3 May 2024

Cümə, 13:59

AÇILMAZ SİRR PƏRDƏSİ

Sarqsyanın Moskva turnesi və ya Ermənistan hansı bonuslar qazandı?

Müəllif:

15.09.2015

Ermənistan prezidenti Serj Sarqsyanın Moskvaya səfəri, deyəsən, gözlənildiyi qədər uğurlu alınmayıb. Hər halda, danışıqlar uğurla nəticələnsəydi, İrəvan bunu gizlətməyə çalışmazdı. İki prezident arasında danışıqların qapalı qapılar arxasında aparılmasına rəğmən, Ermənistan mətbuatı mütləq "erməni diplomatiyasının növbəti uğuru" haqda  danışardı.

 

İrəvan  təlaş  içərisində...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən dərhal sonra Sarqsyanın rusiyalı həmkarının ayağına getməsi çox şeydən xəbər verir. Rusiyanın XİN başçısı ilə Azərbaycan Prezidenti İham Əliyev arasında aparılmış qapalı danışıqlar İrəvanda təhlükə siqnalı kimi qəbul olunub. Erməni ekspertləri düşünürlər ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılmış Bakı danışıqları Azərbaycanın xeyrinə başa çatıb.

Rusiyalı politoloqlar da Sergey Lavrovun prezident İlham Əliyevə problemin həlli ilə bağlı Bakıya daha çox sərf edən yeni təkliflər verdiyini istisna etmirlər. Üstəlik, Lavrovun Bakı səfəri zamanı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik nəzərəçarpacaq dərəcədə artmışdı. Təbii ki, dəqiq informasiyanın olmaması istənilən versiyanın gündəmdə qalmasına əsas verirdi. Münaqişənin nizamlaması ilə bağlı yeni ssenarinin konturları bəlkə də zaman keçdikcə ortaya çıxacaq. Lakin bu gün Rusiyanın sərhədlərində  münaqişə istəməməsi, onların həlli üçün fəallığını ciddi şəkildə artırdığı da ortadadır.

 

İki  stulda  əyləşmək...

Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra hökm sürməkdə olan sakitlik göstərir ki, Kremldə Sarqsyana hər hansı siyasi və ya maddi bonus vədi verilməyib. Əksinə, Ermənistanın Avrasiya İttifaqına üzv olan zaman üzərinə götürdüyü öhdəliklərə əməl edilmədiyi bir daha Sarqsyanın nəzərinə  çatdırılıb.

Hər halda, S.Sarqsyan rejimi, hətta Avrasiya Ittifaqına qoşulduqdan sonra belə, Qərbə doğru reveranslar edir və bununla da hələ də iki stulda əyləşməyə çalışır. Rusiya isə hələlik Sarqsyanın Avropaya doğru meyillənməsinə göz yumur. Çünki bu fiqur Kremli tam qane edir.

Ermənistanda isə hesab edirlər ki, Avrasiya strukturuna üzvlükdən əsas faydanı lütfkarlığını nümayiş etdirmək imkanını əldən qaçırmayan hakim klan qazanıb. Avrasiya İttifaqına qoşulduqdan sonra, Ermənistan ictimaiyyətində Moskvadan gözləntilər artıb, nəticədə isə yeni ittifaqa üzvlüyün sadə ermənilərin həyatına heç bir təsir göstərmədiyi təəssüratı yaranıb. Müvafiq olaraq, ictimaiyyətdə antirusiya əhvalı da artıb və bu, yalnız İrəvanda yox, əyalətlərdə də etirazlara yol açıb.

Reallıqda isə Avrasiya İttifaqına üzvlük Ermənistan qarşısında yeni imkanlar açıb. Bu özünü əmək bazarlarına çıxış formasında göstərib. Amma yeni struktura qoşulmaq İrəvanın üzərinə müəyyən öhdəliklər də qoyub: gömrük tarifləri, istehsal standartları və s. Ermənistan siyasi isteblişmentinin müəyyən qədər sağlam düşünə bilən nümayəndələri aydın şəkildə bildirirlər ki, saysız -hesabsız problemləri olan Ermənistan Rusiyadan başqa heç kəsə gərək deyil - nə indi, nə də qarşıdakı 100 ildə.

 

Ağa deyir sür dərəyə...

S.Sarqsyanın Rusiya liderində konkret nə istədiyini, bu dəfə hansı öhdəlikləri üzərinə götürdüyünü söyləmək çətindir. Ermənistan KİV bununla bağlı bir neçə sensasion versiya irəli sürür. Versiyalarda birinə görə, guya Vladimir Putin Serj Sarqsyandan bir sıra məsələlərdə Rusiyanın maraqlarını dəstəkləməsini şəxsən "xahiş edib". Guya bu səbəbdən də baş nazir Ovik Abramyan Minskdə Avrasiya İqtisadi İttifaqından olan həmkarlarını Rusiya valyutası ilə hesalaşmalara keçməyə çağırıb. Daha sonra erməni mətbuatı Sarqsyanın səfərindən sonra Krımın rəhbəri Aksenovun Ermənistana səfər edəcəyinin üzə çıxdığını yazıb. Aydındır ki, Aksenov dünyanın heç bir yanında qəbul olunmur. Lakin onun heç olmasa bir xarici ölkəyə səfər etməsi Aksenovun statusunu legitimləşdirə bilər. Daha bir maraqlı məlumatda iddia olunur ki, Putin Ermənistandan Aksenova layiqli qəbulun təşkilini xahiş edirmiş.

Bu da son deyil. Erməni analitiklərinin daha bir yeni fərziyyəsinə görə, Putin Suriyada rusların mövcudluğunu gücləndirmək qərarına gəldiyindən onun Ermənistan ərazisinə, o cümlədən aerodromlarına ehtiyacı yaranıb.

İndi ermənilər bir şeydən ehtiyat etməyə başlayıblar: "İslam dövləti" terrorçularına qarşı koalisiyaya qoşulmaq perspektivinin olduğu ölkə (onların fikrincə, bu, onun suverenliyini gücləndirərdi) indi ABŞ və NATO-nun real düşməninə çevrilə bilər. Erməni ekspertləri bu mümkün sövdələşməni iflas sayırlar. Onların fikrincə, hadisələrin bu cür inkişafı onun vassal dövlət statusunu gücləndirməkdən başqa heç bir işə yaramayacaq.

Əslində, Sarqsyanın özü də Moskvanın siyasətində hansısa dəyişikliyə nail ola bilməyəcəyini anlayır. Sarqsyan onu da başa düşür ki, Ermənistan sadəcə forpostdur və onun qazancı yalnız hərbi arsenalın yenilənməsi üçün güzəştli kreditlər əldə etməsi, Rusiya qazını daha ucuz qiymətə almasıdır. Onun Moskvaya son səfərinə də məhz bu kontekstdə yanaşmaq  lazımdır.


MƏSLƏHƏT GÖR:

875