17 May 2024

Cümə, 16:01

SEVGİNİN 10 ÇALARI

Dünya paytaxtları barədə qlobal layihənin təcəssümü olan "Bakı, mən səni sevirəm" filminin təqdimatı keçirilib

Müəllif:

03.11.2015

Heydər Əliyev Sarayında təqdimatı keçirilən "Bakı, mən səni sevirəm!" layihə və filmi xüsusən milli kino sənətinin inkişafını izləyənlərin böyük marağına səbəb olub. Publikanın marağı həm də ona görə artıb ki, 2006-cı ildə Fransada yaranan və "Paris, mən səni sevirəm!" adlı layihənin müəlliflərinin reallaşdırdıqları ideya nəinki bəyənilib, həm də Nyu-Yorka, Moskvaya, Rioya, Havanaya sevgilərini etiraf etməyə səbəb olub və hətta Astanaya da. Yeri gəlmişkən, "Sevgilim mənim - Astana" filminin çəkilişlərinin rəhbəri Yeqor Mixalkov-Konçalovski olub. Film süjet baxımından bir-biri ilə bağlı olmayan 10 novelladan ibarətdir və onları müxtəlif rejissorlar çəkiblər. Bakıya sevginin etiraf olunduğu filmə hər biri 10 dəqiqədən ibarət 10 novella daxildir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Kinoalmanaxın çəkiliş qrupunda 138 nəfər olub. Kütləvi çəkiliş səhnələrini də nəzərə almaqla "Bakı, mən səni sevirəm" layihəsində 150-dən çox aktyor və aktrisa iştirak edib. Çəkiliş prosesinə 2011-ci ildə start verilib. İlk çəkilişlər 2012-ci il martın 12-də başlanıb. Səhnə qrupunun komandası tərkibinə görə, beynəlxalq olub. Buraya Azərbaycan, Böyük Britaniya, Portuqaliya və Rusiyadan rejissorlar daxildir; aktyorlar Rusiya, Belarus, Türkiyə, Litva, Özbəkistan, İtaliya və Böyük Britaniyadan, ssenaristlər isə Azərbaycandan olublar. Filmdə həmyerlilərimiz Siyavuş Kərimi və Vüqar Camalzadənin musiqisindən istifadə edilib. Bu növ bütün dünya layihələri olduğu kimi, kinoalmanax sevgi hekayələrindən bəhs edir. Onlardan mütləq biri mistik məzmunlu hekayədir. Burada isə ilk belə bir hekayə "Aziya" adlı novelladır. 

 

"Aziya"

Ssenari müəllifi və rejissoru Yavər Rzayevdir.

Süjetin əsasını kəndli gəncin məşhur kino aktrisasına aşiq olması təşkil edir. Daha doğrusu, onun çarpayısı üstündəki posterdəki qızın təsvirinə. Zavallı oğlan, onun məşhur aktrisası ərə gedir! Bunun qarşısı almaq üçün o, dərhal şəhərə getməlidir. Bu an göz bəbəkləri qırmızı rəngdə olan sarışınsaçlı qadın obrazında şər qüvvələr işə keçir! Süjetdə olduğu kimi, o, hətta onları izləyən yol polisi üçün belə tamamilə güclü və əlçatmazdır! Balaca, ağrəngli avtomobildə o, qəhrəmanımızı inanılmaz sürətlə taleyinə qovuşdurur və gənc oğlan bircə öpüşlə qızın qəlbini fəth edir. Düzdür, qəhrəman qızı qaçırıb-qaçıra bilmədiyini öyrənə bilmir, çünki bu şirin yuxunu, həmişəki kimi, anası sərt səslə pozur: "Dur! Nə qədər yatmaq olar?!".

 

"Görüş"

Ssenari müəllifi və rejissoru Nərgiz Bağırzadədir.

Qatarın eyni vaqonunda oğru-skripkaçı və 20 ildə ilk dəfə qızını görmək üçün Rusiyadan gələn şəxs yol-yoldaşı olurlar. Lakin qızını perronda görən ata cəsarətini itirir. O, yol-yoldaşından məktubu qızına verməyi xahiş edir. Oğru-skripkaçı etiraz etmədən razılaşır. Qız onu atası kimi qəbul edir, o isə qızla evə yollanaraq həqiqəti deməyə tələsmir. Oğru-skripkaçı qızı ilk baxışdan bəyənir və hələlik nə edəcəyini bilmir. Əsl atası isə küçədə çay içərək qorxuları ilə iztirab çəkərkən, oğru-skripkaçı ilə qızı arasında daxili və heç də doğma olmayan bağ yaranır. Deyəsən, qız qarşısındakının heç də atası olmadığından şübhələnməyə başlayır. Gənc kişi qərarını asan verə bilmir: getsin, yoxsa qalsın? O, getmək qərarına gələndə isə qızın əsl atası gəlir. Ata hər şeyi səhv anlayır və buna görə cavab zərbəsi alır. Final açıq qalır: oğru, aradan çıxaraq skripkasını unudur və pilləkənə çıxan qız onu səsləyir. O qayıdacaq, yoxsa çıxıb gedəcək? Buna tamaşaçı qərar verir. 

 

"Rəssam"

Ssenari müəllifi və rejissoru Samir Kərimoğludur.

Süjetin əsasını - şah əsəri yaradan rəssamın hekayəsi təşkil edir. Qızın portretini yaradaraq, ona aşiq olur. Onun bu hissləri ölümə məhkumdur, çünki qız artıq həyatda deyil. Onun şəkli əsasında portretinin yaradılması isə qızın son arzusu olub. 

 

"Həyət"

Ssenari müəllifi və rejissoru Nadir Maçanovdur.

Uzun illər ötəndən sonra, bir vaxtlar sevdiyi və xoşbəxt olduğu şəhərə - xidməti ezamiyyətə bir qadın gəlir. O, 20 il əvvəl, sevdiyi şəxsin Əfqanıstanda həlak olması haqqında xəbəri alandan sonra şəhəri tərk edib. Qadın özünə karyera qurur: polkonvik olaraq, böyük uğurlar əldə edir. Gəncliyinin keçdiyi məhəlləyə baş çəkmək qərarına gəlir və təsadüfən, "həlak" olan şəxsi aşkar edir. Eyvanda dayanan qadının onun zövcəsi olduğunu düşünür. Əslində isə bacısıdır. Həmişəlik itirilmiş xoşbəxtliyi yenidən qazanırlar.

 

"Bəhram Gur"

Ssenari müəllifi İlqar Safat, 

rejissoru Andrey Razenkovdur.

Analizlərinin nəticələrini alan taksi sürücüsü ömrünə az qaldığını öyrənir. Elə bu an o, balaca bir oğlunun olduğunu xatırlayır. Düzdür, uşağı keçmiş həyat yoldaşının əri böyüdür və uşaq da onu atası bilir. Taksi sürücüsü oğlunu görmək istəyir, bəlkə də bu, sonuncu görüşləri olacaq. Keçmiş zövcəsi ondan xahiş edir ki, uşağa həqiqəti deməsin. Taksi ilə şəhərboyu qısa gəzinti Bəhram Gurun abidəsinin önündə bitir. Bu ilanabənzər əjdahaya qalib gələn güclü qəhrəmanı uşaq bəyənir. Ondan əbədi ayrılan atası oğlunu əmin edir ki, o da böyüyəndə Bərham Gur kimi güclü olacaq. Oğlu atalığı ilə funikulyorda yamacboyu qalxarkən, taksi sürücüsü özünün heç də Bəhram Gur olmadığını anlayır. Çünki o, ailəsini qorumağa imkan verməyən daxilindəki əjdahaya qalib gələ bilməyib.

 

"Xəzər Atlantidası"

Ssenari müəllifi və rejissoru İlqar Safatdır.

Bu süjetin qəhrəmanı - gənc dalğıcdır. O, "Atlantida"nın qalıqları arasında artifaktlar axtarmaq üçün hər gün suyun dərinliklərinə dalmalı olur. Bir dəfə o, üzük tapır və onu evə gətirir. Daha sonra isə suyun altında onun sahibəsi ilə rastlaşır. Supərisi o qədər gözəl olur ki, gənc yer üzündə onun tayı-bərabərini tapa bilməz. Ona görə də yerdə həyat ona hər gün mənasız görünür. Bu isə gənci heç bir məsuliyyət daşımadan qısamüddətli əlaqələr qurmağa sövq edir. Lakin yerdəki qızlar nə belə münasibəti, nə də bu cür məsuliyyətsizliyi sevirlər. Hamının gözü qarşısında aldığı şillə yalanının cəzası olur: növbəti aldadılmış qız qarşısında, özü qarşısında. Dalğıcın gülüşü köhnə şəhərdə turist marşrutunu bürüyür. Bu gülüş isə onun artıq hər yerdə yad olduğunu anladır: burada yerdə də. Və orada da - suyun altında... Hərçənd indicə ona elə gəlirdi ki, ekskursiyaçı qız su pərisinə elə oxşayır ki...

 

"Lotereya bileti"

Ssenari müəllifi Nərgiz Bağırzadə,

rejissoru Aleksandr Fodordur (Böyük Britaniya).

İki tənhalığın hekayəsi: qız - diplomlu mütəxəssisdir, oğlan isə fərdi daşımaçılıqla məşğuldur. Bir dəfə qız işə gecikəndə onun maşınına əyləşir və o, qızı aparır. Sonra qız ona iş tapmaqda kömək edir, daha sonra onlar görüşməyə başlayırlar. Lakin qızdan fərqli olaraq, o, dəqiq müəyyən edilmiş qrafiklə işləməyi sevmir. O, öhdəlikdən azad olunmağa üstünlük verir. Lakin bu fakt qızı qətiyyən narahat etmir. O düşünür ki, bəxtləri gətirib: düzgün vaxtda düzgün yerdə birgə olublar.

 

"Sevgi haqqında"

Ssenari müəllifi Nərgiz Bağırzadə,

rejissoru Andre Babalodur (Portuqaliya). 

Köhnə şəhərin sakinlərinin həyatı göz qabağındadır: qohumlarının və qonşularının. Ərdə olan qadın həyat yoldaşını deyil, başqasını sevir. Çoxdan sevir və deyəsən, həmişəlik. Əri - ofis klerki anlayır ki, münasibətlərinin qarşılığı yoxdur. Təkcə yatağı düşünmək onun zövcəsini dəhşətə gətirir, buna baxmayaraq, ailə olduqları təəssüratını qorumaqda davam edir. Qadın da hisslərə qapılmır və ona xəyanət etmir. O, özünə, ərinə, sevgilisinə əzab verərək, izdivac sədaqətini qoruyur. Bu vəziyyətdə heç kim addım atmağa cəsarət etmir. Həyatı dəyişə biləcək addım. Axı addım atmaq - üzərinə məsuliyyət götürmək deməkdir. Görünür, bu üçlükdən heç biri buna hazır deyil. Həyat isə yanlarından ötüb-keçir: sevgisiz, sevincsiz, mənasız.

 

"Aysel"

Ssenari müəllifi Aleksandr Novototski-Vlasov,

rejissor Aleksey Qolubevdir.

Köhnə şəhərdə gənc qadın yaşayır. Uzun illərdir, arzularının kişisini gözləyir. Və bütün bu illər ərzində sahə polisinin ona aşiq olduğunu hiss eləmir. Ayselin mənzili yaxındadır, ona görə də onlar hər gün görüşürlər. Lakin bir gün onun qapısına bir kişi gələcək. Təsadüfən yoldan keçən birisi. Lap yad birisi gələcək ki, ona xatirə olaraq oğul qoyub, sonradan itsin. 

 

"Təsadüf"

Ssenari müəllifi Nərgiz Bağırzadə,

rejissoru Yeqor Mixalkov-Konçalovskidir.

Qız arzuolunmaz hamiləlikdən qurtulmaq istəyir. Amma gün ərzində üzləşdiyi işarələr - nənəsini 10 atmacaları, həkimin sözləri də bunu etməməyi deyir. Qız sanki bunları anlayır, sanki başqalarının dediyi sözlər onun ürəyinə batır, amma o, risk etmək və uşağını atasız böyütmək istəmir. Qız taksiyə əyləşib, xəstəxanaya gedir. Sürücü uşağın bu dünyaya gəlməsinin vacibliyindən və nə vaxtsa bunu başa düşmədiyindən danışır. Maşın qəzaya uğrayır. Sürücü - kişi ölümün lap bir addımlığındadır, qız isə yüngül sıyrıntı ilə qurtulub. Qız anlayır ki, onun həyatı övladının gələcək həyatı naminə xilas edilib və abortdan imtina edir.

On qısa novella. Eyni şəhərdə bir sutkada baş verə biləcək 10 hekayə. Taleləri bağlayan, maraqları birləşdirən, hissləri oyadan Bakı. Təkcə memarlıq simasının gözəlliyi ilə deyil, həm də valehediciliyi ilə özünə aşiq edən Bakı. Sezilməz gözəlliyi ilə. Onun Moskva və Riodan, Astana və Parisdən, Havana və Nyu-Yorkdan ən yaxşı mənada fərqləndirir. 



MƏSLƏHƏT GÖR:

507