4 May 2024

Şənbə, 02:44

ƏDALƏT PRİNSİPİ

Azərbaycanın pensiya-sığorta sistemini ciddi islahatların növbəti mərhələsi gözləyir

Müəllif:

06.10.2015

Azərbaycanın pensiya-sığorta sistemində aparılan islahatlar son dərəcə qısa zaman kəsiyində onu dünya standartları səviyyəsinə və inkişaf etmiş ölkələrin nümunəsinə maksimal dərəcədə çatdırmağa imkan verdi. Hazırda bu sahənin inkişaf proqramını ölkənin müasir tarixində ən ciddi uğurlulardan biri hesab etmək olar. Beynəlxalq ekspertlər də tamamilə bununla razıdırlar. 

Lakin istər daxili, istərsə də xarici sosial-iqtisadi proseslər əhalinin daha imkansız təbəqəsinin sabit maddi təminatına cavabdeh olan strukturları maliyyə yardımının yeni mexanizmləri üzərində çalışmağa məcbur edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələcək islahatlar planı, demək olar ki, hazırdır. Onun müəyyən bəndləri cəmiyyətdə müzakirə mövzusuna çevrilə bilər, amma onların əsas məqsədinə - pensiya-sığorta ödənişlərinin zəmanət verilmiş və dayanıqlı sistemin təmin edilməsi və onların sabit artımı, dəyişiklik zərurətinə diqqət yetirdikdə hər şey aydın olur. 

 

Göz qarşısında olan tərəqqi

"Dünya böhranının nəticələri ilə üzləşən bir çox ölkələr pensiya sistemlərinin maliyyələşdirilməsi və sosial proqramların reallaşdırılmasında ciddi problemlər yaşayırlar. Lakin vaxtında verilən qərar sayəsində, Azərbaycan pensiya-sığorta sisteminin sabitliyini təmin edə bildi", - DSMF sədri Elman Mehdiyev belə hesab edir.

Bunu statistika da təsdiq edir: təkcə 2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb; bununla bərabər, əmək pensiyalarının həcmi 9,5 dəfə çoxalıb. Eyni zamanda, pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti yüksəlib. 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2015-ci ildə 5,1%-ə çatıb. Təbii ki, bütün bunlar ölkədə ciddi iqtisadi inkişaf, orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və sosial ödənişlərə güclü nəzarət fonunda baş verib. 

DSMF sədrinin sözlərinə görə, ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Azərbaycanda qurulmuş müasirəsaslı sığorta-pensiya sistemi vasitəsilə əmək fəaliyyəti göstərən 3 mln.-dan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsinə cəlb etmək mümkün olub. Digər tərəfdən, sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair tədbirlər görülüb. 

Onun sözlərinə görə, üçüncü və ən mühüm nailiyyət, mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5%-ni təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmasıdır.

"Ümumilikdə, pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb", - deyə E. Mehdiyev "Azərbaycanda pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi" mövzusunda keçirilən təqdimat zamanı məlumat verib. 

Qeyd edək ki, 2006-cı ildən "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq, sosial sığortanın personifikasiya edilmiş (fərdi) uçot sisteminə keçid həyata keçirilir. Bu zaman fərdi hesablar açılır və sistemə cəlb olunan şəxslərin ödənişləri toplanır. Hazırda Azərbaycanda icbari sosial sığorta məbləğinin dərəcəsi iki mənbədən formalaşır: işəgötürənlər üçün əməyin ödənilməsi fondunun 22%-i, işçilər üçün hesablanmış əməkhaqqının 3%-i miqdarında müəyyən edilib. 

 

Yeni pensiyaçılar problemi

Lakin görünən tərəqqiyə baxmayaraq, gələcəkdə pensiya-sığorta sisteminin maliyyə dayanıqlılığına ciddi təsir göstərə biləcək müəyyən boşluqlar var. "Unutmamalıyıq ki, icbari sosial sığorta haqqı ödəyən vətəndaşlar müəyyən vaxtdan sonra öz pensiyalarını istəyəcəklər. Lakin biz bu vəsaitləri, büdcədən gələn transfertlərlə birgə əhalinin pensiya təminatına yönəldirik; məsələn: 1992-ci ilə qədər əhalinin bəzi güzəştli kateqoriyalarına verilən pensiya haqları kimi. Bu xərclərin toplanan sosial sığorta haqları ilə heç bir əlaqəsi yoxdur, buna baxmayaraq, biz bütün bunları icbari sosial sığorta haqları hesabına toplanan vəsaitlər sayəsində maliyyələşdiririk. Belə çıxır ki, pensiya-sığorta sistemində yeni pensiyaçılar üçün perspektivdə maliyyə çatışmazlığı problemi ilə üzləşə bilərik", - E. Mehdiyev qeyd edib.

Digər problem - sığorta haqlarını daha çox ödəyən vətəndaşların sığorta yığımları, daha az sığorta haqları ödəyən vətəndaşların təminatına yönəldilir. Toplanılan sığorta haqlarının ancaq 50%-i fərdi hesablarda qeydə alınır, qalan hissəsi az sosial sığorta haqqı ödəmiş insanların pensiya təminatına yönəldilir. Təbii ki, bu çox sosial sığorta haqqı ödəyən insanların pensiya-sığorta sisteminə marağını azaldır, belələri əməkhaqqının tam leqallaşdırılmasında maraqlı olmurlar. Yəni sosial ədalətlilik prinsipinin pozulması göz önündədir.

Bununla yanaşı, məhz DSMF-in bu boşluqları qeyd edib qabartması faktı, artıq onların tezliklə aradan qaldırılacağına ümidləri artırır - Dövlət Fondu pensiya islahatlarının yeni mərhələsi barədə məlumat verib. Onların keçirilməsinin zəruriliyini DSMF-in çoxdankı tərəfdaşı - Dünya Bankı (DB) da dəstəkləyib. DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenkonun sözlərinə görə, pensiya sistemi yaşlı əhalinin gəlirlərinin düzgün bölüşdürülməsini təmin etməli, onların pensiyaya çıxdıqdan sonra ağır vəziyyətdə olmasına imkan verməyən sistem yaratmalıdır. "İcbari sosial sığortanın məbləğinin dərəcəsi dəyişdirilməzsə, gələcəkdə dövlət fondunun sosial sığorta xərcləri gəlirlərini üstələyə və sistem dayanıqlılığını təmin etməyə bilər. Bu məsələ mütləq həll edilməlidir, çünki gələcəkdə bu maliyyə problemlərinə səbəb ola bilər", - L. Leşenko bildirib. 

 

Sadəcə - PROST

DB-nin əsas iqtisadçısı Zoran Anuşiç də təsdiq edib ki, bankın PROST modeli əsasında keçirdiyi simulyasiya göstərib ki, yaxın zamanlarda Azərbaycanda pensiya islahatları keçirilməsə, bu, istər maliyyə, istərsə də sosial sahədə qısamüddətli və uzunmüddətli problemlərə gətirib çıxara bilər. O, izah edib ki, PROST modeli vasitəsilə əhalinin gözlənilən uzunömürlülüyü, ölkənin gələcək makroiqtisadi göstəriciləri, sistemdə istər sığortanın prinsiplərinə əsaslanan, istərsə də icbari dövlət sosial sığorta haqqı ilə əlaqəsi olmayan pensiya öhdəlikləri, habelə gələcək pensiyaçı və sığortaçıların sayı proqnozlaşdırılır. Odur ki, Z. Anuşiçin sözlərinə görə, islahatlar aparılmasa, tədricən, pensiyaların nisbi miqdarı azalacaq, pensiya sahəsində defisit isə artacaq. Bunun baş verməməsi üçün DB-nin baş iqtisadçısı bir sıra tədbirlər irəli sürüb. Bunlara DSMF-in gəlirlərin artırılması, ikincisi, xərclərin azaldılması daxildir.

Məhz PROST modeli əsasında aparılan tədqiqatlar Azərbaycanın pensiya sisteminin gələcək inkişafının üç əsas istiqamətini müəyyən etməyə imkan verib. Birincisi, pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsini nəzərdə tutur. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Gələcəkdə isə bununla bağlı tövsiyə edilir ki, pensiya kapitalının formalaşmasında fərdi hesablarda ödənilən sosial sığorta haqları tam məbləğdə nəzərə alınsın.

İkinci istiqamət dövlətin öhdəlikləri ilə pensiya sistemi öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Burada sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.

Könüllü sosial sığortanın tətbiqi əsasında icbari dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Söhbət qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsindən gedir ki, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılması nəzərdə tutulur. Lakin E. Mehdiyevin etiraf etdiyi kimi, məhz bu, qarşıdakı islahatlar çərçivəsində daha mürəkkəb proses kimi görünür. "Bu sahəyə dair qəbul ediləcək qanun layihəsində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili və s. məqamlar öz əksini tapmalıdır", - o, izah edib. 

Bundan başqa, sığorta haqlarını ödəyərək, pensiya kapitalını minimum miqdarından çox toplayan şəxslər üçün staj tələbinin ləvğ edilməsi təklif edilir. Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə görə, əmək pensiyası almaq hüququna malik olmaq üçün minimal staj müəyyən edilib. Bu, vətəndaşların nə qədər sığorta haqları ödəmələrindən asılı olmayaraq ümumi tələbdir.

"Hazırda fərdi hesablarda icbari sosial sığorta haqlarının ancaq 50%-i toplanılır. İslahatlar nəticəsində, bu göstəricinin 100%-ə qədər çatdırılması planlaşdırılır. Bu şəkildə, sığorta haqları, ödəyicilərin fərdi hesablarında tam şəkildə toplanacaq. Təyin edilmiş pensiyanın sığorta kapitalına bağlanması daha yüksək pensiya ayırmağa imkan verəcək. Bu da öz növbəsində, pensiyaçıların sosial müdafiəsini gücləndirməyə imkan verəcək", - Dövlət fondunun rəhbəri bildirib. 

İslahatlar paketinə əmək fəaliyyətini davam etdirəcək əlillərin pensiya təminatının yaxşılaşdırılması təklifləri daxildir - onlara əlilliyə görə əmək pensiyasının baza hissəsi ilə yanaşı, onun sığorta hissəsinin də ödənilməsi planlaşdırılır. Həmçinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80 faizə qaldırılması imkanları hazırda müzakirə olunur. Qüvvədə olan qanunvericiliyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50% olaraq müəyyən edilib.

Bu müsbət dəyişikliklərlə yanaşı, DSMF daha bir bənd təklif edir - pensiya yaşının artırılması. Fond rəhbəri bunu pensiyaya çıxma yaşını və istehsalatda peşəkar fəaliyyət müddətini uyğunlaşdırmaq zərurəti ilə əsaslandırıb. "Bu gün büdcə təşkilatlarında maksimal əməkqabiliyyətli yaş həddi 65-dir. Lakin bizdə pensiya yaşı xeyli aşağıdır (kişilərdə 63, qadınlarda 60 yaş). Təbii ki, bu müəyyən uyğunsuzluq doğurur", - E. Mehdiyev əmindir. Lakin onun bu bəyanatından sonra, ekspertlər cəmiyyət üçün son dərəcə həssas məsələyə diqqətlə yanaşmağı və yekun nəticəni açıqlamazdan öncə, demoqrafik, iqtisadi və sosial tendensiyalar baxımından daha dərin tədqiqatlar aparmağı təklif ediblər.

Bununla yanaşı, E. Mehdiyevin Azərbaycanda pensiya islahatlarının pensiyaçıların gələcək sosial müdafiəsinin möhkəmlənməsi məqsədlərinə xidmət edəcəyinə dair vədi, ekspertlərin fikirlərinin eşidiləcəyi ilə bağlı ümidləri artırır. Lakin ədalət naminə qeyd edək ki, DSMF bu vaxta qədər bütün maraqlı tərəflərin rəylərinə diqqətlə yanaşıb. Məhz buna görə də bütün yeni sənədlər qəbul edilməzdən öncə ictimai müzakirəyə çıxarılır. Həyata keçirilən islahatların maksimal səmərəliliyi bununla təmin edilir.


MƏSLƏHƏT GÖR:

495