19 May 2024

Bazar, 00:37

ÇEMODAN ÜSTÜNDƏ PƏRVAZ EDƏN

Sirk artisti Oqtay NOVRUZOV: "Azərbaycana sirk sənətinin inkişafına yönəlmiş qlobal layihələr lazımdır"

Müəllif:

06.10.2015

Bir neçə il əvvəl azərbaycanlı Oqtay Novruzovun Rusiyanın "Minuta slavı" (Birinci kanal) telelayihəsindəki füsunkar çıxışı bir anda bu məftunedici artisti tamaşaçıların favoritinə və münsiflər heyətinin sevimlisinə çevirdi. Oqtay Novruzov hazırda dünyanın ən məşhur səhnələrində sirk fəaliyyətini davam etdirir.

- Peşəniz quruluşçu rəssamdır. Necə oldu ki, sirk sənəti ilə məşğul olmaq qərarına gəldiniz? Kəndirbazlıqla çoxdan məşğulsunuz? 

- Sirkə idmana olduğu kimi, uşaqlıqdan bağlıyam. Sirkin tarixi ilə maraqlanır, özümü müxtəlif janrlarda sınayırdım. İncəsənətlə, səhnə ilə bağlı hər şey mənə maraqlı gəlir. Məhz bu səbəbdən, sirk artisti peşəsini seçdim. Bunun sayəsində daim özümü sevdiyim mühitdə hiss edir və yaradıcılıq baxımından inkişaf edirəm. Kəndirbazlıqla 13 yaşımdan məşğulam və bu işi indi də davam etdirirəm. Daim formamı qoruyuram. Əks təqdirdə, balans hissini asanlıqla itirmək olar.

- Uşaqlıqda hansı peşə sahibi olmağı arzulayırdınız? Uşaqlığınız haqqında danışın...

- Ermənistanda, azərbaycanlıların Əzizli kəndində doğulmuşam. 1987-ci ildə ailəmiz Krasnodar vilayətinə köçüb, atamın dünyasını dəyişməsindən sonra isə anam Gəncəyə pənah gətirib. Məlum hadisələrdən sonra (Ermənistandakı etnik təmizləmə - red.) bütün qohumlarımız Gəncəyə yığışıblar.

Atam mənim peşəkar səviyyədə idmanla məşğul olmağımı istəyirdi. Özüm isə lap uşaqlıqdan artist olmaq arzusunda idim. Bu səbəbdən də paralel olaraq həm idman, həm də sirklə məşğulam. İki qardaşım, bir bacım var. Bacım uşaq sirk studiyasına gedirdi və mən onu məşğələyə aparmalı olurdum. Elə bu zaman sirkə bağlandım. Yeri gəlmişkən, sonradan bacım özünə başqa peşə seçdi. O, hüquq institutunu bitirib. Kiçik qardaşım Üzeyir məşhur Cirque du Solei-də işləyir. Atamız dünyasını çox erkən dəyişib və təəssüf ki, bizim peşəkar sahədəki uğurlarımızı, nailiyyətlərimizi görə bilmədi. Anam bacımla birlikdə Gəncədə yaşayır. Anam istənilən təşəbbüsümüzə dəstək verib və buna görə ona çox minnətdaram. Məhz onun sahəsində ailəmizdə hər zaman mehribanlıq, ahəng olub. Dünyanın ayrı-ayrı hissələrində yaşasaq da, hər zaman birlikdəyik.

- Peşənizin çətin tərəfi nədir? 

- Düşünürəm, yalnız mənim peşəmdə deyil, istənilən peşədə ən çətin cəhət peşəkar vərdişləri qoruyub-saxlamaqdır. Lakin insan sevimli işilə məşğuldursa, o, istənilən çətinliyi asanlıqla aşır. Mən işimi sevir və ona hər zaman böyük məsuliyyətlə, ürəklə yanaşıram. Mənim peşəmdə bəlkə də yeganə çatışmazlıq səyahətlərin çox olması, daim "çamadanın üstündə oturmaq" məcburiyyətidir. Amma mən bu çatışmazlıqda da müsbət məqamlar görürəm.

- Bu peşədə şəxsi qələbələriniz və uğurlarınız nə olub?

- 2005-ci ildə çıxış etdiyim tamaşa Beynəlxalq Edinburq Teatr Festivalında birinci yeri tutub. Fransada "Festival İnternational Du Cirque De Massy" festivalında da iştirak etmişəm. Qardaşımla birlikdə münsiflər heyəti və şəhərin müxtəlif mükafatlarına layiq görülmüşük. Lakin artist üçün əsl mükafat tamaşaçı sevgisidir. Qələbə budur! Doğmalarım mənə inanır və bu mənə qarşıma qoyduğum hədəflərə çatmaq üçün böyük güc verir.

- Siz tarım çəkilmiş kanatda da, boş kəndirdə də gəzmisiniz. Hansı daha asandır? İstərdim ki, oxucularımıza az da olsa, bu peşənin təhlükəli olduğunu anladasınız...

- Kanat - üfüqi və ya maili şəkildə bərk çəkilmiş ekvilibristik alətdir. Sim isə sirk alətidir. Onun bir neçə növü var: iki yüksəklik arasında çəkilmiş 9-11 metrlik tel, iki ağac arasında çəkilmiş 8 metrlik tros - boş kəndir. Və nəhayət, üçqat tel - paralel çəkilmiş troslar. Heç biri asan deyil. Sadəcə, balanslaşdırma texnikası fərqlidir. Tarım çəkilmiş ipin üzərində dayanmalısansa, boş ipi altında saxlamalısan. Hər ikisi uzun-uzadı, fasiləsiz məşq tələb edir.

- İspaniyada yaşayır və işləyirsiniz. Bu ölkədə yaşamağın üstünlükləri və çətinlikləri nədən ibarətdir? 

- Hazırda rəsmi olaraq Almaniya və Rusiyada yaşayıram. İnsan dünyanın hər bir tərəfində yaşamağa öyrəşməlidir. Hər şey həyat prioritetlərindən asılıdır. Şəxsən mənim üçün prioritet işim və ailəmdir. Hər kəsə bütün çətinlikləri asanlıqla aşmağı, həmin çətinliklərdə özü üçün üstünlüklər tapmağı arzulayıram! Hazırda tamamilə yeni, analoqu olmayan nömrə üzərində işləyirəm. İnanıram ki, hər şey yaxşı olacaq və tezliklə həmin nömrəni publikaya təqdim edəcəyəm.

- Qardaşınız Üzeyir Amerikanın "America's Got Talent" teleşousunda iştirak edir. Növbəti il siz də bu şouya qatılmaq haqqında düşünürsünüzmü?

- Mənə bununla bağlı təklif gələrsə, əlbəttə ki, imtina etmərəm. Ümumiyyətlə, işlə bağlı heç bir təklifi geri çevirmərəm. Yenilikləri, sınanılmamış işləri çox sevirəm. Səhnədə eksperiment etmək, yeni, qeyri-adi nömrələr üzərində işləmək çox xoşuma gəlir.

- Bəs Rusiyanın "Minuta slavı" teleşousundakı çıxışınız zamanı məzəli dirijor obrazını kim düşünmüşdü? 

- Dəli dirijor obrazı emosionallığımı bilən dostlarımın - möhtəşəm sirk artistləri Dmitri və Yelena Artyomovların təklifi idi. Bu ideyaya görə, onlara hər zaman minnətdar olacağam. Çünki həmin obraz sayəsində özümü və ətrafımdakıları sevindirməkdə davam edirəm.

- Oqtay, fikrinizcə, Azərbaycanda sirk sənətinin inkişafı üçün hansı işlər görülməlidir?

- Hesab edirəm, ilk növbədə, xalqımın sirk sənətinə münasibəti dəyişməlidir. Bunun üçün isə Azərbaycan tamaşaçısı keyfiyyətli sirk nömrələrini tez-tez görməlidir. Tamaşaçıların müxtəlif ölkələrin sirk sənəti ilə tanış olmaları üçün Bakıya dünya sirkinin ən parlaq ulduzları çıxış etməlidirlər. Ümumilikdə isə Azərbaycana sirk sənətinin inkişafına yönəlmiş qlobal layihələr lazımdır. Təhsilə dəstək işləri genişləndirilməlidir - artistlərin ixtisası artırılmalı, kreativ işçilərin yaradıcı potensialı yüksəldilməli, sirk strukturlarında administrativ kadrlara hazırlıqlar keçilməlidir. Bununla yanaşı, sirk işinin idarəçiliyi və menecmenti, sirkdə marketinq reklamı və s. də öyrənilməsi olduqca vacibdir.



MƏSLƏHƏT GÖR:

518