19 May 2024

Bazar, 00:51

RUSİYALI TANDEM

Svidler və Karyakin Dünya Kubokunun nəticələrinə görə, iddiaçıların turnirində iştirak edəcək. Azərbaycan rossmeysterləri arasında isə ən yaxşı oyunu Məmmədyarov göstərdi

Müəllif:

06.10.2015

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku Rusiya şahmatçılarının finalı ilə başa çatdı. Həlledici görüşdə qonşu ölkənin iki güclü şahmatçısı - Pyotr Svidlerlə Sergey Karyakin üz-üzə gəldi. Hər iki finalçı reqlamentə əsasən, dünya çempionluğuna iddiaçılar turnirində iştirak etmək imkanı qazandı. 

Maraqlıdır, hər iki finalçı əvvəlki mərhələlərdə Azərbaycan şahmatçılarını yarışdan kənarlaşdırıb. Pyotr Svidler 1/8 finalda Teymur Rəcəbov, Sergey Karyakin isə 1/4 finalda Şəhriyar Məmmədyarovun qarşısını kəsib. Ümumilikdə, təmsilçilərimizin çıxışı barədə birmənalı danışmaq mümkün deyil. İlk dəfə olaraq, altı şahmatçı ilə təmsil olunduğumuz Dünya Kubokunda həm məğlubiyyət, həm də sevinc anlarımız oldu. 

Karyerasının ən böyük yarışında iştirak edən Vasif Durarbəylinin Dünya Kubokundakı çıxışı iki oyundan ibarət oldu. İlk görüşdə Le Guanq Liemə uduzan şahmatçımız əvvəlcədən söylənilən proqnozları doğrultdu. Dünya Kuboku Vasif üçün böyük təcrübə oldu. Bu mənada, məşqçilər Durarbəylidən güclü rəqiblər üzərində qələbə gözləmirdi. Amma millimizin üzvü Eltac Səfərlinin ilk mərhələdə məğlub olması gözlənilməz oldu. Macarıstan təmsilçisi Çaba Baloqla iki klassik görüşdə bərabərə qalan Səfərli tay-brekdə məğlubiyyət acısı yaşadı. Şahmatçımız ilk mərhələdə uduzmaqla səviyyəsindən aşağı çıxış etdi.

Rauf Məmmədov ilk mərhələdə Avropa çempionu Yevgeni Nayeri üstələdi. Ağ fiqurlarla qələbə qazanan qrossmeyster ikinci görüşdə heç-heçəyə nail oldu. Belədə, idmançımız 1/32 finala vəsiqə qazandı. Bu mərhələdə Raufun qarşısını əslən İtaliyadan olan Fabiano Karuana kəsdi. Hazırda ABŞ-ın şərəfini qoruyan Karuana ilk görüşdə Məmmədovun lazımsız risqə getməsindən məharətlə istifadə etdi. Qara fiqurlarla Məmmədovu məğlub edən Karuana ikinci görüşdə partiyanı heç-heçəyə daşıdı və nəticədə, Rauf Dünya Kuboku ilə vidalaşdı. 

Azərbaycan şahmatçılarından Qədir Hüseynov barədə xoş sözlər demək olar. Rusiyalı Maksim Matlakov, ardınca Çexiya təmsilçisi David Navaraya qalib gələn Hüseynov 1/16 finalda Çin şahmatçısı Dinq Lirenə uduzdu. Ümumilikdə, Qədirin çıxışı yaxşı alındı. Reytinqini artıran Qədir özündən güclü iki həmkarını yarışdan kənarlaşdırmaqla diqqəti cəlb etdi.

Teymur Rəcəbov ardıcıl iki mərhələdə qələbə qazandı. Rəcəbov əvvəlcə ABŞ tarixində ən gənc qrossmeyster olan Samuel Sevyan, sonra isə İsrail təmsilçisi İlya Smirini turnirdən uzaqlaşdırdı. Maraqlıdır ki, hər iki rəqiblə dueldə Teymur tay-brekdə uğur qazandı. 1/16 finalda Rəcəbov Dünya Kubokunun gələcək finalçısı Pyotr Svidlerə uduzdu. İki klassik partiyada heç-heçə qeydə alındığından, tərəflər tay-brekdə gücünü sınadı. Sürətli şahmatda Teymurun uğur qazanmaq üçün şansı olsa da, düzgün oynamamaqla rəqibini sevindirdi. Ümumilikdə, mübarizəni 1/16 finalda dayandıran Rəcəbovun bəxtsizliklə üzləşdiyini demək olar.

Azərbaycan şahmatçıları arasında ən yaxşı oyunu Şəhriyar Məmmədyarov göstərdi. İlk mərhələdə Pouya İdani (İran), ardınca qadınlar arasında dünya çempionu Xou Yifanı məğlub edən Məmmədyarov 1/8 finalda dünyanın ən güclü şahmatçılarından sayılan Fabiano Karuanaya dərs keçdi. Ağ fiqurlarla görüşdə debütdən sonra üstünlük qazanan Şəhriyar Karuananın şahını mat etdi. İkinci görüşdə nəticəyə oynayan təmsilçimiz partiyanı heç-heçəyə daşıdı və nəticədə, 1/4 finala vəsiqə qazandı. Burada onun rəqibi turnirin gələcək finalçısı Sergey Karyakin oldu. Məmmədyarov ilk görüşdə ağlarla oyun zamanı qələbəyə yaxın olsa da, düzgün gedişi tapa bilmədi. Nəticədə, ilk duel heç-heçə yekunlaşdı. İkinci görüşdə tərəflər 14 gedişdən sonra, erkən "sülh"ə razılaşdılar. Nəticədə, tay-brek qaçılmaz oldu. Rapid zamanı Məmmədyarov üstünlüyə malik olsa da, qələbə qazana bilmədi. Ondəqiqəlik oyunda fikirləşməyə çox vaxt sərf edən Şəhriyar sonra məğlubiyyətə üzüldü. Vaxtı bitdi və partiya Karyakinin hesabına yazıldı. Cavab görüşündə Şəhriyar uğur qazana bilmədi və 1/4 finalda turniri tərk etdi.

Şəhriyar Məmmədyarov mübarizəni 1/4 finalda dayandırsa da, onun çıxışı barədə yalnız xoş sözlər demək mümkündür. Uzun müddətdir, Məmmədyarov turnirlərdə belə inamlı təsir bağışlamırdı. Lazımsız riskdən uzaq olan idmançımız rəqibləri düzgün təhlil etməklə ardıcıl dörd mərhələdə qələbəyə sevindi. Məğlub etdiyi rəqiblərdən biri isə güclü Fabiano Karuana oldu. Dünya Kubokundakı çıxışına görə, Şəhriyar FİDE reytinqində hesabına 9 xal yazdı. 

Karyerasında ikinci dəfə Dünya Kubokunun 1/4 finalında mübarizəni dayandıran Şəhriyar Məmmədyarov çıxışı barədə "R+"a bunları dedi: "Turniri 1/4 finalda tərk etməyimə səbəb kimi yorğunluğu göstərmək düzgün deyil. Tay-brekdə iki bərabərsəviyyəli şahmatçı üz-üzə gəldi. Bildiyiniz kimi, 2012-ci ildə Sergey Karyakin rapid üzrə dünya çempionu olub. 2013-cü ildə rapid üzrə dünya çempionu mən olmuşam. Bu görüşdə bir şahmatçı qalib gəlməliydi, digəri isə turnirlə vidalaşmalıydı. Təəssüf ki, yarışla vidalaşmaq mənə nəsib oldu. Dünya Kubokuna hazırlıq zamanı əsas hədəf iddiaçılar turnirinə vəsiqə qazanmaq idi. Son üç mövsümdə bizim şahmatçılar bu yarışda təmsil olunub. Çox istəyirdim, bu dəfə də iddiaçıların turnirində iştirak edim. Düşünürdüm ki, yaxşı nəticə qazana bilərəm. Təəssüf ki, alınmadı. Lakin turnirin keçiriləcəyi məkan hələ bilinmir. Bəlkə, Azərbaycan növbəti dəfə bu mötəbər yarışa ev sahibliyi etmək istəsə, o zaman təşkilatçı ölkə kimi, azərbaycanlı şahmatçının iştirakı mümkün olar. Bütün hallarda, Dünya Kuboku günlərində azərbaycanlı şahmatçılara dəstək olan hər kəsə təşəkkür edirəm. 1/8 və 1/4 finallarda turnirin keçirildiyi məkanda boş yer tapmaq mümkün deyildi. Oyundan əvvəl zalda bu qədər insanı görmək çox xoş idi. Azərbaycanda şahmatın sevildiyini hər kəs bilir. Sadəcə, bayram günlərində bu qədər insanın gələcəyi gözlənilməz oldu. Hamıya təşəkkür edirəm. Azarkeşlərin məğlubiyyətimə üzülməsini istəməzdim. Ən çox onları sevindirmək üçün qalib gəlmək istəyirdim".

Reqlament çətin olduğundan, Bakıdakı yarış bir sıra sürprizlərlə yadda qaldı. Qata Kamski, Boris Gelfand turniri ilk mərhələdə tərk etdi. Sabiq dünya çempionları Veselin Topalovla Vladimir Kramnik erkən mərhələdə uduzmaqla, Dünya Kubokundakı çıxışını başa vurdular. Qeyd etmək lazımdır ki, mötəbər yarışda Ermənistan 4 şahmatçı ilə təmsil olundu. Erkən mərhələlərdə uduzan erməni şahmatçılar turnirin təşkilatçılığını, onlara yaradılan şəraiti yüksək qiymətləndirdilər. Təşkilat Komitəsi erməni şahmatçıların təhlükəsizliyini yüksək səviyyədə təmin etməklə yanaşı, onlara Bakını gəzməyə imkan yaratdı. 

Qarşıda isə Azərbaycanı şahmat üzrə daha böyük yarış gözləyir. Gələn il Bakı tarixində ən böyük idman yarışına ev sahibliyi edəcək. Söhbət 180-ə yaxın ölkənin təmsil olunacağı Şahmat Olimpiadasından gedir. Hələlik isə şahmatçılarımız qarşıdakı günlərdə Avropa Kuboku və Avropa Çempionatında ölkəmizin şərəfini qoruyacaqlar.



MƏSLƏHƏT GÖR:

540