getmək istəyirəm. Dünya Kuboku yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üçün xüsusi önəm daşıyır. Çünki finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Son illər Azərbaycan, bir qayda olaraq, iddiaçılar turnirində təmsil olunub. Ümid edirəm yeni mövsüm də belə olacaq".

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku 2015 - Chess World Cup 2015 1,6 mln. $ mükafat fonduna malikdir.



MƏSLƏHƏT GÖR:

541