22 Fevral 2019

Cümə, 07:42

VALYUTA

DƏNİZ GƏZİNTİSİ

Üç yüzillik boyu Bakı bulvarının siması necə dəyişib

Müəllif:

20.10.2015

XIX əsrdə iki amil Bakını yalnız Qafqazın deyil, ümumilikdə, Rusiya imperiyasının cənubunun ən böyük şəhərinə çevirdi - neft bumunun başlanması və şəhərin dəniz ticarəti üçün əlverişli olan coğrafi mövqeyi. Təəccüblü deyil ki, şəhərin qala divarlarından kənarda tikintisi məhz dəniz sahillindən başladı. Zaman keçdikcə, dənizkənarı sahilə yan alan əcnəbi tacirlər üçün bura imperiyanın, bir növ, "fasadı"na çevrildi.

 

Sahilə qədər

"Qafqaz canişininin Baş İdarəsinin 1872-ci il üzrə hesabatı"na görə, uzun illər boyu şəhəri sahildən daş hasar ayırıb. Şəhəri dəniz istiqamətindən atəşdən qoruyan bu qala, həmin istiqamətdə daha hündür idi. Sahil xəttinin özü isə zibilliyə çevrilmiş səhranı xatırladırdı. Dənizə doğru çəkilmiş ensiz taxta "körpülər"ə yalnız qayıqlar yan ala bilirdilər. Gəmilər isə dayazlığa görə şəhərə yaxınlaşa bilmirdi. Odur ki, mallar və sərnişinlər qayığa enir və yalnız bundan sonra sahilə çıxırdılar. Yalnız bir daş liman var idi, orada da suyun dərinliyi cəmi 10 fut (3 metr) idi: "Güclü cənub küləyi qalxanda gəmilər təhlükəsiz şəkildə bu limanın yaxınlığında yer ala bilmirdilər". 

Tanınmış meteoroloq-alim Kozma Spasski-Avtonomov 1851-ci ildə dəniz sahilini bu cür poetik şəkildə təsvir edirdi: "Sahilin ensiz hissəsi şəhərə gətirilən taxta-şalban və daş kömür üçün ambar kimi, həm də kiçik və otra ölçülü gəmilərin istehsalı üçün istifadə olunurdu. Bakı Gömrük Karrantin idarəsinin ambarı ilə üzbəüz tacirlərin limanı var idi. Bu limandan gəmilərin boşaldılması və yüklənməsi üçün istifadə olunurdu. Qala divarının cənub küncündə isə Səlyan limanı var ki, bu da Dəniz İdarəsinə məxsus idi." 

 

Birinci bulvar

İlk bulvarın tikintisi 1865-ci ildə qubernator Mixail Kolyubakinin göstərişi ilə başlayıb və şəhərə bəzi qurbanlar hesabına başa gəlib. O zaman qala divarları bizim bu gün gördüyümüzdən az qala 1,5 dəfə hündür və iki dəfə qalın idi. Onu tamam sökdülər. Qubernatorun sərəncamında deyilirdi: "Bu səmərəsiz divar havanın sərbəst hərəkətinə mane olur". 

Divarın daşları, ümumilikdə, 44 min rubla (3 min fəhlənin aylıq maaşı qədər) satıldı, əldə olunan vəsait isə gəmilərin yan ala biləcəyi gözəl sahilyanı və daş limanın tikintisinə xərcləndi. O vaxtların rəsmi sənədlərindən birində deyildiyi kimi, "Sahilyanında tikilmiş evlər və səliqəli sahil dəniz tərəfindən şəhəri çox gözəlləşdirirdi". 

Sahilin tikintisi iki ilə başa çatdı və bundan sonra sahil Qız Qalasından sağ və sol tərəfə bölünürdü. Qara şəhərə doğru gedən tərəf Petrovsk, Bayıla gedən tərəf isə Aleksandrovsk sahili adlanırdı. 

Şəhərin digər yerlərində olduğu kimi, burada da məşhur memar Qasım bəy Hacıbababəyov çox böyük işlər görüb. Sahildəki mühəndis və planlaşdırma, limanların (Daş, Gömrük, "Qafqaz və Merkuri" şirkəti) yaradılması işlərinə o rəhbərlik edib.

Bulvara çıxan binaların əksəriyyətinin memarı da o idi. Bəzi hallarda Qasım bəy özü memarlar tapırdı və evlərin ümumi üsluba cavab verməsinə şəxsən nəzarət edirdi.

O dövrdə şəhərdə həm dövlətə, həm də tanınmış iş adamlarına məxsus çoxlu sayda gözəl binalar inşa edildi. Onlardan ən qədimləri (təəssüf ki, bizim vaxta qədər qalmadılar) "Gömrük" (1860-cı ildə inşa edilib) və "Qubernator evi" (1865-1867) idi. 

"II Aleksandr sahilinə Nevanın sahili kimi, daşlar vurulmuşdu, daş parapet və geniş səki Bakı sakinlərinin əsas gəzinti yeri oldu", - deyə tanınmış aktyor və dramaturq Mixail Vladıkin özünün "Qafqaza səyahətdə bələdçi və həmsöhbət" kitabında yazırdı.

 

Yenidənqurma

Petrovsk və Aleksandrovsk sahilləri üslub baxımından bir-birindən çox fərqlənirdilər. Birinci daha geniş idi və dəniz sularının yanına enirdi. XIX əsrin sonlarında isə Xəzərin səviyyəsi aşağı düşməyə başlamışdı, su geri çəkilmişdi. Nəticədə, sahil yarımkürə şəkli almışdı və bu bütün kompozisiyaya təsir göstərmişdi. Bulvar həddindən artıq "əyri" olmuşdu ki, bu da Asiya ilə həmsərhəd olan Avropa şəhərinin imicinə uyğun gəlmirdi.  Bulvarın simasında nəsə natamamlıq hiss olunurdu. 

Yalnız 1897-ci ildə Şəhər Divanxanası belə qərara gəldi ki, "həm estetik baxımdan şəhərin gözəlliyi, həm də sərbəst hərəkət üçün bütün sahilin eni 50 metr olsun, Petrovsk sahilində isə bulvar sudan daş sədlə ayrılsın". Bununla da, bulvar daha hamar və "doğru" forma aldı.

Eyni vaxtda Petrovsk sahili mərkəzdən əks istiqamətə uzadılmağa başladı. Cəmi 3 il ərzində bulvar 1,5 kilometrə qədər uzadıldı. Buna baxmayaraq, sahilin bu hissəsi əvvəlki kimi, digər sahil (Aleksandrovsk) qədər abad deyildi. Burada həmişə çoxlu sayda fəhlə olurdu, bura yüklər gətirilirdi, ətraf balıq iylənirdi. Hakimiyyət orqanları bu rayonu abadlaşdırmaq üçün nə qədər çalışsalar da, 1920-ci ilin ortalarına qədər bu ərazi görkəmsiz halda qaldı - sonradan sovet hakimiyyəti yük limanlarını mərkəzdən uzaq rayonlara köçürdü. 

1890-cı illərdə bulvarda elektrik fanarlar və möhtəşəm fontanlar quraşdırıldı. 1900-cü ildə yaşıllaşdırma işləri başlandı, 1909-cu ildə bulvar bir az da genişləndirildi, daşla döşənmiş yeni küçələr peyda oldu. O zamanlar aristokratların sevimli oyunundan olan badminton üçün meydança quruldu. O vaxtın bulvarının gözəlliyini biz tanınmış rəssam, rejissor və iş adamı olan Aleksandr Mişonun fotolarında görə bilərik. Onun ən böyük mağazalarından biri də məhz bulvarda yerləşirdi - bu mağazanın yuxarı mərtəbələrində fotohəvəskarlar dərnəyi fəaliyyət göstərirdi.

Bulvarın qurulması və abadlaşdırılmasında Bakı Şəhər İdarəsinin rəhbəri Məmməd-Həsən Hacınski (sonralar o, ADR-in xarici işlər naziri olmuşdu) də böyük rola sahibdir. Məhz onun rəhbərliyi altında bulvar son və tamamlanmış görünüş aldı və onu heç sovet illərində də dəyişmədilər. Hacınski işə çox məsuliyyətlə yanaşdı - ən yaxşı layihə müsabiqəsi elan etdi, elə də bahalı olmayan, amma effetkli layihəni seçdi. İlkin olaraq bulvarda yunan üslubunda dəniz hamamının tikintisi nəzərdə tutulmuşdu - o, həm sahilə gözəllik verməli idi, həm də gəlir gətirəcəkdi. Lakin sonradan dəniz hamamı ilə yanaşı, kinoteatr ("sinematoqrof" - təəssüf ki bizim vaxtlara qalmadı), həmçinin bir neçə restoran da tikildi. Bütün bunlar şəhər büdcəsinə 18 min rubla başa gəldi.

Sonralar bulvarın simasında ciddi dəyişiklik olmayıb. Sovet illərində orada paraşüt qülləsi (bu təhlükəli qüllədə sonradan saat da quraşdırıldı) və uşaq karuselləri inşa edildi (sonradan onlar söküldü). Və yalnız son illərdə bulvarın siması tamamilə dəyişdi, bura istənilən yaşda olan insanlar üçün əyləncə mərkəzinə çevrildi, möhtəşəm fontanlar və gül-çiçəklə bəzədildi, yeni meydançalar (Yeni bulvar) açıldı. Amma bu günədək onun siması Hacıbababəyov və Hacınskinin bir əsr əvvəl çəkdiyi zəhmət və əziyyətinin nəticəsidir. 



MƏSLƏHƏT GÖR:

262