19 May 2024

Bazar, 11:46

BÖHRANDAN ÇƏTİN ÇIXIŞ YOLU

G20 ölkələri Ankarada qlobal iqtisadi inkişafı birgə sürətləndirmək haqda razılığa gəliblər

Müəllif:

08.09.2015

Neftin ucuzlaşması, milli valyutaların devalvasiyası fonunda "Böyük iyirmilik" (G20) ölkələrinin əksəriyyətini bürümüş iqtisadi böhran hökumətləri yaxın illər üçün inkişaf siyasətinə yenidən baxmağa vadar edib. Lakin ABŞ-da faiz dərəcələrinin artacağı və bunun nəticələrilə bağlı qorxulu proqnozlarla yanaşı, böhranın biznes və maliyyə-kredit institutları üçün yeni imkanlar açdığına dair də fikirlərə rast gəlinir. G20 hökumətlərinin maliyyə-iqtisadi bloku nümayəndələrinin diskussiya panellərində, məhz, bu əhval hökm sürüb. Qeyd edək ki, bu dəfə forumda qonaq qismində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Toplantıya qatılmış Azərbaycan nümayəndə heyətində maliyyə naziri Samir Şərifov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yer alıblar. 

 

Çinin "rəqibət devalvasiyası"

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard hesab edir ki, bu gün əsas çətinlik dünya iqtisadiyyatının inkişafındakı zəif və qərarsız templərdir. G20 ölkələrinin maliyyə qurumları və mərkəzi banklarının rəhbərlərinin Ankarada keçirilmiş görüşünün sonunda səsləndirdiyi bəyanatda Laqard "bu çağırışların aradan qaldırılmasına yönələn razılaşdırılmış siyasi tədbirlər"in vacibliyini bildirib. Onun fikrincə, burada söhbət müxtəlif ölkələrdə stimullaşdırıcı pul siyasətindən, büdcənin gücləndirilməsinə yönəlmiş tədbirlərdən, potensialın, məhsuldarlığın artırılmasına imkan verəcək struktur islahatlarından gedir. 

BVF-nin rəhbəri ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrinin artırılmasına dair gözlənilən qərarının bu tədbirlərə aid olub-olmadığını açıqlamayıb. Əksər analitiklər isə hesab edirlər ki, bu, bir çox ölkənin onsuz da böhran yaşayan iqtisadiyyatına əlavə yük olacaq. KİV-də yer alan iddialara görə, FES artıq sentyabrda baş tutacaq iclasında son 9 ildə ilk dəfə kreditləşmənin dəyərini artıra bilər. Bunun fonunda analitik agentliklər Çin, Hindistan, Braziliya və digər ölkələrin iqtisadi inkişafına dair qısamüddətli proqnozlarını ağırlaşdırır.

G20-nin qəbul etdiyi kommunikedə bildirilir ki, "iqtisadi proqnozların yaxşılaşdırılması halında bir sıra inkişaf etmiş ölkələrdə pul-kredit siyasətinin sərtləşdirilməsi daha labüd olacaq və maliyyə bazarlarında qeyri-müəyyənliyin əsas mənbələrindən birinə çevriləcək".

Bununla yanaşı, ABŞ nümayəndəsi bəzi ölkələrin yerli istehsala dəstək məqsədilə "rəqabət devalvasiyası"na əl atdıqlarını söyləyib və belə halların qarşısının alınmalı olduğunu deyib.

"Bu, istər siyasi qərarlara, həm də milli valyutaların məqsədyönlü şəkildə ucuzlaşmasına yol açan aydın bəyanatlara aiddir", - deyə Birləşmiş Ştatlardakı mənbə qeyd edib.

Burada Çin Xalq Bankının (ÇXB) 20 ildə yuanın ən miqyaslı devalvasiyası ilə bağlı qərarına açıq eyham var, çünki bu ölkənin Mərkəzi Bankı məzənnəni 1,9% aşağı salıb.

Qeyd edək ki, Kristin Laqard G20 ölkələrinin maliyyə nazirlərinin Ankara görüşündən əvvəl Çində iqtisadi inkişaf templərinin azalmasının gözlənildiyindən daha ciddi fəsadlar verəcəyini bəyan etmişdi. İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün qısamüddətli risklər artır və bu, Çində inkişafın daha uzun müddətə ləngiməsinə, xammalın ucuzlaşmasına, dolların mübadilə kursunun artmasına yol açır. BVF-də hesab edirlər ki, bu risklərdən bəziləri eyni vaxtda maddiləşərsə, perspektiv daha pis olacaq. Bununla yanaşı, fondun proqnozuna görə, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə iqtisadi fəallıq hazırkı və gələn il zəif templərlə artacaq. Qurum bunun əsas səbəbi kimi neftin qiymətinin düşməsini göstərir.

Çin Xalq Bankı rəhbərinin müavini İ Qan isə fond bazarında bu yaxınlarda baş vermiş tənəzzülə rəğmən, Çin iqtisadiyyatının dayanıqlı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu il ölkə iqtisadiyyatında 7%-lik artım qeydə alınacaq. "Çin iqtisadiyyatı üçün baza amilləri kifayət qədər güclüdür. Əlbəttə ki, bazarın qeyri-sabitliyi şəraitində heç kəs dəqiq proqnoz verə bilməz. Lakin əminəm ki, yuanın kursu az-çox sabit qalacaq", - deyə o, qeyd edib.

ABŞ-ın maliyyə naziri Cek Lyunun çinli həmkarı Lou Tszivey ilə Ankarada keçirilmiş iqtisadi sammit çərçivəsində keçirdiyi görüşün sonunda amerikalı nazir deyib : "Fond bazarındakı gərginlikdən sonra Çin böyük ehtimalla öz pul-kredit siyasətini daha şəffaf etməyin vacibliyini anlayıb".

Eyni fikri Almaniyanın maliyyə naziri Volfqanq Şoyble də səsləndirib. "Çinli həmkarlarımız iddialı islahatlara hazırlaşdıqlarını, yeni dəyişikliklər üçün hazırlığa başlayacaqlarını aydın şəkildə bildirirlər", - deyə o, jurnalistlər üçün Türkiyə paytaxtında keçirdiyi brifinqdə bildirib. Nazirin sözlərinə görə, sammit iştirakçıları - maliyyə nazirləri və mərkəzi bank rəhbərləri - bundan sonra əsəb keçirməyə əsasın olmadığı qənaətinə gəliblər.

 

Kiçik və orta biznesə "stavka"

Hətta böhranlı şəraitdə belə, inkişaf üçün yeni imkanlar tapmaq mümkündür. Hər halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu baxımdan çox nikbindir. "G20 böhranı yeni imkanlara çevirə bilər. Bundan sonra biz, ilk növbədə, məsələn, qadınlara qarşı iqtisadi qeyri-bərabərliyin qarşısını almalıyıq", - deyə Ərdoğan G20 sammiti çərçivəsində Ankarada keçirilən biznesmenlər forumunun açılışında bildirib. O, Türkiyənin dünya iqtisadiyyatı ilə, həmçinin inkişaf etməkdə olan ölkələr arasında inteqrasiya işində uğurlu nümunə olduğunu deyib.

Lakin G20 ölkələri inkişaf yoluna çıxmaq üçün xarici ticarətin inkişafına əngəl olan bir sıra iqtisadi maneələri aradan qaldırmalıdırlar.

Türkiyənin Birjalar və Ticarət Palataları İttifaqının sədri Rıfat Hisarcıklıoğlu bildirib ki, ölkələr belə maneələr yapratmağa başlayanda öz məhsullarını xaricə sata bilmirlər. Nəticədə, işsizlik baş qaldırır. "Məsələn, bu il dünyada 200 milyon insan işsiz qalıb", - deyə o, qeyd edib.

"Kiçik və orta biznesin inkişafı ölkələrin rəqabət qabiliyyətini artıracaq. Maliyyə institutlarını kiçik və orta biznes üçün əlçatan etməliyik. Bu, kifayət qədər ciddi problemdir. Çünki ticarətin maliyyələşdirilməsi artıq 2 trilyon dollara düşüb, banklar hər iki layihədən birinə pul ayırmaqdan imtina edir". Bunu isə Beynəlxalq Ticarət Palatasının baş katibi Con Daniloviç bildirib.

Türkiyə Ticarət Palataları və Ticarət Birjaları İttifaqının vitse-prezidenti Ender Yorğançılar isə ölkəsinin kiçik və orta biznesə dəstək verəcək beynəlxalq orqanın yaradılmasını təklif edib.

Türkiyə baş nazirinin müavini Cövdət Yılmaz da danışıb: "Bizim məqsədimiz yalnız investisiyaların həcminin artırılması yox, həm də onların keyfiyyətinin yaxşılaşdırılmasıdır. Özəl investorlar qarşısındakı maneələrin aradan qaldırılmasına, investisiya strategiyalarının inkişafına yönəlmiş tədbirlər hazırlamışıq. Maliyyə "iyirmiliyi" kiçik və orta biznesin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyi ilə bağlı da yekdil fikrə gəlib".

İclasda "iyirmilik" üzvü olan hər bir dövlət 2018-ci ilin sonunadək iqtisadi artımın 2%-ə çatdırılması üçün cəhd göstərməyə çağırılıb. "Bu gün ölkələrin üçdə birinin artıq bu vəzifənin öhdəsindən gəldiyini görürük. Demək, biz doğru yoldayıq. Lakin hələ görüləcək çox iş var", - deyə Cövdət Yılmaz bildirib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu da G20 ölkələrinin liderlərini qlobal iqtisadi böhranla bağlı vahid və razılaşdırılmış siyasət yürütməyə çağırıb: "1929-cu ildən başlayaraq, ötən böhranların təcrübəsindən dərs almaq vacibdir. B20 mexanizminin yaradılması ilə bağlı qərar da məhz bu məqsədlə qəbul edilib. Hər bir ölkə problemi müstəqil şəkildə həll etməyə çalışır. Halbuki bu şəraitdə təcrid siyasəti uğurlu nəticə verməyəcək. Dünya siyasətçiləri birləşməli, böhranın nəticələrinin aradan qaldırılması üçün ümumi yanaşmalar hazırlamalıdırlar", - deyə Davudoğlu B20 forumunda (G20 ölkələrinin işgüzar dairəsi).

Bu tezis "Böyük iyirmilik" sammitinin yekun kommunikesində də əksini tapıb.

Dünyanın aparıcı dövlətlərinin maliyyə qurumlarının başçıları iqtisadi bərpa yolunda da ciddi addımlar atmaq haqda razılığa gəliblər. Onlar bu addımlar nəticəsində iqtisadi inkişafın getdikcə sürətlənəcəyinə əmindirlər. Bununla əlaqədar olaraq, G20 qeyri-sabit maliyyə bazarlarında inkişaf edən risklər barədə xəbərdar etmək və investorların etibarını artırmaq niyyətindədirlər. 

Yekun kommunikedə yer almış daha bir vacib müddəa terrorçuluğun maliyyələşdirilməsilə birgə mübarizə haqdadır. Məsələn, sənəddə bildirilir ki, terrorla əlaqəli bütün aktivlər mütləq dondurulmalı, informasiya mübadiləsi sistemi gücləndirilməlidir. Sənəddə terrorun maliyyələşdirilməsinə qarşı sanksiyaların tətbiqinin vacibliyinə də diqqət çəkilir.

Beləliklə, Ankara görüşü yaxın dövr üçün dünyada böhranın qarşısının alınması və iqtisadiyyatın inkişafı ilə bağlı əsas cizgiləri müəyyənləşdirib. Nazirlərin yekdil fikrə gəldikləri əsas məsələ: iqtisadi artım templərinin yüksəldilməsi, qlobal maliyyə bazarlarındakı risklərlə bağlı birgə xəbərdarlıqlar mütləqdir. Əsas odur ki, əldə edilmiş razılıqların reallaşdırılmasında da bu cür əzm nümayiş etdirilsin.



MƏSLƏHƏT GÖR:

575