2 May 2024

Cümə axşamı, 18:09

"FƏLSƏFƏ HƏR KƏS ÜÇÜN,

amma hər kəs fəlsəfə üçün deyil" - deyə fəlsəfə elmləri doktoru, Rusiya Dövlət Universitetinin professoru İbrahim Məlikov bildirir

Müəllif:

13.10.2015

-Bildiyimə görə, Siz məktəbi bitirdikdən sonra tarixçi olmaq istəyirdiniz. Bəs, necə oldu ki, fəlsəfə fakültəsinə daxil oldunuz?

- Yaşananları nəzərə alsaq, demək olar ki, təsadüfən. Mən ali məktəbə Bakıda başqa şəhərə göndərilənlərin qəbulu çərçivəsində daxil oldum. Leninqrad Universitetinin tarix fakültəsinə qəbul olunmuşdum. Lakin qəbul imtahanlarından sonra mənə Kiyev Universitetinin fəlsəfə fakültəsində təhsil almaq təklif olundu və mən razılaşdım. O anda mənim üçün vacib olanı fəlsəfə yox, gələcək karyera idi. Bu fakültə isə dövrünün ən nüfuzlu fakültələrindən idi.

Xeyli müddət keçdikdən sonra mən anladım ki, fəlsəfə mənim qismətim imiş.

- Faktiki olaraq, fəlsəfə bəşəriyyətlə eyni andan mövcuddur. Bu dövr ərzində saysız-hesabsız ideyalar səsləndirilib, nəzəriyyələr irəli sürülüb, bir çox elm mövcuddur. Fəlsəfədə hələ də yeni nəsə söyləmək, indiyədək deyilməmiş söz demək mümkündürmü?

- Əlbəttə! Fəlsəfə nəzəriyyə yox, həyatdır. Bizdən başqa da çoxlu sayda insan yaşayıbsa, bu, o demək deyil ki, biz öz həyatımızı yaşaya bilmərik. Hətta fəlsəfənin bütün problemləri artıq digər filosoflar tərəfindən həll olunubsa, belə, bu, kiminsə öz fəlsəfəsini yarada bilməyəcəyi anlamına gəlmir. Mənim fikrimcə, fəlsəfə problemin həllinə bir daha qayıtmağa ehtiyacın olmadığı nəzəriyyə deyil. Fəlsəfə hər bir insanla yenidən yaşanan həyatdır.

- Belə çıxır ki, həyat elə fəlsəfədir? Bunlar eyni şeydir?

- Tam yox. Fəlsəfə, həqiqətən də, həyatdır, yaşamdır. Lakin fəlsəfə düşüncənin yaşama təcrübəsidir, dərketmə təcrübəsidir. Bu mənada mən fəlsəfəni mənaşünaslıq sayıram. Bu, mənim öz fikrimdir.

- Lakin hər kəsin anlayışı fərqlidir. Müvafiq olaraq, hər bir filosofun da öz fəlsəfəsi var. Əlbəttə ki, filosofun özü üçün onun fəlsəfəsi böyük dəyərə malikdir. Bəs, fəlsəfənin başqaları üçün dəyəri nədən ibarətdir?

- Dərketmə təcrübəsi kimi! Fəlsəfi testə hazır ideyaların və fikirlərin ifadəsi kimi baxmaq olmaz. O, kimsə tərəfindən müəyyən sualların dərkedilmə təcrübəsidir. Lakin insan öz suallarına özü cavab tapmalıdır! Həyatınızın mənası ilə bağlı məsələləri sizin əvəzinizə heç kəs həll etməyəcək. Bütün fəlsəfi məsələlər kimi, bu da sırf şəxsi məsələdir.

- Sizcə, fəlsəfənin hansı ideyaları bu fani dünyada başını itirmiş insana kömək edə bilər?

- Mənə elə gəlir ki, Dostoyevskinin XXI əsrdə insanların bütün xarici problemlərinin çözüləcəyi, onların daxili plana keçəcəyi haqda fikirlərinə çox ciddi yanaşılmalıdır. Şəxsən mən bu proqnozun doğrulması istiqamətində ciddi tendensiyalar görürəm. Elektron texnologiyaların köməyilə həyatımızdakı aktual problemlərin həllinin mümkünlüyünü tamamilə aydın şəkildə təsəvvür edirəm. Bu zaman insan daxili mənəvi problemlərilə baş-başa qalacaq. Kənardan hər şey yaxşı, rahat görünəcək, daxildə isə heç də hər şey qaydasında olmayacaq.

- Həyata fəlsəfi yanaşma nə deməkdir? Sizin söylədiklərinizdən belə çıxır ki, fəlsəfə münasibətlərin dərk edilməsidir. Belədir? 

- Bu, yalnız belə deyil. Dərketmə fəlsəfənin tərəflərindən biridir. Filosofların əksəriyyəti məhz bununla məşğul olublar, yəni mənasızlığın mənasını dərk etməyə çalışıblar. Lakin bunun üçün mənanın mənasızlığını da anlamaq lazımdır! Yalnız bu dünyaya fəlsəfi yanaşmanı formalaşdırır. Müdriklik bunun üzərində qurulur. 

Müdriklik dərketmə deməkdir. Həqiqətən, dərk edirsənsə, artıq təəccüblənmirsən. İnsan başa düşdüyünü anlayır, lakin özündən çıxırsa, demək, o, əslində başa düşmür. Onun ağlı dünya ilə harmoniyaya yox, qarşıdurmaya köklənib. Mənim daosizm üslubunda bir kəlamım var: anlayırsansa, özündən çıxmırsan, yox, özündən çıxırsansa, demək, anlamırsan.

- Maraqlıdır. Demək, dərrakə anlayışa mane ola bilər...

- Dərrakə əməl üçün alətdir. İnsan hansı addımı atacağını, necə davranacağını onun köməyilə müəyyənləşdirir. Dərrakə çoxlarının, o cümlədən filosofların dediyinin əksinə olaraq, Allah deyil. O, müxtəlif məqsədlərlə istifadə edilə biləcək alətdir. Onun köməyilə insan özünü dünyaya qarşı qoyur. Bir qayda olaraq, dərrakə dünyanın dərk olunmasına köklənməyib. Bundan başqa, dərrakə insan üçün problemlərə yol açan qənaətlərə gəlinməsinə səbəb olur.

- Elə isə, anlamaq üçün nə etmək lazımdır?

- Dərrakəndə birmənalı olmayan şeylərdən uzaq olmalısan. Mən belə qənaətə gəlmişəm ki, fəlsəfənin ən əhəmiyyətli ideyalarından biri, bəlkə də, birincisi budur.

- Bəlkə, ümumiyyətlə, düşünməyəsən?

- Bu mümkün deyil. İnsan hər zaman düşünür və fikirdən qurtula bilmir. Fikirlər məzmununa görə fərqli məzmuna, səviyyəyə malik olur. Lakin onlar insanı bütün ömür boyu müşayiət edir. Sadəcə, fikirləri mütləqləşdirmək olmaz. Siz onu mütləqləşdirə, onun sayəsində uğur əldə edə bilərsiniz. Lakin bu, sizə müdriklik, anlayış və mənəvi rahatlıq verməyəcək. Fəlsəfə isə müdrikliyə qarşı olan sevgidir.

- Belə çıxır ki, müdriklik fəaliyyətsizlikdir?

- Qətiyyən. Müdriklik əksinə, məhsuldar, nəticəsi olan fəaliyyətdir. Onun məhsuldarlığı daxili sakitliyi təmin edir, bunun üçünsə bizim dərrakəmizin məhdud olduğunu qəbul etməliyik.

- Müdriklik bir çox hallarda aforizmlərlə assosiasiya olunur...

- Bu, təbiidir. Aforizm fəlsəfənin poeziyasıdır.

- Sizin öz aforizmləriniz varmı?

- Fikrimcə, onlar olmadan filosofluq etmək mümkün deyil.

- Məsələn?

- Düzü, mən inadla onların aforizm olduğunu iddia etmirəm. Amma onları hikmətli söz adlandırmaq olar. 

Səfeh üçün dünya təsadüflər kaleydeskopu, ağıllı üçün isə harmoniya təsiri bağışlayır. Güclü olmalısınız ki, sizin zəifliklərinizlə hesablaşsınlar. İnsanın özünə olan rəhmi onu alçaldır, başqalarına olan rəhmi isə ucaldır. Bütün dövrlər üçün hər bir insan üçün bir dəyişməz həqiqət var: dünyada hər şey mükəmməldir, mükəmməl olmayan yalnız mənəm. Dünyada hər şey çox sadədir - çətin olanı bu sadəliyə yetişməkdir.

- Azadlıq haqda çox danışır, çox yazırsınız. Doktorluq dissertasiyanızın mövzusu da "Azadlıq dini-fəlsəfi dünya görüşü sistemində mənəvi həyatın idealı kimi" adlanıb. Onun haqqında başqalarının səsləndirmədiyi bir fikir söyləyə bilərsinizmi?

- Spinoza, Hegel, Marks azadlığa dərk edilən zərurət kimi baxırdılar. Dahi Kant isə onu xoş məram sayırdı. O, azadlığın ağırlıq mərkəzini zərurətdən iradəyə keçirib. Axı, hətta adi anlayışda azadlıq insanın arzuları ilə əlaqələndirilir. Kantadək isə avropalı filosoflar bunu inkar edirdilər.

Mənim fikrimcə, azadlıq yalnız iradə deyil. Doğrudur, iradə olmadan o, mənasını itirərdi. Lakin azadlıq həm də vicdandır. İnsanın həyatda əldə edə biləcəyi yeganə azadlıq vicdan azadlığıdır. Bütün digər hallarda, bir qayda olaraq, söhbət azadlıqdan yox, sərbəstlikdən, daha dəqiqi özbaşınalıqdan gedir. Azadlığın reallaşdırılması o deməkdir ki, özünün azad olmuş vicdanı ilə yaşamaq, hansı ki, indiki zamanda dərrakə, elm, maraq, rahatlıq, sərvət və digər dəyərlərə görə insan vicdanının qul vəziyyəti ilə barışır.

- Bəs, vicdan azadlığının müasir konstitusiyalarda və siyasi dairələrdə qeyd olunduğu kimi, dini azadlıqlarla nə əlaqəsi var?

- Heç bir əlaqəsi yoxdur. Bu, sanki fəlsəfədə və siyasətdə milli ideyadır. Fəlsəfədə bu, millətin tarixi prosesdəki amalı və mənasıdır, siyasətdə isə sadəcə siyasi ideologiyadır. Vicdan azadlığı başqadır, dini azadlıq isə başqa. Yeri gəlmişkən, Konstitusiya dini azadlığa zəmanət verə bilirsə, bunun vicdan azadlığı ilə bağlı necə ola biləcəyini təsəvvür etmirəm. Konstitusiya insanın vicdanla davranacağına, vicdanla yaşayacağına necə zəmanət verə bilər? Bunun üçün siyasi və hüquqi mexanizmlər varmı? Əslində, vicdan sosial, siyasi və hüquqi həyatdan çıxarılıb və artıq arxaik anlayışa çevrilib. Bu gün biz hüquqi dövlət dəyərlərindən danışırıq. Əlbəttə, hüququn olmadığı cəmiyyətdənsə, hüquqi dövlət yaxşıdır. Lakin hüquq dəyərləri ictimai münasibətlərdə vicdanın yoxluğundan xəbər verir. İnsanlar vicdanla yaşasaydılar, hüquqa ehtiyac da olmazdı.

- Kantın dediyi kimi, bunun insanın daxilindəki mənəvi qanun olduğunu söyləyə bilərikmi?

- Bəli, tamamilə doğrudur. Özüdə mənəviyyat, sadəcə, bizim düşüncəmizin yalnız xeyrə yönəlməsi deyil, bu, həm də həyatımızda real fəaliyyətdə olan qanundur. Adətən, qanun bizdə hüquqi qanunla assosiasiya olunur. Lakin hüquqi qanunlar mənəvi qanunlarla müqayisəyə belə, gələ bilməz. Hüquqi qanun nisbi, mənəvi qanun isə mütləqdir. Hüquqi qanundan qaçmaq olarsa, mənəvi qanundan qaçmaq mümkün deyil!

- Cəmiyyət dərrakənin ifadəsidir. Belə çıxır ki, cəmiyyətdə yaşamaq insan üçün tamahdır...

- Axı, mən dedim ki, heç nə birmənalı deyil. Bu, bir yandan böyük bir tamahdır, digər tərəfdən inkişaf üçün geniş imkanlardır. Müasir cəmiyyətin bir çox nöqsanı var, lakin onun ləyaqəti də var. Cəmiyyət dərin mənəvi və dini məna daşıyır.

- Müasir cəmiyyətin mənəvi mənası nədədir?

- Cəmiyyət mənəvi inkişaf üçün şərt və imkandır. Cəmiyyət, sanki, xəstəxanadır - orada sağalmamaq da olar, üstəlik, hansısa yeni xəstəliklərə yoluxmaq da, sağalmaq da.

- Bəs, millət?

- Bu, mədəniyyətin mövcud olma formasıdır. Axı, mədəniyyət hər zaman milli olub.

- Bəs, fikrinizcə, tolerantlıq nədir?

- Başqasının sənə oxşamamaq hüququ.

- Bunun üçün nə lazımdır?

- Mədəniyyət.

- Amma müasir cəmiyyətin faktiki olaraq, bütün problemləri onunla əlaqələndirilir.

- Tamamilə razıyam. Bu, heç nəyi dəyişmir. Mədəniyyət bilavasitə ictimai həyatın məzmunu ilə formalaşır. Berdyayevin dediyi kimi, ictimai həyatın keyfiyyəti mədəniyyətin səviyyəsilə ölçülür.

- Bu yaxınlara qədər bu və ya digər halın əhəmiyyətinin ən çox yayılmış əlaməti "hamı üçün" ifadəsi idi. İndi elitarlığın sinonimi kimi, başqa ifadədən istifadə olunur - "hamı üçün olmayan". Hamı üçün olmayan kinolardan, kitablardan və bir çox digər şeylərdən danışırlar. Bəs, fəlsəfə necə, hamı üçündür, yoxsa yox?

- Birincisi, fəlsəfə hamı üçün yox, hər kəs üçündür. Çünki hər bir insan öz həyatını, əməllərini bu və ya digər formada dərk etməlidir. İkincisi, fəlsəfə hər kəs üçün olsa da, hər kəs fəlsəfə üçün deyil.

 

 

Bizim arayış:

Məlikov İbrahim Mustafa oğlu 1963-cü ildə doğulub. 1985-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetinin fəlsəfə fakültəsini, 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib. Elə həmin il namizədlik dissertasiyasını, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ildə professor adı alıb.

1989-2003-cü illərdə İbrahim Məlikov Moskvanın müxtəlif ali məktəblərində çalışıb. 2003-cü ildən Rusiya Dövlət Sosial Universitetində işləyir.

Məlikov 150-dən artıq işin müəllifidir. Onların arasında elmi və metodik işlər, həmçinin publisistika da var. "Mənəvi həyatda azadlıq" (Moskva, 2002), "Azadlığın mənəvi varlığı" (Moskva, 2013) kimi monoqrafiyalar, "Fəlsəfə. İnsanın mənəvi fəaliyyəti" (Moskva, 1998) kimi dərs vəsaiti də İ.Məlikovun işlərindəndir.

Onun elmi araşdırmalarının əsas istiqaməti insan varlığının mənəvi aspektləridir.

 

-Səfeh üçün dünya təsadüflər kaleydeskopu, ağıllı üçün isə harmoniya təsiri bağışlayır.

-Güclü olmalısınız ki, sizin zəifliklərinizlə hesablaşsınlar. 

-İnsanın özünə olan rəhmi onu alçaldır, başqalarına olan rəhmi isə ucaldır.

-Dünyada hər şey mükəmməldir, mükəmməl olmayan yalnız mənəm.

-Dünyada hər şey çox sadədir - çətin olanı bu sadəliyə yetişməkdir.


MƏSLƏHƏT GÖR:

605