18 May 2024

Şənbə, 16:41

AT ÜSTÜNDƏ FUTBOL

Polo üzrə ilk Avropa Çempionatının qalibi Azərbaycan millisi oldu

Müəllif:

13.10.2015

Bakı yeni bir idman turnirinin keçirilməsində ilkə imza atıb. Polo üzrə ilk Avropa Çempionatı Azərbaycanın paytaxtında baş tutub. 

Mötəbər yarış ilk dəfə keçirilməsiylə yanaşı, həm də nəticələriylə tarixə düşüb. Polo üzrə Azərbaycan millisi əzmkar mübarizənin yekununda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Elçin Camallı, Tərlan Qurbanəliyev, Rəşad Həsənov və Silvester Qarrosdan ibarət Azərbaycan millisi çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vurub. 

Finalda milli Almaniya yığmasını 6:5 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə İrlandiya poloçuları İspaniya kollektivindən üstün olub. İlk Avropa Çempionatında, həmçinin İsveçrə və İtaliya poloçuları da iştirak edib. Azərbaycan seçməsinin üzvü və baş məşqçisi Silvester Qarros isə yarışın ən məhsuldar oyunçusu seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan poloçularını qəbul edərək tarixi qələbə münasibətilə onları şəxsən təbrik edib. Dövlət başçısı bildirib ki, polo xalqımıza yaxın idman növüdür: "Polo idman növü bizim xalqımıza çox yaxındır, bizim çövkən milli idman oyununa çox oxşayır. Bizim idmançılarımızın təcrübəsi də kifayət qədər böyükdür. Ancaq Avropa Çempionatı çox mötəbər idman yarışıdır. Bildiyimə görə, bu çempionatda çox güclü komandalar iştirak etmişlər və mübarizə də çox gərgin idi. Azərbaycan növbəti dəfə öz idman gücünü göstərib".

"Atçılıq idman növünün inkişafına böyük diqqət göstərilir. Son vaxtlar həm Bakıda, həm bölgələrdə bu idman növünə çox böyük maraq var. Şadam ki, çövkən üzrə respublika çempionatları mütəmadi qaydada keçirilir və bu çempionatlarda iştirak edən komandaların sayı artır. Yəni bu, çox böyük maraq doğuran idman növünə çevrilib. Həm böyük tamaşaçı auditoriyası cəlb edir, həm də artıq bizim böyük idman ordumuz var", - deyə prezident bildirib.

Polo üzrə ilk Avropa Çempionatının Bakıda keçirilməsini yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev iki il sonra paytaxtımızın İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini bildirib: "İki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan yenə də tarixə öz adını yazacaq. Biz həm Avropa, həm İslam Oyunlarını keçirən birinci ölkə olacağıq. Yenə də əminəm ki, bu, növbəti idman bayramına çevriləcək. İndi hazırlıq işləri gedir və əminəm ki, İslam Həmrəylik Oyunları Avropa Oyunları kimi Yay Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Çünki biz bu məqsədi qarşıya qoymuşduq, bu məqsədə də nail ola bildik. Gələn il biz yenə də tamaşaçıları sevindirəcəyik, Azərbaycanda gözəl, mötəbər, dünyamiqyaslı yarışlar keçiriləcək. Azərbaycan artıq dünyada idman ölkəsi kimi özünü təqdim edə bilib".

Polo üzrə Azərbaycan millisinin üzvü Elçin Camallı "R+"a açıqlamasında Avropa Çempionatındakı uğur barədə danışıb: "Polo üzrə yığmamızın qazandığı nəticə tarixi qələbədir. İlk Avropa Çempionatı Bakıda baş tutdu. Üstəlik, biz həmin yarışda çempion olduq. Bütün komandamız adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istərdik. Məhz dövlət başçısının qayğısı nəticəsində artıq Azərbaycanda digər idman növləri ilə yanaşı, atçılığın polo növü üzrə də qızıl medallar əldə edilib. Dövlət başçısının bizi qəbul etməsi hər birimizə böyük stimul verdi. Son illər ərzində Azərbaycanda atçılıq idmanının bütün növləri üzrə mühüm işlər görülüb. Yüksək səviyyədə beynəlxalq turnirlər keçirilib. Mükəmməl at cinslərimiz yetişdirilib. Azərbaycan milli komandasının üzvü olmaq hər bir idmançı kimi bizim üçün də çox məsuliyyətli işdir. Avropa Çempionatındakı tarixi qələbəni Azərbaycan Prezidentinə və ölkəmizə həsr edirik".

Sözsüz, Avropa çempionu olan millimizin uğrunda baş məşqçi Silvester Qarrosun böyük əməyi var. Azərbaycana gəldiyi ilk gündən işinə peşəkar səviyyədə yanaşan mütəxəssis qısa zaman ərzində güclü komanda formalaşdırmaqla diqqəti cəlb etdi. Qarros təcrübəsi sayəsində gənclərə uğur qazanmağın yollarını öyrətdi. "R+"a açıqlamasında Silvester Qarros təəssüratlarını belə ifadə edib: "Polo Azərbaycanın milli çövkən oyununa çox oxşar olduğunu qeyd etməliyəm. İdmanın bu növünün inkişafı üçün yaradılan şəraiti və potensialı heç bir başqa ölkədə müşahidə etməmişəm. Adətən, ölkədə bir-iki idman növünə diqqət göstərilir. Azərbaycan idmançıları xoşbəxtdir ki, bütün növlərə - olimpiya və ya qeyri-olimpiya növlərinə eyni dərəcədə yüksək şərait yaradılıb. Azərbaycana gəldiyim zaman hər şeyi yenidən başladıq. Polo çövkən oyununa bənzəsə də, maddi texniki bazası yox idi. Qısa zamanda federasiya rəhbərliyi bizim üçün hər şəraiti yaratdı. Avropa Çempionatının ilk dəfə məhz Bakıda keçirilməsi böyük uğurdu. Yarışın yüksək səviyyədə təşkil olunmasında Azərbaycan Atçılıq Federasiyasının əməyi böyükdür. İdmançılarımız çempionatda qələbə qazanmaqla azarkeşləri ikiqat sevindirdi. Fikrimcə, polo Azərbaycanda yüksək sürətlə inkişaf edir. Lakin biz qazanılan nəticələrlə kifayətlənmək fikrində deyilik. Avropa Çempionatında qızıl medal əldə etməyimiz gənclərin bu idman növünə marağını artıracaq. Ənənəvi olmasa belə, çox maraqlı və sevilən idman növüdür".

 

 

SİTAT

 

"Atçılıq idman növünün inkişafına böyük diqqət göstərilir. Son vaxtlar həm Bakıda, həm bölgələrdə bu idman növünə çox böyük maraq var. Şadam ki, çövkən üzrə respublika çempionatları mütəmadi qaydada keçirilir və bu çempionatlarda iştirak edən komandaların sayı artır. Yəni bu, çox böyük maraq doğuran idman növünə çevrilib".

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti



MƏSLƏHƏT GÖR:

545