16 May 2024

Cümə axşamı, 16:35

YUMŞAQ QƏNAƏT REJİMİ

Maliyyə intizamının güclənməsi, israfçılığın qarşısının alınması gələn il Azərbaycan hökumətinin büdcə siyasətinin əsasını təşkil edəcək

Müəllif:

15.09.2015

Məşhur siyasətçi Uinston Çerçill deyirdi ki, "bədbin hər imkanda çətinlik görür, nikbin isə hər çətinlikdə imkan". İstənilən iqtisadi böhran, əlbəttə ki, çoxsaylı problemlərə, ən başlıcası isə xoşagəlməz qeyri-sabitlik hissinə yol açır. Neftin ucuzlaşması, iqtisadçıların kədərli proqnozları - neqativ üçün səbəb hər zaman var. Lakin hətta bu şəraitdə belə, doğru addımlar atmaqla böhrandan yararlanmaq olar.

 Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması Azərbaycanın dövlət gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olub. Bu, ölkə iqtisadiyyatını yeni çağırışlarla qarşı-qarşıya qoyub. Doğrudur, bu gün ölkənin qeyri-neft sektorunun inkişafında əldə olunmuş nəticələr, siyasi sabitliyin qorunub-saxlanılması, sosial proqramların savadlı şəkildə həyata keçirilməsi təşvişə ehtiyacın olmadığını söyləməyə əsas verir. Sadalananları nəzərə alsaq, Azərbaycan mövcud inkişaf templəini qoruyub-saxlamaq iqtidarındadır. Bunu beynəlxalq maliyyə institutlarının araşdırmaları da təsdiqləyir. Bununla yanaşı, hökumətin, ən azı, qarşıdan gələn ildə qənaət etməsi, dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti sərtləşdirməsi tamamilə məntiqi olardı.

"İsrafçılığa yol verilməməlidir. Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq". Prezident İlham Əliyev bu bəyanatı iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə səsləndirib. Onun bu sözlərini, yəqin ki, qısamüddətli perspektivdə Azərbaycanın yürüdəcəyi iqtisadi siyasətin leytmotivi saymaq olar.

İstənilən neft-qaz ölkəsi kimi, Azərbaycanın da dövlət büdcəsinin formalaşdırılmasında dünya bazarlaında neftin qiymətinin düzgün proqnozlaşdırılması vacib amildir. Bu mənada, hökumətin ehtiyatlı tərpənərək 2016-cı ilin dövlət büdcəsində neftin 1 barelinin qiymətini 50 dollar göstərməsi kifayət qədər əsaslıdır. Əksər analitiklər yaxın bir neçə il üçün dünya bazarlarında neftin qiyməti ilə bağlı proqnoz səsləndirərkən məhz bu rəqəm ətrafında var-gəl edirlər.

Əgər əvvəlki illərdə Dövlət Neft Fondunun mənfəəti investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinə transferlər üçün artıqlaması ilə kifayət edirdisə, fondun özünün aktivləri durmadan artırdısa, neftin ucuzlaşması, maliyyə bazarlarında mövcud olan, özünü daşınmaz əmlak bazarında da göstərən arzuolunmaz vəziyyət artıq ARDNF-nin gəlirlərinə ciddi təsirini göstərib. "Biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq", - deyə İlham Əliyev bildirib.

Bununla yanaşı, gələn il transferlərdə gözlənilən azalma kapital qoyuluşlarının həcminə də mütləq təsir edəcək. Lakin bu, sosial xərclərə aid deyil. Hökumət dövlət büdcəsinin prioritet istiqamətlərindən biri kimi, sosial yönümlülüyü qoruyub-saxlayır. "İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək", - deyə dövlət başçısı vurğulayıb.

Dünya iqtisadiyyatında böhran yaşandığı, valyutaların devalvasiyaya uğradığı, qonşu ölkələrdəki inflyasiyanın Azərbaycana da təsir göstərdiyi dönəmdə prezidentin sərəncamı ilə dərman preparatları bazarının tənzimlənməsində ciddi dönüşə nail olunması, preparatların qiymətlərinin orta hesabla 2-3 dəfə ucuzlaşdırılması istənilən iqtisadi şəraitdə sosial problemlərin həllinin Azərbaycan hökuməti üçün prioritet olduğunu göstərən ən bariz nümunədir. 

Məhz bu səbəbdən dövlət başçısı "ASAN xidmət"in funksiyalarının artırılmasına xüsusi diqqət ayırır. Bu qurum korrupsiya, rüşvətxorluqla real mübarizənin aparılmasına kömək edir, əhalinin bürokratiya faktlarından narazılığını aradan qaldırır və s.

"Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi "ASAN xidmət"də hər şey asan olacaq. Bu yaxınlarda imzaladığım Fərman əsasında "ASAN xidmət"ə yeni funksiyalar (bu sahəyə aid - red.) verilib. İndi "ASAN xidmət"də hər şey asan olacaq", - deyə İ.Əliyev bildirib.

Bu mənada nəqliyyat sektoru ilə bağlı mənfi siqnalların bu sahəyə aid də bəzi xidmətlərin "ASAN xidmət"ə verilməsilə nəticələnməsi təsadüf deyil: "Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır".

Gələn ilin büdcəsinə qayıdaraq qeyd edək ki, sərt qənaət rejimi əlbəttə ki, hər hansı infrastruktur layihəsindən tam imtinanı nəzərdə tutmur. Bununla yanaşı, hökumət əvvəlki illərdə nəqliyyat, irriqasiya, sənaye və s. sahələrdə əsas infrastruktur layihələrini həyata keçirib və bu, yaxın illərdə qeyri-neft sektorunun inkişafının sürətlənməsinə öz köməyini göstərməlidir. Hələ ötən ilin proqnozunda bildirilirdi ki, 2015-ci ildə ölkənin ÜDM-də qeyri-neft sektorunun payı 66%-ə, 2018-ci ildə 71,3%-ə çatacaq. İqtisadiyyatın neft sektoru ilə əlaqəli olmayan bütün sektorlarının inkişafı üçün əsas bazanın olduğunu nəzərə alsaq, onların hər birilə bağlı ayrı-ayrı dövlət proqramının həyata keçirilməsi və müasir dövrün cağrışlarını nəzərə alsaq göstərilən səviyyəyə çatmaq tam realdır. "Trend" agentliyinin məlumatına görə, neftin qiymətində hər 10 dollarlıq azalma dövlət büdcəsinin gəlirlərini, təxminən, 250 milyon dollar azaldır. Onu isə yalnız qeyri-neft sektorunun həcminin artırılması ilə əvəzləmək olar.

Yeri gəlmişkən, ötən illərdə dövlət iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün külli miqdarda vəsait xərcləyibsə, bu il görülmüş işlərdən ilk nəticələri əldə etmək zamanıdır. İstismara verilmiş yüzlərlə müəssisə, sənaye şəhərcikləri, texnoparklar, nəhəng fermer təsərrüfatları artıq onların yaradılmasına yatırılmış dövlət investisiyalarını doğrultmağa başlamalıdır.

Hazırkı şəraiti nəzərə alsaq, sahibkarların problemlərinin həlli, onların fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılması üçün daha operativ işlər görülməlidir. Bu sahədə dövlət başçısının bütün funksiyaları "ASAN xidmət"ə verməsini gözləmədən real addımlar atılmalıdır. Axı, bu gün ölkədə ÜDM-in əsas hissəsi məhz özəl sektorun hesabına formalaşır. Neft sektorundan gəlirlərin azaldığı bir şəraitdə dövlət büdcəsinin doldurulmasına məsul strukturların vicdansız sahibkarlarla mübarizəni sərtləşdirdiyini nəzərə alsaq, burada əsas vəzifə balansın qorunmasıdır - elə etmək lazımdır ki, bütün qanunlara əməl edərək biznes qurmuş işgüzar insanların işinə əngəl yaranmasın.

"Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir", - deyə Prezident İlham Əliyev bildirib.

Artıq qeyd edildiyi kimi, iqtisadiyyatın inkişafındakı "yeni situasiya" heç bir halda panikaya yol açmamalıdır. Bir şeyə diqqət yetirmək lazımdır ki, nə prezident, nə hökumət üzvləri hazırkı vəziyyəti "böhran" adlandırmırlar. Çünki söhbət həqiqətən də böhrandan getmir. Bundan başqa, beynəlxalq maliyyə strukturları da Azərbaycanın iqtisadi inkişafında heç bir geriləmənin olmayacağını bildirirlər. Məsələn, Dünya Bankı ölkədə 2015-ci il üçün iqtisadi artım proqnozunu 2%-ə qaldırıb. Halbuki, qurumun iyun proqnozunda bu rəqəm 1,5% göstərilirdi.

"Biz proqnozumuza yenidən baxaraq onu artırmışıq. Bu, əsasən 2015-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatında gözlənilmədən 5%-dən çox artımın qeydə alınması ilə bağlıdır", - deyə DB rəsmisi qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk yarısında Azərbaycanda ÜDM 26,3 milyard manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5,7% çoxdur. Yəqin ki, ÜDM-in artımında final göstərici DB-nin proqnozundan xeyli artıq olacaq. Bu, əsasən mühafizəkar qiymətləndirmə ilə bağlıdır.

2016-cı ilə gəlincə, Prezident İlham Əliyevin də dediyi kimi, iqtisadi inkişafın davam etməsi üçün artıq tədbirlər görülür: "Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir".

Beləliklə, hökumət dünyada əlverişsiz iqtisadi konyukturanın mövcud olduğu şəraitdə yeni çağırışların öhdəsindən gəlməlidir. Qeyri-neft sektorunun inkişafı üçün əvvəlki illərdə reallaşdırılmış lazımi tədbirlər baqajının olduğu şəraitdə gələcək addımlar ölkə iqtisadiyyatının miqyaslı şaxələndirilməsi istiqamətində dönüş nöqtəsi ola bilər.



MƏSLƏHƏT GÖR:

563