18 May 2024

Şənbə, 21:07

NÖVBƏTİ UĞURSUZLUQ

Qadın voleybolçular üzrə Azərbaycan yığması ikinci dəfə Avropa Çempionatını qrup mərhələsində başa vurub

Müəllif:

06.10.2015

Qadın voleybolçular arasında Belçika və Hollandiyada keçirilən Avropa Çempionatı Azərbaycan yığması üçün qrup mərhələsində başa çatdı. Mübarizəni erkən dayandıran Azərbaycan millisi, sözün əsl mənasında, fiaskoya uğradı.

Yarışa böyük ümidlərlə yollanan komanda sonradan aşkar autsayderə çevrildi. Mübarizənin startında baş məşqçi Faiq Qarayevin səhhətində problem yaranması səbəbindən, yığmanın Bülənt Karslıoğluya həvalə edilməsi bütün planları pozdu. Ən azından, türkiyəli mütəxəssis komandaya son anda qoşulduğundan, hansı voleybolçunun hansı formada olması, yoxlama matçlarında necə təsir bağışlaması barədə dolğun məlumata malik deyildi. Bu səbəbdən, yığmamız məğlubiyyətləri sıralayaraq, qrupda sonuncu oldu. Sözsüz ki, uğursuzluğa əsas səbəbkar yığmanın baş məşqçisi Faiq Qarayevdir. Uzun müddətdir, müalicəsini davam etdirən mütəxəssis mötəbər yarışda iş başında ola bilməyəcəyini əvvəlcədən bilirdi. Belədə, könüllü olaraq, millinin sükanı arxasından getmək lazım idi. Faiq Qarayevin Azərbaycan voleybolu üçün etdiklərini unutmaq olmaz. Bununla belə, hazırkı vəziyyətdə onun ölkənin əsas voleybol komandasına rəhbərlik etməsi mümkün görünmür. Səhhətində problemə görə həkimlər ona uzun müddət ayaqüstə dayanmağı qadağan edib, digər tərəfdən, Qarayevə əsəbiləşmək olmaz. Belədə, ən yaxşı halda, Faiq Qarayevin Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti kimi işini davam etdirməsi daha düzgün olar.

Komandamızın Macarıstana uduzması və onlar üçün pley-off işığı yandırması azarkeşlərimiz üçün əsl şok effekti oldu. Çünki voleybolçularımızın ən pis halda, Jan de Brandtın yetirmələrini məğlub edərək, finala yüksələcəyini nəinki mütəxəssislər, ən bədbin azarkeşlər belə proqnozlaşdırırdı. Lakin komandamız bu ümidi də doğrultmadı. Amma millimizin macarlardan aldığı 1 set işimizə yarayıb. Əgər ötən il tariximizin antirekordunu müəyyənləşdirərək, 15-ci olmuşduqsa, bu dəfə 14-cü yeri tutmağımızla təsəlli tapmalıyıq. Diqqət edin: qitə birinciliyinə böyük ümidlə yolladığımız komandanın 16 yığma arasında 14-cü yer tutmasına sevinirik.

Türkiyə və Belçikaya 0:3, Macarıstana isə 1:3 hesabı ilə uduzan Azərbaycan millisində köklü islahatlara ehtiyac var. Uzun illər yığmanın heyətində eyni voleybolçular çıxış edirlər. Hər oyun eyni heyət görünür. Voleybolumuzda rəqabət olmasa belə, millidəki adların dəyişməsinin vaxtı çatıb. Sözsüz, bu komanda artıq altıncı dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmaqla bizi sevindirib. Amma voleybola yaradılan yüksək şərait müqabilində, Avropa Çempionatına vəsiqə qazanmaqla kifayətlənmək olmaz. Millidə yeni nəfəsə ehtiyac var. Məşqçilər tərəfindən düzgün seleksiya işləri aparılmalıdır, lazım gələrsə, heyəti bir-iki əcnəbi voleybolçuyla gücləndirmək olar. Bir şərtlə ki, həmin legionerlər, sözün əsl mənasında, Azərbaycan yığmasına fayda versin. İki il əvvəl olduğu kimi, qitə birinciliyindəki çıxışımızı qrupda başa vururuqsa, deməli, bu müddət ərzində nəinki inkişaf etməmişik, hətta geriləmişik. 

Mötəbər yarış ərəfəsində millidə zədəlilərin çoxluğunu qeyd etməmək olmur. Heyətlə bağlı problemə görə Odina Bayramova, çiynində zədənin olmasına baxmayaraq, bütün oyunlarda iştirak etməyə məcbur oldu. Macarıstanla görüşdə Oksana Kurt-Parxomenko ayağından zədələndi. Onun yerinə meydana təcrübəsiz Kristina Yaqubova çıxdı. Amma zədə problemi yığmanın uğursuzluğuna səbəb deyil. Oyun zamanı meydanda buraxılan səhvlərə milli komandada çıxış edən voleybolçular yol verməməlidilər. Topun qəbulu, blokun qurulması arzuolunan səviyyədə deyildi. Meydanda voleybolçuların bir-biri ilə anlaşmasında problemi hiss etmək mümkün deyil. Bütün nöqsanlar Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi üçün ciddi siqnal olmalıdır. Əks halda, yığmadakı vəziyyət daha acınacaqlı olacaq.

Millinin fiaskosuna səbəb olan amillərdən biri də ölkə çempionatındakı vəziyyətdir. Klublar dünyanın bahalı voleybolçularını almaqla yerli oyunçuları ehtiyatda saxlayır. Belədə, milli üzvləri yalnız təlim-məşq toplanışında meydana çıxırlar. Ayda cəmi bir oyunda iştirak edən voleybolçunun yığmada əzmkar mübarizə sərgiləməməsi başadüşüləndir. Lakin federasiya bu vəziyyətdən çıxış yolu tapmalıdır. Klubları milli deyil, qısa zamanda qazanılan qələbələr maraqlandırır. Ona görə çempionatın reqlamentində dəyişikliyə ehtiyac yaranır.

Millimiz Avropa Çempionatında qrupda mübarizəni dayandırmaqla, Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirdə iştirak etmək imkanını itirdi. Bunun üçün yığma, ən azı, 1/4 finala qədər irəliləməli idi. Lakin pley-offa çıxmayan voleybolçularımız Olimpiadaya vəsiqə uğrunda yarışmaq şansını da qaçırdılar. 

Fikrimizcə, bu nəticədən sonra, Azərbaycanın voleybol yığmasında islahatlar mütləqdir. Unutmayaq ki, iki il sonra qitə birinciliyi Azərbaycanda keçiriləcək. Vətəndə baş tutacaq mötəbər yarışda millimiz mümkün qədər yaxşı çıxış etməlidir. Azərbaycanda keçiriləcək Avropa Çempionatında uğursuzluq olarsa, azarkeşlər bunu voleybolçularımıza heç vaxt bağışlamazlar.

Avropa Çempionatında acınacaqlı məğlubiyyətlərdən sonra, millimizin kapitanı Oksana Kurt (Parxomenko) karyerasını bitirib. Belçika və Hollandiyada keçirilən Avropa Çempionatı 31 yaşlı voleybolçu üçün son yarış olub. Kurtun karyerasını bitirməsində yığmanın zəif çıxışının hansısa rolu olmayıb. Təcrübəli toppaylayıcı hələ yarışa yollanmamışdan bu qərarını açıqlamışdı. Bir qədər əvvələ getsək, Oksana "DÇ-2014"dən sonra bacısı Yelena Parxomenko ilə birgə milli ilə vidalaşdığını demişdi. Lakin Faiq Qarayevin xahişi ilə yenidən əsas komandaya kömək etməyə qərar verən setter bu dəfə, ümumiyyətlə, karyerasına bitirib. Buna əsas səbəb, Oksananın xroniki zədələrinin olması və bir çox matçlara ağrıkəsici iynələrlə çıxmasıdır. Ondan fərqli, 33 yaşlı Yelena milliyə dəvət almasa da, daha 1 il "Azəryol"a kömək etdikdən sonra karyerasına nöqtə qoyacaq. Kurtun voleybolçu kimi meydança ilə vidalaşmasına baxmayaraq, onun üçün doğma olan "Azərreyl"də işini davam etdirəcək. Əldə etdiyimiz məlumata görə, Oksana "dəmiryolçular"da menecer vəzifəsini icra edəcək. O, bu postda sabiq komanda yoldaşı Yelena Şabovtanı əvəzləyəcək. Qeyd edək ki, 1998-ci ildən milliyə dəvət alan Oksana əsas komandada 200-ə yaxın matçda forma geyinib.



MƏSLƏHƏT GÖR:

499