17 May 2024

Cümə, 14:54

İLK QURBAN

Jurnalist İsrail Qlahenqauzu bolşeviklərin repressiyasından yalnız Nəriman Nərimanovun müdaxiləsi xilas edib

Müəllif:

03.11.2015

1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyəti XI Qızıl Ordunun köməyilə ələ keçirən bolşeviklər dərhal siyasi rəqiblərinə qarşı repressiyalara başlayıblar. Söhbət Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərliyindən gedir. Repressiyalar, ilk növbədə, "Müsavat" və "İttihad" partiyalarının üzvlərinə, tanınmış ictimai xadimlərə, devrilmiş hökumətin müxtəlif, o cümlədən aşağı strukturlarında çalışmış sıravi vətəndaşlara qarşı aparılırdı. 

"Əks-kəşfiyyat fəaliyyəti"ndə şübhəli bilinərək, hətta ölkə parlamentini mühafizə edən əsgərlər belə, həbs olunurdular. Azərbaycanda kommunistlərin ideologiyası ilə razı olmayanlara qarşı qisasçılığa XI Qızıl Ordu da qoşulmuşdu. "İnqilabın düşmənləri"nin axtarışı ilə məşğul olan xüsusi idarə nəinki orduda, ordunun bütün diviziyalarında, alaylarında, həmçinin donanmada və dəmir yolunda da fəaliyyətdə idi. Bununla yanaşı, ASSR Ali İnqilab Tribunalı (AİT), Azərbaycan Fövqəladə Komissiyası (AzFK) və sonradan simasını tam dəyişmiş Baş Siyasi İdarə (AzBSİ) yaradılmışdı. Bolşeviklər ilk olaraq "Kaspi" qəzetinin əməkdaşı İsrail Qlahenqauzla haqq-hesab çəkməyi planlaşdırdılar. Ötən əsrin əvvəllərində o, Ceyhun Hacıbəyovla birlikdə qəzetin aparıcı jurnalistlərindən idi. Onun məqalələrinin tonu təxəllüsünə tam uyğun idi - "İqla". Təəssüf ki, milli arxivlərdə bu gözəl jurnalistin şəxsi həyatı ilə bağlı hər hansı məlumat yoxdur. Halbuki onun məqalələri, əslində, müəllifin tərcümeyi-halını ortaya qoyurdu. Bu gün İ.Qlahenqauzla bağlı bizdə olan məlumatlar, sadəcə, Azərbaycanın Dövlət Arxivindən əldə etdiyimiz cinayət işlərində əks olunanlardır.

 

Gördüyünü yazıb

İsrail Qlahenqauz 1876-cı il yanvarın 20-də Minskdə doğulub. Yəni həbs olunan zaman o, 45 yaşında imiş. Qlahenqauz Bakıya 1901-ci ildə köçüb və ailəsi ilə birlikdə Tatar (hazırkı Topçubaşov) küçəsində yaşayıb. Qlahenqauzun övladı olmayıb. Bu səbəbdən də o, 3 uşağı övladlığa götürüb. Bu, diqqətəlayiq faktdır: neçə-neçə uşağı valideynsiz qoyanlar, 3 uşağı yetimlikdən xilas etmək üçün övladlığa götürmüş insanı mühakimə edirlər.

Əsas iş yeri "Kaspi" qəzeti idi. O, "Bakı sözü"ndə, "Azərbaycan"da çap olunurdu. İctimai işlə də fəal məşğul olurdu: Qlahenqauz "Uşaq xəstəxanası" cəmiyyətinin fəal üzvlərindən idi. Cəmiyyət qarşısına Bakıda uşaqlar üçün müalicə müəssisəsinin açılması və onun bütün təbəqələr üçün əlçatan olması məqsədini qoymuşdu.

Bolşeviklərin hakimiyyətə gəlişi ilə İ.Qlahenqauz işsiz qaldı. 1920-ci il iyunun 15-də o, Xalq Ədliyyə Komissarlığına işdən çıxmaqla bağlı ərizə verdi: "15 illik qəzetçilik və uzun illərdir çap sahəsində təcrübəyə malik şəxs kimi, mənə komissarlıqda müvafiq iş verməyinizi xahiş edirəm. Məsələn, korrektura işini üzərimə götürə bilərəm".

Lakin onun bu müraciətinə heç bir cavab gəlmədi. İyunun 27-də isə AzFK-ya hansısa Bekzadyans tərəfindən müraciət daxil olub. O, İ.Qlahenqauzu sovet hakimiyyətinə nifrət edən insan kimi təqdim edib. "O, türklərin Bakıya gəlişindən çox şad olduğunu bildirirdi", - deyə Bekzadyans yazırdı. Məktuba Qlahenqauzun bir məqaləsi də əlavə olunmuşdu. Orada müəllif bolşeviklərin Bakıdan 1918-ci il qaçışına münasibət bildirir və yazırdı: "İlyarımda minlərlə üzvü olan banda xalqı talayıb, içkiyə və yeməyə xərcləyirdi. Onun müqəddəs məkanları ilə alver edirdi, onun şirəsi ilə bəslənirdi, aldadırdı, ələ salırdı və satırdı. Banda iki növdən ibarət idi: qəddar əclaflardan və qəddar məxluqlardan. Öz iyrənc işini gördükdən sonra bu bandalar və onların quldurbaşıları satqın-İuda kimi özlərini asmadılar, əksinə, fəhlələrin son qəpiyini də oğurlayaraq qaçdılar. Elə yerə qaçdılar ki, orada qan tökülür, əclaflar və cəmiyyətin tullantıları, həbsxanalardan buraxılan quldurlar həyatın hökmdarına çevriliblər. İstər bolşevik olsun, istər menşevik, istər eser olsun, istərsə də daşnak - öz canını qurtarmaq lazım olanda onlar dağkeçisi kimi cəld və dalğa kimi sürətli olurlar. Axı, öz canları "sevimli xalq"dan da, internasionaldan da müqəddəsdir...".

Müraciətə baxılması müstəntiq Simonyansa həvalə edilib. Onun qərarı ilə elə həmin gün Qlahenqauz həbs edilərək dindirilib. Simonyans jurnalistin məsuliyyətə cəlb olunması üçün "tutarlı" əsas da tapmışdı. İstintaqı Azərbaycan Fövqəladə Komissiyasının müstəntiqi Turkov aparırdı. Avqustun 7-dəki dindirmə zamanı (həbsdən 40 gün sonra) o, İ. Qlahenqauzdan soruşub: "Siz bolşevikləri niyə vandal və təxribatçı adlandırmısınız?" Jurnalistin suala cavabı qısa və lakonik olub: "Mən 1918-ci ildə gördüklərimi yazmışam". Sonrakı suallara cavabında o, bolşeviklərin dönəmində yazmaq imkanının olmadığını bildirib. Çünki onların hakimiyyəti dövründə (1917-ci ilin noyabrından 1918-ci ilin avqustunadək - red.) Bakıda kommunist qəzeti olmayıb, partiya nəşrlərinə isə onu yaxın qoymayıblar". "Bəs, "Müsavat" hakimiyyəti zamanı sizə məqalələr çap etmək imkanı verirdimi?" sualına isə cavab belə olub: "Bəli. Müstəqilliyi (yazmaq üçün - red.) mənə müsavatçılar verib"

Turkova işin Ali İnqilab Tribunalına verilməsi üçün bir dindirmə kifayət edib. Buradan da o, məhkəməyə göndərilib.

 

Həqiqət naminə

Ali İnqilab Tribunalının üzvləri tərəfindən hazırlanmış ittiham aktında deyilirdi: "Kapitalın əməklə gərgin mübarizə apardığı, birincinin zəhmətkeş hakimiyyətinin məhvinə yönəlmiş vahid əks-inqilab cəbhəsi yaratdığı bir vaxtda bu mübarizənin ilhamvericilərindən biri vətəndaş Qlahenqauz olub. Zəhərli, iyrənc və pozğun qələmə sahib olan bu şəxs bütün gücünü yeganə düşməni olan proletariata qarşı yönəldib. O, bütün vasitələrdən istifadə edərək, kommunizm rəhbərlərini ləkələyir, onlara etimadı sarsıdır, onları kütlə alverçiləri, barbarlar, fəhlələrin maraqlarını satanlar, oğrular və zalımlar kimi təqdim edirdi. Məqsəd isə fəhlələrin qəlbindən sosial inqilabla ideoloji və mənəvi birliyi birdəfəlik qoparıb-atmaq idi. Ali İnqilab Tribunalı vətəndaş Qlahenqauzu zərərli element, həlak olmuş yoldaşların - Şaumyanın, Caparidzenin və digərlərinin xatirəsi qarşısında cinayətkar hesab edərək, ona qarşı göstərilən maddələrlə ittihamlar irəli sürür və onu məhkəməyə verir".

 

Nəriman Nərimanova müraciət

İ.Qlahenqauz üzərində məhkəmə 1920-ci il sentyabrın 5-də olub. Xaltukovun başçılıq etdiyi hakimlər kollegiyası belə qənaətə gəlib ki, "müttəhim "Müsavat" hakimiyyəti dövründə dərc edilən "Kaspi" qəzetinin tanınmış əməkdaşı olarkən məqsədli şəkildə bolşevik hərəkatının əleyhinə əks-inqilab xarakterli məqalələr dərc etdirib... Bolşeviklərin məhvinə çağırışlar edib, kütləni Sovet hökumətinin, zəhmətkeş xalqın hakimiyyətinin devrilməsinə çağırıb". Məhkəmənin hökmü belə olub: "Vətəndaş İsrail Yulyeviç Qlahenqauz zəhmətkeş xalqın şüurlu və islaholunmaz düşməni kimi, ölüm cəzasına - güllələnməyə məhkum edilir. Qərar qətidir, dərhal qüvvəyə minir və ona etiraz etmək olmaz".

Görünür, bu qədər sərt cəzanı nə Qlahenqauz, nə də onun ailə üzvləri gözləyirdilər. O, elə həmin gün - sentyabrın 5-də Bayıl həbsxanasından Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanova məktub yazır: "Bütün həyatımboyu jurnalistlik fəaliyyətimdə təmiz və vicdanla işləmişəm. Əlbəttə ki, bəzən yanıla bilərdim. Lakin heç zaman bilərəkdən zəhmətkeş kütlənin, proletariatın maraqlarına düşmənçilik etməmişəm". Məktubla tanış olan N. Nərimanov dərhal qərar verir: "Hökmün icrası dayandırılsın və material dərhal mənə təqdim olunsun".

Hökmün elan olunduğu gün jurnalistin qardaşı Yakov Qlahenqauz da Nərimanova müraciət edir. Müttəhimin xanımı Anna Qlahenqauz isə AKP (b) MK-yə müraciət ünvanlayır. 15 sentyabr 1920-ci ildə AKP MK Təşkilat Bürosunun iclası olur. Toplantının gündəliyinə "İ.Qlahenqauzun işi" də salınır. İclasın protokolunda müzakirələrin gedişi haqda məlumat yoxdur. Məlum olan yalnız qəbul edilmiş qərardır: "Ölüm hökmü ləğv edilsin, o, vətəndaş müharibəsi bitənədək həbs cəsazı ilə əvəzlənsin".

Yeri gəlmişkən, Siyasi Büro və Təşkilat Bürosunun iclasında Azərbaycan Fövqəladə Komissiyasının işinə ayrıca baxılıb. Bununla bağlı, N.Nərimanov özü bəyanatla çıxış edib. O bildirib ki, komissiya yarıtmaz fəaliyyəti üzündən nəinki əks-inqilabla mübarizə aparmır, əksinə, "ona şərait yaradır". Elə həmin iclasda Eyyub Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasına sədr təyin edilir, Baba Əliyev isə onun müavinlərindən biri kimi təsdiqlənir.

İ.Qlahenqauzun sonrakı həyatı haqda çox az məlumat var. 1921-ci il fevralın 10-da Amnistiya və Həbsxanaların Boşaldılması Komissiyasının iclası olub. Orada Qlahenqauzun "şərti azadlığa buraxılması" və "ixtisasına uyğun olaraq Azərmərkəznəşriyyata göndərilməsi" qərara alınır. Qərarda deyilir ki, Qlahenqauz eyni zamanda həbsxanada mədəni maarif işlərilə də məşğul olacaq, çünki özünü bu sahədə çox yaxşı göstərib.



MƏSLƏHƏT GÖR:

561