9 May 2024

Cümə axşamı, 13:08

QABAQLAYICI İŞ

Azərbaycan Prezidenti çətin qlobal şəraitdə iqtisadi sabitliyin qorunub-saxlanılması yollarını göstərib

Müəllif:

20.10.2015

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışını, sözün əsl mənasında, antiböhran bəyannaməsi kimi xarakterizə etmək olar. Dövlət başçısı neft gəlirlərinin ciddi şəkildə azaldığı dövrdə ölkə iqtisadiyyatının inkişaf yolunu kifayət qədər aydın şəkildə ifadə edib, istər dövlət strukturlarının, istərsə də özəl sektorun fəaliyyətinin idarəolunması və tənzimlənməsi sahəsində yeni ciddi islahatların aparılması ilə bağlı qəti tapşırıqlarını verib. 

Bir qayda olaraq, bütün böhranlar mövcud problemləri daha çox qabardır. Dünya bazarlarında neftin ucuzlaşması, Azərbaycanda onun hasilatının azalması fonunda qeyri-neft sektorunun inkişafı yolunda ortaya çıxan istənilən maneə, təbii ki, daha sərt qarşılanır və onun mümkün qədər tez həll edilməsi zərurəti yaranır. İnhisarçılıq, korrupsiya, sahibkarlıq subyektlərində bitmək bilməyən yoxlamalar - bütün bunlar əvvəllər də mövcud olub və ölkənin özəl sektorunda istehsalın həcminə öz təsirini göstərib. Nəticədə, sahibkarlığa dövlət subsidiyalarının, vergi güzəştləri və imtiyazların həcminin artırılmasına rəğmən, bu sahədən lazımi həddə gəlir götürülməsi mümkün olmayıb. 

Doğrudur, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir - bu ilin 9 ayında ölkədə ÜDM-in 3,7%-lik artımı fonunda o, 6% inkişaf edib. Yəni, faktiki olaraq, iqtisadiyyatda sabitliyin qorunub-saxlanmasına məhz qeyri-neft sektoru kömək edib. Bununla yanaşı, sənaye inkişafı 2,1%, qeyri-neft sənayesi 10%-dən çox artıb.

"Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı, gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq". 

Prezidentin iclasda səsləndirdiyi bu bəyanat qeyri-neft sektorunun inkişafına, onun iqtisadiyyatın lokomotivinə çevrilməsinə əsas maneələri aydın şəkildə göstərir. Prezident korrupsiya ilə mübarizəni hökumət qarşısında əsas vəzifələrdən biri kimi ilk dəfə qaldırmır. Məhz dövlət başçısının təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" kifayət qədər qısa vaxtda bir çox dövlət xidmətləri sahəsində korrupsiya və rüşvətxorluğun qarşısının alınmasının nə qədər real olduğunu hər kəsə nümayiş etdirib. Demək, buna digər sahələrdə də nail olmaq mümkündür. "Sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir", - deyə Prezident İ. Əliyev qeyd edib.

Qayıdaq biznesin problemlərinə. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin iclasda səsləndirdiyi hesabatdan məlum olur ki, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli işlər davam etdirilir, öncül beynəlxalq təcrübə nəzərə alınmaqla, daha proqressiv normativ - hüquqi baza formalaşır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının həyata keçirilməsi, daşınmaz əmlak hüquqlarının qeydiyyatı kimi islahatların davamı olaraq, qanunvericiliyə tikinti icazəsinin verilməsi ilə bağlı lazımi dəyişikliklər edilib, korporativ idarəçilik təkmilləşdirilib, investorların maraqlarının qorunması, müflisləşmənin qarşısının alınması istiqamətində tədbirlər görülüb.

Lakin biznes mühitinin yaxşılaşdırılması və biznesin inkişafına impulsun verilməsi üçün bu işlər belə, kifayət deyil. Səbəb ortadadır. Müxtəlif dövlət strukturları tərəfindən sahibkarlıq subyektlərində aparılan saysız-hesabsız, bəzən fasiləsiz yoxlamalar, ilk baxışdan, tamamilə məntiqli görünür: sanki onlar istehlakçıları keyfiyyətsiz məhsullardan və xidmətlərdən qorumağa çalışırlar. Reallıqda isə bu, onların biznesmenlərdən öz paylarını qoparmaları üçün bəhanədən başqa bir şey deyil. Nəticədə, məhsulların keyfiyyəti heç də hər zaman yüksək olmur. Üstəlik, bu sözü qiymətlər haqqında da demək mümkün deyil. Sahibkarlar qiymətin müəyyənləşdirilməsi zamanı "nəzərə alınmamış" xərcləri də oraya əlavə etməli olurlar.

Bununla yanaşı, dövlət başçısı daha bir mənfi məqama diqqət çəkib: "Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq".

Biznesmenlərin Azərbaycanda iş qurmaq arzusunu öldürən daha bir problem tələb olunan lisenziyaların sayının həddindən artıq olmasıdır. Bu gün ölkədə nə az, nə çox - düz, 59 adda lisenziya var. "Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır", - deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi prezidentin son iki göstərişinin icrasına iclasdan cəmi bir neçə gün sonra start verib. Qurumda keçirilən geniş kollegiya iclasında sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb. Söhbət nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalardan gedir. Burada yalnız Azərbaycan əhalisinin həyatının və sağlamlığının müdafiəsi ilə bağlı yoxlamalar istsina təşkil edir.

Bundan başqa, toplantıda əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətininin lisenziyalaşdırılmasının ləğvi barədə təkliflərin verilməsi qərara alınıb. Eləcə də, lisenziya tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılması, onların sayının azaldılması haqqında qərar qəbul olunub.

Kollegiya Azərbaycanın Tarif (qiymət) Şurasına qeyri-neft məhsullarına verilən mənşə sertifikatı ilə bağlı aparılan ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılmasına dair müraciət edilməsi barədə də qərar qəbul edib. Toplantıda ixracın stimullaşdırılması ilə bağlı təkliflər paketinin hazırlanması da razılaşdırılıb.

Qeyd edək ki, sonuncu məsələ də Prezident İlham Əliyevin tapşırığı ilə baş verib. Dövlət başçısı öz çıxışında iqtisadiyyatın əsas problemlərindən birinin inhisarçılıq olduğunu bəyan edib: "Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaq. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz".

Bununla yanaşı, hazırda inhisarçılıq yalnız ölkənin ixrac potensialını pozmur, həm də keyfiyyətli idxala da mane olur. Bu isə istehlakçıların hüquqlarını pozur, onları daha geniş çeşiddə məhsul almaq imkanından məhrum edir. "Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!" - deyə dövlət başçısı qeyd edib.

Beləliklə, ölkənin gəlirlərinin formalaşmasında qeyri-neft iqtisadiyyatının rolunun artması sahibkarların problemlərinin həlli prosesini ikiqat sürətləndirməlidir. Çünki məqsəd mövcud xərclərin qeyri-neft sektoru, vergilər və gömrük hesabına təmini, Dövlət Neft Fondundan transferlərin investisiya layihələrinə yönəldilməsidir.

Prezident İlham Əliyev hesab edir ki, bunun üçün mövcud güzəştlər və vergidən azadetmə sisteminə də yenidən baxılmalıdır. "İxracyönümlü qeyri-neft sektorunun inkişafı o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır", - deyə dövlət başçısı qeyd edib.

Bundan başqa, qeyri-neft sektoruna xarici investisiyaların cəlbi prosesi fəallaşdırılmalı, istər ölkə daxilində, istərsə də xaricdə təqdimatlar, biznes forumlar daha tez-tez təşkil olunmalı, biznes mühitinin, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır. Çünki dünya iqtisadiyyatının hazırkı ağır vəziyyətində rəqabətə davam gətirmək çox çətindir.

Bir sözlə, İlham Əliyev böhran dövründə Azərbaycanda iqtisadi inkişafın əsas amillərini dilə gətirib: özəl sektorun gücləndirilməsi və daxili istehsalın artırılması. Bundan başqa, dövlət başçısı büdcə xərcləri strukturuna yenidən baxılmasına, büdcə vəsaitlərinin qənaətlə xərclənməsinə, maliyyə və iqtisadi sahələrdə şəffaflığın tam təmininə ehtiyacın olduğunu bildirib: "Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Onlar büdcəyə daha çox vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var".

Prezidentin sözlərinə görə, bir sıra hallarda dövlət strukturları Maliyyə Nazirliyindən israrla əlavə maliyyə vəsaitinin ayrılmasını istəyirlər. Onun fikrincə, hazırkı şəraitdə bu da yolverilməzdir. "Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu", - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyevin bütün tapşırıqlarını və kifayət qədər sərt xəbərdarlıqlarını nəzərə alsaq, yaxın zamanlarda iqtisadiyyatın və sosial həyatın bir çox sahələrində islahatların növbəti mərhələsinin başlayacağını gözləmək olar. Bu, ölkədə iqtisadi və sosial sabitliyin qorunub saxlanmasına imkan verəcək.



MƏSLƏHƏT GÖR:

455