19 May 2024

Bazar, 06:25

"DƏMİR" LAYİHƏLƏR

Çindən Azərbaycana qatarla cəmi bir həftəyə, Bakıdan Sumqayıta isə - 40 dəqiqəyə çatmaq olacaq

Müəllif:

08.09.2015

Ölkənin dəmir yolları təsərrüfatında artıq, təxminən, dörd ilə yaxın müddətdə həyata keçirilən miqyaslı modernləşdirmə layihəsi yeni mərhələyə qədəm qoyur. Bu yaxınlarda "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik istiqamətində 317 kilometrlik "polad" yolun əsas məntəqəsinin əsaslı təmirini yekunlaşdırıb. Yaxın vaxtlarda isə ADY Bakı ilə Sumqayıtı birləşdirən nəqliyyat yollarının modernləşdirilməsini bitirəcək. Dəmir yolu nəqliyyatı ən çox əhali məskunlaşan paytaxt aqlomerasiyasının peyk şəhəri ilə nəqliyyat logistikasını optimallaşdıracaq və şimal istiqamətində avtomobil tıxaclarını azaldacaq. 

 

Qərb istiqaməti

Avropa-Qafqaz-Qars (TRASECA) layihəsinin mühüm komponenti olan, bu ilin sonunda istismara veriləcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinin imkanları nəzərə alınmaqla, son illər Azərbaycanda qərb istiqamətində "polad" magistralın buraxma qabiliyyətinin genişləndirilməsi üzrə irimiqyaslı işlər həyata keçirilib. 2011-ci ilin iyun ayında Prezident İlham Əliyev Nəqliyyat Nazirliyinin hazırladığı "Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Qərb istiqamətində yolların təmiri və modernləşdirilməsi istər, təxminən, 650 mln. manat təqdim edən dövlət xətti, istərsə də Çexiyanın "EximBank"nın ayırdığı 215 mln. dollar, həmçinin Dünya Bankının 450 mln. dollar krediti hesabına maliyyələşib. 

İrimiqyaslı layihənin birinci hissəsi dəmiryol infrastrukturunun - Bakını Gürcüstanla sərhəddə yerləşən Böyük Kəsik məntəqəsi ilə birləşdirən 500 kilometrilk yolun 317 km-nin təkmilləşdirilməsini nəzərdə tutur. Bu kapitaltutumlu layihənin əsas məqsədi - dəmir yolunun buraxma qabiliyyətinin artırılması, habelə qatarlarının hərəkət proseslərini tamamilə avtomatlaşdıraraq, siqnalizasiyanın yeni sistemini tətbiq etməkdən ibarətdir. Nəticədə, qərb istiqamətində sürəti 60-80-dən 100-120 km/saata qədər artırmaq mümkün olub. Bu isə yük və sərnişinlərin çatdırılma vaxtını, təxminən, üç dəfə azaldacaq. Bu layihə üzrə işlərin əsas həcmi, ümumilikdə, inişilin sonunda bitib. Növbəti dövrdə ADY-nin mütəxəssisləri qərb istiqamətində əsas yol bitişən ayrı-ayrı məntəqələrin və qolların əsaslı təmirini həyata keçiriblər. Əsasən, apreldə Muğan-Hacıqabul mənzilində 10 km-lik yolun yenidənqurulması, may və iyulda isə Pirsaat-Hacıqabul, Ağstafa-Poylu və s. məntəqələrdə təmir işləri aparılıb. 

Bakı-Böyük Kəsik məntəqəsinin hazırlığı cari ilin əvvəlində keçirilmiş sınaq işlərinin nəticələrini təsdiqlədi. Pilot eşelon birbaşa sərhəd stansiyasına qədər çatdırıldı: yol istismara tam hazır oldu, uyğun logistik infrastruktur isə - intensiv yükdaşıma üçün hazırlandı. Dəmir yolu zolağının keyfiyyətini yaxşılaşdıraraq, qatarların hərəkətlərinin idarə-olunması proseslərinin avtomatlaşdırılmasıyla ADY əsas məqsədə nail oldu - qərb istiqamətində magistralın buraxma qabiliyyətini artırdı. Qərb istiqamətində yüksək sürət və geniş buraxma qabiliyyətinin zəruriliyi "Silk Wind" yeni transregional marşrutda tələb olunur. Bu marşrutun fəal istismarına artıq gələcəkdə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan da başlayacaq. Bu marşrutun logistikası cari ilin sonunda istismara veriləcək BTQ-nin potensialı və "Yeni Bakı" yeni beynəlxalq dəniz limanının imkanlarının istifadəsi üzərində qurulur.

Cari ilin avqustunda "Silk Wind" marşrutu üzrə kaustik soda dolu 82 konteynerdən ibarət qatar hərəkət edib. Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu üzrə və Çin, Qazaxıstan və Azərbaycan ərazisindən 4768 km keçən növbəti heyət mənzil başına cəmi bir həftəyə gəlib çatıb. Müqayisə üçün - bu təyinatlı yüklər alternativ marşrutlarla əvvəllər 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Layihə iştirakçıları bu ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə göndərilməsini nəzərdə tuturlar.

Ekspertlərin qiymətləndirmələrinə görə, artıq yaxın gələcəkdə yeni layihə Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri, eləcə də Çin arasında yük həcminin nəzərəçarpacaq artımını təmin edəcək. İlk növbədə, multimodal konteyner yüklərin dəmiryolu-bərə daşımaları hesabına. Təkcə Azərbaycan və onun tərəfdaşları BTQ-nin istismara başlaması ilə yük dövriyyəsinin həcmini ildə 6-7 mln. tona çatdırmağı planlaşdırırlar. Zaman keçdikcə tranzit axınla birgə yük daşımaları 17 mln. tona çata bilər.

 

Bakı-Sumqayıt sürət qatarı

Təqdirəlayiqdir ki, ADY-nin modernləşdirilmə layihələri təkcə regional miqyaslı işləri əhatə etmir. Belə ki, bu ilin mart ayının əvvəlində Nəqliyyat Nazirliyi və ADY Azərbaycan dəmir yolları sisteminin inkişaf proqramının daha bir komponentinin reallaşdırılmasına başladılar. Burada Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərini, habelə on müasir elektrik qatarlarının alınması nəzərdə tutulur. Əsas işlər ADY-nin vəsaiti hesabına həyata keçirilir, lakin bütün layihənin reallaşdırılmasına, təxminən, 200 mln. dolların tələb olunduğunu nəzərə alsaq, beynəlxalq donorların da cəlb olunacağı istisna edilmir. 

Ötən yarım ildə layihənin podratçısı, ADY QSC-nin struktur bölməsi olan "Dəmiryolservis" MMC 61 km-dən artıq yolu yenidən təmir edib. Bu günlərdə isə uzunluğu 1,65 km olan yeni birləşdirici yolun tikintisinə başlanıldı, bu məntəqədə ilk mərhələdə yolun üzərində yoldəyişdirici qurğular qoyulur. Bu dolayı yol Sumqayıt baş stansiyasına daxil olmadan şəhərin sərnişin stansiyasına hərəkət etməyə imkan verəcək. Bu yaxınlarda Sumqayıtın köhnə sərnişin vağzalının söküntü işləri də başlayıb, Bakı-Sumqayıt dəmir yolu xətti boyunca yerləşən stansiya və dəmir yolları mənzillərində bəzi yardımçı işlər də həmçinin yekunlaşdırılır. 

Bu işlərin sürətlə yekunlaşmasına bir sıra subyektiv faktorlar, o cümlədən Bakı-Sumqayıt dəmir yolu xəttində xeyli qanunsuz tikililərin yerləşdirildiyi ərazinin təmizlənməsi zərurəti də mane olurdu. Lakin buna baxmayaraq, bu problem də uğurlu şəkildə həll olunur: belə ki, Sumqayıt sərnişin stansiyasının sökülməsi prosesi zamanı burada yerləşən 40 məcburi köçkün ailəsi köçürülüb və hər bir ailəyə, təxminən, 30 min manat təzminat verilib. 

Bu və ya digər şəkildə, "Dəmiryolservis" MMC-nin mütəxəssisləri Bakı-Sumqayıt dəmir yolu məntəqəsinin modernləşdirilməsilə bağlı əsas tapşırığı yerinə yetirə bildilər. İrimiqyaslı torpaq işləri - ərazinin relyefinin bərabərləşdirilməsi və bütün hərəkət məntəqəsi boyu dəmir yolu xəttinin düzləndirilməsi qatarların hərəkətinin sürətinin artırılmasına imkan verdi. Köhnə relslərin, şpalların yenilənməsi, siqnalizasiya, elektrik təchizatı və rabitə sisteminin yenilənməsi və s. bu məqsədə xidmət edirdi. Nəticədə, işlər yekunlaşdıqdan sonra hərəkətin orta sürəti 80-100 km/saat təşkil edəcək ki, bunun sayəsində sərnişinlər Sumqayıtdan Bakının mərkəzinə cəmi 40 dəqiqəyə çata biləcəklər. Bu haqda ADY-nin məlumatında deyilir. Əvvəllər Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları mənzil başına 1 saat 22 dəqiqəyə çatırdılar, yəni üç dəfə çox vaxt sərf edirdilər. Bu cür alternativ öz növbəsində Bakı-Samur avtotrasının, xüsusən də gur saatlarda daimi tıxaclar müşahidə edilən Sulutəpə məntəqəsində nəqliyyat yükünün azalmasına xeyli yardım etmiş olacaq. Bu, son dərəcə mühüm problemdir. Çünki bu gün "kimyaçılar şəhərinin" sakinləri paytaxta ancaq Bakının şimal girişindən daxil ola bilirlər. Hərçənd Sumqayıta aparan iki alternativ yol - Masazır yolu və Saray qəsəbəsindən olan nisbətən dar yol da sonda tez-tez saatlarla tıxacın müşahidə olunduğu Sulutəpə ərazisinə çıxır.

Bakı və Sumqayıt arasında dəmir yolunun yenilənməsi layihəsində müasir və komfortlu sərnişin elektrik qatarlarının alınması da nəzərdə tutulub. ADY bu məqsədlə əsasən "Stadler Rail Group" şirkəti ilə "KİSS" markalı beş elektrik qatarının alınmasına dair müqavilə imzalayıb. Bugünkü gündə "Stadler Minsk" zavodunda istehsal olunmuş üç ədəd elektrik qatarları ölkəyə gətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarının sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. Yeni elektrik qatarları kondisioner sistemi ilə təchiz olunublar, gələcək də isə vaqonlarda "Wi-Fi"ya çıxış üçün pulsuz məntəqələrin qurulması hesabına internetə girişlə də təmin olunacaq. Paytaxt və "kimyaçılar şəhəri" arasında fasiləsiz hərəkətin təmin olunması məqsədilə ADY, həmçinin Riqada əsaslı təmir olunmuş elektrik qatarlarını da əldə edib. 

Elektrik qatarlarında gediş haqqına gəldikdə isə məsələ tezliklə Tarif Şurası tərəfindən həllini tapacaq. Lakin ilkin məlumata görə, təklif edilən qiymətlər 05, və ya 0,7 manat ola bilər.

Cari ilin yazında AYD QSC-nin sədri Cavid Qurbanovun qeyd etdiyi kimi, Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun reabilitasiyası - dairəvi Abşeron dəmir yolunun bərpasına dair layihənin bir hissəsidir. Bu məntəqənin cari ilin sentyabrında istismara verilməsi ehtimal edilir. Növbəti dövrdə isə Sumqayıt-Novxanı-Pirşağa-Zabrat-Bakı istiqamətində dəmir yolu infrastrukturunun bərpasına başlanılması planlaşdırılır. Bir sözlə, göründüyü kimi, dəmir yolları Bakıda yol "tıxacları"nın qlobal probleminin həllinə fəal şəkildə qoşulublar. Bəlkə, heç olmasa, bu layihələr qeyd edilən istiqamətdə görünən nəticələr verməyə başlayacaqlar...


MƏSLƏHƏT GÖR:

548